Hüseyn Cavidin bir şeiri haqqında
H.Cavidin
1912-ci ildə Tiflisdə yazdığı "İştə
bir divanədən bir xatirə" şeirini oxuyarkən iki
sual ortaya çıxır: əsər hansı metoda aid edilməlidir?
Və lirik qəhrəmanın inkişaf və
təkamül mərhələləri necə təyin edilməlidir?
Tədqiqatçılar bu şeiri də romantizm metoduna
aid edirlər.
Ümumiyyətlə, H.Cavidin romantik şair, hətta
Azərbaycan ədəbiyyatında romantizmin banisi hesab edilməsi
ən azı şübhə doğurur. Birincisi,
necə olur ki, bütün xalqların ədəbiyyatında
romantizm realizmindən əvvəl gəldiyi halda, Azərbaycan
ədəbiyyatında o, realizmdən sonra gəlir? İkincisi, XX əsr ictimai həyatında hansı
hadisələr romantizmin yaranmasına şərait
yaratmışdır? Bu suallara cavab vermək
o qədər də asan deyil.
Hüseyn Cavidin romantik şair olmasını təsdiqləmək
üçün bəzən onun aşağıdakı
beytini misal gətirirlər.
Bən fəqət
hüsni-xuda şairiyim,
Yerə enməm də, səma şairiyim.
Bu zaman heç fərqinə varmırlar ki, bu sözlər
birbaşa şairin deyil, onun qəhrəmanının -
Peyğəmbərin sözləridir və eyniadlı əsərdən
götürülmüşdür. Qəhrəmanın
sözünü isə həmişə müəllifə
aid etmək olmur. Peyğəmbərin
dilində bu sözlərin romantizmə heç bir
aidiyyatı yoxdur. Onun dilində səma
şairiyəm peyğəmbərəm deməkdir.
XX əsr ədəbiyyatında romantizmin
mövcudluğu məsələsi ilk dəfə olaraq rus
sovet alimləri tərəfindən ortaya
atılmışdır. Sosrealizmə haqq qazandırmaq, onu klassik ənənəyə
bağlamaq və onun məntiqi davamı kimi qələmə
vermək cəhdi ona gətirib çıxarmışdı
ki, sosrealizm özündə həm romantizmi, həm də
realizmi ehtiva edən metod kimi qələmə verilmişdir.
Bununla da sosialist inqilabının
romantikasından, inqilabi romantizmdən söz
açılmışdır. Azərbaycan
ədəbiyyatşünasları da bu müddəanı rəhbər
tutaraq, Cavidi romantik şair hesab etmiş və bununla da
şairi inqilabi ideyaya yaxınlaşdırmaq istəmişlər.
İndi müstəqillik dövrü ədəbiyyatşünaslıq
elmimiz Cavidin poetikasına yenidən baxmalı və hər
şeyi öz yerinə qoymalıdır.
Bəs Azərbaycan ədəbiyyatında romantizmi harada
axtarmaq lazımdır? Hər halda onu XX əsrdə deyil, XIX əsrin
30-40-cı illərində axtarmaq daha məqsədəuyğundur.
Müasir ədəbiyyatşünaslıq elmimizdə Azərbaycan
ədəbiyyatı tarixinin dövrləşdirilməsi
konsepsiyasının yaradılmasının böyük
aktuallıq kəsb etdiyi biz zamanda bu məsələ də az əhəmiyyət daşımır. Romantizmi biz gənc Axundovun, Bakıxanovun, Vazehin, Qutqaşınlının
yaradıcılığında axtarmalıyıq.
Azərbaycan ədəbiyyatı özünün
bütün mərhələlərində dahi şair və
yazıçıların yaradıcılığı ilə
təmsil olunmuşdur. Bu mənada Azərbaycan ədəbiyyatı
son dərəcə zəngin milli ədəbiyyatdır.
Ona görə də mümkün deyil ki, romantizm
dövrü kimi vacib bir mərhələ Azərbaycan ədəbiyyatında
olmasın, ya da realizmdən sonrakı dövrə təsadüf
etsin. Deyə bilərlər ki, bu, Azərbaycan
ədəbiyyatının milli xüsusiyyətidir. Lakin elə şeylər var ki, onlar milliyyətindən
asılı olmayaraq bütün xalqlara və bütün mədəniyyətlərə
xasdır. Məsələn, afrikalı
uşaqlar skandinaviyalı uşaqlardan rənglərinə
görə fərqlənirlər. Bu,
onların milli xüsusiyyətidir. Lakin həm
afrikalı, həm avropalı uşaqlar eyni cür doğulur,
eyni cür böyüyür və eyni cür qocalırlar.
Bu, ümumi fizioloji xüsusiyyətdir ki,
bütün canlılara aiddir.
Ədəbiyyat və incəsənət də canlı
ruhi hadisədir və onun da uşaqlığı, gəncliyi
və qocalığı vardır. Bu mənada romantizm
öz pafosuna və çılğınlığına
görə daha çox gənclik dövrünü
xatırladır. Realizm isə dərrakəliliyi,
təhlilə meyili ilə daha çox ahıllığa bənzəyir.
Odur ki, ahıllıq gənclikdən əvvəl
gələ bilmədiyi kimi, realizm də romantizmdən əvvəl
gələ bilməz.
Azərbaycan ədəbiyyatının XIX əsrin 30-cu
illərinə aid olan bir əsərinə fikir verək. Bu,
İ.Qutqaşınlının "Rəşid bəy və
Səadət xanım" əsəridir. Alimlərimiz,
nədənsə, bu əsəri sentimentalizm metoduna aid edirlər.
Sentimentalist qəhrəman, adətən
hüznlü, zavallı, qəlb dünyasına
qapılmış şəxs kimi təsvir olunur. Rus yazıçısı Karamzinin sentimentalist
povesti "Zavallı Liza" adlanır. Qutqaşınlının
qəhrəmanı Rəşid bəy isə cəngavərdir.
O, əlində silah quldur dəstəsinin üzərinə
hücun edir, vuruşur və onların əlindən girov
götürdükləri Mərdanı xilas edir. Sonra da öz sevgilisini qaçırır və
meşədə ildırımlı bir gecədə yolu
azır, səhər özlərini bir dərədə
görürlər. Bu vaxt onlara ova çıxmış
Mərdan rast gəlir və onları öz evlərinə
qonaq aparır və s. Bütün bunlar əsl romantizm
poetikasına xas olan məqamlardır. "Rəşid
bəy və Səadət xanım" əsəri
özünün bütün əlamətlərinə görə
məhz romantik əsərdir. Belə olan
halda biz nə səbəbdən romantizmin ilk nümunələrini
XX əsr ədəbiyyatında axtarmalıyıq?
Onda bəs
H.Cavidin XX əsrin əvvəllərində yazdığı
əsərləri - "İstə bir divanədən bir
xatirə", "Şeyx Sənan", "İblis" əsərlərini
biz hansı metoda aid etməliyik? Aydın məsələdir
ki, bu əsərləri realizm metoduna aid etmək çətindir.
Onda modernizm və postmodernizm metodları
haqqında düşünmək qalır. "İstə bir divanədən bir xatirə" əsəri
özünün bütün əlamətlərinə görə
sırf modernist əsərdir. Modernizmin əsas
şərti və tələbi, onun, necə deyərlər, fəlsəfəsi
əski ehkamların, əski idealların, əski həqiqətlərin,
əski təəssüzatların inkarı və dəf edilməsindədir.
Bütün bunlara bu şeirdə rast glmək
olar. Əsər məhz bu məqama - əskiliyin
inkarına köklənmişdir. Bu da asan
məsələ deyil. Odur ki, bütün əskiliklərdən
imtina edən lirik qəhrəman divanəyə çevrilir.
Sormayın əsla kimim bən? Ya nəyim?
İndi bən bir qayğısız divanəyim.
Şair
lirik qəhrəmanın həyatını ta ki ilk günlərindən,
körpəlik çağlarından, hətta dünyaya gəlməmişdən
başlayaraq, onun
divanəliyinə qədər təsvir edir ki, bu da
məhz modernist təsvir ruhunda həyata keçirilir. Lirik qəhrəmanın keçdiyi həyat yolunun əsas
mərhələləri qeyd olunur. Bu yolun
ilk mərhələsi qəhrəmanın hələ həyatda
olmadığı dövrə aiddir ki, bu da heçlik
dövrü adlandırılır.
Bir
zamanlar mən ənisi-yar idim,
Əhli-məna, məhrəmi-əsrar idim.
Gülşəni-vəhdətdə
həp şamü səhər,
Seyr edərdim
qayğısız, azadəsər
Bixəbərdim... sevməyirdim xilqəti.
Bilməyirdim çünki mövcudiyyəti.
Heçlik,
ah... ən xoş dəmi-sümtü süküt,
Bir
gözəl cənnətdi, heyat!.. Ən zəbun,
Ən dəni
bir hiss, əvət bir kor buğa
Ruhumu yoxluqdan atmış varlığa.
"Gülşəni-vəhdət" lirik qəhrəmanın
bir fərd olaraq mövcud olmadığı dövrə
işarədir. Fərdin atayla vəhdət halında
olması, yəni hələ həyatda mövcud olmaması,
heçlik dövrü "gözəl cənnət"ə
bənzədilir. Yoxluqdan varlığa
düşmək, mövcud olmaq - bu, artıq lirik qəhrəmanın
həyatdakı keşməkeşli mövcudluğu mərhələsidir.
Onu yoxluqdan varlığa atan "ən dəni
bir hiss, əvət bir kor buğa" olmuşdur ki, bunun da nəticəsində
o, ana bətninə düşür, yəni artıq mövcud
olur. Bu da yəqin ki, şəhvətə,
ehtirasa işarədir ki, onu da şair "kor buğa"
adlandırır. Ana bətni ona kiçik
məhbəs kimi görünür.
Bir zaman
baxdım ki, yox nuri səfa,
Bir
kiçik məhbəsdəyim: zülmətnüma...
Növbəti
mərhələ köprənin dünyaya gəlməsidir ki,
o da belə təsvir olunur:
Sonra
gördüm başqa bir aləmdəyim,
Bir yığın insan üçün əyləncəyim.
Bu dövr lirik qəhrəman özünü
"kiçik Məcnun" adlandırır ki, bu zaman onda
"ağlamaqdan qalmamışdı hal". Körpəliyi
uşaqlıq dövrü əvəz edir və lirik qəhrəman
özünü artıq "qayğısız, azadə bir
növzad" kimi görür.
İştə
bir məsum idim, azadəsər,
Uçmaq istərdim müzaffər, nəşəvər.
Bu dövr də keçib gedir və lirik qəhrəman
"kəsbi-irfan etməyə" cəhd edir və elmə
üz tutur.
Çırpınırdım
daima ürfan üçün,
Heç sanırdım ömrü bir nadan
üçün.
Fəzlü ürfan əhlinə heyran idim.
Elm üçün başdan keçər insan idim.
Elmə qoşmaq, həyatı, dünyanı dərk etmək,
öyrənmək onun amalına və həyatının mənasına
çevrilir.
Lakin bunun da sonu çatır.
Aqibət,
bir gün yoruldum, inlədim;
Sonra küskün ruhumu həp dinlədim.
Elmdən, savaddan imtina onunla izah olunur ki, lirik qəhrəman
bütün bildiklərinin hamısının əski
olduğunu anlayır, onların yeni həyatın dərkində
gərəksiz olduğunu başa düşür.
Artar ikən
iztirabım anbaan,
Xeyli
daldım... bir də baxdım nagahan
Əski
bütlər qalmamış, həp qırmışam,
Uçmuş əqlim, büsbütün
çıldırmışam.
Gözlərimdən qaldırılmış pərdələr.
Baxdım, ağlar gördüyüm hər şey
gülər.
Budur modernist nihilizm, hər şeyin inkarı, əqlin əski
yüklərdən azad olaraq saflaşması, dünyaya saf nəzərlərlə
baxılması. Modernizmin əsas amalı və fəlsəfəsi
məhz bu cür inkardan ibarətdir. Müdriklik
əski həqiqətlərin inkarından sonra başlanır
ki, bu da divanəlik kimi təzahür edir - müdrik divanə,
ya da divanə müdrik. Yeni həqiqətləri
dərk etməmiş, əski həqiqətlərin puç
olduğunu görən idrak divanəlik həddinə
çatır. Əski həqiqətlər
nəyinsə, hansısa yeni həqiqətin naminə deyil,
yalnız onların səhv olduqları üçün inkar
edilir. İnkar olunanın yerinə
qoyulası yeni həqiqət olmur. Modernist
inkar məhz bu cür inkardır. Əski həqiqətlərin
inkarı ilə yanaşı, yeni həqiqətlərin
tapılması və təsdiqi bu, artıq postmodernist
düşüncənin işidir.
Əski
hissiyyat ərimiş sərbəsər,
Əski "mən"dən heç bulunmaz bir əsər.
Bu, əqlin saflaşması hadisəsidir. Saf nəzərlərlə
baxanda xilqət lirik qəhrəmana özü divanə kimi
görünür. Xilqət qəhrəmanı,
qəhrəman da xilqəti divanə kimi görür.
Daima
miskin, düşünməz, sərsəri,
Bir çürük xülyaya heyran əksəri.
Modernist düşüncə nöqteyi-nəzərindən
bəşəriyyət əski vərdişlərin, həyat,
dünya və özü haqqında əski təsəvvürlərin
girovuna çevrilmiş kimi görünür. Modernist
düşüncə bəsəriyyəti bu girovluqdan azad etmək
missiyasını güdür. Bu məqamda
şair bəşəriyyətin keçdiyi tarixi yolu, tarixi
aldanışı təsvir edir. Totemizdən
başlayaraq dünyəvi dinlərin yaranmasına qədər
keçilən qavrayış yolunun hamısı
aldanış kimi görünür lirik qəhrəmana.
Gah
übudiyyət edib yıldızlara,
Gah əyilmişlər dilarə qızlara.
Başdan-başa aldanış kimi görünən orta
əsrlər düyagörüşü tənqid atəşənə
tutulur. Bütpərəstlər də, Məcnun da
bunların içində gedir. Sonra dahilər,
yəni peyğəmbərlər gəlirlər dünyaya.
Onlar da hamını vahid Allaha inanmağa
çağırırlar.
Duysa bir şey, həp o dahilər duyar.
Sonra onlar xəlqi eylər hissədar.
Xalq isə xaliqdən bixəbər, dahilərin dediklərinə
inanır. Peyğəmbərlər isə bəşəriyyətin
dərdini çəkən xadimlər olmuşlar. Hər biri dünyaya müqəddəs bir kitab bəxç
edib getmişdir. Onların bir-birindən fərqi
olsa da, bir yolun yolçuları olmuşlar, bir haqqa səcdə
emişlər.
Onlardan
sonra dünyaya "quldurlar", yəni məzhəb
çıxaranlar gəlmişlər ki, onların da hər
biri yeni din icad edib, onun yolunda vuruşmuşdur. Məzhəblər
yaranır, firqələr təşkil edilir, müharibələr
başlanır. İnsanlar da o bivicdanlara
uymuş, onlara inanmışlar.
Hökm
edər "mazi" bütün vicdanlara,
"Əskilik"
eylər nüfuz izanlara
Sorsalar dünyada kimdir hökmdar?
Mən
derim: ölmüşlər, ölmüş duyğular.
Bu əski, ölmüş duyğular insanları tərk
etmir, onların əqlinə, vicdanına hakim kəsilir. Bu əski dəyərlərdən
azad olmaq modernist düşüncənin əsas qayəsi və
əsas məqsədidir. Əski nə
varsa hər şeydən imtina etmək, əqli və ruhu təzələmək
- budur modernizmin məqsədi. Modernizmin
özünün həqiqəti və müsbət idealı
yoxdur. Onun həqiqəti əski həqiqətlərin
inkarından ibarətdir. Yeni həqiqət
uydurmaq onunçün inkar etdiyi əski həqiqətləri
təkrarlamaq kimi bir şey olardı. Əski
dəyərlərin inkarı isə heç də asan məsələ
deyil. Hamının qəbul etdiyi, iman gətirdiyi
həqiqətləri inkar etmək böyük cəsarət tələb
edir. Modernist düşüncə bu cəsarətə
qadirdir. Cavid modernist düşüncəli
insanı cəsarətli, ehtiraslı, döyüşkən
bir şəxs kimi təqdim edir.
İştə
bir meydan ki, istər qəhrəman,
Hər
kimin var meyli, etsin imtəhan
Etsəniz bir böylə cürət şübhəsiz.
Qarşınızdan pərdələr qalxar təmiz.
Bir də
aldanmazsınız hər kahinə
Fikri
çıldırmazsınız hər xainə
Başlayıb
artıq münəvvər bir həyat
Məhv olur həp əski, ölgün kainat.
Bu cür azad, saf idrakla həyatı, insanların əhvalını
seyr edib, həqiqəti görərək heyrət edər və
ağlarsınız, onların halına acıyarsınız. Sizin bu
halınızı görənlər heç nə anlamaz,
sizi divanə, şarlatan hesab edərlər.
Çünki Məcnun zənn edər hər kəs
sizi.
Kimsə
dərk etməz fəqət
Leylanızı.
Həqiqəti, daha doğrusu, həqiqət hesab edilən
əski yalanları təkbaşına görmək, həqiqətən
də böyük faciədir. Çünki bu, qəhrəmanı
tənhalığa düçar edir. Bunlara tab gətirmək
üçün cəsarət və iradə gərəkdir. Lirik qəhrəman məhz bu cür tənhalığa
düçar olmuşdur. Modernist
düşüncə sahibi əslində, faciəvi şəxsiyyətdir.
Haqqı görüb, ona inandıra bilməməyin
faciəsi ağırdır. Yoxsa miskin
idrak sahibi xilqətin sirlərindən nə anlaya bilər?
Kim ki əql
istər, o məcnun olmalı;
Hər fəlakət
gəlsə məmnun olmalı;
Yoxsa
kovşək, duyğusuz, boş bir beyin,
Sirri xilqətdən
nə anlar, söyləyin!?
Dərk edənlər isə mütləq aşiq olur və
bu eşqdən də illət bulurlar. Haqqı dərk etmək isə o dərəcədə
ali, o qədər cazibədar haldır ki,
sanki insan ən sevdiyi bir həqiqətə
çatmışdır. Bu hal həm şirindir, həm də
açı
Ruha
artıq başqa ülviyyət gəlir
Aləmi-lahütə qalxar, yüksəlir.
Haqqın və həqiqətin səmasına yüksəlir
lirik qəhrəman və orada azadlıq qazanır. Lirik qəhrəmanın
təfəkkürü başdan-ayağa modernist təfəkkürdür.
Cavidin bu əsəri isə romantizm deyil, məhz
modernizmdir. Lirik qəhrəman əski
xurafatdan, əski səhvlərdən və əski ehkamlardan
azad olmuş bir arif, həkim, həm də bir divanədir.
O, heç kəsin görmədiyi həqiqəti
görür, ona görə də hamıya divanə kimi
görünür. Biganələr arifi divanə
hesab edirlər. Odur ki, onlar bir-birlərini
anlamırlar.
Bir daha vurğulayaq ki, lirik qəhrəmanın
tapdığı həqiqət pozitiv həqiqət, yeni ideal
deyil, əslində o, yeni bir həqiqət kəşf etməyib,
bu, postmodernistin işidir. Modernist idrak sadəcə
olaraq əski səhvlərdən və yalanlardan azad olub.
Bu şeirdə şair məhz modernist
düşüncənin hikmətindən danışır.
Qəhrəman tarixə nəzər salır, bəşəriyyətin
keçdiyi əqli, mənəvi yolu saf-çürük edir
və bu yolda saysız-hesabsız aldanışların
olduğunu görür. Bəşəriyyət əsrlər
boyu ali xülyalar ağuşunda
yaşamış, əski ehkamlar onun əqlini, qəlbini zəbt
etmiş, azad və saf zehinlə düşünməyə
imkan verməmişdir. Bəşəriyyət
bu biganəliyi əsl həqiqət sanmış və ona
tapınmışdır. Lirik qəhrəman
bu adlanışı görür, ondan imtina edir və saf təfəkkürlə
dünyaya və özünə baxır və heç kəslə
bölüşə bilmir. Bu da qəhrəmanı
divanəliyə, dərvşliyə gətirib
çıxarır. Lakin bu divanəlikdə
o, acılıq içində bir şirinlik tapır.
Təşneyi-ürfan ikən dərya bulur.
Mövt ararkən, zindeyi-cavid olur.
Məmməd Qocayev
Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.28-29.