Yusuf Akçura haqqında
düşüncələr
Yusuf Akçura-145
28 yaşı var.
Yaşadığı
evin tavanı qara rənglənmiş, döşəmənin
taxtaları bir-birindən bir-iki barmaq aralı, divarın adam boyundan yuxarı hissəsində
qırmızı boyalı xırda bir pəncərə...
Gecədən keçib. Soba yanmır. Səhərə
qədər yaşıl abajurlu masaüstü lampanın
işığı sönmür...
Üstü-başı çəkdiyi siqaretlərin
külünə bulaşmış. Barmaqları buz kimi soyuq... Yeni
türk dövrünü başlamaq üçün
"Üç tərzi-siyasət"i yazır...
1904-cü ildir.
Buna qədər İstanbuldan Tripoliyə sürgün
edilib, sonra Parisə hicrət edib, fransız dilini Şeyx
Şamilin nəvəsi Zahid bəydən öyrənib. Paris Siyasi Elmlər
Akademiyasını bitirib...
***
"Üç
tərzi-siyasət" elə həmin il -
1904-cü ildə Qahirədə çıxan
"Türk" qəzetində dərc olundu. Bu
əsəri ilə 28 yaşlı Yusuf Akçura türk milli
özünüdərkinin münifestini irəli sürdü,
siyasi türklüyün əsasını qoydu.
Milli məfkurənin ilk ideoloqlarından biri kimi o, Rus
imperiyası ilə yanaşı, Osmanlı imperatorluğunun də
çökəcəyini fəhm edirdi. Türkləri
xilas etmək üçün vahid Osmanlı milliyyətini
yaratmağın da mümkün olmayacağına
inanırdı. Bunun isə bir neçə
təzadlı səbəbi vardı. Belə
bir milliyyətin yaradılmasını, ən əvvəl,
Osmanlı türkləri qəbul etməzdi. Qeyri-türklərlə eyni statusu bölüşməyi
bu torpaqların üzərində imperatorluq quran bir millət
istəməzdi. Digər tərəfdən,
Osmanlıda qeyri-müsəlman və qeyri-türk olan toplumun
türklərlə, müsəlmanlarla öz haqq-hesabı
vardı. Osmanlı millətinin
yaranmasını həm də Rusiya istəməyəcəkdi.
Osmanlı dövlətinin o zamankı ən böyük
düşməni olan ruslar türklərin bu şəkildə
güclənməsiylə ona görə
razılaşmayacaqdı ki, Osmanlının süqutu ilə
Rusiya bütövlükdə Qara dənizə, Bizansın
baş məbədi sayılan Ayasofyaya sahib
çıxacaqdı...
Yusuf Akçura üç istiqamətin -
osmanlıçılığın,
islamçılığın, türkçülüyün
hər hansı birinin inkişafının digərlərinin zəifləməsinə
səbəb olacağını da bilirdi. Düşünürdü
ki, türklüyün mənfəəti bir sıra hallarda
İslamın mənfəəti ilə üst-üstə
düşmür. Onun qənaətinə görə,
türklüyün tətbiqi islam birliyini
"türk və türk olmayan hissələrə bölərək
zəiflədəcək", Osmanlı cəmiyyətində
nifaqı qızışdıracaqdı. O ərəfədə,
hətta ərəblərin milliyyətçilik duyğusu ənənəvi
ümmət düşüncəsini üstələmişdi,
ən böyük islam imperatorluğunun
çöküşünə zəmin hazırlayan proseslərdə
ərəb millətçiləri, ingilislərlə eyni məfkurəni
bölüşürdülər. Ərəb də, ingilis də
islam xəlifəsinin türklərdən
olmasını qəbul edə bilmirdi.
Yusuf Akçura dərk edirdi ki, əlac türkləşdirməkdədir. Çünki
"türklük siyasəti də eynən İslam siyasəti
kimi ümumidir, Osmanlı hüdudları ilə məhdud
deyildir"...
***
1904-cü ildə Yusuf Akçura ideal sistem və ideoloji
təməl axtarışındaydı. Elə həmin ərəfədə
bu üç siyasi tərzin, istiqamətin ideal şəklini
Əli bəy Hüseynzadə müəyyənləşdirdi:
türkləşmək, islamlaşmaq,
çağdaşlaşmaq düsturunu irəli sürdü. Hüseynzadənin milli triadasını ilk
alqışlayanlardan biri də Yusuf Akçuraydı. Yazırdı ki, "Əli bəyin
üçlü düsturu türk millətinin yaxşı
tapılmış xoşbəxt əsaslardandır".
Akçura siyasi türkçülüyü həm də
tarixşünalıqda tətbiq edirdi. Osmanlı
tarixini türk tarixinin tərkibində
araşdırmağın zəruriliyini xatırladırdı.
Qəbləl-tarix (tarixdən öncəki) türklər,
Çingiz xan dövrü, osmanlı mərhələsi
və çağdaş türk tarixi Akçuranın
bölünməz türk tarixi konsepsiyasının əsas
konturlarıydı. Çingiz xanın türk
milli kimliyini Osmanlı elmi camiasında ilk dəfə Əli bəy
Hüseynzadə və Yusuf Akçura irəli
sürmüşdülər. "Əfəndilər,
Osmanlı dövlətinə pək çox zərəri
toxunmuş Napoleona, ən ziyadə şöhrətini
Osmanlı türklərinə qələbələri ilə
qazanmış Katerinaya tarixlərimizdə heç çəkinmədən,
heç sıxılmadan "böyük" deyirik də,
Teymurdan, Çingizdən bəhs edəcək olunca ismlərinə
təhqirçi bir sifət əlavə etmədən tələffüz
edə bilmirik... Çingizin qopardığı
fitnə, məsələn, İskəndəri-kəbirinkindən
daha böyükdürmü? Teymurun tökdüyü qan
böyük Ramsesin tökdüyü qandan daha
fazlamıdır?".
Beləcə,
Yusuf Akçura Osmanlıda yeni türk təfəkkürünün
əsaslarını qoyurdu...
Əlində
Bartold və Leon Kahunun əsərlərindən başqa qaynaq
yoxdur, amma Çingizin şəcərəsini yazır, onun
qurduğu imperatorluğun idarəetmə düzənini, sərhədlərini
türk tarixşünaslığının predmetinə
çevirirdi...
Akçura
elmdəki varislərinə səslənirdi: "Biz
özümüzə, qövmümüzə, irqimizə
yabançıların gözlərimizə taxdıqları
gözlüklə baxırıq. Əgər türkləri,
türklərin keçmişini olduğu kimi görmək istəyiriksə,
yabançıların taxdığı gözlüyü
qırıb ataraq, hadisələrə öz türk
gözümüzlə baxmalıyıq: yəni
babalarımızın buraxdığı əsər və sənədləri
tədqiq edərək hökm verməyə
çalışmalıyıq".
Onlar sözün həqiqi mənasında millət
ataları idilər. Tariximizi avropalıların
gözümüzə taxdıqları yad gözlüklərlə
deyil, öz türk gözümüzlə görməyi və
araşdırmağı təlim edirdilər. Hələ üstəlik, Əli bəy Hüseynzadə
Avropanın mədəsində həzm olunmaq deyil, Avropanı
beynimizdə həzm etməyin yollarını öyrədirdi.
Yusuf
Akçura 1915-ci ilin dekabrında Hüseynzadə ilə bir
yerdə "Turan heyəti"ni qurur,
çökməkdə olan rus imperiyasındakı müsəlman-türk
toplumunun siyasi müqəddəratını müəyyənləşdirmək
üçün Avropa ölkələrinə səfərə
çıxırlar. 1916-cı ildə İsveçrədə
- Sürixdə Leninlə görüşüb müzakirələr
aparır, təkcə Leninlə deyil, Avstriyanın baş
naziri Stork, Macarıstanın baş naziri Tisza, Almaniyanın
xarici işlər naziri Paqu və Bolqarıstanın baş
naziri Rodoslovla görüşürlər, Sofiyada, Vyanada,
Budapeştdə, Berlində dövlət
başçıları ilə söhbətlərində də
Rusiya müstəmləkəçiliyindəki türklərin
milli taleyi müzakirə olunur. Memorandumlar
imzalanır. Amerika Birləşmiş
Ştatlarının Prezidenti Vilsona, hətta Rusiyanın
müttəfiqlərinə "Rusiya müsəlmanlarının
haqlarının tanınması"
çağırışı ilə teleqram göndərirlər.
Bu, Rusiya türklərinin tarixdəki ilk istiqlal
həmləsidir.
Rusiyada əsirlikdə
olan türk əsgərlərinin azad edilməsi naminə
yaradılmış Osmanlı Hilali-Əhmər Cəmiyyətinin
təmsilçisi olaraq, Danimarkanın, İsveçin,
Almaniyanın, Rusiyanın, Finlandiyanın rəsmi məqamlarını
narahat edən, Petroqrad, Moskva, Kazan, Ufa şəhərlərini
türk əsirlərinin sorağıyla
qarış-qarış gəzən Yusuf Akçura 1917-18-ci
illərdə imperiyanın türklər yaşayan bölgələrində
təbliğat işləri də aparırdı, əsirlərin
axtarılıb tapılması işini, az qala, özü təkbaşına
gerçəkləşdirirdi. 1918-ci ildə
Helsinki və Stokholmda türk dünyasının problemlərini
müzakirə edirdi. Danimarkaya gedib Orxon
yazılarını oxumuş Tomsenlə
görüşürdü, ona türk milləti adına elmi
çalışmalarından dolayı təşəkkür
etməyi özünə borc bilir və bütün bunlardan
sonra - 1919-cu ilin avqustunda gəmi ilə türk əsirlərinin
İstanbula gətirilməsini təmin edirdi.
Siyasi fəaliyyətinin iki məqamında
Akçuranın çıxardığı qərarlar onun
şəxsiyyət kimliyini dəyərləndirmək
baxımından ibrətlidir. 1905-ci ildə Rusiyada
"İttifaqi-Müslimin"in, yəni ilk müsəlman
Partiyasının qurucularından olsa da, hansı səbəbdənsə
Osmanlıda "İttihad və Tərəqqi"
Partiyasının üzvü olmaqdan imtina edir. Onun İstanbul həyatında mənəvi və
maddi böhrana yol açan, siyasi fəaliyyətini xeyli əngəlləyən
bu inadkar davranışının səbəbləri barədə
fikir söyləmək çətindir. Dostu Ziya
Gökalpın təşviqi ilə Akçuranı, nəhayət,
partiya sıralarına qatılmağa razı sala bilsələr
də, o, qəbul qaydalarına əsasən müqəddəs
kitaba əl basmaq məqamında dəstəmazsız
olduğunu bəhanə edib Qurana əl basmır və
Türkiyədə "Türk Dərnəyi",
"Türk Yurdu", "Türk Ocağı",
"Türk Birliyi" kimi ilk türkçü təsisatların
qurucularından biri, "Türk yurdu" dərgisinin
yaradıcısı və baş redaktoru Akçura "İttihad və Tərəqqi"nin
sıralarına qoşulmur... Bəlkə elə bu səbəbə
görə İstanbul Darilfünunundan uzaqlaşdırılan
Akçura Heybəliada Dəniz liseyində sıravi tarix
müəllimi olmaqla yetinir... Bir məqamı
xüsusən vurğulamaq istəyirəm, istər
"İttihad və Tərəqqi"yə qəbuldan yayınması,
istər elmi və şəxsi müstəvidə
aralarında yaranmış soyuqluq məfkurə məsələsində
Ziya Gökalpla Akçuranın fikir
qardaşlığını əngəlləyə bilmədi.
Tarixçi Ənvər Ziya Karalın qənaəti isə bu
mənada xeyli düşündürücüdür:
"Yusuf Akçuranın Türkiyə Cümhuriyyətinin
qurulmasında, türk yenilikçi hərəkatının
istiqamətləndirilməsində Ziya Gökalpdan daha
çox xidmətləri olmuşdur".
Milli
mücadilə dönəmində Atatürkün tərəfini
saxladı, İstiqlal savaşında Anadolu cəbhələrinə
getdi, Sakarya döyüşlərində iştirak etdi. Türk Milli Firqəsinin qurucularından oldu. Cümhuriyyət Xalq Partiyasına daxil oldu. Əvvəl İstanbuldan, sonra Qarsdan Böyük
Millət Məclisinə seçildi. Türkiyə
Xaricı İşlər Nazirliyində Şərq məsələləri
şöbəsinin müdiri, Atatürkün mədəniyyət
məsələləri üzrə müşaviri, Türk
Tarix Qurumunun yaradıcısı və ömrünün
sonunacan bu Qurumun rəhbəri oldu. 1932-ci ildə
keçirilən Birinci Türk Tarixi Qurultayına
Atatürkün tövsiyəsi ilə sədrlik etdi...
***
Akçuranın həyatı faciələr, gərginliklər
içində başlayıb. Simbirskdə doğulub.
Atasını erkən itirib. Sonra anası,
məşhur burjuy Yunusoğluların qızı Bibi Qəmər
Banu da ruhi sarsıntı keçirib. Ailənin Rusiyada
qalmasını məsləhət görməyən həkimlərin
təkidi ilə Yusuf və xəstə anası 1883-cü ildə
Türkiyəyə köçüblər... Türkiyədə
fabrik quran Bibi Qəmər Banu işlərini yönəldə
bilməyib və borclulardan yayınmaq məqsədilə onlar
yenidən Rusiyaya - Stavropol şəhərinə
qayıdıblar. Amma borcluların
tutduğu rus vəkili ailəni tapır və əldə
qalan hər şeylərini satdırıb borclarını
ödətdirir. Akçuralılar yenidən
Türkiyəyə qayıdır. O zaman Yusufin yeddi
yaşı vardı...
İsmayıl bəy Qaspıralı Yusuf
Akçuranın eniştəsidir (yeznəsidir). Ümumiyyətlə,
böyük türk aydınları təkcə məfkurə
aspektində deyil, ailə, ocaq, izzəti-nəfs anlamında da
türklüyün birləşməsini,
yaxınlaşmasını təmin edirdilər.
Akçuranın əmisi Kazanlı tacir İsfəndiyar bəy
tək övladı olan Zöhrə xanımı
Krımlı İsmayıl bəy Qaspıralıya,
İsmayıl bəy isə qızı Şəfiqə
xanımı gəncəli Nəsib bəy Yusifbəyliyə ərə
verirdi...
***
...Yusuf
Akçuranın 1931-ci ilin 23 iyununda Əli bəy Hüseynzadəyə
yazdığı bir məktub var: "Rahatsız olduğunuzu
bu günlərdə eşitdim. Çox mütəəssir
oldum... Ah Əli bəy, əlli, altmış il
əldən gəldiyi qədər çalışdıqdan
sonra həyatımız bizə bu mükafatımı verəcəkdi?
Maamafih buna da şükür. Allah betərindən
saxlasın!".
...İstanbul
Darülfünun yeni dövr siyasi tarix professoru 1935-ci il
martın 11-də Ədəbiyyat fakültəsindəki dərslərini
tamamlayıb səkkiz yaşlı oğlu Toğrulla evlərinə
qayıdırdı. Yolda infarkt keçirdi.
Müvazinətini itirdi. Yıxıldı
və dünyasını dəyişdi... 58 yaşı
vardı...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.16-17.