Təzə qonşu

 

Hekayə

 

Qapıbir qonşumuz köçüb getdi. İndi yeni qonşumuz gəlməliydi. Mən onlarla bağlı xəyal qurmağa başladım. Ancaq yaxşı şeylər düşündüm. Düşündüm ki, nəhayət, bir insaflı adam, sadə bir ailə gələr qonşuluğumuza, üzü soyuq məhləmizə.

Artıq yeni qonşularımız gəlsə , üzlərini hələ görməmişdim. Bir-iki gün keçmiş səbrim çatmadı. İstiqanlıyam axı, elə bu üzdən soyuqqanlılardan çəkmədiyim qalmayıb. Qapılarını döydüm. Gəlinə, xoş gəldin, dedim, təzə evlərinə xeyir-dua elədim. Dedim, nəsə lazım olsa biz bu evdə, lap yaxındayıq. Gəlin xüsusi bir ədayla üzümə baxdı. Buz kimi baxışlarından, özündənrazı davranışından buraları bəyənmədiyi hiss olunurdu.

Bir neçə gün keçdi, təzə qonşularımız həmişə boz, sakit məhləmizə bir canlılıq gətirdilər. Əllərində top, qarşılarına kim çıxdı oynadılar, atıldılar-düşdülər. Gecə saat 2-yə qədər səsləri küçədən kəsilmədi. Topları birinin pəncərəsindən içəri, birinin evinin üstünə, həyətinə düşdü. Amma heç kim onlara güldən artıq söz demədi. Bizim balaca, amanat qapımıza o ki var top vurdular. Bir səhər evin böyük xanımına zarafatla gülə-gülə: "Qapımızı niyə sındırırsınız?" - dedim. Yaşlı xanım ədayla: "Əcccəb eləyirik!" - dedi. Quruyub qaldım. Elə hər şey bu iki  kobud sözdən başladı. Amma yox, elə gələn gündən bu sevincək yolunu gözlədiyim qonşu bizi, necə deyərlər, təftiş eləməyə başlamışdı. "Mədəni", "müasir" adamlardı, daha biz onlara deyək, dayandıq durduğumuz yerdə. Amma digər qonşular onları görəndən yerlərində sakit dura bilmədilər. Onların cazibəsindən qurtulmaq, sən demə, elə asan deyilmiş. Az qala hər gün həyətdə kabab çəkib bizi tüstüyə-dumana bürüyən, toyxana kimi çal-çağırından evdə uşağımızı yatmağa qoymayan, kefi istəyəni eləyən təzə qonşu yaman şirin olmuşdu. Onlara baxıb illərlə eyni libasda gördüyüm qonşu qadın əyin-başını dəyişdi. Özünə fikir verməyən, üst-başı həmişə çirkli olan bir başqası əyninə əməlli-başlı əl gəzdirdi. Neçə ildə tanımadığım qonşu kişiləri küçəyə axışdılar. Sanki bu təzə qonşunu Allah bir sınaq kimi, adamların üzünü açmaq üçün bu məhləyə göndərmişdi. Həmişə sakit, fağır görünən bu adamlar əslində göründükləri kimi deyilmişlər. Təzə qonşunu görəndən sonra onlara min bir yaxşılıq eləyən, xətir-hörmət saxlayan köhnə qonşuları unutdular. Bəziləri isə "küpəgirən qarı"yla "maymaq qoca"ya dönüb lap tanınmaz hala düşdülər. Beləcə, bir ailə az qala bütöv məhləni öz cazibəsinə aldı.

Son vaxtlar ara bir az səngiyib. Təzə qonşu da daha burada bənd almaq istəmədi. Evi satıb köçməyə qərar verdi. Necə deyərlər, kələklə gələn küləklə gedər...

Yenə köhnə hamam, köhnə tas. Amma qonşular köhnə olsalar  da, əsl sifətlərini indi görmüşdük. Odur ki, daha hansı donu geysələr , həminki deyildilər...

 

Mina RƏŞİD

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.9.