Essevari fikirlər
Altıncı silsilə
Zamana
toxunmaq ehtirası. Mən
Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin dördüncü kursunda oxuyanda, bir il Ermitajda təcrübə keçmişəm.
Biz nəhəng, dördbucaqlı gil
lövhələrin qarşısında dayanıb qədim
Aşşur çarlarının qonşu ölkələrə
hərbi yürüşləri haqda mixi yazıları səslə
oxuya-oxuya tərcümə edirdik. Bəzən tək olanda, ətrafıma
baxırdım görüm, işçilərdən kimsə
yoxdu, - gil lövhələrin bəziləri Ermitajın elmi əməkdaşlarının
olduğu otaqda saxlanılırdı, onlara əllə toxunmaq
olmazdı, - gizlicə barmağımın ucuyla
yazıların olmadığı hissəyə toxunub,
gözlərimi yumaraq bir neçə saniyə o dövrü
təsəvvürümə gətirirdim: Urartu
hökmdarlarına qalib gəlməsiylə öyünən
Aşşur, Babil çarları öz taxtlarında oturub əmrlər
verir, saray katibləri qamışdan düzəldilmiş
çubuqlarıyla onları gil lövhələrə
yazır, mənsə gah çara, ətrafında ona təzim
edən əyanlara, gah da başını qaldırmadan əmr,
fərman yazan, sonra yaş gili ağızlarının
havası ilə qurudan katiblərə baxıram.
Dünyada minlərlə kitabxana, o kitabxanalarda milyonlarla
saralan, hərflərinin rəngi solan qəzet nüsxələri
var. Artıq məşhur qəzetlərin çoxu
elektronlaşdırılıb, çıxan yazılar
saytlara, disklərə köçürülüb. Yüz illər
sonra o qəzetlərin əksəriyyəti məhv ediləcək,
amma sözsüz ki, onlardan eksponat kimi muzeylərə də
göndərəcəklər. Muzeylərə
gələn adamlar o qəzetlərə şüşələrin
üstündən baxacaq, onlar heç gizlicə belə, qəzetlərə
əlləriylə toxuna bilməyəcək. Mən
yüz illər sonra fəaliyyət göstərəcək
muzeylərin administrasiyalarına səslənirəm: "Qəzetlərin
hər birindən beş-altı nüsxə ayrıca rəflərdə
saxlayın, yanlarına isə belə bir bildiriş qoyun:
"Qəzetlərə əllə toxunmaq olar!".
İcazə verin, muzeyə gələnlər o
qəzetlərin səhifələrini bir-bir çevirib
içindəkilərə baxsınlar, yazıları
oxusunlar, barmaqlarını kağızın üstündə
gəzdirsinlər, gözlərini yumub, parklarda skamyalarda oturub
həvəslə qəzet oxuyan adamları təsəvvürlərinə
gətirsinlər. Qoyun əşyalar zaman bələdçiləri
kimi yüz, min illər əvvələ toxunmaqçün bizə
həmişə xidmət etsinlər.
***
Xoşbəxtliyin çalarları. Antarktidadan başqa, qitələrin
hamısında olmuş, çoxlu ölkələri, o
ölkələrdəki şəhərləri, kəndləri,
başı daima qarlı dağ yüksəkliklərini, səhraları,
cəngəllikləri, meşələri gəzib ayfonun son
modeliylə çəkdiyi şəkilləri feysbukda,
instaqramda paylaşan, bir sözlə, həyatdan
artıqlamasıyla ləzzət alan 36 yaşlı bir iş
adamı tanıyıram, məşhur şirkətlərdən
birinin rəhbəridir.
Bir dəfə
Şəkiyə gedəndə, təsadüfən həmin
şirkətin bir işçisiylə kupedə tanış olmuşdum. Əlli yeddi
yaşlı bu kişi müdirinin tam əksiydi:
Bakı, Gəncə və Zaqataladan başqa,
gördüyü yerlər SSRİ dönəmində hərbi
xidmətdə olduğu Moskva, bir də işlədiyi şirkətdən
iş tapşırığına görə göndərildiyi
Tbilisi olmuşdu.
Yol boyu mənə
nişan, kiçik, böyük toy, ad
günlərindən həvəslə danışdı. "Oğlumu iyirmi yaşında evləndirdim.
Onuncu sinifdə oxuyanda soruşdum ki, ay bala,
instituta girmək istəyirsən? Dedi, yox, papa. Onda dedim
ki, məktəbi qutar, get əsgərliviyi
çək, gəl, bizim şirkətə səni işə
düzəldəcəm, sora da bibinqızı S. ilə evləndirəcəm.
Oğlum da dedi, başüstə. Həə, əsgərliyini
çəkdi, gəldi, düzəltdim bunu elə bizim firmaya,
şofirlik işinə. Sonra da balaca
bacımın qızıyla evləndirdim. İndi
bir oğlu var, bu yaxınlarda qızı olacaq". Daha sonra həvəslə özünün 50 illiyini
balaca restoranda keçirməyindən danışdı.
"Çox adam çağırmadım,
üç qardaşımı arvadlarıynan, iki
bacımı yeznələrimlə, iki dostumu, onnar da
arvadlarıynan, bir də oğlum gəlinim, onda hələ
oğlu olmamışdı. Bir də
qızım, kürəkənimlə. Hardasa
iyirmi nəfərlik xudmani bir məclis oldu, canlı musiqi.
Yemək də lülə, tikə, basdırma,
plov, salatlar, içkilər öz yerində. Vobşem, o gün mən necə lazımdı ləzzət
aldım".
Xülasə,
söhbət bunun müdirindən, onun dünya səfərlərindən
düşəndə, başladı, nə başladı:
"Əşi, yekə kişidi, bu gün-sabah qırx
yaşı olacax, buna deyən lazımdı, nə itin
azıb o dağların başında, cunqlyada (cəngəllik).
Allah eləməmiş, dağın
başından sürüşüb yıxıldın dərənin
dibinə. İrağ olsun, heç meyidivi
tapan olmayacax, qartallar gəlib olan-qalan ətivi yeyəcək.
Ya cunqlyada qabağıva şir
çıxdı, neyniyəssən?" -
"Elə yerlərə gedəndə, üstündə həmişə
tüfəng olur", - demişdim. -
"Əşi məsəlçün deyirəm də.
Şir olmasın, fil olsun. Filə
tüfəng gülləsi neyniyəcək? Fil elə bircə dəfə bunun üstünə
qışqırsa, əli əsəcək, tüfəng
düşəcək əlindən, fil bunu tapdalıyıb
yerə yapışdıracax. Düz demirəm?"
- bunu deyib gülmüşdü. Mən də bunun gülməyinə
gülmüşdüm. O isə öz aləmindəydi:
"Demirəm e, bütün ili Bakıda olsun, heç yerə
getməsin. Yoo, ildə bir dəfə, iki dəfə
ailəsini də götürsün, getsin Qusara, Qubaya, lap elə
Parijə, İspaniyaya, necə lazımdı dincəlsin orda.
Yoxsa dəvəyə min, o da qaça-qaça
rezki (qəfildən) şıllaq atsın, tullasın bunu səhranın
ortasına". Söhbətin bu yerində
hər ikimiz xeyli gülmüşdük.
Mənə
maraqlı gələn cəngəllikləri, səhraları,
qarlı dağları gəzən otuz altı yaşlı
iş adamının, onun Rusiya və Gürcüstandan
başqa heç bir ölkədə olmayan, xeyir işlərində
iştirakdan zövq alan əlli yeddi
yaxşı işçisinin xoşbəxtliyi eyni səviyyədə
duymaları, həyatdan eyni cür ləzzət almaları idi.
Əminiydim ki, bu adam yetmiş, səksən
yaşına çatanda da eyni şeyləri deyəcək. Və
bu yaşlara gəlib çıxanda, yenə ad günləri
keçirəcək, keçirməsə belə, oğlunun,
qızının, nəvələrinin xeyir işlərində
ağsaqqal kimi iştirak etməkdən həzz alacaq və nəvələrindən
biri tutaq ki, Kolumbiyaya səyahət etmək istəyəndə,
onu danlayacaq: "Ay uşaq, başın xarab olub? Kolumbiya nədi? Gedərsən, azarsan,
qabağıva şir çıxar...".
***
Yaxşı, yoxsa pis insan? Mənə Sankt-Peterburq Dövlət
Universitetində dərs deyən müəllimlərimdən
biri o qədər yaxşı insan idi ki, onun kurs, diplom işlərinin
müdafiəsində, elə başqa məsələlərlə
də bağlı dekan, imtahan komissiyasının sədri, rəhbərlik
qarşısında ifrat mütiliyi ilə adamlara ancaq
yaxşılıq etməyini, ifrat abırlı
olmağını, zarafatcıllığını tərəzinin
iki gözünə qoysaydılar, dediyim naqis cəhətləri
çox yüngül gələrdi. Mən
Bakıdan Sankt-Peterburqa təzə gələndə, sənəd-sünəd
işlərini yoluna qoymamışdım deyə, hələ
yataqxanaya köçməmişdim, gah dostumun
qardaşıgildə qalırdım, gah da atamın dostunun
tanışlarının evində. Bir dəfə müəllimim
dərsdən sonra mənə dedi ki, əgər qalmaq yeriylə
bağlı problemin olsa, gəlib bir müddət bizdə
qalarsan. Ev məsələsinə görə
keçirdiyim sıxıntını yadıma salmaq istəməmişdi,
nə idisə, təklifi də utana-utana etmişdi. O qədər
yaxşı adamıydı ki, indinin özündə də elə
bilirəm, onun rəhbərlik qarşısında hərəkətləri
yaltaqlıq yox, məhz mütilik, qorxaqlıq idi, mütiliksə
mənə görə yaltaqlıqla müqayisədə o qədər
də naqis cəhət deyil.
Bir dəfə
akkad dilindən uzun şeir tərcümə
edirdik, bir sətrin tərcüməsində müəllimimiz
qəfil dayandı. Şalvarının cibindən
əl dəsmalını çıxardıb alnının tərini
sildi, biz tələbələr təəccüblə
bir-birimizə baxdıq. Qrupda bir qız,
üç oğlan idik. Elə bildik,
müəllimimiz şeirdəki sətri tərcümə edə
bilmədiyinə görə pərt olub. Birdən o dilləndi:
"Mən sizdən, xüsusilə, Alyonadan üzr istəyirəm.
Mən bunu tərcümə etməkdə
doğrudan çətinlik çəkirəm". Axı, o, hansı sözdə ilişib
qalmışdı? Üstəlik, qırx
iliydi aşağı-yuxarı eyni şeyləri tək, ya tələbələrlə
bir yerdə oxuyub tərcümə edirdi. Sifətimizdəki
təəccüb artıq yox olmuşdu, sirli-sirli bir-birimizə
baxırdıq. Axırı, müəllimimiz dilləndi:
"Hə, söhbət burda "çılpaq qadın"
sözlərindən gedir". Bizi gülmək tutdu, bu, o
vaxtlar idi ki, Rusiya televiziyalarında artıq erotik filmlər
göstərirdilər, parklarda, skamyalarda oturan cütlüklər
az qala öpüşməkdən o yana
keçirdilər. Müəllimimin abır-həyasında
Sovet tərbiyəsindən daha çox, fitrət öz
sözünü demişdi, istənilən halda onun
"çılpaq qadın" söz birləşməsini
uzun tərəddüd və həyəcandan sonra deməsi bizə
çox qəribə gəlmişdi.
İmtahanlarda tələbələrə qarşı
haqsızlıq edən başqa bir əzazil, ədalətsiz
bir müəllimimizsə hərdən mühazirələrdə
zarafat edib bizi güldürürdü. Bilirdik ki, o,
semestr imtahanlarında illərdi başqa qrupların
başına açdığı oyunu bizim də
başımıza açacaq. Amma bizi güldürəndə,
həmin an tələbələrdə ona
qarşı azacıq da olsa, rəğbət, simpatiya
yaranırdı. Gözlədiyimiz kimi, imtahanda bizə
qarşı çox haqsızlıq etdi, üçə danışana
iki, beşə danışana üç və çox az tələbəyə dörd yazdı,
qızlı, oğlanlı ağlayanlar oldu həmin gün. Bu misalları "Yaxşı, ya pis insan - nisbi
anlayışlardır, hər şey situasiyada insanın
göstərdiyi davranışdan asılıdır"
tezisinin bəzən əsassız olduğunu göstərməkçün
çəkdim.
***
Qəribə hisslərdən biri, - insan bəzən
dadı, dad ləzzətini kiminləsə
bölüşür. Bu gün, 2021-ci il mayın 24-ü
Yaşıl Bazara gedib nübarlıq ağ və qara tut
aldım. Neçə günüydü ağlımda
tutmuşdum ki, gedib tut alacam, amma bir hiss məni saxlayırdı:
ilk dəfəydi, üç ay öncə
dünyasını dəyişmiş atamsız tut yeyəcəkdim.
Hər dəfə ağ, qara tutdan alıb
evə gələndə, bu meyvəni çox sevən atama
mütləq deyirdim: "Tut almışam, gəl sən də
ye". Bəzən bir yerdə, bəzənsə
ayrı-ayrı yeyirdik, mən tox olub yeməyəndə belə,
onun soyuducudan tutu çıxarıb yeməsinə həvəslə
tamaşa edirdim, eyni meyvəni xoşlamağımız mənə
xüsusi ləzzət verirdi. Bu gün tut
alıb tək yeyəndə anladım ki, biz bir yerdə tut
yeyəndə, mən aldığım dad həzzini daha da
gücləndirirmişəm. Bu gün ağ,
qara tutu yeyəndə o ləzzətin
çatışmazlığını hiss etdim, üstəlik,
ilk dəfəydi, tutla bir yerdə qəhər də uddum.
***
Hüzr məclisində
gülümsəyən adam: sanki heç
kim ölməyib. Hüzrdə bərkdən gülən adam: sanki ümumiyyətlə, bu həyatda
ölüm deyilən şey yoxdur.
***
Məlumatın enerjisi. Bəzən gündəlik
daxil olduğumuz saytın xəbər lentinə baxıb
beş-altı xəbər başlığı oxuyuruq.
Bir saatdan sonra onların hamısı yaddan
çıxır, bizə elə gəlir ki, onlardan biri
çox vacibdi, amma heç cürə başlığı
və xəbəri yadımıza sala bilmirik. Qəsdən, həm də maraqçün saytın
xəbər lentinə girmirik, başlığın
özünün gəlib başımızda peyda
olmasını istəyirik. Bir saat, iki saat
keçir, o isə gəlmək bilmir. Üç saat
keçir, yenə eyni vəziyyət, əsəbiləşirik,
öz-özümüzə deyirik: "dilimin ucundaydı
e", nəhayət, sayta girib xəbər lentinə göz
atırıq və onu tezcə tapırıq. Sonucda
belə bir nəticə hasil olunur. Bəzən
hansısa xəbəri unutsaq da, onun enerjisi bizdən əl
çəkmir.
Bir də var, bizdən əl çəkməyən, unutmadığımız məlumatın enerjisi: 44 günlük müharibə zamanı biz azad olunan torpaqlarla bağlı həm Prezidentin tvitlərini, ardınca aşağı-yuxarı eyni xəbərləri Müdafiə Nazirliyinin müxtəlif saytlarda çıxan press relizlərində təkrar-təkrar oxuyurduq. Bu kontekstdə məlumatlar bizi xəyalən azad olunmuş torpaqlara aparırdı, illərdi işğalın yaratdığı yaraya məlhəmiydi deyə, "canlı, panoram xarakterli, dərman kimi sözlər" kimi onları qəbul edirdik. (Onda hələ o yerlərin xarabazara çevrildiyini əks etdirən videoreportajlar görməməmişdik). Beləcə, bizdə bir növ, bildiyimiz məlumata yoluxma prosesi baş verirdi.
***
Kontekstindən asılı olmayaraq, bəzi
sözlərə o qədər lağ edilir ki, onları
axırda qəribçiliyə salırlar. Məsələn,
"cahanşümul" sözü. Son vaxtlar gənc
yazı adamları yaşlı nəslin vaxtilə bu sözdən
bol-bol istifadə etdiklərindənmi, ya istifadə zamanı
pafosa vardıqlarındanmı, "cahanşümul"
sözüylə tez-tez məzələnirlər.
Görünür, bəzi sözlər bu yolla leksikonumuzun
arxivinə köç edərək arxaizmə çevrilir.
Alpay AZƏR
Ədəbiyyat qəzeti.- 2021.- 11
dekabr.- S.12.