İlğım
Kinossenari
Ağ-qara görüntülü köhnə Bakı məhləsi. Günorta.
Statika.
Hardansa
uzaqdan "Günorta azanı"nın səsi
eşidilir.
Məhlə italyansayağı inşa edilmiş,
üçmərtəbəli, assimmetrikdir.
Həyətin ortasında iri, budaqları yenicə
budanmamış qovaq ağacı bitib.
Kadrda
asfaltı çökmüş, köhnə meşin və
taxta qapıları kilidli, adamsız və səssiz
görüntülü məhlə ovqatını pozan yeganə
müasir detal, qovaq ağacının altına
düzülmüş "Formula-1"
yarışmasının üstü reklamlı iri beton
laylarıdır.
Azan səsinin altında frontal görüntüdə
qapıdan çölə çıxan Qoca ilə Qarı
kadra qəfil hərəkətlilik gətirirlər.
Onlar kadrda görünənə qədər
görüntü statik və ağ-qaradır.
Qarı artırmaya çıxıb, əlindəki
xırda-xırda doğranmış ət
parçalarını kandara tökür. Həyətin
pişikləri həmin andaca ətə doğru cumurlar.
Pişiklərin "qışqırtısı"
qarının üzündə xəfif təbəssüm
yaradır.
Qoca evin qapısını yaşına uyğun astagəlliklə
örtdükdən sonra əlini pencəyinin cibinə
salır. Bir müddət ciblərində eşələnərək
nəsə axtarır. Axtardığını
tapmadığından gözgörəsi sinirlənir. Qocanın həyəcandan əlləri əsir.
Qarının başı pişiklərə
qarışdığından qocanın təlaşlandığını
görmür.
Qoca hirslə qızılgülləri qarıya
uzadıb əlini bu dəfə şalvarının cibinə
salır.
Qoca: - Tut
görüm, açarları hara qoymuşam!
Qoca axtardığı açarı şalvarın
cibində də tapmır.
Qarı gülləri alıb dodaqaltı söylənə-söylənə
taxta pillələrlə aşağı enir.
Bir xeyli ciblərində eşələndikdən sonra
qoca, nəhayət, açarı qapının açar dəliyində
görür.
Qoca qapını açarla bağlayıb tələsik
qarının arxasınca həyətə enir.
Natura. Küçə. Rejim. Küləkli gün.
Qarı Qocanın qoluna girib. Onlar dağüstü
küçədən üzüaşağı, mərkəzə
doğru enirlər. Maşın yolunun
ortasıyla uşaqların oyuncaq kimi oynatdıqları iri
maşın təkəri onların yanlarından keçib
sürətlə üzüaşağı diyirlənir.
Pırpız saçlı bir oğlan uşağı
da nəsə çığıra-çığıra təkərin
arxasınca qaçır.
Təkər yolun qurtaracağında əylənmiş
maşına dəyib dayanır.
Təkər yerində bir qədər fırlandıqdan
sonra asfalta çökür.
Pırpız saçlı uşaq təkəri yerdən
qaldırmağa çalışır.
Onun buna gücü çatmır.
Qoca ilə Qarı qocafəndi yerişlə yolu
keçirlər. Üzlərindən nur yağan
cütlüyün geyimləri təzə olmasa da,
ütülü və səliqəlidir. Qarının
zamanında gözəl və baxımlı, Qocanın isə
hörmətli adam olduğu ağayana
yerişlərindən sezilir.
Tini
burulanda Qarı: - Pulları götürdünmü? - soruşur.
Qoca sinirlənir:
- Səninki də ancaq pul olsun! - deyir.
Xəzri get-gedə güclənir.
Qoca başını bulayaraq ayaq saxlayıb
qarının başındakı qara örpəyi
açıb yenidən bərk-bərk bağlayır.
Qoca: - Bir
dənə xəstələnməyin qalıb! Mən sənə
baxa bilmərəm e! Özünü qoru!.
Qarı:
- Allah məni heç kəsə möhtac eləməsin! Gör nə tez deyinirsən. Hələ
xəstələnməmişəm ha, belə deyinirsən.
Gör xəstələnsəm nə oyun
çıxaracaqsan. Oğluma nə gəlib... sən
baxmazsan, o baxar mənə!
Qoca xımır-xımır gülümsünür.
Qoca: -
Heç kəs sənə mənim kimi baxa bilməz!
Külək yerdəki toz-torpağı qaldırıb,
havada hərlədib fırladandan sonra yenidən qoca ilə
qarının üzünə çırpır.
Qoca qarısının yüngül geyindiyinə əməlli
başlı sinirlənir.
Qoca iri
planda: - Niyə belə nazik geyinmisən? Sənə dedim
axı havaya bax, sonra geyin!
Ərinin bu danlağından məhrəm sevgi duyan
qarı dinmir.
Ərinin qayğısına qalması
qarının xoşuna gəlsə də bunu ona bildirmir.
Qocanın illər əymiş sısqa
çiyinləri, ağappaq qaşları altından
görünən xırda, solğun gözləri birdən-birə
qarıya doğma göründüyündən ona
qısılır.
Qarı:
- Gəl bu gün piyada gedək!
Qoca: -
Geçikmərik? - soruşur.
Qarı
"Yox!" - deyib ayağını
tozlu-torpaqlı asfaltın üstünə qoyur.
Külək axırıncı sözü qarının
ağzından qapır.
Qoca əli ilə Qarıya "heç nə eşitmirəm"
işarəsini verir.
Qoca ilə Qarı bir-birinin qoluna girib, küləyin
altında dinməzcə dar dolanbac küçələri
keçirlər.
Qoca darısqal küçələrlə harasa tələsən,
maskalı və sinirli insanların içində birdən-birə
darıxır.
Qolundan boş cuval kimi sallanmış qarısına
üzünü tutub yenə də: - Geçikmirik? - soruşur. - Yox da dedim!
Qarı qocadan çox, küləyə sinirlənir.
Qoca: - Bəlkə
uşaq üçün oyuncaq alaq? Nə deyirsən?
Qarı dinmir.
Qarşılarına çıxan ilk oyuncaq
dükanına girirlər.
Dükanın içi.
Qoca ilə qarı dükanda oyuncaq seçirlər.
Ən
yuxarı rəfdə yaşıl rəngli polis
maşınını görən qarı üzünü
qocaya tutub: - Bunu bəyənər? - soruşur.
Qoca da maşına baxıb
gülümsünür.
Qoca: -
Əlbəttə, bəyənər! - deyir.
Qoca satıcıya yaxınlaşıb maşını
ona göstərməsini istəyir.
Qoca: - O,
maşına yaxından baxa bilərəm?
Satıcı:
- Lap sürə də bilərsən, əmi!
Qoca: -
Allahın verdiyi ömrü daha sürə bilmirəm, a bala,
o xırda maşını necə sürəcəm!
Qarı:
- Qaramat-qaramat danışmaq elə sənə qalıb da
deyirəm! Nə olub e sənə maşallah!
Satıcı oyuncaq maşını qocaya uzadır.
Qoca əli ilə oyuncaq maşını
sığallayır.
Sonra Qoca maşını qarıya uzadır.
Qarı maşını alıb öpür.
Küləkli küçə.
Qoca ilə qarı oyuncaq maşını alıb
dükanın qapılarından çölə
çıxırlar.
Qoca oyuncaq maşının yaşıl bantlı qutusunu
sinəsinə sıxıb.
Pillələri
düşəndə Qocanın ayağı
sürüşür, az qalır
yıxıla.
-
Qocalırsan ha, Səfərov! - Qarı gülə-gülə
ərini sancır.
Qoca: -
Qocalıb eləmirəm!
Onlar yolu keçib dayanacaqda dayanmış "London
taksisinə" əyləşirlər. Maşının
yan şüşəsindən görünən cökə
ağacları külək altında beli donqar adamları
xatırladır.
Qoca ilə Qarı arxa oturacaqda yan-yana əyləşiblər. Qoca
qarının əlini bərk-bərk tutub.
Qoca: -
Düşəndə diqqət elə ha, oyuncaq yadımdan
çıxmasın!
Qarı:
- Mənim yadımdan çıxmaz!
Qoca: - Məktəbə
girməyi yadındadır?
Qarı:
- İndiki kimi!
Qoca: -
Birinci kursda onu Lənkərana apardılar. Çay
yığmağa. Sən də hər gecə
səssiz-səssiz ağlayırdın. Unutmamısan?
Özüm də ondan ötrü bərk
darıxırdım! İlk dəfəydi evdən
gedirdi axı.
Qarı:
- Məni demirsən! On altı yaşına kimi
yanımda yatırtmışdım. Anasının
quzusudur da balam!
Qoca: -
Orda bir qız da sevmişdi, deyəsən! Qubalı
qızı!
Qarı:
- Qızıl sırğa aldığım qızı deyirsən?
Qoca: -
Deyirəm, bəlkə onlar lap yaxın olublar. Bildin
də necə? Uşaqları ola biləcək
qədər yaxın olublar da. Belə lap yaxın olublar e.
Ər arvad kimi, yaxın. Ola bilər də! Niyə
susursan? Sən bizim dövrümüzə
baxma. İndikilər azaddırlar. Hər
şey ola bilər!
Qarı:
- Həyat sənin üçün türk serialı deyil! Mənə
yalandan ümid vermə! Uşağı olsa deyər də mənə!
Özünə fikrin getməsin, o məndən
heç nəyi gizlətmir.
Qoca: - Ola
bilər də! Bəlkə utanıb demir!
Qarı:
- Ola bilməz. Çünkü oğlun da sənin kimi əfəldir!
Qoca: - Mənəm
əfəl?
Qarı:
- Mən olmasaydım sən də heç vaxt ailə
qurmayacaqdın. Sərbəst addım ata
bilmirdin. Qorxağın biriydin! İndi də
beləsən. Ölümdən qorxursan!
Qoca: -
Özüm üçün qorxmuram e. Sənin
üçün qorxuram ay xanımça. Mən ölsəm
kim baxacaq sənə? Qazın
kartını belə sayğaca vura bilmirsən. Mən
olmasam soyuqdan donub ölərsən e...
Qarı:
- Kim baxacaq? Oğlum!
Qarının
bu sözlərindən sonra qocanın "gözləri yol çəkir"...
Qoca: -
Düş, bir az da gəzişək, sən
Allah, ürəyim sancdı!
Çöldən baxış. Taksi əylənir.
Qoca ilə Qarı taksidən enib küləkli havada bir
qədər gəzişirlər.
Oyuncağın qutusu Qocanın əlindədir.
Qoca ilə Qarı kiçik xiyabana çatıb skamyada
otururlar.
Qoca: - Bəlkə
sənə qonaqlıq verim?
Qarı:
- Xeyir ola? Pensiyanı
artırıblar?
Qoca: -
Yox. İndicə xatırladım ki, səninlə restoranda
sonuncu dəfə on dörd il qabaq
olmuşuq.
Qarı:
- Daş düşəydi o günə! Yadımdadır! Lap yaxşı yadımdadır. Üçümüz
getmişdi.
Qoca: -
Hansı restoran idi?
Qarı:
- Şeydanın restoranı. Səkkizinci
mikrorayonda.
Qoca: -
Onun səhərisi günü apardılar da uşağı!
Qarı:
- Həri... həri... Düz deyirsən... gəl
girək bir yerə. Nəsə yeyək.
Bizimki ancaq ölməmək üçün nəsə yeməkdir!
Mən də acmışam!
Qoca ilə Qarı yolu adlayıb yaxınlıqdakı
kafeyə girirlər.
Qoca ilə Qarı boş masa arxasına otururlar.
Onların masasına ofisiant yaxınlaşır.
Ofisiant menyunu mizin üstünə atıb gedir.
Qarı:
- Qanacağını yeyəsən! Elə bil gədə
konkadan açılıb!
Qoca eynəyini gözünə taxıb menyunu bərkdən
oxumağa başlayır.
Qoca: -
Düşbərə, xingal, qutab!
Qarı:
- Mən qutab yeyərəm. Hövsan
soğanıyla.
Qoca: -
Hövsan soğanıyla? Gecə yata biləcəksən,
sonra? Sənə həkim deməyib ki,
acı olmaz? Yandırar e mədəni!
Qarı:
- Qələt eləyir həkim! Onlar hardan bilir
Hövsan soğanı nədir? Hövsan soğanı
acı olmur ki! Qənd kimi olur!
Qoca: -
Yaxşı onda mən də qutab yeyərəm!
Qoca üzünü bir kənarda dayanıb onlara baxan
ofisianta tutur.
Qoca: -
Yaxınlaş, mənim balam!
Ofisiant onların mizinə yaxınlaşır.
Qoca: - Bizə
altı dənə qutab gətir oğlum, dördü ət
qutabı olsun, ikisi göy. Qatıq da gətir! Bir də
Hövsan soğanı varsa, gətir!
Ofisiant: -
Dayı qutab bizdə kətədir ha, Bakı qutabı deyil.
Siz o qədərini yeyə bilməzsiz, məncə! Bəlkə az-az gətirim? Bir-bir!
Qarı:
- Kətə nədir, a bala? Biz səndən
qutab istəyirik. Bir də Hövsan soğanı!
Ofisiant: -
Hövsan soğanı biz də olmur, ay ana. Hövsanda
olur. Qutab isə iridir. Qoy
hərəsindən bir dənə gətirim dadına
baxın. Yeyə bilsəniz yenə gətirərəm!
Qoca: -
Yaxşı, bala. Sənin adın nədir?
Ofisiant: -
Zaur!
Qoca: - Mənim
də sənin boyda, eynən sənin kimi bir oğlum var. Necə
yaşın var, a bala?
Ofisiant: -
İyirimi üç!
Qoca: -
Onun otuz səkkiz yaşı var!
Ofisiant: -
Dayı, məni yaman qocaltdın ha!
Qoca: - Təki
qocalasan, a bala. Qocalmaq böyük xoşbəxtlikdir!
Qarı:
- Uzatma daha, gətir görək o kətə nədir?
Ofisiant gedəndən sonra qarı
ağır-ağır ayağa qalxıb qocaya
yaxınlaşır. Əvvəlcə əlini ağzına
aparıb isladır. Sonra islaq əliylə
qocanın papağının altında
pırtlaşmış saçlarını
sığallayıb yatırdır.
Qarı:
- Uşağım haqqında hər yerdə danışma,
gözə gələr!
Qoca qarının əl təmasından
xoşhallanır.
Qoca: -
Birdən Marusya-zad çıxar ha bir qıraqdan. Çox göyçək eləmə məni.
Alar sənin əlindən! Qalarsan tək!
Qarı:
- Kül olsun o Marusyanın da başına, sənin də
başına. Üzünə gülən kimi əldən
gedirsən. Adam içindəyik də, deyirəm səliqəli
olasan!
Qoca: -
Çox sağ ol, əlin
ağrımasın!
Qarı keçib yerinə oturur.
Qoca mizin üstünə qoyulmuş çörəkqabından
bir dilim çörək götürüb dişləyir.
Çeynəyə çeynəyə üzünü
qarısına tutur.
Qoca: -
Görəsən, bizim gədə bu "Rokda" nə
görüb?
Qarı:
- Rok nədir?
Qoca: - Nə
bilim. O da bir cür musiqidir. Bizim muğam kimi.
Bircə təsəllim odur ki, indi hamı belədir,
çönüb. Sərdarın oğlu da bizim uşaq
kimidir! O da dünən oğlundan şikayət edirdi. Yəqin, dəb belədir, biz qanmırıq.
Qocalmışıq da!
Qarı:
- Balam müasirdi də! Qurban olum ona! Uşağım italyan
artistlərinə oxşayır!
Qoca: - Bəsdir,
sən Allah! Öymə oğlunu! İtalyan ha.
Qarı:
- Gecikmirik?
Qoca: -
Yox!
Qarı:
- Hava bu gün tez qaraldı elə bil! Nə qədər
qalıb vaxta?
Qoca: - Hələ
var! Tələsmə!
Ofisiant iri kətə gətirib mizin üstünə
qoyur.
Kətələr Qoca ilə Qarının xoşuna gəlməsə
də, onlar ofisiantın xətrinə dəymirlər.
Hər ikisi dinməzcə qarşılarına
qoyulmuş yağlı kətəni dişləyib aram-aram
yeyirlər.
Küçə. Natura. Külək səngiməyib.
Küçəyə çıxandan qarının ayaq
barmaqları donur. Bununla belə Qocanı hirsləndirməmək
üçün üşüdüyünü ona demir. Qarı bir müddət getdikdən sonra ayaq saxlayır.
Qoca da ona görə dayanır. Qarı əyilib əlləri ilə
ayaqlarını ovxalayır. Qoca da bir azdan
ona qoşulur.
Qoca Qarının soyuqdan donan ayaqlarını
ovxalayır. Onlar ətrafı sanki görmürlər. Yoldan keçənlər onlara qəribə bir
maraqla baxırlar.
Qoca ilə Qarı şəhər küçəsi ilə
gedirlər.
Qoca dükan vitrinlərinə baxır.
Qoca: -
Köynəyi var?
Qarı:
- Keçən həftə Astaradan aldıq!
Qoca: -
Soruşuram da!
Qarı:
- Kafeyə niyə girmişdin? Düzünü de!
Qoca: - Son
günlər adam içində
darıxıram. Bilmirəm mənə nə
olub?
Qarı:
- Taksi nə vaxtdan adam içi olub a
kişi?
Qoca: -
Hava əməlli-başlı soyudu ha!
Qarı:
- Kül olsun mənim başıma! Kürkünü
təpçiləyib atmışdım çiyninə
axı. Keçən səfər
görürəm qolları yenə didilib. Buna bax e... Görürsən sən Allah? Yaddaşıma
ox batıb da. Görürsən? Deyirəm axı nəyi isə unutmuşam. Səndən də mənə bir imdad yoxdur ki.
Key Balaxanımsan. İynə-sap
götürüb, kürkünün qollarını təpçiləyəcəkdim!
Yadıma niyə salmamısan?
Qoca sinirlənib qarının əlini əlindən
çəkir.
Qoca sürətlə təkbaşına yoluna davam edir.
Qarı da kiçik addımlarla qocanın arxasınca
qaçır.
Qoca: -
Ovcumun içini iyləmişdim Mən nə bilim sənin
beynində hansı fikirlər dolaşır? Sənə bir
iş tapşırdın heç nə. Adamı
yarıtmırsan ki. ...Bəlkə sabah
tikəsən?
Qarı:
- Sabah qar yağacaq! Uşağa soyuq olar! Kül olsun mənim
başıma!
Qoca ayaq saxlayır.
Qarı da dayanıb tövşüyə-tövşüyə
qocaya söykənir.
Qoca: -
Yadımda heç nə qalmır daha. Uşaqlığı
ən kiçik xırdalıqlarına qədər
yadımdadır. Yeddi yaşına qədər cəmi
üç diş çıxarmışdı. Üçüncü dişini çıxaranda sən
iri əsgər qazanında hədik bişirmişdin. Yadındadır? Mərcisi də
yox idi ha. Mərci mədəsində qaz
yaradır deyə, qazana atmamışdın. Ona yeddi yaşına qədər süd verirdin.
O da yadımdadır. Xatırlayırsan da?
Beş yaşı olanda artıq qazet oxuyurdu.
Sonra nə etdiyini isə heç cür
xatırlaya bilmirəm. Elə bil
başıma iynəylə hava vurmusan. Lok-lok
lokkuldayır. Heç nə yadıma
düşmür. Heç üzü də
düşmür. Şəkillərdə
də elə bil yaddır. Özü deyil.
Necə oldu bəs bizim bu uşaq? Hara getdi, görəsən? Ona nə
oldusa sonradan oldu. Elə bil gədənin
şəkli də dəyişdi e.
Qarı:
- Danışdığından utanırsan heç? Görəndə necə baxacaqsan oğlunun
üzünə? Sən həmişə
belə daş ürəkli olmusan. Uşağım
quzu kimidi. Evə tort-zad da alır. Hamı kimi işə gedir-gəlir.
Qoca: -
Sözə baxmır da hərdən!
Qarı:
- Nə olsun baxmır. Hamı belədir də.
Sən özün cavan vaxtı sözə
baxırdın?
Qoca heç nə deməyib yoluna davam edir. Qarı da
arxasınca gəlir.
Qoca ilə
qarı artıq bizə tanış olan
günorta çıxdıqları həyətlərinə
qayıdırlar.
Tövşüyə-tövşüyə bir ayaq-bir
ayaq taxta pillələri qalxıb qapının ağzında
dayanırlar.
Qoca tövşüyə-tövşüyə
açarı cibindən çıxarıb evinin
qapısını açır.
Divarda Qoca ilə Qarının oğlu olduğu təxmin
edilən gülərüz oğlanın hərbi geyimli şəkli
görünür.
Kamera şəklə "aksent" etmir.
Qoca ilə Qarı girişi mətbəx olan birotaqlı
mənzilə girirlər.
Qarı əlində tutduğu gül dəstəsini mətbəx
mizinin üstündə dayanmış çini
güldanın içinə qoyur.
Qoca qazın üstündəki qəhvədandan
güldana su tökür.
Döşəmədə güldandan tökülüb
artıq saralmış gül ləçəkləri görünür.
Qarının əlində tutduğu gül dəstəsinin
təzə olmaması ancaq indi görünür.
Əlləri əsdiyindən qoca oyuncaq dükanından
aldığı maşının qutusunu heç cür
aça bilmir.
Qarı qutunu ondan hirslə alıb açır.
Qarı oyuncaq maşını qutudan çıxarıb
Qocaya uzadır.
Qoca maşını alıb sevinə-sevinə
güldanın böyründəki taxçanın
üstünə düzülmüş o biri oyuncaqların
yanına qoyur.
Qoca pencəyini çıxarıb yaprıxmış
divana çökür.
Qocanın əlləri əsir. O, titrək barmaqlarıyla gözlərini
ovuşdura-ovuşdura: - İçəri soyuqdur! - deyir.
Qarı qocanın sözlərinə məhəl
qoymayıb otağa girir.
Qarı işığı yandırır.
Qarı:
- Mənim gözəl balam mənsiz darıxmayıb ki? - soruşur.
Və çevrilib qorxa-qorxa mətbəxdə oturmuş
qocasının üzünə baxır.
Qoca donuq
səslə qarıdan: - Geçikməmişik? - soruşur.
Bomboş
otağın sükutu sanki qocanın qulağında cingildəyir...
İşıqları zəif yanan otağın
açıq qapısından qocaya sevgiylə baxan Qarı
qocasına cavab vermir.
Qarının gözləri dolur.
Qarı
ağlaya-ağlaya zümzümə edir:
-
Saçı uzun Burla xatın
Bu balamı qəndə qatın.
Qoca ayağa qalxıb qəhvədanın altını
yandırır.
Otağa
yanan qazın xışıltısı yayılır...
Qarı mətbəxə qayıdıb divana oturur.
Qarı başını aşağı salır.
Qoca qəhvədanın
altında oynaşan alova baxa-baxa: - Görəsən, saat necədir
- pıçıldayır...
Son
Orxan FİKRƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.8-9.