Nizami Gəncəvinin kamilliyə
gedən yolda ilk nəsihəti
"Adəmin yaradılması
haqqında" məqalə və "Ümidsiz
padşahın bağışlanmasının dastanı"
hekayəsi haqqında qeydlər
Nizami
Gəncəvinin söz mülkünə səyahət etmək,
onun məna ümmanına baş vurmaq oxucunun mənəvi aləmini
nə qədər zənginləşdirirsə, bu xəzinə
haqqında mülahizələr aparmaq bir o qədər
müşkül məsələdir. Nizami Gəncəvinin
poemalarında eyni andan bir neçə bəşəri məsələlərə
toxunulur və bu məsələlər elə ustalıqla, bədii
sənətkarlıqla ifadə olunur ki, oxucu bu fikir
ümmanına baş vurmaqla yanaşı, həm də estetik
zövq alır. Nizami yaradıcılığı oxucunu
qüsurlarından arındırmaq üçün mənəvi
güzgüdür. Əgər ədəbiyyat həyatın bədii
inikasıdırsa, Nizami də bu inikasın ən böyük
ustasıdır. Nizami Gəncəvi yaradıcılığı
həyatın özüdür. Realizmlə romantizm onun
yaradıcılığında qarşılıqlı vəhdətdədir.
Təkcə
"Sirlər xəzinəsi" poeması gələcək ədəbiyyat
üçün əsas mövzu bazası rolunu oynayıb.
Hansı ki, XXI əsr müasir Azərbaycan ədəbiyyatında
da Nizami mövzuları aktualdır və onun dəst-xətti
hələ də hiss olunur. Əruz vəzninin səri bəhrində
qələmə alınan, vahid süjet xəttinə malik
olmayan bu poema ədəbiyyatımızın ən gözəl
didaktik nümunəsidir. Burada dövrün ictimai-siyasi vəziyyəti,
əməyin ucalığı, ədalətin mütləqliyi haqqında bəşəri-fəlsəfi
fikirlər yer alıb. "Sirlər xəzinəsi"
poeması yalnız hikmətli sözlərin, nəsihətlərin
diktəsindən ibarət olsaydı, belə maraq
doğurmazdı. Nizami böyük ustalıq nümayiş
etdirərək oxucuya ötürmək istədiyi mesajı
hansısa hadisənin timsalında qələmə alıb və
ortaya qoyulan məsələ oxucu üçün daha da
aydınlaşsın deyə, hekayətlərdən əvvəl
müqəddimə xarakterli məqalətlər təqdim edib.
"Sirlər xəzinəsi" poeması iyirmi məqalət
və uyğun olaraq iyirmi hekayətdən ibarətdir. Vahid
süjet xətti olmasa da, iyirmi hekayət arasında məna əlaqəsi
ustalıqla gözlənilib. Hekayətlərin
ardıcıllığı da təsadüfi deyil. Hər biri
birlikdə, bütöv tam kimi "Kamil insan necə
olmalıdır?" sualına cavab verir.
"Sirlər
xəzinəsi" poeması bir çox şəxslər tərəfindən
həm filoloji, həm də bədii tərcümə olunub.
Ən qiymətli filoloji tərcümələrdən biri də
şərqşünas alim, filologiya elmləri doktoru, professor,
Əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru
Rüstəm Əliyevə məxsusdur.
Birinci
məqalə "Adəmin yaradılması
haqqında"dır. Professor Tərlan Quliyev qeyd edir ki,
bütövlüklə Şərq ədəbiyyatında
"Bismillahir-Rəhmanir-Rəhim" ifadəsini poeziyaya gətirən
ilk şair Nizami Gəncəvidir. "Sirlər xəzinəsi"
poeması bu sözlərlə başlayır:
"Bismillahir-Rəhmanir-Rəhim,
Həst
kəlide-dəre-gənce-həkim.
(Həkimlər
xəzinəsinin qapısının açarıdır)
Bu məqalənin
də mövzusu "Quran" motivlərinə dayanır.
Şeyx Nizami ilk insan - Adəmin yaradılması haqqında
"Quran"da yer alan ayələrdən qaynaqlanıb. Amma təbii
ki, şairin əsas məqsədi bu hadisəni nəzmə
çəkmək deyil. Məqalənin əsas mahiyyəti
insanlara Adəm peyğəmbərin başına gələnlərin
qismində bir çox mətləbləri
aşılamaqdır. Birinci məsələ odur ki, Nizaminin
yaradıcılığında təsəvvüf ruhu, sufizmin
və hürufizmin bəzi konsepsiyaları cəmləşib.
O, insanı Allahın varlığının bir sübutu
hesab edir:
"O
zamanlar ki, eşqə pərəstiş etmirdilər,
Yoxluqda
da varlığın sədası yox idi".
Yəni
Adəm yer üzünə göndərilməmişdən əvvəl
varlığın təcəssümanı yoxluqdan ibarət
olan dünyada yox idi, eşqə pərəstiş insanla
bağlıdır, insan varsa, eşq var. Adəm yer
üzünə gələndən sonra uca varlığın
hökmü yer üzündə də bərqərar oldu.
Nizami digər beytlərdə Adəmi insan olduğu
üçün bəxtəvər adlandırır.
Çünki əgər göydə pərilərin sonuncu
övladı idisə, yerə göndərilməklə bəşərin
birincisi oldu. Burada Nizami hər bir baş verən hadisədə
yaxşı nəticə axtarmağı, Şükr etməyin
vacibliyi çatdırır. Təbii ki,
şükranlığın aşılanması ilə
yanaşı, Adəmin tabelikdən çıxıb cənnətdən
yerə göndərilməsini də bir növ onun bədbəxtliyi
adlandırır:
"Əgər
belə deyilsə, nə üçün uca göylər
Sənin
kimi şəhər məhbusunun
şəhər
qapılarını açdı?".
Nizami digər bir beytdə belə yazır:
"Xilqətin sərhədi onun bazarı olub,
(Allahın) bakirə qüdrəti
onun işində təzahür edib".
Adəmin insan cildində yer üzünə göndərilməsi Allahın
hələ istifadə
etmədiyi qüdrəti
idi ki, bu
hadisə ilə hasil oldu. Nizami bununla
insana verdiyi dəyəri göstərir.
Ümumiyyətlə, bu
məqaləti 3 hissəyə
bölərək izah
etmək mümkündür,
yəni Nizaminin 3 niyyəti olub: 1) İnsanın Allah qatında
necə dəyərli
olduğunu Adəm peyğəmbərin timsalında
təsvir etmək və onun yer
üzünə göndərilməsinin
heç də pis hadisə olmadığını sübut
edib bunda da bir hikmət
axtarmaq; 2) Adəmin öz nəfsi ucbatından başına gələnləri təsvir
etmək, "nə var ona qane
olmaq lazımdır"
fikrini oxucuya çatdırmaq; 3)Bu hadisələrin timsalında
insanlara ibrət dərsi verib onların aqilləşməsinə
nail olmaq.
Nizami Adəmin
nəfsinə güc gələ bilməməsini
belə təsvir edir ki, Adəm
arpa ola-ola ona qane olmayıb
buğdanı seçdi. Elə bir
buğda ki, heç onun üçün Allaha Şükr etməyə də dəyməz və Adəm buğda kimi çılpaq şəkildə
yerə göndərildi.
Arpanın dərdindən
torpağa qatlaşmalı
oldu:
"Ey yolunda can damarı itmiş (insan),
Sənə tələ haman buğda dənəsi oldu".
"Sirlər xəzinəsi"
poemasını yüksək
səviyyədə təhlil
edən alimlərdən
biri də filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacıdır. O, "Sirlər
xəzinəsi"nin hər beytinə xüsusi yanaşıb. Məqalənin bir beytində
türk adı çəkilib. Nizami
Adəm barəsində
belə yazır:
"O, Ay
kimi Xətay türkü oldu,
Və xəta
zülfünü papağının
altında gizlətdi".
Siracəddin Hacı bu beytə
belə şərh verir ki, Xətay
bölgəsi Çində
yerləşir və orada türklər yaşayır. Adəm Allah tərəfindən bağışlanandan sonra
üzü Xətay türklərinin üzü
kimi nurlandı.
Nizami Adəmin bu günahından sonra tövbə etməsini təqdirəlayiq hesab edir və insanlara
tövbə etməyin
vacibliyindən söhbət
açır:
"Günahkar üçün
ən yaxşı (əməl) üzr istəməkdir,
Adəm üzr istəyərək
o (yüksək) məqama
çatdı".
Nizami yüksək
məqam deyəndə
peyğəmbərliyi nəzərdə
tutur. O, insanların kamilləşməsi naminə
öz məsləhətləri
ilə məqaləni
yekunlaşdırır, insanları
ürəkli, cürətli,
alçaqkönüllü, yalnız Allahdan mədət uman, şükran olmağa çağırır.
"Ümidsiz padşahın
bağışlanmasının dastanı"
"Adəmin yaradılması
haqqında" adlı
məqalədə Nizami
Gəncəvi dünyada
insanın mahiyyətini,
nəfsin törətdiyi
fəsadları və
tövbənin vacibliyini
oxucuya çatdırır. Bu məqalə hekayə üçün bir hazırlıq mərhələsi
idi. Sanki məqalədə ümumnəzəri
toxunulan məsələlər
hekayədə hadisənin
təsviri ilə əyaniləşir. "Ümidsiz padşahın bağışlanmasının dastanı"nda ortaya qoyulan məsələ odur ki, insan
öz günahlarını
etiraf etməli, bağışlanmasını diləməlidir,
təkəbbür insanı
məhvə sürükləyir.
Hekayədəki hadisə bir adil insanın yuxusunda baş verir. Həmin adil kəs yuxusunda bir zalımı
görür və gördüyü pis işlər qarşılığında
Allahın ona hansı cəza verdiyini soruşur. Birinci məsələ odur ki, bu hadisələrin
yuxuda baş verməsi təsadüfi deyil. Yuxuda insan nə bu
dünyada olur, nə o dünyada, yuxu iki dünya
arasında bir körpüdür ki, bu dünyada qalan adil insan
o dünyada olan zalım insanla həmsöhbət ola bilir. Nizami burada hekayənin reallıqdan tam kənara çıxmaması üçün
hadisələri yuxuda
cərəyan etdirir, çünki yuxuda bütün ağlasığmaz,
qeyri-real hadisə baş verə bilir.
Zalım padşah Allahın dərgahına gedərkən
mədət ummağa
kimsə axtarır, amma hamı ondan üz döndərir. Zalım padşah
Allahın qarşısında
öz günahlarını
etiraf edir və ondan bağışlanmasını
xahiş edir. O,
"Ya məni odla cəzalandır, ya da hamının
əksinə iş
tut" deməklə hər
şeyin yaradanın iradəsindən aslı olduğunu qəbul edir. Onun bu tövbəsi
Allahın dərgahında
qəbul olunur.
Nizami bu hekayədə insanın təkəbbürlü olduğunu
da önə çəkir. Çünki zalım padşah
bu dünyadaki pis əməllərinin fərqinə varmır, öz günahlarını
təkəbbürü naminə
etiraf etmir, yalnız dünyasını
dəyişəndən sonra
bağışlanmasını rica edir. Uca Allah ondan öz rəhmini
əsirgəmir, zalım
padşahın xəcalətini
görüb onu əfv edir. Nizaminin vermək istədiyi mesaj odur ki, nə
qədər gec deyil bu dünyada
zalımlıqdan əl
çək, tövbə
et ki, Allah qarşısına üzüqara
getməyəsən. Digər tərəfdən,
şair yaradanın sonsuz səxavətini ön plana çəkir.
Nizami hekayəni öz nəsihətləri, hikmətli
fikirləri ilə tamamlayır, insanları yaxşı əməl etməyə çağırır:
"Bu köhnə cırıq xalçanı ver getsin,
Günaha bulanmış ətəyin
haqqında fikirləş".
Ümumiyyətlə, Nizami Gəncəvi yaradıcılığı bütünlüklə
aforizm, ibrətamiz deyimlərdən ibarətdir. Məsələ odur ki, Nizami
bədii sənətkarlıq
nümayiş etdirərək
bu fikirlərini hansısa hadisənin fonunda təqdim edir. İyirmi hekayə içində
məhz bu problemin birinci ortaya qoyulması təsadüfi deyil. İnsan əvvəlcə bütün
günahlarından arınmağı
bacarmalıdır. Nizaminin arzusunda
olduğu kamil insan digər lazımi kefiyyətləri
qazanmamışdan əvvəl
mütləq saflaşmalıdır.
Nadir YALÇIN
Ədəbiyyat qəzeti.- 2021.- 18
dekabr.- S.13.