Mosart kimi gülə bilmərəm mən

 

Anamla bir yerdə qaçdıq, əlimizdə bir çamadan

sonra saxta olduğu meydana çıxan bir az qır-qızılla,

yük qatarı kimi ağır-ağır gedən bir qatarda gedirdik -

Friulinin çəmənlikləri incə qatı qarla örtülmüşdü.

Romaya gedirdik.

Gedirdik nəhayət, atamı

ucuz odun sobasının yanında

köhnə əsgər şineliylə

serrozla paranoyanın ucbatından baş verən

tutmalarıyla qoyub.

Gözüdolusu yaşadım

həyatımdakı tək diqqətəlayiq şey olan bu roman səhifəsini:

əks halda,

yaşayardım hamının heyran qaldığı şeirlərdə.

Əlyazmalarım arasında birinci romanım da var idi;

"Velosiped oğruları"nın yazıldığı

ədəbiyyatçıları İtaliyanı kəşf etməyə başladığı vaxtlar idi.

Romaya gəldik,

Mənə bir az qan verən

sevimli dayım kömək etdi bizə:

edama məhkum olunmuş adamlar kimi yaşayırdım

həmişə ağlımda fırlanırdı

qürursuzluq, işsizlik kasıblıq düşüncəsi.

Anam qulluqçu işləyirdi

mən heç vaxt xilas ola bilmədim bu xəstəlikdən.

Çünki mən burjuayam

Mosart kimi gülə bilmərəm mən...

 

"Gündəliklərdən" (1945-1947)

 

Saçlarım səliqəsiz şəkildə tökülür gözümün üstünə,

Balaca lampanın işığı yayılır stolun üstünə,

Qırmızı ləkəli kağıza.

Yeniyetmə olanda gecələr boyu yorğun halda

Bu işıltıya baxırdım qəribə idi

Küləyə tənha çəyirtkələrə qulaq asmaq.

İçəri otaqda valideynlərim yatardı qayğısız,

Nazik divarın o üzündə qardaşım. Sakit rahat -

Hardasan sən indi? Qırmızı işıq mənə cavab vermir,

Demir uzaq keçmişin hara getdiyini.

Tərk edilmiş sahədə tənha çəyirtkə dərindən nəfəs alır

anam saçını darayır güzgünün qabağında

Həyatdan məhrum yuxunun fikrinə dalmış

Dünya kimi adi köhnə hərəkətlə.

 

Pier Paolo Pazolini

 

Tərcümə etdi: Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.32.