Sözün cazibə sirri: Dostoyevski - 200
Tatyana Kasatkina ilə
müsahibə
2021-ci il Rusiyada və
onun hüdudlarından kənarda Fyodor Dostoyevskinin 200 illik
yubileyi ilə əlamətdar oldu. Azərbaycanda
yazıçı haqqında ilk məlumatlara XX əsrin əvvəllərində
rast gəlinir. 1909-cu ildə F.Köçərli
("Tərəqqi" qəzeti), 1915-ci ildə M.Rəsulzadə
("Açıq söz" qəzeti), 1926-cı ildə
K.Naxçıvanlı ("Yeni fikir" qəzeti)
Dostoyevskini milli və dünya yazıçısı
adlandırır və onu Höte və Servanteslə
müqayisə edirlər. Dostoyevskiyə həsr
olunmuş ilk məqalələr də məhz Azərbaycan mətbuatında
işıq üzü görür. 1956-cı ildə
"Azərbaycan gəncləri", "Şərq
qapısı", "Ədəbiyyat" qəzetlərində
M.Rəfilinin, M.Bektaşinin, B.Musayevin məqalələri dərc
olunur. XX əsrin 70-80-ci illərində Azərbaycan
mətbuatında Dostoyevskinin 150 illik yubileyi ilə əlaqədar
onlarca məqalə dərc olunur. Ədibin
yaradıcılığının ciddi elmi
araşdırılması dövrü isə XX əsrin
90-cı illərindən başlayır və filologiya elmləri
doktoru, Bakı Slavyan Universitetinin professoru Məmməd Qocayevin
adı ilə bağlıdıır (Məmməd müəllim
həm də "Nizaminin insan fəlsəfəsi"
monoqrafiyasının müəllifidir). Dostoyevski
yaradıcılığının tədqiqi, öyrənilməsi
bu gün Rusiya və dünyanın bir çox elmi mərkəz
və ayrı-ayrı alimlərinin səyi ilə tamamilə
yeni mərhələyə qədəm qoyur. İnsanın
və dünyanın xilası mövzusu Nizami, Dante, Rable,
Şekspir kimi, Dostoyevski əsərlərinin də təməlini
təşkil edir və bəşəri səciyyə
daşıyır.
Bu gün sizə müasir
dostoyevskişünaslıq məktəbinin
yaradıcılarından biri, tanınmış tədqiqatçı
Tatyana Kasatkina ilə müsahibəni təqdim edirəm.
İnanıram ki, mövzular, faktlar, təhlillər
oxucular üçün maraqlı və əhəmiyyətli
olacaqdır, ümumiyyətlə, ədəbiyyat və ədəbiyyatşünaslıq
haqqında düşüncələrimizin zənginləşməsinə
vəsilə olacaqdır.
Kəmalə Umudova
Bakı Slavyan
Universitetinin
Rus ədəbiyyatı
tarixi kafedrası
Filologiya üzrə
fəlsəfə doktoru, dosent
Tatyana Kasatkina - Rusiya Elmlər
Akademiyası "Dünya ədəbiyyatı tarixi" Elmi
şurasının F.M.Dostoyevski bədii irsinin tədqiqi
komissiyasının sədri, REA DƏİ-nin (İMLİ)
"Dostoyevski və dünya ədəbiyyatı" elmi tədqiqat
mərkəzinin rəhbəri, "Dostoyevski və dünya mədəniyyəti"
jurnalının baş redaktoru, filologiya elmləri doktoru,
professor, Rusiya Dostoyevski Cəmiyyəti İdarə Heyətinin
üzvü, kulturoloq, yazıçı, filosof,
ilahiyyatçı, 9 monoqrafiya və 300-dən artıq məqalənin
müəllifi.
- Tatyana Aleksandrovna, sizi Dostoyevskinin
yubileyi münasibətilə təbrik edirəm. Azərbaycan oxucusu ilə görüşə
xoş gəlmisiniz. 2021-ci yubiley ili
sizin üçün necə keçdi? Hansı
hadisələrlə yadda qaldı?
- Bizim
Rusiya Elmlər Akademiyası Dünya Ədəbiyyatı
İnstitutunun (İMLİ RAN) elmi tədqiqat mərkəzində
bu il böyük konfranslar, nəşrlər
və elmi iş planımız var idi. İlin
böyük hissəsini durmadan
çalışmışıq - kitablar və jurnallar
yazmışıq, redaktə etmişik,
iştirakçılara məktublar yazıb göndərmişik
və proqramlar tərtib etmişik. İşlərin
çox olmasına baxmayaraq, çox parlaq, yaddaqalan
konfranslarımız oldu. Məsələn, Yuri
Saprıkinin kuratorluğu ilə "Dostoyevski və teatr"
adlı konfrans "Qızıl maska" festivalının əsas
hadisəsini təşkil etdi. Bu konfransda
filoloq-tədqiqatçılar və sənətşünaslar
Dostoyevski əsərlərinin tamaşası ilə festivalda təmsil
olunmuş rejissorlarla ikili söhbət edirdilər. Mənə Brusnikin Emalatxanasının gözəl
rejissoru Mixail Makeyevlə söhbət etmək şərəfi
və sevinci nəsib oldu.
Onun "Şeytanlar" və "Şeytanlar. Gecə"
tamaşalarına öncədən baxmışdım, təkrarən
baxdım (yaxşı ki, tamaşalardan birinin yazısı var
və internetdə asanlıqla tapmaq olur). Bu
tamaşalar improvizələrlə zəngindir,
tamaşaçılar da səhnəyə cəlb olunur - və
bu tamaşalar bu anlamda da Dostoyevski ruhundadır, çünki
aktyor improvizasiyasının əsasında çox dərin
konsepsiya durur. Onu fərqli vasitələrlə
çatdırmaq olar (Dostoyevskinin özündə olduğu kimi:
məhz buna görə tədqiqatçılar dəfələrlə
qeyd edirlər ki, Dostoyevskinin qaralamalarını təxminən,
"sərbəst romanlar" kimi oxumaq olar. Bu, əlbəttə,
tam doğru deyil (və ya tamamilə doğru deyil),
çünki Dostoyevski bəlli bir konsepsiyaya malik olaraq, onu ifadə
etmək üçün müxtəlif süjet gedişləri
seçir - lakin bu, konsepsiyadan hələ xəbərdar
olmayan oxucuya "ayrıca roman" kimi görünür).
Çox parlaq tamaşalar idi, gözəl aktyor
tərkibi ilə böyük təəssürat yaratdı və
rejissorla söhbət də çox yaddaqalan oldu.
Haqqında danışmaq istədiym ikinci hadisə
Pereyaslavl-Zalesskinin Müqəddəs Nikolski monastırı tərəfindən
Dostoyevskiyə ucaldılan abidə ilə bağlıdır. Heykəltəraş
Sergey Bıçkov əsrarəngiz heykəl
yaratmışdır. Bu,
düşünürəm, hal-hazırda Dostyevskiyə
ucaldılan ən gözəl heykəldir. Vəziyyət
belə gətirdi ki, mən abidənin
açılışında iştirak edə bilmədim,
lakin abidənin ərafında dəmir qurğuların üzərində
Dostoyevskinin həyat tarixçəsini təsvir edən
geniş plakatlar monastırın baş rahibəsi iqumenya
Yevstoliyanın (Afonina) rəhbərlik etdiyi təşəbbüs
qrupu tərəfindən mənim "F.M.Dostoyevskinin mənəvi
həyat yolu" adlı məqaləmin əsasında
hazırlandığı üçün biz işçi
qrup ilə hələ aprel ayında
görüşmüşdük və mən elə o zaman
abidənin ilkin gil şəklini görmüşdüm. Müqəddəs Nikolsk monastırındakı bu
görüş çox gözəl təsir
bağışladı, çünki mən ətrafda
Dostoyevskiyə sonsuz sevgi bəsləyən və onu dərindən
anlayan insanları gördüm.
İndi
xatırlamağa başladıqca, anlayıram ki, bu il baş verən gözəl hadisələrin
sayı çoxdur. Martda mən İvan Zabelinin
rəhbərliyi ilə "Alçaldılmışlar və
təhqir olunmuşlar" əsərini tamaşaya qoyan
RTİİ (QİTİS) tələbələri ilə
görüşdüm. Biz iki saat əsərin
personajları haqqında danışdıq və hər bir
personajın səhnədə canlandırılmasının
vacibliyi və mümkünlüyünü müzakirə etdik.
Oktyabrda isə mən hazır tamaşanı izlədim
- orda virtual dekorasiyalardan tutmuş, gənc aktyorların
dramatik quruluşda səhnələşdirilmiş romanın
dərin mətləblərini ifadə etmək
bacarığına qədər hər şey çox gözəl
alınmışdı. Nəzərə alsaq ki, mətnin
böyük bir hissəsini kəsib atmaq məcburiyyətində
idilər, bu işin o qədər də asan
olmadığını söyləyə bilərik... Belə, qorxuram ki, hər şeyi ciddiyyəti ilə
xatırlamağa başlasam müsahibənin ucu-bucağı
olmayacaq.
- Bilirəm ki, bu il
ölkənizdə yazıçının
yaradıcılığını fərqli aspektlərdən
araşdıran 30 monoqrafiya işıq üzü
görüb. Müəllifi olduğunuz
"Dostoyevski ilahiyyatı" monoqrafiyası haqqında nələr
söyləyə bilərsiniz? Siz
Dostoyevskini filosof və "çox böyük
ilahiyyatçı" adlandırırsınız. İnamın, İlahi varlığın metafizik dərinliyi
bədii mətndə necə əks olunur?
- Bu,
beş müəllifdən ibarət kollektiv monoqrafiyadır, məndən
başqa, bu sırada Anastasiya Qaçeva, Tatyana
Maqaril-İlyayeva, Nikolay Podosokorskiy, Katerina Korbella var.
Hamısı fərqli metodologiyaya malik çox
ağıllı və dərin alimlərdir. Bu,
yazıçının dini baxışlarının öyrənilməsi
kimi bu cür həcmli mövzunun tədqiq olunmasında
çox vacibdir. Yazıçının
dini nəzəriyyəsi dedikdə, traktat deyil, aparıcı
konstruksiyaları güclü ilahi vəhylər və dərin
fəlsəfi anlamalardan ibarət bədii mətn yazarı nəzərdə
tutulur. Dostoyevskiyə gəldikdə isə bu, sadəcə
ilahi və fəlsəfi ideyaların ifadə formasının
dəyişilməsi deyil - bu, prinsipcə başqa məqsədlə
yaradılan mətndir: məqsəd oxucuya ilahiyyat biliklərini
ötürmək deyil, onun ruhaniyyat təcrübəsi və
ilahi həqiqətləri öz şəxsi həyatında
tapması, üzə çıxarmasıdır.
İlahi həqiqətlərin bu cür müəyyən
olunub üzə çıxarılması insan həyatını
kökündən dəyişir. Dostoyevski bunu necə
edir? O, hər bir ilahiyyat kateqoriyasının ontoloji əsaslarını
obrazlar vasitəsilə göstərir. Əsassız
danışmamaq üçün misal gətirim. Günah - yunan sözünün hərfi tərcüməsidir,
"səhv" mənası daşıyır. Raskolnikov sürgündə öz cinayəti
haqqında düşünərkən onda "adi bir səhvdən
başqa", heç nə tapmır - bu sözü
Dostoyevski mətndə kursivlə vurğulayır. Və ağıllı oxucu burada, müəllifin
düşündüyü kimi, özünə sual verir -
hansı səhv, nə ilə müqayisədə səhv, qəhrəman
harda və nədə səhvə yol verib? Dostoyevski
oxucunun nəzər-diqqətini geriyə, artıq
bütünlüklə oxunmuş mətnə çevirir - və
oxucu qəhrəmanın davamlı ikiləşməsini
görür: onun ilk addımı hər zaman eynidir -
özünü qurban vermək, lakin bir dəfə o,
başqasını qurban verməyə cəhd etdi - və o səhv
onun həyatını korladı, Mikolka yabının belini
qırdığı kimi, onun da belini qırdı. Və məlum olacaq ki, hər bir günah
özündən yan keçməkdir, öz qəlbinin dərinliyindəki
insanın yanından ötüb-keçməkdir.
Raskolnikov özünü qoruma və özünü təsdiqi
ali məqsəd kimi təqdim edən
refleksiya vasitəsilə özünü daxilindəki insandan
təcrid edir və ərafına sədd çəkir. O,
özünü qoruma və özünü təsdiq
üçün pozitivist refleksiyanın təkan nöqtəsi
ola biləcək təklik, yalnızlıq
və özünü məhdudlaşdırma formasını
seçir. Çünki ali məxluqun
özünü qoruma və özünü təsdiqi insanda
başqa cür təzahür edir, təklik formasının
mövqeyindən baxdıqda, "mən" - qurban kimi qəbul
olunur. Və o zaman hər bir addımda qarşıya bu sual
çıxacaq - kimi nişan
alımısan? Özündə hədəf
aldığın kimdir? Özündə nişan
aldığın hansı insandır? Öz hərəkətində
nə ilə eyniləşməyi, bütünləşməyi
seçirsən - öz müvəqqəti periferiyanla, yoxsa
öz ilahi mərkəzinlə? Birincinin hərəkəti
- yapışmaq, qoparmaq, özü üçün qoruyub
saxlamaq olacaq. İkincinin hərəkəti
- verməkdir, çünki fədakarlıq onun
mövcudluğunun şərtidir. Və
Dostoyevski bütün romanı ilə göstərir ki, insan
ikinci ilə eyniləşəndə, onun üçün necə
də yaxşıdır və əksinə, birinci ilə
eyniləşməyə üstünlük verərkən,
insan necə pis, dağıdıcı zərbələrə
məruz qalır.
- Yaxın zamanlarda daha hansı
kitablarınız işıq üzü görəcək?
- "Dostoyevskinin "Yeniyetmə" romanı: tədqiqatların
müasir vəziyyəti" kitabı çapa
hazırdır, 2021-ci ilin sonunda işıq üzü görəcəyinə
ümid edirik.
Bu, uzun zamandır yarımçıq qalmış
"F.M.Dostoyevskinin əsərləri: tədqiqatların
müasir vəziyyəti" seriyasından
üçüncü kitabdır. Bu layihə çərçivəsində
əvvəllər redaktoru olduğum daha iki kitab çap
olunmuşdu: "F.M.Dostoyevskinin "İdiot" romanı: tədqiqatların
müasir vəziyyəti" (2001) və "F.M.Dostoyevskinin
"Karamazov qardaşları" romanı: tədqiqatların
müasir vəziyyəti" (2007). "Yeniyetmə"
oxucuların, illüstratorların, rejissor və ssenaristlərin
diqqətindən ən çox kənarda qalmış
romandır. Bunu tədqiqatçılara da
şamil etmək olar. Bu səbəbdən
seriyanın başqa kitablarına nisbətən bu cilddə
müəlliflərin sayı azdır və onların məqalələri
isə əvvəlki kitablardan fərqli qaydada, irihəcmlidir və
uzun illərin çoxşaxəli tədqiqatlarıdır.
Kitabda inkişaf dövründə şəxsiyyət
problemləri, müəllifin mürəkkəb fəlsəfi
və dini ideyalarının yeniyetmə qəhrəmanın
dili ilə ifadə olunmasına imkan verən təhkiyə
quruluşu təhlil olunur, qaralamalar və dərc olunmuş mətnin
müqayisəsi aparılır və s.
Daha bir kitabı - bu mənim öz kitabımdır - bu
günlərdə çapa verməyə
hazırlaşıram. Ümid edirəm, növbəti ilin əvvəlində
işıq üzü görəcək. Kitab
"Simalar olacağıq..." adlanır. Onun dərinlik mərkəzi Dostoyevskinin "Maşa
masanın üstündə uzanmışdır. Maşa
ilə görüşəcəyəmmi?" adlı qaralama
qeydlərinin birindən başlıq olaraq seçdiyim
sitatdır, yəni kitab Dostoyevskidə insan obrazı
mövzusu (və bu obraza uyğun olaraq dünya obrazı) ətrafında
cəmlənib...
Nəşr olunacaq daha bir kitab
"Yaradıcılığın müəllif nəzəriyyələri"
adlanır.
Ümid edirəm ki, gələn il
çapdan çıxacaq. Orada Dostoyevskiyə
böyük bir fəsil həsr olunub. Kitab
fərqli müəlliflərin öz əsərlərinin əsasına
qoyduqları yaradıcılıq nəzəriyyələri
haqqındadır. Mətni və əsərləri
yazmağa başlayarkən, müəlliflər
qarşılarında hansı məqsədləri qoyurlar,
materialla qarşılıqlı əlaqə prinsipləri nədən
ibarətdir, oxuculardan gözləntiləri nədir - kitab bu məsələlərə
həsr olunub. Ümidvaram ki,
yazıçının özünün qəbul etdiyi,
tanıdığı qanunları bilmədən, onun əsərlərini
anlamaq mümkün deyil, çünki bu qanunları anlamaq hər
bir tədqiqatın əsasını təşkil etməlidir
- əgər bu əsl tədqiqatdırsa, seçilmiş
mövzu üzərində tədqiqatçı
fantaziyaları deyilsə. Problem yalnız onda deyil ki, tədqiqatçılar
tez-tez müəllifin öz məqsədləri və
yaradıcılıq prinsipləri haqqında birbaşa
mülahizələrini görməzdən gəlirlər,
müəlliflərin özləri də xüsusi traktatlar
yazmırlar - onların yaradıcılıq nəzəriyyələri
haqqında məlumatlar tamamilə gözlənilməz mənbələrdə
aşkarlanır: Dostoyevski, məsələn, onları
felyetonlara və "Yazıçının gündəliyi"ndə
felyetonlar qisminə yerləşdirməyi sevirdi.
- Bu yaxınlarda siz "Cinayət və
cəza" romanının tədqiqi ilə bağlı yeni
uzunmüddətli layihəyə start verəcəyinizi
açıqladınız. Bu romana müraciət
etməyinizin səbəbi nədir? Axı
o ən geniş tədqiq olunmuş hesab olunur.
-
Dostoyevskinin bütün romanları ilə müqayisədə
"Cinayət və cəza" romanı haqqında çox
yazılmışdır, doğru fikirdir. Lakin
"çox yazılmışdır" "tədqiq
olunmuşdur" anlamına gəlmir. O cümlədən
"geniş" tədqiq olunmuşdur, "tam" tədqiq
olunmuşdur demək deyil. Dostoyevskinin romanının mərkəzində
böyük həcmdə yer alan
"İncil" mətninə yönələrək
yaratmış olduğu çox sıx mətn quruluşuna
görə, daha artıq dərəcədə, demək olar
ki, mətnin hər millimetrində mikroanaliz tələb edir.
Dostoyevski "İncil" və liturgiya mətnlərinə
çoxpilləli allüziyalar yaratdığı
üçün burada mikroanaliz böyük dini və fəlsəfi
ideyaların mənbəyi kimi çıxış edir. Bu mikroanalizi həyata
keçirmək üçün mətndə adıkeçən
tarixi şəxsiyyətlərin tərcümeyi-halından
tutmuş, müəyyən dövrün fəlsəfi
konsepsiyalarına qədər geniş tarixi realiləri bilmək
tələb olunur. Personajların
oxuduqları kitablar oxunmalıdır - romanda xatırlanan
kitabın təkcə adının arxasında bütöv
bir əlaqələr xətti gizlənə bilər, əgər
biz o kitabı oxumamış olsaq, romanla tutuşdurarkən
onları nəzərə ala bilmərik.
Bir sözlə - həmişəki kimi, demək olar ki,
Dostoyevskinin və onun ən çox oxunan əsərinin tədqiq
olunmasında hər şey indi başlayır - ilk növbədə
ona görə ki, Dostoyevskinin mətnə necə quruluş
verməsi haqqında təsəvvür son zamanlar tamamilə dəyişmişdir. "Səliqəsiz"
yazıçı haqqında mif yoxa çıxdı, indi biz
qarşımızda nəinki hər sözü, həm də
cümlədə sözlərin düzülüşü əhəmiyyətli
olan (sintaktik sitatlar) mətn görürük.
Yəni
bizi qarşıda üçillik nəfəskəsici
maraqlı iş gözləyir.
- Dostoyevski artıq üç əsrdir
oxucuların qəlbində və düşüncələrində
yaşayır. Dostoyevski sözünün cazibəsinin
sirri nədədir?
- Mən
Vyaçeslav İvanoviç İvanovdan sitat gətirməklə
cavab verərdim: ilk növbədə, o, dinin və dinsizliyin -
varlığın iki fərqli təbiət olduğunu bizə
göstərən insandır. Lakin elə burdaca dəqiqləşdirərdim:
Dostoyevski özü bu varlıqların fərqindən
danışarkən, din və dinsizlik haqqında deyil - ali inkişaf mərhələsinə yetişmiş
şəxsiyyət haqqında və bu mərtəbəyə
çatmamış, "mən"in sərhədləri
içində qalmış şəxsiyyət haqqında
danışır. Ali məqama yetişmiş
şəxsiyyət, Dostoyevskiyə görə, həyatını
fədakarlıqda görür və onu fədakarlıq prosesi
kimi qurur. Və ali məqama
çatmış şəxsiyyət Tanrıya inanmır -
Tanrını görür. Bu, Dostoyevskidə çox
maraqlı bir məqamdır: o, ("Sosializm və
xristianlıq" məqaləsinin qaralamasında) təsdiq
edir ki, sivilizasiya inkişaf etdikcə, "mən" olma
inkişaf etdikcə, tənhalıq artdıqca insanlarda inam
azalır: insanın baxış bucağı dəyişdikcə,
"xırdalandıqca", o, yalnız təcrid məqamından
görünən sahəni görür - Tanrını isə
yalnız üz-üzə gəldikdə görmək olar, bəşəriyyətin
bir-birinə bağlı şəxsiyyət mərkəzlərinin
görməsi kimi, yalnız tam görmə qabiliyyətinə
malik olduqda. Yəni - sivilizasiyanın müəyyən mərhələsində
onunla əlaqə kəsildikcə Tanrı tək-tək
insanların gözündən uzaq düşür - və
Onu, yalnız, ümumi parçalanmaya baxmayaraq Ondan qopmayanlar
görə bilir: bu insanlar ali məqama
yetişənlərdir.
Məhz
buna görə Dostoyevski deyir ki, doğru, səmimi, bəşəriyyətin
xoşbəxtliyinə çalışan ateist inamın bir
addımlığındadır: çünki tam səmimiyyətlə
fədakarlıq arzusunda o, bütün bəşəriyyətdə
hamı ilə birləşərək, gözlənilmədən
Tanrıdan qopmamışlara verilən o kamil baxışa
sahib olacaq.
- Hər bir oxucu Dostoyevskini necə
kəşf etdiyi barədə danışmağı sevir. Siz Dostoyevski ilə ilk
görüşünüzü necə
xatırlayırsınız?
- Mən
məhz bu barədə danışmağı o qədər də
sevmirəm, çünki bu suala tez-tez cavab verməli oluram
(gülür). Ümumiyyətlə isə - bu mənim
üçün həyatda çox mühüm
görüş idi, məhz ona görə ki, 11 yaşımda
"İdiot" romanını oxuduqda mən -
"İncil"in olmadığı və bir addım atsam
belə, başımın daşa dəyəcəyi qapalı
mühitdə idim - şübhəsiz, anladım ki, insan -
bildiyim kimi deyil və dünya da - başqadır. "İdiot" romanında Aqlaya deyir ki,
ağzı bağlı butulkada oturub, çünki o, onu həyatdan
qoruyan ailənin içindədir. Lakin o,
"möhürlənmiş" vəziyyətdən öz
horizontal biliklərini genişləndirmək vasitəsilə
çıxmaq istəyir. O, Mışkini
savadsızlıqda, "məhz kim, nə
vaxt, hansı traktatda" suallarının cavabını bilmədiyi
üçün məzəmmət edir - eyni zamanda da hiss edir
ki, Mışkin onun dünyasının sərhədlərini
genişləndirir, lakin bunu necə etdiyini anlaya bilmir.
Aqlayanın inqilabçı olmasının səbəbi
də ondadır ki, o, yalnız horizontal müstəvidə
baş verən hərəkəti anlayır və sədləri
yalnız iradi maddi səy hesabına süpürüb
atmağı bacarır. Lakin onun üçün Mışkin - məhz
ona görə ən gözəldir ki, Aqlayanın
süpürüb atmaq istədiyi sərhədlər
Mışkin üçün ümumiyyətlə mövcud
deyil. Mışkin məhz bu səbəbdən
onun üçün ən gözəl insandır. Mışkin, həmin ikiölçülü
sistemdə, düz səth üzərində sərhədlərə
üçölçülü insan kimi baxır - o bu sərhədləri
görməyərək onların üzərindən
adlayıb keçir. Və Aqlaya hiss edir ki, Mışkin
ona yaddır, bu yadlıq onun ürəyini bulandırır -
lakin Mışkinin sıx və keçilməz sədləri
görməmək bacarığı - onu heyran edir. Mənim üçün isə Mışkinın məhz
bu cəhəti doğma gəldi.
- Tatyana Aleksandrovna, siz fərqli
publika qarşısında çıxışlar edirsiniz,
tez-tez məktəblilər, tələbələr, müəllimlər,
alimlərlə görüşürsünüz. Sizin
geniş əlaqələriniz, italiyalı oxucularla ortaq layihələriniz
var. Dostoyevski mətnini hansı auditoriya ilə müzakirə
etmək daha maraqlıdır, kimlərlə işləmək
daha xoşdur?
- İnsan varlığı məsələlərini,
Dostoyevski üçün də vacib olan "mən kiməm"
və "mən ərafımdakı dünya ilə necə əlaqəyə
girə bilərəm ki, onu gözəlləşdirim"
suallarını mühüm hesab edən hər bir auditoriya mənə
doğmadır. Bilirsiniz, bu sualları insanlar müxtəlif
yaşda verirlər.
- Sizin Dostoyevski sözünə bu
cür sədaqətli olmağınızın səbəbi nədir?
- Mənə
belə gəlir ki, mən artıq söylədim - Dostoyevski
oxucuya, əsl oxucuya, özünü anlamağa,
tanımağa kömək edən, ona hər anı dəyər
daşıyan həyatın mənasını tapmağa, eyni
zamanda hər hərəkətini dərk edərək
arzuolunan nəticəni görə bilməsinə yardım edən
insandır. Bütün bunlar həm də onun
sayəsindədir ki, Dostoyevski öz mətnləri üzərindən
həm də bir çox sirli "İncil" mətnlərinin
əsl mənasını açıb göstərir. O
bunu necə edir, düşünürəm, mənim nəşrə
hazırlanan kitabımda izahını tapmaq olar.
- Raskolnikov, Knyaz Mışkin,
Şatov, Aleksey Karamazov və başqaları - hamısı
çox dərin və parlaq xarakterlərdir. Bəlkə,
yazıçı onlarda özünü axtarırdı?
Yoxsa bu bizim illüziyamızdır və
yazıçının mövqeyi aydındır və bəllidir?
-
Yazıçı insan arayışındadır - və
yollar göstərir. Bu yollarda insan
özünü tapa da bilər, özünü bəzən -
Stavrogin kimi - ümidsizcəsinə itirə də bilər.
- Dostoyevski Raskolnikovu
metanoya halında, Yeniyetməni - inkişafda, Alyoşanı -
monastırdan dünyəvi həyata dönüşündə
təsvir edir. Bəs Svidriqaylov, Stavrogin,
Kirillov kimi qəhrəmanlarla nə baş verir, nə
üçün onlar ölümü seçirlər?
-
Svidriqaylov, Stavrogin və Kirillov - bunlar tamam fərqli qəhrəmanlardır,
onların həyat yolu və ölümləri də fərqlidir.
Qısa demək mümkünsə: Svidriqaylov özünü
özünüməhvdə tapır, o özünü
öldürməklə qəlbinə hakim kəsilmiş dəhşətli
iblis-fahişəni yox edir, bundan əvvəl o, bütün
pullarını elə paylayır ki, onlar dünyada şəhvətdən
doğan şəri, pisliyi azaltmağa xidmət etsin; Kirillov
şüurlu şəkildə fədakarlığa
hazırdır, lakin tam inama bir pillə qalmış sanki
yolunu itirir (və ya Verxovenski onu çaşdırır) - bu
belə olmalı idi, çünki onun şəxsiyyətini
formalaşdıran ideyanı Stavrogin bir zamanlar təhrif
etmişdi; Stavrogin isə həyatda qalmaq üçün hər
şeydən yapışır, lakin onu heç nə
saxlamır, çünki həyat yolu hər şeyi pozmaqla
keçmişdi - və o, intihara da kənarları hamar bacadan
yıxılan kimi, sürüşüb düşdü. Fərqli hadisələrdir - Dostoyevski, ümumiyyətlə,
demək olar ki, heç vaxt təkrarlanmır.
- Stavrogindən söz
düşmüşkən, soruşmaq istərdim, yenə də,
"Şeytanlar" romanını kim
başladı və kim bitirdi, o, yoxsa Stepan Verxovenski?
- Deməli,
roman aydın şəkildə Stepan Trofimoviçdən
başlayır - lakin ağlı başında, tam anlaqlı
Stavroginin intiharı ilə bitir. Lakin bunlar, demək
olar ki, paralel hadisələrdir (və burda "Cinayət və
cəza" ilə struktur (məna deyil, məhz struktur)
oxşarlığı var). Dostoyevski yollar axtarır və
onları sınaqdan keçirir: hansı yolda dəfələrlə
səhv etmiş, azmış insan (yaxud bir dəfə o da
Raskolnikov kimi qəti cinayət etmişdi) xilas ola
bilər və ya hansı yol onu məhvə aparır.
"Şeytanlar" romanında mərkəzdə duran
ustadlığın, öyrətmənin yollarıdır. Stepan
Trofimoviç romanın bütün qəhrəmanlarını
öyrədirdi - və fərqli şeylər öyrədirdi,
yumşaq desək, çox zaman yaxşı şeylər
öyrətmirdi - lakin o, hər zaman səmimi idi və gözəlliyi
təmənnasız və şövqlə sevirdi və elə
bu, hər şeyi xilas etdi. Petruşa
Verxovenski də gözəlliyi sevirdi - lakin onu bəzəyən
bir şey kimi (onun üçün Stavrogin - onun kostyumudur və
məhz bununla dəyərlidir). Stavrogin isə
inanmadan, eksperiment apararaq öyrədirdi, başqasının
beyninə və qəlbinə ideya sürfəsini yeridərək
baxırdı, görsün bu, onun özünün və həmin
insanın həyatında nə nəticə verəcək.
O, nə gözəlliyi, nə insanı, nə
özünü sevirdi. O, bu dünyada hər şeyi əldə
edə bilərdi - lakin hər şey onun əlində
puç olurdu, çirkaba dönürdü. Beləliklə,
burda iki sonluq var - "Cinayət və cəza"
romanında olduğu kimi. Lakin
başlanğıc birdir, çünki Stavrogin, həmçinin
Stepan Trofimoviçin şagirdidir. Və biz aydın
görürük ki, struktur da "Cinayət və cəza"
romanından fərqlənir - orda iki bir-birindən
asılı olmayan hekayətlər var. Stepan Trofimoviç həyatını
qələbə ilə, tam mənəvi oyanışla və
hamı ilə sonsuz sevgidə birləşməklə sona
çatdırır: lakin onun bir şagirdi var, o, indi bu
anın ardınca əbədiyyətdə mütləq tənhalığa
qovuşacaq.
- Bir tərəfdən biz deyirik ki,
Dostoyevski romanlarında qəhrəmanlar əsas və ikinci dərəcəli
qəhrəmanlara bölünmürlər - hər biri
özü-özülüyündə əhəmiyyətli və
mühümdür. Digər tərəfdən, Sonya Marmeladova,
Knyaz Mışkin, Alyoşa Karamazov kimi, sanki nəzərəçarpmayan
qəhrəmanlar başqalarından seçilir və əsərin
strukturunda istinad rolunu oynayırlar. Bunu nə ilə
izah emək olar?
- Əlbəttə, bölünürlər. Onlar müsbət və mənfi
qəhrəmanlara bölünmürlər (bunu da izah etmək
lazımdır - lakin mən bunu dəfələrlə
etmişəm) - lakin baş və ikinci dərəcəlilərə
sözsüz ki, bölünürlər, ən azından,
onlara ayrılmış roman zamanı nöqteyi-nəzərindən
bunu inkar etmək mümkün olmazdı. İkinci
dərəcəli qəhrəmanın ən aşkar
variantı onun adının mətndə yalnız bir dəfə
xatırlanmasıdır. O zaman Dostoyevski
üçün məhz onun adı, adının mənası
əhəmiyyət daşıyır. Bu adın
mənası bəzən o adın keçdiyi səhnənin
bütün əhəmiyyətini dəyişə və/və
yaxud sual altına ala bilir. Və o zaman
aydın olur ki, Dostoyevskidə "ikinci dərəcəli"
"əhəmiyyətsiz" demək deyil. Burada hər şey terminlərə yanaşmamızdan
asılı olacaq, əlbəttə. Əgər
"ikinci dərəcəli" sizin nöqteyi-nəzərinizdən
"əhəmiyyətsiz" anlamına gəlirsə, o
zaman Dostoyevskidə belə qəhrəmanlar, doğrudan da,
yoxdur.
- Dostoyevski romanlarında
qaranlığı, baltanı, qanı, həyəcanı
deyil, qəlbin işıqlı dirilməsini,
ölümsüzlüyünü görmək
üçün onları necə oxumaq lazımdır?
-
Dostoyevskini oxuyub orada baltanı, qanı, qaranlığı
görməmək mümkün deyil. Dostoyevski hər
zaman qəhrəmanına ən çıxılmaz zülmətə
enmək imkanı verir - çünki yüksəliş ordan
başlayır və bu yolda insan öz əsl
ölçülərini, öz həqiqi gücünü - fədakarlıq
gücünü, dünya və insanlarla ahəng, birlik
içində yaşamı əldə edir. Axı həyatda da belədir. Əgər insan
öz dərinliyinə və daxilindəki gizlinlərə,
dibə enməzsə - o zaman onun xoşbəxtliyi və
böyüklüyü, hətta o, ucuz və mənasız
rahatlığa can atmasa belə, kövrək təməl
üzərində qurulacaq, ondan aşağıda - bilinməyən
boşluq var. Bu, qalın olsa belə, pis özüldür - əgər
onun altındakı - çox böyük quyudursa. Dostoyevskini oxumaq öz gizlinini öyrənmək və
kökündən dəyişdirməklə öz həyatını
və özünü möhkəm təməl üzərində
qurmaq imkanı deməkdir. Öz əbədi həyatını...
Düşünürəm ki, burada budəfəlik söhbətimizi bitirək, mən bilirəm ki, sizin hələ çoxlu gözəl suallarınız var - lakin qoyun onlar növbəti dəfəyə qalsın. Mən sizi müsahibəniz münasibətilə təbrik edirəm, Kəmalə - siz də çox dərin və mühüm suallarla gözəl müsahibə apardınız. Çox sağ olun!
Ədəbiyyat qəzeti.- 2021.- 18
dekabr.- S.6-7.