Məndən bir dəstə
bağla...
...Özünə göndər məni... Yazının başlığına çıxardığım misra da onundur, elə yazının birinci cümləsi də... Duyğusal şeirlərin, yanğılı bayatıların yaratdığı təəssüratlar o qədər zəngindir ki, bu zənginliyin əhatəsində yazı yazmaq da şirindir. Sanki yazmaya bilmirsən... Bunlar Mahirə Nağıqızının bir bayatısının, oxucusu olaraq, mənim içimdə yaratdığı assosiasiyadır:
Çəmən kimi sər məni,
Çiçək kimi dər məni.
Məndən bir dəstə bağla,
Özünə göndər məni...
Onun haqqında bəlkə də mənim düşüncələrimə ehtiyac yoxdur. Mahirə Nağıqızı haqqında görkəmli türkoloq alimimiz, professor Minə xanım Təkləli-Nuriyeva bəhs etdi və şeirlərindən nümunələr oxudu. Bir dəfə istedadlı şairə xanım Aynur Qafarlı da Mahirə xanım haqqında, onun yüksək mədəniyyəti, elmi yaradıcılığından və poeziyasından söz açdı, ürək dolusu danışdı. Bu vaxta qədər isə tanınmış elm adamı Mahirə xanım Nağıqızı ilə artıq tanışmışdıq, onunla sosial şəbəkə üzərindən müsahibə də götürmüşdüm, şeirləri, xüsusilə bayatıları haqda da qısa, lakin çox səmimi fikirlərimi bildirmişdim. Onlayın söhbətimiz artıq müraciətlərimizdə "bacı", "qardaş" ifadələri ilə bir-birini əvəzləyirdi.
Kimdir Mahirə Nağıqızı? Bu suala onun şeirləri, yaradıcılığı haqqında yazılan, monoqrafiya səviyyəsində olan məqalələr, araşdırmalar birmənalı olaraq cavab verər: O, haqqında həmişə xoş sözlər deyilən, müqəddəs varlıq kimi təqdim olunan, əsərlərinin elmi-fəlsəfi yükü ilə fərqlənən, tələbələri və pedaqoq həmkarları tərəfindən adı rəğbətlə səslənən Azərbaycan xanımı, şairi, alimi, vətəndaşı...
Bayatılarının birində belə misralar var:
Ömürdü, axar gedər,
Gözucu
baxar gedər...
Həqiqətən də belədir. Ömür bir
dağ çayı kimi şıdırğı
axıb gedir, bu ömür adlanan çayın kənarında dayanmaqla da zaman dayanmaz,
axıb gedər və həyat davam etdikcə bu, belə də
təkrar olunar.
Mahirə Nağıqızının "Onun daş yaddaşı"
kitabını özümlə
səfər yoldaşı
etdim, kitabı oxudum və qeyri-ixtiyarı özümlə
götürmədiyim, lakin
yaddaşımın əbədi
qonağı olan bayatılarını da gözlərimin qarşısına
gətirdim, pıçıldadım. Xalqın əzəli,
əbədi ruhunda yazılmış, daş
kitabələr kimi yaddaşda möhkəmlənən
bayatıları dilimin
köməyi ilə ağlımdan, ürəyimdən
götürüb qulaqlarıma
ötürdüm, pıçıldadım.
İllərin o tayında qalan
yaşantıların, keçirilən
hisslərin poetik ifadəsi, tərənnümü,
etirafı, küskünlüyü...
hər kəs öz yaşantısını
görə bilər bu misralarda...
Və elə həmin "Bayatılar" kitabındakı
daha bir ali, ilahi
hiss:
Yurd qurub, binə gəzməm,
Evim - ürəyin sənin...
Mahirə
xanım nədən yazır yazsın, yazdıqları hansı məzmunda olur-olsun, orada bir səmimilik
var, təmizlik, özgürlük və sədaqət var. Həm də yaşantıların
şirin etirafı... Ağrılı günlərdən bəhs etdikdə belə insan o səmimiyyətin içində
qələmə alınanları
özünün yaşantısı
kimi duya bilir.
"Onun daş nağılı" kitabındakı
eyniadlı şeir isə sanki mənim düşüncələrimin,
eşitdiklərimin poetik
təsviridir.
Anasının fədakarlığından, ağır həyat yolundakı ömür-gün
yoldaşı ilə birgə atdıqları addımdan bəhs edilən şeirində anamı görürəm:
Bir dəfə taledən gileylənmədi,
Tapdı ocağında, bizdə varlığı.
Yoxluğa sınmadı, yoxa
enmədi,
Onu qorxutmadı daş ağırlığı...
Sən demə, bütün analar belə olurmuş, sən demə, bütün analar şirinli-acılı
həyat yolunu həyatının yoldaşları
ilə məhz belə addımlamalı imiş... Şairə xanım dediyi kimi:
Atamla yanaşı daş qaldırardı,
Deyərdi bu daşlar ocaq daşıdı...
Anamın
kürəyində tifil
uşağı, yanında
ətəyindən tutaraq
ayağı dolaşa-dolaşa
gəzdiyi məndən
böyük qardaşlarım
çaydan su daşıyıb, bizim böyüdüyümüz ikiotaqlı,
geniş aynabəndli,
kürsülü evimizin
bütün kərpicini
tək kəsməyini
nəql etməsi gözümün qarşısına
gəlir, qulaqlarımı
dalayır bu şeirin hər bəndinin, hər misrasının məhrəm
gücü:
O daş əlləriynən
durub o başdan
Çöllərdə yavanlıq nə tapsa, dərdi.
Bəlkə əllərinin daş
olmağından
Utandı,
özünə sığal
vermədi...
Anamın
əlləri qoynunda oğullarının yolunu
gözləməsi, çoxdan
haqq dünyasında olan atamızın xatirəsini əzizləməsi,
balalarının, nəvələrinin
uğurlarına sevinməsi,
hər bir addımda halallıq gəzməsi və görməsi Mahirə xanımın öz anasına yazdığı
bu şeirdə əksini, poetik ifadəsini tapıb:
Dərdini
deyəndə qımqımasıynan,
Gözündən bir dəfə yaş asılmadı.
Daşıdı daşları ağırlığıynan,
Amma ürəyindən daş
asılmadı...
Ana ürəyindən
daş asılmamasının əsas səbəbi təkcə
uzun illər ömür-gün yoldaşı ilə
çiyin-çiyinə maneələri birlikdə dəf etmək
yox, həm də balalarının uğurlarının gətirdiyi
sevincin varlığında da ola bilir.
Mahirə xanımın lirik dünyası bayatılarında da
yerli-yataqlıdır. Uşaq vaxtlarımdan bayatılar məni həmişə
özünə çəkib, ovsunlayıb, kövrəldib,
sevindirib, sevdirib. Anamın anası Xədicə nənəmin,
atamın anası Gülsabah nənəmin, mənə
doğma nənələrim qədər əziz və
yaxın olan Atlaz nənənin çəkdiyi bayatılar hələ
də mənim qulaqlarımda səslənir, ürəyimdə
təkrar olunur, başımda havalanır. Onların
bayatılarında nisgil varıydı, ayrılıq
varıydı... Hicran doluydu o bayatılar. İtkiləri
onları sızladırdı, həyat yoldaşı,
doğulub boya-başa çatdıqları yurdun həsrəti
və sair...
Mahirə
xanımın bayatılarında
da bu doğma hissləri, qohum
duyğuları görürəm:
Dəniz
qırağı sərin,
Meh oynadır
tellərin.
Keçib gələ bilmirəm,
Dalğa
çox, suyu dərin...
və
yaxud:
Olma məndən bezar, yar,
Mən sənə
laləzar, yar.
Ölsəm, o dünyamda da
Ruhum səni
gəzər, yar.
İlahi eşqin tərənnümüdür bu
bayatılar.
Hisslərin belə poetik ifadəsi isə əsl sənətkarlıq,
sözün qədrini və qədərini bilməkdir. Hər
kəs indi nümunə göstərəcəyim iki misrada
böyük bir sevgini ifadə edə bilməz axı:
Aç,
qəlbini sığınım,
Mənim başqa haram var?
Heç kəsə sirr deyil ki, şeir dilin, hissin,
duyğunun adi formada deyilməyən bir nümunəsidir. Poeziya müəllifin
iç dünyasından çölə - milyonların
dünyasına, qəlbinə açılan bir pəncərəsidir
- desəm, ifrata varmaram - düşünürəm. Hər kəsin
duyduğunu, gördüyünü, eşitdiyini hər kəsdən
fərqli olaraq oxucuya ötürmək ilahi bir istedadın, vəhyin
məhsuludur. Bu istedad, bu vəhy Mahirə xanımın
yaradıcılığını izlədikcə, duyulur, hiss
olunur.
İlahi varlığa, yaradana şükranlıq, olacağa, olmuşlara,
talenin gətirdiyi qazavü-qədərə səbrlə qane
olmaq, dözmək və Tanrı sevgisinə qısılmaq da
onun şeirlərində oxucu nəzərindən
yayınmır.
Ömrün bütün anları gözəldir, yetər ki, bunu duya, dəyərləndirə
biləsən.
Dindin, həsrətdimi,
xoş vüsaldımı,
Ömrün ismarışı - payız
yağışı.
Ömür deyiləndən əsbü-haldımı,
Yağdın nə yaxşı ki, payız yağışı.
Ümidsizlik,
çar-naçar qalmaq, bir növ geri çəkilmək, təslim
olmaq onun iç dünyasında, düşüncəsində
nəzərə çarpmır, şeirlərində hiss
olunmur. Necə ki, şeirin növbəti bəndində bunu
görə bilirik:
Yenə
şimşək çaxar, ildırım oynar,
Səfər ovqatına yüklənər,
nə var.
Uçacaq, içində köçəri
quşlar,
Yaşamaq savaşı, payız yağışı.
Payız sözünün assosiasiyası, səslənməsi
həsrətin, ayrılığın, gözləntinin
sinonimidir, desək yanılmarıq. Eləcə də payız
yağışında bir doğmalıq var, mən bu
doğma hissi həyatımda da
duymuşam, Mahirə xanımın nümunə göstərdiyim
şeirində də gördüm. Demək, insanların
duyğularında, müşahidələrində bir
yaxınlıq, doğmalıq var:
Ömür
- söylənilən qismətdi, baxtdı,
Yazıdı, pozudu, o, baxta-baxtdı.
Mahirə
yolunu gözlər nə vaxtdı,
Axtarar sirdaşı,
payız yağışı.
Heç nə unudulmur, yaddan çıxmır, deyiblər
və bu deyim bütün məqamlar üçün yetərlidir,
qəbulolunandır. Xatirələr, bu xatirələrin şirinliyi, əlçatmazlığı,
yenidən o günləri yaşamaq, o günlərə
qayıtmaq, bu günün təcrübəsi,
düşüncəsi ilə ötənlərin xəyal
olaraq təkrarlanması... necə də gözəldir. Yenidən
qayıtsam, dünyaya gəlsəm, nə edərdim? Ritoruk
sualdır. Amma olanlar, yaşananlar sənə məxsusdur və
bu məxsusluqdan imtina heç kəsin ağlına belə gəlməz,
xırda təəssüf hissi ola bilər, bu təəssüfə
bu günün təcrübəsindən baxılırsa, əslində,
heç təəssüflənməyə də dəyməz.
Şairə xanım yazır:
Ömür
pilləsiymiş hər günü, ayı,
Acısı, şirini - bilinməz
sayı.
Qurmaq istədiyim ömür sarayı,
Daşı, divarıymış ötən
günlərim.
Ötən günlərin şirinliyini xəyalən
yaşamaq isə duyğuların ən alisidir. O xatirələrin istiliyinə
tərəf boylanmaq, yenilənmək, geri dönmək
dünyaya təzədən gəlmək kimi bir yaşam.
Dediyimiz o təəssüf, lakin xoş hisslərin əhatəsində,
bu günün təcrübəsi, düşüncəsi ilə
o günlərə verilən dəyər:
Qəlbim
istəyənmiş, öz
havasıymış,
Yağış havasıymış, yaz havasıymış,
İçimi oynadan saz havasıymış,
Sevda yuvasıymış
ötən günlərim.
Haqqında bəhs etdiyim şeiri oxuduqca lirik qəhrəmanımızın
heç də təəssüflənmədiyinin də
şahidi oluruq. Demək, ötən
günlər heç də başqa bir anlamda təəssüfləndirici
deyil. Əslində, kitabda "Ötən günlərim"
adı ilə yer alan bu şeir bir xatirə toplusudur və bu
xatirə toplusu, hər kəsi özünün ötən
günlərinə qaytarır,
- desəm yanılmaram:
Ömür
təsəllidir, bu dünya puçdu,
İllər vəfasızdır - quş
kimi uçdu.
İnanma,
Mahirə, kim
desə suçdu,
Həyat
savaşıymış ötən
günlərim!
Ötənlərə
qayıtmaq, arxada qalan illərin doğmalarına çatmaq,
yaşananları bir də yaşamaq, nostalji hisslər,
xanım əfəndimizin ifadəsində hər kəsin
duyğularının, xəyallarının gerçəkləşməsi
ola bilir. Bayatılarından
birində dediyi kimi:
Arzular çin-çin olar,
Yığsam bir əlçim olar.
Yanına
getmək üçün
Ruhum göyərçin
olar.
Mahirə Nağıqızı ruh adamıdır. Şeirləri
ilə ruhumuzu oyada bilir, ruhumuza, düşüncəmizə
sığal verə bilir. Ona
yaradıcılıq uğurları arzulayıram, sağlam
olsun, yazsın, yaratsın, oxucuları bol olsun. Və mən əminəm ki, şeirlərindəki
misraları arasında çırpınan bu ürəyin,
düşüncənin, ifadə tərzinin müəllifi
olan xanım əfəndimiz, gözəl şairimiz oxucu
sevgisinin əhatəsindədir və özünü çox
gümrah hiss edir.
...Beləcə... Onun daş yaddaşından süzülüb gələnlərdən
kimlər bəhrələnmir
ki... Auditoriyada gələcəyin filoloqu
olacaq yüzlərlə
tələbə, şeirləri,
bayatıları ilə
ruhən qidalanan sayı-hesabı bilinməyən
oxucuları və bu yazının müəllifi Faiq Balabəyli...
Faiq BALABƏYLİ
Ədəbiyyat qəzeti.- 2021.-
11 dekabr.- S.21.