PAUZA

 

Hər bir ədəbi-bədii hadisənin necə meydana gəlməsi, hansı mühitin içində özünə uyğun hava bulmasını və nəhayət, bir mühit, bir iqlim yaratması məsələsi fikrimizcə, çox önəmli məsələlərdəndir. Götürək 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində ədəbiyyata gələn nəslin timsalında bu işarə edilən hadisənin nəticələrini. Yazı metodunun tapılması və püxtələşməsində önəmli, böyük əhəmiyyət daşıyan məsələlərdən biri pauzadır, yəni öz üslubunu, daha dəqiqi yazı tərzini tapan və ya ona doğru, necə deyərlər, "inamla addımlayan" yazar bəlkə çox uzun bir müddət içini dinləməsə, tapdığını da dərhal itirmək təhlükəsi qarşısında qala bilər. Bu məsələnin ola bilsin ki, bəzən, lap elə əksər hallarda siyasi rejim faktoru ilə də sıx əlaqəsi var, amma bütün hallarda yazar (şair...) şeir yazdığı nəfəsini dinləməsə, onun gəzib-dolaşdığı yerlərə xəyalən baş çəkməsə, tapdığı yol ilğımlar içində yəqin ki, yox olub gedər.

Zaman içində yaradıcılığa çox qənirsiz, yüksək istedadla yazılmış mətnlərlə gələn bir şair, yaxud yazıçı olur ki, özü-özünü dayandırır, şeir yazdığ nəfəslə arxaya qayıdıb həmin hənirin hansı əsrdən, hansı əsrin hansı gizlin laylarından süzülüb gəldiyini bilmək istəyir və bu, sadəcə, tanıyıb-bilmək, o nəfəsin şeirin yazıldığı ana qədər havadaca bulaşdığı bir gül qoxusunu, bir sünbül qıçağının ətrini bilmək arzusundan doğur, bunun bir tale olduğunu qətiyyən ağlına gətirmir. Bu hadisəni biz daha çox klassik ədəbiyyatda görürük, yaxud folklor janrlarında, ən mükəmməl şəkildəsə bayatılarda. Azərbaycan dilində deyilən, insan köksündən həsrətlə bir nəfəs, bir duman kimi çıxan bayatı misralarının bizdən çox uzaq əsrlərdə toxunduğu gül qoxusunun yaddaşı daha sonralar hansısa bir şairin şeirində, bədii mətnində "açır" da və beləcə, ənənənin modern yaddaş fraqmentlərinə çevrilməsi qarşısıalınmaz proses kimi qavranılır.

Qayıdaq pauza məsələsinə. Vaqif Səmədoğlunun ədəbi taleyində ilk kitabından sonra uzun müddət çap olunmaması, ədəbi prosesdə fəal şəkildə görünməməsi həmin nəfəsin havada bulaşdığı ədəbiyyat ətrini bulmaq, onu tanımaq, bələd olmaq və məhz bundan sonra davam etmək inadı ilə də bağlı ola bilərdi. Prosesin özü elədir ki, bu hadisəni sinirən şairin özü nəyin baş verdiyini izah edə, onun mahiyyətini detallı şəkildə açıqlaya bilməsin, amma yazı prosesində, onun müxtəlif halətləri ilə bağlı versiyaların çoxluğu hər halda bədii mətnlərin duyğu və hisslərin təsiri ilə necə yaranması, gecəylə gündüzün tən ortasında bütün dünyaya hakim olmaq iddiası və istəyinin necə meydana gəlməsini az da olsa izah edə bilir. Batan // gəminin suya atılan // yükü kimi // kənara atıram ümidlərimi // ömrümün divarında // bu gün yenə // kəndir dayanıb // qapı yerinə...

Vaqif Səmədoğlunun şeirlərinin xassəsi elədir ki, onları bir toplu, bir kitab halında oxumaq yuxarıda söylədiyimiz faktoru anlamaqda yardımçı ola bilər. Bu topluda şübhəsiz ki, xronoloji ardıcıllıqla yox, məhz daxili-ruhani bağlantı hesabına mətnlər bir-birini "tapıb" pauza müddətində şairin xəyalının gəzib-dolaşdığı yerlərin çiçəklərində tanıdığı ən qənirsiz, ən bihuşedici ətirləri bir can kimi birləşdirir, mənaları şairin əlindən alıb efir kimi havada, bədii iqlim məmləkətinə dağıdır, dünyanı saran tünlük, nəfəsləri sıxan toranlıq yox olub gedir, şübhəsiz ki, bir anlığa. Bu məqamda aşağıda verilən misralardan da anlaşılacağı kimi, sükutun bərqərar olduğu bir mühitdə şair bəzən yaşamaq, yazmaq üçün hava və su kimi gərəkli olan bəzi qadağaları da unudur, bunlarsız şeirin necə dünyaya gəlməsini müşahidə etmək, bu prosesə tamaşa etmək istəyir. Bu payız da başlandı // bu yağış da // Ölülərim // dirilərim dolanır içimdə // Xatirələr səyriyir gecəmdə // təkliyimi minib at təki // yanır // sönür // ötür ömrüm // Ekspreslər dayanmayan // kiçik stansiyalartək... Bu misralar sadəcə həmin o pauza müddətinə insanın içindən səssizcə keçən misra axını, duyğu cığırının ötüb-keçməsidir, özü də kiçik stansiyalarda dayanmayan ekspreslər kimi. Bu halda mətndə nəyinsə nəyə, yaxud nələrəsə bənzədilməsi bir elə önəm daşımır, duyğunun, özü də insanı daim izləyən, narahat edən duyğunun içindəki "sxemin" texnikaya çevrilməsi hər şeyi - şeirin indisi və gələcəyini idarə edir. Amma bu sxem heç zaman üzə çıxmır, özünü tanıtmır, daim dünya durduqca digər canlı mətnlərin enerjisi ilə təmasda olmaq arzusuyla alışıb-yanır. Ancaq nə qədər fraqmentar, nə qədər "ötəri" olsa da, bu tipli nəfəslər poeziyanın gələcək inkişafı üçün önəm daşıyır. Məhz ani və fraqmentar olduğu üçün onun bətinində qədimliklə müasirlik, bu anla yaddan çıxmış keçmiş, xəyalla ... elə mətnin özü yanaşı durur, iki əks, həm də daban-daban ziddi hadisənin əbədi qonşuluğu həmin sxemin bir az da dərinlərə batmasını şərtləndirir. Şeirlə, bədii mətnin içindəki bitib-tükənməyən havayla dünyadakı bir sıra artefaktların yenidən canlı təbiətə qoşulması, sökülən, dağılan tikililərin bədii mətnlərdə və onların təsiri ilə bərpa olunması önəmli mədəniyyət hadisəsidir. Yəni bədii mətnlərdə bərpa olunan dünya həm də kompensasiyaedici xarakterə malik olur, dünyanın daxili nizamı, ədəbi prosesin gələcək inkişafında bir sıra mətləblərin daha canlı və diri şəkildə meydana çıxmasını bəri başdan müəyyənləşdirir. Amma mənaların qırxıncı qapısına qədər ümidlər, necə deyərlər, bir-bir sönə-sönə gedir, bu dünyada insan ümidi onun yerli-dibli olmadığı bir ortamda daha sürətlə çarpır (şah damar kimi...).

 

Ömrümün

çarpaz düyünlənən bağlamasında

beş-on yaxşı günümün

ucu çıxacaq bəlkə.

Ümidlərimi buza qoyun,

Fəqir-füqəraya paylayın

arzularımı...

 

 Şübhəsiz ki, pauza və sükutun çökdüyü bu anlarda hər şey ilk nəfəs dərimindən duyulur, duyulan nəsnənin bütün çalarları yaddaşda illər boyu yatan xatirələrlə, illər boyu qövr edən məşum hadisələrlə ani təmas tapır, sadəcə toxunub keçir, keçdiyin küçənin, tamaşa etdiyin (özü də gözlərini daim yummaqla) hansısa tikilinin (kilsənin, məscidin, yaxud qədim memarlıq abidəsinin) divarlarından sürüşüb keçən ümidsiz insan əllərinin təması şüuraltında özünə doğma olan hissləri, təəssürat və fraqmentləri tapır, onlarla birləşir: Əyrin-üyrün // dar küçələrin // Gündüzlər // otaqlarındakı bəyaz gecələrin // damlarının yastısı // içinin astası // küçələrinin // dolanan addımlarının // həmişə tənha səsi // Gecələrinin // dünyada itən tarix tikəsi // İçindən // Kommunist küçəsinə çıxan təəccübüm // ölüm ayağındadır indi // Biçarə şəhər // İçərişəhər... Şübhəsiz ki, bu tipli mətnlər haqqında danışanda mühitin dərindən duyulması məsələsini önə çəkmək lazımdır, ancaq bu, zənnimizcə, ötəri bir faktordur, şeir "biçarə şəhər" ifadəsi ilə təkcə bitmir, həm də başlayır, həm də zaman-zaman çox nüanslar meydana gəlir. Yəni bir şairin böyük ustalıqla qələmə aldığı nəsnə yuxarıda işarə edildiyi kimi təbii fəlakət nəticəsində yer üzündən silinə də bilər, ancaq onun bu dünyada silinməyən izləri də var. Bu izlər bədii mətnlərin zamanla açılan qat və laylarında hifz edilir. Ancaq bir şərtlə, təbii fəlakət nəticəsində dağılan, yer üzündən silinən tikili, yaxud abidə bədii mətnlərdə oxşadılaraq, yaxud "eskizi çıxarılaraq" bərpa olunmur, bədii mətn onu heç zaman olmadığı kimi bərpa edir və yaradır...

Və haçansa gördüyün, yaxud xəyalından keçirdiyin nəsnə bu təsadüfdə başqalaşa da bilir. Və daha sonra bu dəyişmə, bu metamorfoza oxucunun düşüncəsində, şeirlə onun şüuraltına köçən qatı açılmamış nüanslarda davam edir, başqa sözlə, bəzi şeylər həyatını, varoluşu gizlənməklə, üzünə yoxluq pərdəsi çəkməklə davam etdirir. Bu mənada şairin həyatına çökən pauza, iqlimin sükut ladına keçməsi iki hadisənin daha qabarıq şəkildə ifadə olunmasına yol açır. Birincisi odur ki, bəzən qırıq-qırıq gələn, duyulan nəsnələr, duyğu şülüzləri anidən birləşib nəfəs dərmədən deyilən sözlərə çevrilir, bu zaman deyilən şeir, misraların axışı onları yaradan havanı və iqlimi əvəz edir:

 

Nəyimsə yox olub,

nəyimsə itib,

hardasa qırılıb

nəyinsə simi.

Ömrüm ancaq külək əsəndə dinir,

quşlardan xəbərsiz bir meşə kimi...

Nədənsə gizlənib,

kimdənsə qaçıb,

bu ömrün günləri,

sevinci, qəmi,

hardasa tək qalıb,

olub gərəksiz

Allahsız dünyada

peyğəmbər kimi...

 

Yaxud sükut, şairin könüllü düşdüyü pauza dünyadakı bütün səsləri damcı-damcı, kəlmə-kəlmə yox edir, kənarlaşdırır, dil danışmaq, qulaq eşitmək, gözlər - görmək aparatı kimi sıradan çıxır, bu şəraitdə pauzanın ən dərin ən sirli məqamında insan bu qədər dağıntı fəlakətin içində ən görünməyən duyulmayan hadisələri içdən duyur vizual şəkildə görür. Yəni bu tipli şeirlərdə səslə görüntü ani birləşərək dünyanın ən gözəl qənirsiz mənzərəsini yarada bilir. Ürəyim yol çəkir // bir közə dönüb // Yollar da tərs kimi uzanır, gülüm // Yuxumdan hər gecə durnalar keçir // Bilmirəm olub, haradan bilim // Belə getsə sınar quşların səsi // Dənizin səsi günbəgün batar // Yubanma əzizim, gəl, qurtar məni // Arxadan dərd çapır, qorxuram çata...

Bu şeirlər həm yuxarıda dediyimiz dərin-dərin sükut pauzanın səbəbindən bitməyən şeirlərdir... Nəsə gözlənti kimi, incə, zərif ümidsiz...

 

Qapımı azacıq

açanda hər gün,

hürməyə başlayır

dünyada itlər.

Dünya elə bil ki, özgə bağıdır,

düşmüşəm içinə,

Açılır səhər...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.25.