Filologiya elmləri doktoru, tənqidçi,
ədəbiyyatşünas
Elnarə Akimova Naxçıvan
Dövlət
Universitetinin tələbələri üçün vebinar
keçib
“Müasir ədəbi proses və ədəbi tənqid” mövzusunda vebinarı giriş sözüylə Tarix-filologiya fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov açaraq fakültədə ustad dərslərinin keçirilməsinin ənənə halı aldığını qeyd edib.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov Məmməd Arif və Məmməd Cəfərlə başlayan, Yaşar Qarayevlə yeni bir obrazlılıq qazanan ədəbi tənqidimizdə Elnarə Akimovanın özünəməxsus üslubunu qeyd edib. Bildirilib ki, o, həm də müasir Azərbaycan ədəbiyyatının problemləri ilə ardıcıl məşğul olan ciddi və məhsuldar ədəbiyyatşünaslarımızdandır. Vurğulanıb ki, ədəbiyyatşünas alimin “Azərbaycan ədəbi tənqidi müstəqillik illərində” monoqrafiyası bu mövzuda yazılan tədqiqat işlərində öncüllüyünü bu gün də qoruyub-saxlayır
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, YAP İdarə heyətinin üzvü, tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova “Müasir ədəbi proses və ədəbi tənqid” mövzusunda çıxış edərək qeyd edib ki, ədəbi tənqid bədii əsərləri təhlil etmək, dəyərləndirmək onun məziyyətlərini və qüsurlarını üzə çıxarmaq, bütövlükdə ədəbiyyat haqqında fikir və mülahizələr yürütmək sənətidir. Ədəbi tənqidin başlıca funksiyalarından biri ədəbi əsərlərin çağdaş dönəmin elmi-nəzəri dəyərləri bağlamında oxunuşu və şərhidir. Ədəbiyyatşünas alim Azərbaycan ədəbyyatı tarixində ədəbi tənqidin ilk örnəklərini yaradan XI əsr şairi Xətib Təbrizinin adını çəkib. Vurğulanıb ki, Yaxın tarixi keçmişimizdə isə ədəbi tənqidin inkişafında M. F. Axundov, Həsən bəy Zərdabi, Firudun bəy Köçərli, Seyid Hüseyn, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli və başqa müəlliflər tənqidi istiqamətdə ədəbi əsərlər yazıblar.
Vebinarda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlayıb. Ondan artıq kitab, yüzlərlə məqalənin müəllifidir. O, 2019-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ədəbiyyatşünaslıq üzrə Koordinasiya Şurasının, həmin ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. Cəfər Cabbarlı Komissiyasının üzvü, Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatının eksperti olan Elnarə Akimova 2015-cü ildən ölkənin nüfuzlu “Ədəbiyyat qəzeti”ndə Azərbaycan ədəbiyyatının yaradıclıq problemlərindən bəhs edən elmi-nəzəri yazılarla çıxış edir.
Ədəbiyyat qəzeti.- 2021.- 18
dekabr.- S.5.