Ürək söhbəti

 

Adam

təkcə ürəyindən gedənləri yola salmaz kədərlə,

həm təbəssümlə qarşılayar başına gələnləri.

İkitərəflidir bütün yollar

adamın gözləri ağarır günün günortasında,

qaralır gird yarısında gecənin...

Bilmək olmur işıqda itirdiklərimi çoxdur,

zülmətdə tapdıqlarımı...

Ən çox gecələrdə lazımdır ürəkli olmaq,

başını qatmaq fikirlərin...

Qaranlıqların dərinliyindən qopan

ümid kimidir bir cüt maşın işığı...

Fərqi nədir haraya gedir, niyə gedir

İşıq varsa yol da var, deməli,

yol gedən yola gedən adamlar da var...

Bir uzaqlar, uzaqlar...

Ürəkdən gedənlər ürək qoymadılar adamda...

 

Bu olmur

 

usanar, bezikər yalandan,

Adam var ki, sifətində su olmur.

Yüz yaxala, yoxsa vicdan paklığı,

Əllərini min suya çək, yu, olmur.

 

Ərşə durub nadan kəsin gileyi,

Hey inlədir qəlbindəki qəm neyi.

Bu dünyanın eyni vaxtda hər şeyi...

Məsəl üçün, - o olursa, bu olmur.

 

Çəkib getməz başımızın davası,

Rasta çıxar çöllərin ən yavası.

Sümüyünə çətin düşə havası,

Hər sonuncu rəqs eyləyən qu olmur.

 

Payız

 

Vaxtına çəkmədi deyiləsi söz,

Bir yay axşamıydı, bəlkə payız...

Getməyə gecikdik üzü bahara,

Tələsdi gəlməyə vaxt-vədə, - payız.

 

Elə döyəcləyir pas damı yağış

Alır darıxmağa adamı yağış...

Gündüzü çən-duman, axşamı yağış

Gəldi ildırımla bir hədə payız...

 

Bir qış boranısa başa yağan qar,

Toz qopan yolları bağlayıbsa tar...

Adamın qəlbində isti yay var,

bahar bahardı, heç payız.

 

Quzey adam

 

Düz düşüb axına tərsinə axdı,

Elə bir sularda səhv teylənirdi...

Demək gecikməyə var imiş vaxtı,

Zaman azlığından gileylənirdi.

 

Açdı ürəyini kimə ərk edib,

Çətindi yaşamaq haqqı dərk edib.

Son iki ildi ki, sevinc tərk edib,

Dərd ilə oynayıb qəm əylənirdi.

 

Dünən dost dediyin bu gün yağıdır,

Qara bəxtə düşən yolun ağıdır.

Adamın ciyəri buz yatağıdır,

Quzeydə dayanıb güneylənirdi...

 

İçindən

 

bulud gətirər yağış,

Bir topa qarın içindən.

Sevinc tapılar, hətta

Dərdin-azarın içindən.

 

Üz var ey, üzdə su yoxdu,

Düzdə sağ olan düz yoxdu...

Sən hardan tapdın bu "yox"u

Bu qədər varın içindən?

 

Xəzan xəzələ çətirdi,

Boz duman sınan xətirdi.

Vaxt sənə ürək gətirdi,

Keçib qübarın içindən.

 

Hər şeyin öz vaxtı

 

Həyat elə şirindi ki,

Bu dünyanın şəkər vaxtı.

Adam var ki, şərab kimi

Öz başına çəkər vaxtı.

 

Bölündük, olaq tam deyə,

Aldandıq, yada xam deyə.

Arzu, ümid, inam deyə,

Öz ömrünə əkər vaxtı.

 

Kim yolu gözünə yığa,

İt cığırı yola sığa...

Getdik üzü qaranlığa,

Bu dünyanın təkər vaxtı.

 

Düşəndə

 

Bir üzü kədərdi, bir üzü qüssə,

Sağıma güvənib solum düşəndə.

Ah, elə soğuldu səadət gölü,

Dedim göz yaşına: - dolum, - düşəndə.

 

İl heç... xoş deməyə gün yox, saat yox,

Məəttəl qalaram bu sirrə, mat yox...

Daha o gözlənən sağ islahat yox,

Mən hamı kimi olum düşəndə.

 

Hər gethaget başlar bir gəlhagəldən,

Usanan görmədim arxamca pəldən.

Birdən baxıram ki, can çıxır əldən

Quruyub yanıma qolum düşəndə.

 

Yatmış saatını sona qur daha,

Düşməz bu bucaqdan küncə nur daha.

Anlaram, dünyanın sonudur daha,

Dibsiz uçuruma yolum düşəndə.

 

Dönüş o deyil

 

Yerində saymağa daha tabım yox,

Gedim ya irəli, ya geri dönüm?

Bir sısqa cığırdır, sağ-sol uçurum,

Varmı yapışmağa əl yeri, dönüm?

 

Düşəni, bilirsən, sevməz adamlar,

Ağıl, - daşdan daşa baş dəyə, - çıxmaq.

Enmək əzabdır, düz yerimək ,

Hər gün çətinləşir yüksəyə çıxmaq.

 

Bu boyda gen dünya başıma dardır,

Göstər özüm boyda, bəlkə sığım, - yer.

Hər kəsin dönməyə bir yolu vardır,

Getdiyim deyilmiş qayıtdığım yer.

 

İşığa çıxmaq

 

Bir itik tapmağa yön düşməz daha,

Heç kəsə bir kəlmə söz demək olmur.

Nəfsi saxlayarsan, qaçar iştaha,

Hər gün acqarına qəm yemək olmur.

 

Gizlənər gözünün qarasında kin,

Sevməz əlindəki şamı qaranlıq.

Sabahı, axşamı olmaz dar qəlbin,

Tavanı alaca, damı qaranlıq.

 

Əlac olmasa da, olar çəm, amma,

Olası hər şeyin bir hikməti var.

İşığa çıxmağı bilmərəm, amma,

Gecədən sabaha çıxar adamlar.

 

Axan dualar

 

Bu dünyanın mat olası sirri çox,

Çaşıb qalan gözündəki suala.

Usta çoxdu sındırmağa qəlbini,

"O" qıranı bir qıra, - "bu" ala...

 

Əfv edərsən içindəki dustağı,

Yüngülləşər çiynindəki duz dağı

İstilənər gözündəki buz dağı,

Limanları, körpüləri su alar...

 

Qara çıxar bir günə əllərin,

Heç yarımaz, heç... özünə əllərin.

Daha çatmaz göy üzünə əllərin,

Axıb gedər ovucundan dualar...

 

Bir zərrə işıq

 

Var ola bilmədim yoxluğun qədər,

bilim, bəlkə elə sən haqsan...

Bu boyda dünyada itirdiyini

İndi tavandamı axtaracaqsan?

 

Umduğun ömürmü sevinc adına?..

Canın çıxan yerdən hələ qəmə var.

Niyə inciyirsən, şükür elə ki,

Dörd divar, bir tavan, bir döşəmə var.

 

Adam gözlərindən yıxılır evə,

İstər torpağa gir, istər göyə çıx...

Sönmüş çilçırağa heyrətlə baxma,

Batar bəbəyinə bir zərrə işıq.

 

Yandır işıqları

 

Xaraba yurd kimi boşdur ürəyim,

Bəlkə işıq çəkim gözüm yağından.

Divarın küncündə hörümçək toru,

İlişər eynəyim sağanağından.

 

Günün günortası qaldım kor kimi,

Bir ömür nur deyə baş qatmaqdayam.

Baxıram, üstümü kəsib qaranlıq

Mən hələ işığa can atmaqdayam.

 

Sehrli əsatək əl altında dur,

İşığı zülmətlə tən olmayanda.

Şeir gecələri çox zinrik olur,

Yandır işıqları mən olmayanda.

 

Həyat məsələsi

 

Özünə sığışmır ürəyim bəzən,

Yer üzü boydadır sinəmə qəfəs.

Qulağım dünyanı dinşəməkdədir,

...Bir isti hənirti, bir ilıq nəfəs.

 

Özünü itirir adam arabir,

Bir qara axşamda, bir səhərdə.

Divardan o üzə bir səs hönkürür,

Dünyanın gözündən uzaq şəhərdə.

 

Adamın torpaqla tutur söhbəti,

Onun son sözündən çıxdı kim daha?..

Düşüb qəbirlərin sükut yerinə,

Mən yaşamağı tərgitdim daha.

 

Süleyman ABDULLA

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.26.