Narlar yetişirdi  

 

hekayə

 

Qara artezianın qara suyundan qara kəhrəbaya dönən daş hovuzun içində Aypərinin ağappaq ay baldırını görəndə Seyran özünə dəli-dəli dedi ki, iki dünya bir ola, bu qızı mən almalıyam, vəssalam. Aypəri vedrələri doldurub çiynini arxaya, təzə payız heyvası döşlərini qabağa verib getdikcə asta-asta ləçəyi kürəyinə sürüşür, nazik belindən başlayan yupyumru yançağı yerində əsirdi.

Seyran tər-qanın içində əhilləşmiş at kimi Aypərinin dalınca düşdü. Aypərigilin doqqazına az qalmış özünü ələ alıb qızın qabağına keçdi, var gücüylə ora-burasını yığıb-yığışdırdı:

- Səni özüm alacam!

Bunu deyib baxmağa yer tapmadı, qara vedrədəki qara suya zilləndi.

- Kül sənin oğul başuva!

Aypərinin bu dörd kəlməsi 4 ton daş olub Seyranın təpəsinə düşdü, bilmədi yerə girsin, bilmədi göyə çıxsın? Yox olmaq istədi.

Aypəri iki vedrə qara suyla koramal olub sivişdi, darvazadan içəri keçib yupyumru yançağıyla balaqapıya itələtmə vurub bağladı. Kürəyini qapıya söykəyib elə gülümsədi ki, ləçəyi saçlarından boynuna, əksi də vedrənin içindəki gecə üzlü qara suya düşdü. Özü öz gözəlliyindən səksəndi...

 

***

 

Yayın vədinə xilaf çıxdığı, payız olmaq üçün sinov getdiyi vaxt, Aypəri nar ağacının altında oturub güllü donunun güllərinə gülümsəyirdi ki, dayıoğlusu Vüsal gəlib durdu qənşərində, gözünü zillədi Aypərinin güllü donunun altında güclə sığmış döşlərinə. Aypəri utansa da özünü o yerə qoymadı, üzünü altdan yuxarı ağaca, onun təzə-təzə qırmızını ordan-burdan yığıb yanağına çəkən narlarına tutub, dodağının altında mahnı mızıldadı, narlar da Aypəriyə baxıb nazlandı. Vüsal qımışırdı, ancaq Aypərinin gözündən bu qımışmada anbaan yaranan hirs, hikkə, xainlik də yayınmadı.

- Az, burda nə yayxanıb oturmusan? Ağlından nə keçir? - deyib adamlıqdan çıxdı, sifəti töküldü, yerində canavar sifəti peyda oldu.

Aypəri macal tapıb söz deyə bilmədi, Vüsal ley kimi dəhmərləyib qızı basdı altına. Əliylə Aypərinin ağzını elə sıxdı, nəinki səsi, nəfəsi də kəsildi, elə bildi Vüsal onu öldürmək istəyir. Gözü qaralanda qarnına, ordan da büsbütün bədəninə ağrı yayıldı, qasığından buduna ilıq nəsə axdı, o anda Allaha yalvardı ki, Vüsal onu öldürsün.

O, əlini Aypərinin ağzından çəksə də, qızın qışqırmağa halı qalmadı. Dikəlib şalvarını çəkə-çəkə bağın aşağısına tələsəndə Aypərinin gözü baldırından axan danyeri qırmızısı qana sataşdı və anladı ki, onunçün bir də dan yeri sökülməyəcək, səhəri olmayacaq, həyatı zülmətə dönəcək. Allaha üz tutanda gözü narlara sataşdı, hamısının qırmızısı qaçmışdı, qapqara qaralmışdılar, üzlərini çevirib o yana baxırdılar.

 

***

 

Seyranın iki qardaşı altı-yeddi il qabaq evlənmişdilər, ancaq zürriyyətləri yox idi, bu yeddi ildə ataları Mərdanın üzü gülməmişdi. Gündüzləri birtəhər yola vermiş, gecələr yerinə girəndən sübhə qədər ah çəkməkdən, ufuldamaqdan arvadı Sərvinazın da canını boğaza yığmışdı.

Sərvinaz tez-tez Mərdana ürək-dirək verirdi, Allahın işini bilmək olmaz, deyirdi, amma deyəsən, Mərdan kişi Allahın işini bilmişdi, iki oğlundan da əlini üzmüşdü. İçini bürüyən bu qaranlığın lap axırından iynə ucu boyda bir işıq közərirdi, o da sonuncu oğlu Seyran idi. Ümidini ona bağlamışdı, nəslinin davamını ondan gözləyirdi. Nəzir demişdi, Seyranı evləndirim, iki qızı olsun, gətirib artezianın başında dana kəsib kasıb-kusuba paylayacam, dilimə də vurmayacam. Uşaqlar arasında pərdə olsa da, az qalırdı Seyrana desin ki, bala, evlən, qurtar məni bu qaranlıqdan.

Çox keçmədi Sərvinaz ərinə usulluca Seyranın üç-dörd ev aralı qonşu qızı Aypərini istədiyini dedi. Kişinin üzünə işıq düşdü, yeməyi qabağına qoyub qırmızı soğana yumruğu elə çırpdı, elə bil, dərdinin başını əzdi. Yedi, doymadı. Sərvinaz, bir qab da çək, deyəndə, Sərvinaz Allah, sən saxla, kişinin ağlı çaşdı nədi, mızıldandı, başını yelləyə-yelləyə mətbəxə keçdi.

Seyran Aypərini lap uşaq vaxtından gözaltı eləmişdi. Qız da bir vaxtdan sonra məsələni anlamışdı, amma başqa qızlar kimi bəlli eləməmişdi. Söhbət Aypərigilə çatanda anası vaysınmışdı, demişdi ki, Mərdanın gədələri sonsuzdu. Əri Mərdanla tay-tuş idi, xətir hörmətləri vardı deyə, tez dillənmişdi: Allahın işini bilmək olmaz.

Day arvadda üç-beş eləməmişdi, ərinin xasiyyəti ağır idi. Onsuz da qardaşlarından zəndeyi-zəhləsi gedirdi. Mərdana görə qayınları arvadağız idi, hər yerdə "qasıq qohumundan adama simsar olmaz" deyirdi. İndi də, Sərvinaz dillənsə, yenə qardaşlarını söyüb bulayacaqdı.

 

***

 

Aypərinin o gündən üzü gülmürdü, dərdi içində zindan kimi ağırlaşmışdı, heç kimə də sirr verməli dərd deyildi. O vaxtdan bağa da girməzdi, narların üzünə baxmazdı, gözü sataşanda da utandığından az qalırdı yerə girsin. İçində dərd batmanla olsa da, hamı onun birdən-birə gözəlləşməyindən dəm vururdu. Ara-sıra içində qarışqa yerişi hiss edirdi, bu da onu çox qorxudurdu. Anası məsələni Aypəriyə açanda istədi narazılıq eləyə, gözünün qabağına atası gəldi, eləyə bilmədi. Anası sözünün əvvəlində atan da razıdı demişdi, işi xətm eləmişdi. Aypəri bir də düşündü ki, bəlkə dərdini elə Seyranın özünə desin, axı sevir, onu bəlkə anlayar. Seyranın məsum sifəti gözünün önünə fikrindən gələndə vaz keçdi.

Bu zülmü nə özünə, nə də Seyrana rəva görmürdü. Yazığın nə günahı vardı? Hər şeyə dözürdü, bircə dayıoğlusu Vüsalın adam içində oğrun-oğrun göz vurmağına dözə bilmirdi. Qımışa-qımışa Aypərini dəli eləyirdi. Aypəri anlamırdı, anlamırdı ki, öz dayısıoğlu nəyin intiqamın alır, niyə başına bu oyunu açır? Bu hay-hayda Seyran da Aypəriyə hər rast gələndə astadan deyirdi ki, narahat olma, nə olsa, qəbulumdu. Aypəri də öz-özünə deyirdi, ay bədbəxt, sən hardan biləsən nə var, nə yox? Bilsən dəli olarsan. Sən demə, yazıq Seyran məsələdən hali imiş. Kənddə toyaxşamından çıxanda Vüsal kefli, səndirliyə-səndirliyə kəsib qabağını, ordan-burdan səfehliyəndən sonra qayıdıb ki, Seyran, eşitmişəm bibiqızına elçi düşmək istəyirsən. Seyran zəndlə Vüsala baxanda Vüsal özünü yığışdırıb:

- Sənə görə deyirəm, kəndçimsən, mən onun gülünü dərmişəm.

Bu söz güllə olub Seyranın ürəyini deşmişdi. Heç nə deməmişdi, gedib qara artezianın qara suyundan ovuclayıb üzünə çırpmışdı, gözünün yaşı qara suya qarışmışdı.

İndi neyləsin, dərdini kimə desin? El-aləm nə deyər? Axı Aypəridən də keçə bilməz? O gün, bu gün! Hərləyib-fırlayıb qızı tək tutan kimi deyirdi ki, nə olur-olsun, qəbulumsan.

Çox keçmədi, Mərdan Aypərigilin qapısını döyüb məramını bildirdi. Atası da köhnə dostunun sözünü iki eləmədi. Həmin gündən də toy hazırlığı başladı. İki evin ikisində də şadyanalıq, demək-gülmək! Ancaq Aypəri burda ölür, ölə bilmir, Seyran orda...

Vaxt gəldi, vədə yetişdi, toy günü çatdı. Qapılarda qara zurna çalındı, gəlini götürüb rayon mərkəzindən fırlayıb gətirdilər ər evinə. Axşam toy başladı, hamının başı qarışdı toya, qonağa. Bir də xəbər tutdular, gəlin yoxdu. Ora gəlin, bura gəlin, gəlin yağlı əppək oldu, yoxa çıxdı. Əl-ayağa düşdülər, ürəklərinə min fikir gəldi, bozardılar, qaraldılar.

Bir Vüsal anladı, anladı ki, bu illərlə çəkən səssizliyin bir zibili olacaq. Fikirli-fikirli artezina tərəf gedib əl-üzünə su vurmaq istəyəndə gözlərinə inanmadı, artezianın qara suyunun üzərinə sanki örpək çəkilmişdi. Fikirləşdi ki, çox içib, gözünə hər şey tərs dəyir. Bir də diqqətlə baxdı. Əyilib suyu ovucladı, ovucunda ağappaq su ləpələndi. Başını silkələyib bir də hovuza zilləndi. Az qaldı gözləri yerindən çıxsın. Aypəri ağappaq gəlinlikdə hovuzdan Vüsala baxırdı. Elə bildi ağlı çaşıb. Başını qaldırdı, qara quyunun üstündəki daş armuddan səssiz-səmirsiz gəlin sallanmışdı, ondan da yuxarıda Ay - göy üzündə lal kar...

 

***

 

Seyranın Aypərini qara arteziandan düz qapılarına ötürməyi də həmin gündən sonra başlamışdı, hər axşamçağı quyunun yanına gəlir, arteziandan qara su aparan Aypərini görüb arxasınca düşür, düz qapılarına qədər ötürür, çataçatda qabağını kəsib, "mənim olacaqsan, vəssalam" deyirdi. Aypəridən "kül oğul başına" sözünü eşidib dala qayıdır, artezianın yanından keçəndə görürdü ki, iki körpə qız uşağı hovuzda boğulur, haray qışqırıqları aləmi götürüb.

Seyran iki əli ilə başını sıxırdı, başı daş armud kimi bərk olsa da, elə bilirdi ovulub tökülüb yerlə bir olacaq, yığıb yığışdırıb yerinə qoya bilməyəcək, başsız qalacaq. Baxa-baxa keçib heç nə demirdi, gözündən yaş gilələnirdi...

Bu axşam da Seyran yenə qara arteziana gedirdi. Aypərigilin qapısından ötəndə kimsə onun içindən yapışıb bağa sarı çəkdi.

Seyran bilirdi ki, indi Aypəri vedrəsini quyuya sallayıb onu gözləyir. Ora çatan kimi şırhaşırla daşan vedrələrini çəkib onun qabağına düşəcək. O da Aypərinin saldığı su yolunda gedə-gedə həmişəki sözləri deyəcək: Mənim olacaqsan, vəssalam!

Bəs, indi Aypərisiz bağda onun nəyi var, niyə ürəyi bağa dartınır? Seyranın çəpərin o tayında heç nəyi olmasa da, ayaq saxladı. Batan Günəşin son şəfəqlərində bağa boylandı. Kənddə narlar yetişirdi...

 

İlham Əziz

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.18.