Elşən Mehdinin doğum
günü təbrikinə "Ön söz"
Bahardı...
Səhərdi...
Ömrümə sıxdığım güllələrin boş
gilizlərini
siqaret kötüklərini,
tullayıram
əlimin tərsiylə.
O mahnı, qrammafondakı o mahnı
həmahəngdir
fikirlərimin rəqsiylə.
Havalanmaq,
nəşələnmək qorxusuyla,
gürcü çaxırının
qoxusuyla, iyiylə
bərabər yaşayır
damağımın damı
altında
sözlər, sükut
və sairə...
Eşq olsun şairə!
İndi
tərgitmişəm bütün
bu vərdişləri,
yəni bitib başqa bir şairin
intihara cəhdləri,
sərgüzəştləri...
İndi
siqaretsiz şair dodaqları
Eyfelini itirmiş Parisə,
qədəhlər Boğazı
qurumuş İstanbula
bənzəyir,
Eşq olsun sənə, şair!
Bahardı...
Səhərdi...
Nə qərbində,
nə də şərqində otağımın
yenilik yoxdur,
başımda da həminki qəribəlik,
qəriblik.
Pəncərədən baxıram.
Baxıram buludların dəvə
ləngərinə -
ən dahi rəsmlərin
ən adi həyat səhnəsinə
bənzərliyinə,
Salvador Dalinin acı
məğlubiyyətinə.
Dodağımdakı qüssəli təbəssümü
qədim bir gülüşün təqlidi
sanıram.
Suallar açıq qalır...
Dəvə buludlar
belindəki suları
uzaq, susuz başqa səhralara daşıyır.
Səma
açılır...
Bahardı...
Səhərdi...
Qaranquşlar soyuq ölkələrdən
yorğun dönüblər,
günəşi daşıyıb
bizə gətiriblər.
Külək saçlarını qurudur
ağacların.
Güllər arıların,
qəndqabılar qarışqaların
ümid yeridir bir az.
Pəncərələr, qapılar doxsan dərəcə
bahara açılıbdır.
Nümayişdir-nədir, bilmirəm,
amma ətraf
sənin kitabında
belə
rəngini dəyişir.
Eşq olsun sənə, şair!
Bahardı...
Səhərdi...
Bədənimin ən əziz qonağı ruhum
ustadın şeirləriylə
dincəlir.
Mətləblər vaxt ötdükcə hökmən incəlir.
Yadıma
gəlir
səninlə tanış
olanda
yüzlərlə ortaq dostlarımız var idi:
kitablar -
onlar gecələr yenə boylanırmı rəfdən?
Söyləyirmi ki, Elşən,
sən bizi də oxumalısan?!
İndi
fərq etmir
talemi insanı, insanmı taleni seçir?
Yaxşı ki, səni tanımışam,
Yaxşı ki, sən varsan,
Yaxşı ki, bu fani dünyaya göz açmısan -
ağlayaraq...
Üzülmə,
ağlamaq ilk nəğməsidir
insanların,
şairlərin ilk şeiridir.
Sən
ilk şeirini çoxdan
yazmısan...
Bahardı...
Səhərdi...
Kazım KAZIMOVİÇ
Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.3.