“Arazdan Turana”
məqalələr toplusunun
təqdimat mərasimi keçirilib
2021-ci
il dekabrın 14-də Abdulla Şaiqin Mənzil-Muzeyində
Abdulla Şaiqin 140 illiyinə həsr edilmiş virtual
konfransın materiallarından ibarət məqalələr
toplusunun yer aldığı kitabın təqdimat mərasimi
keçirildi.
Xatırladaq
ki, 2021-ci il martın 18-də keçirilən konfrans Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin
Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, Azərbaycan
Yazıçılar Birliyi, Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu, TÜRKSOY və Beynəlxalq Türk
Akademiyasının təşkilatçılığı ilə
həyata keçirilmişdi. Yubiley konfransında Abdulla
Şaiqin pedaqoji və ictimai fəaliyyəti, geniş ədəbi
yaradıcılığının müxtəlif qolları
haqqında məruzələr və çıxışlar səsləndirildi.
Təqdim
olunan yeni “Arazdan Turana” kitabında sözügedən konfransda
səslənən çıxışlar və elmi məruzələr,
ədibin şeirləri və Abdulla Şaiqin Mənzil-Muzeyinin
əsas fondunda qorunan fotoşəkillər yer alıb.
Kitabın layihə rəhbəri Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri Qənirə Paşayevadır. Kitab Milli Məclisin Mədəniyyət
Komitəsinin, Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyinin, Abdulla Şaiqin
Mənzil-Muzeyinin, RHİM İB-nin, “NƏFƏS” İB-nin,
ABAİ İB-nin dəstəyi
ilə nəşr edilib.
Kitabın təqdimat mərasimində
Milli Məclisin Mədəniyyət Komitəsinin
sədri Qənirə Paşayeva, Millət vəkili, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət
Nazirliyinin Muzey və daşınar mədəni irs sektorunun müdiri Altun Mikayıllı, Azərbaycan Türk Ocaqları Başqanı Akif Aşırlı, ADPU-nin professorları, pedaqoji elmlər doktoru Fərrux Rüstəmov və f.ü.f.d. Təranə Rəhimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı
elmi işçisi Arzu Hacıyeva çıxış etdilər.
Təqdimat mərasimində Abdulla Şaiqin
Azərbaycan maarifçiliyinin
inkişafında, yeni
nəslin tərbiyəsində
olan xidmətləri qeyd edilmiş, şairin irsinin geniş təbliği məqsədilə müxtəlif
dillərdə çap
məhsullarının hazırlanmasının
əhəmiyyəti vurğulandı.
Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.5.