Çağdaş Macar şeiri
Səlim Babullaoğlunun
təqdimatında
Attila Balaş
/ Balazs F.Attila (1954) - tanınmış macar şairi, yazıçısı,
esseisti və tərcüməçisi. Rumıniyada, Tırqu-Mureşdə anadan olub. Əvvəl fizika-riyaziyyat
təmayüllü məktəbdə
oxuyub, sonradan isə Alba-Yuliyada katolik ruhani institunda və Buxarestdə bədii tərcümə və kitabxanaşünaslıq ixtisası
üzrə təhsilini
başa vurub. Macarıstan, Rumıniya, Slovakiya yazıçı təşkilatlarının,
PEN mərkəzlərinin, Avropa
Elm, Sənət və
Ədəbiyyat Akademiyasının
üzvüdür. "Villonun
qalstuku", "Attila Balaşın
ən yaxşı şeirləri", "Mavi",
"Minimal", "Maskalar" və başqa şeir toplularının müəllifidir.
Frimen Nandayme Ədəbiyyat
Ödülü (Nikaraqua,
2010), Madaça Mükafatı
(Slovakiya, 2010), Luçian
Blaga (Rumıniya,
2011), Opera Omnia Arghezi
Prize (Rumıniya, 2014), Emineski
Akademiyasının Tərcümə
Ödülünü (Krayova,
2012) və başqa ədəbiyyat mükafatlarını
alıb.
Əsərləri dünyanın 20-dən artıq dilinə çevrilib, Avropa, Amerika və Asiyanın 30-a yaxın ölkəsində dərc
edilib.
"Vektor" Nəşrlər Evi
2019-cu ildə Məmməd
İsmayıl və Afaq Şıxlının
tərcüməsində Attila Balaşın "Avqustda qar" şeirlər kitabını çap edib.
Balaş 2020-ci ildə pandemiyanın
ilk dövründə Bakıda
keçirilən onlayn
poetik festivala qatılıb, Azərbaycan
auditoriyası üçün
şeirlər oxuyub.
Fatum
Topraq ayaqların altından qaçır,
Sən isə xəbərsizsən
açılıbmı qanadların...
Memento
Günəşin kriminal sığallarıyla
əzilmiş,
qışmış,
qurumuş
gil.
Daşlaşmış işarələr,
toxunuşlar,
formalar
və dəyişmələr
üzərində barmaq izlərini
hiss edir.
Gözəllik ovunda
Saatın
bükülmüş əqrəblərindən
asılıb zaman.
Əlində bir topa açar adam
qapını ehtiyatla bağlayır,
işığı zolaq-zolaq bölür
gözəllik budaqlar arasından
sivişib çıxır,
təsvirlər gözünün torlu
qişasında bərkiyirlər.
Uca səs
Heç
bir musiqi alətiylə
o uca səsi
çıxaqmaq olmur -
axar qanın səsini,
qularlarında
səslənən
ürəkdöyünməni.
İşığı yandırırsan,
amma bilmirsən,
o səs gələn yer
haradır,
boşluqdur...
Yorğanın altına girirsən,
yuxunun səni nə vaxt ovlayacağını
bilmirsən,
səhər duranda isə
güzgüyə zillənirsən -
görürsən ki,
onun vizit kartı
alnında bərq vurur.
Böyük rəssam
Zərif
parıltılı çalarlarda
payız mənzərəsi,
sanki
rəngləri qurumamış
rəsm
əsəridir.
Fırçanı tutan
və sevgini rənglərlə çəkən
əli
düşünürəm.
Sözlər gücsüzdür,
ünvanından kiçikdirlər.
Barmaqlarım arasından
süzülür qumsal
Yaddaşın qəlpələri
məni
hərəkətə gətirir,
oyadır
ki,
yenidən toparlasın -
bəlkə adi bir şey,
ya da nəyəsə oxşayan bir şey
yaratsın.
Barmaqlarımın
necə
əsməyə başladığını
görürəm.
Dayanıram,
əzələlərimi boşaltmaqçün
barmaqlarım arasından
qumları tökürəm.
Bircə
it nəcisi qalır ovcumda.
Rəsmlər çəkirəm qumsalda,
pozuram,
çevrələr cızıram.
Fitrətdəki dağınıqlığı
necə
nizamlamaq olar?!
Əşyalara aid deyil
nizam-intizam;
onlar ayrılıq,
birləşirlər.
İntizam - gözəgörünməz kətandır,
o zərifdir,
tez sıradan çıxır.
Yerdəyişmə şübhə
doğurur.
Qəfil
öz adımı xatırlayıram:
adım
məni zəncirləyirmi?
Mən öz adımammı?
Ya bəlkə adım sadəcə
çiynimdən ata bilməyəcəyim
məngənədir?
Sözlər yumurtadan çıxmış
tısbağalardır,
suya düşürlər,
enirlər dalğaların nənnisinə,
mavinin təhlükəsiz ənginliyinə
-
nəhəng bir ağız onları udur
və yalnız bu nadinclərin bir qismi
həyatın və ölümün
bu sayaq
çarpışmasından
sağ çıxırlar.
Qara mələk
Bu qasırğanın cənginə
düşən hər
kəs bilir ki,
inkişaf eyni bir yerə,
vəziyyətə,
halətə daimi qayıdışdır.
Yorulmusan,
sürətdən başın fırlanır,
keyimisən,
ətrafa
baxırsan və özünü yenə
həmin
o vəziyyətdə
görürsən.
Həmin
qapalı çevrədə.
Yalnız
ürəyin
ritmini dəyişməyə cəhd
edir bir az.
Yalnız
tüstü qalxır
qarmaqarışıq,
Yalnız
azğın külək
gözünə doldurur
torpağı.
Qaya yarığında bitmiş
mamır
ölüm və kölgənin
dəli rəqsindən
xəbərdardır
və boynunu işığa uzadıbdır.
Yollar ayrılır
və qovuşur nizamla.
Sən indi noutbukun ekranında
hər şey tapa bilərsən.
Tapa bilməyəcəyin tək
şey
ömrün boyu tərk etdiyin illüziyalardır.
Təmkinlə tutursan əlini
səhrada sənə uzanmış,
barmaq izini götürən
mələyin əlinə.
Attila Balaş
Ədəbiyyat qəzeti.- 2021.- 11
dekabr.- S.24.