"Baş"ın
ingiliscə yeni nəşri
Xalq yazıçısı
Elçinin "Baş"
romanı 2015-ci ildə
"Azərbaycan" jurnalının
xüsusi buraxılışında
çap olunduqdan sonra oxucuların dərin marağına səbəb olub, ədəbi ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilib. Roman haqqında onlarla məqalə, əsərin
sənətkarlıq xüsusiyyətlərindən
bəhs edən monoqrafiyalar yazılıb.
XIX əsrin əvvəllərində Cənubi Qafqazda, eləcə də qonşu ölkələrdə cərəyan edən mürəkkəb siyasi hadisələr romanda yüksək bədii-fəlsəfi tərzdə qələmə alınıb. Əsərdə Azərbaycan xanlıqlarının faciəsi sadə insanların, eləcə də bəylərin, tarixi hökmdarların, generalların taleyi timsalında canlı şəkildə təsvir edilib. Təsadüfi deyil ki, "Baş" romanı qısa müddət ərzində bir neçə dəfə Bakıda, eləcə də Naxçıvanda nəşr olunub.
Roman respublikamızın sərhədlərini aşaraq, geniş yayılıb, xarici oxucuların da rəğbətini qazanıb. Əsər müxtəlif dillərə tərcümə olunaraq, Türkiyədə, Rusiyada, İtaliyada, Almaniyada, İngiltərədə, Misirdə, Moldovada və digər ölkələrdə nəşr edilib. "Baş" Moskvada kitab kimi çap edildikdən sonra Rusiyada populyar "Yunost" jurnalının ardıcıl surətdə on nömrəsində, eləcə də "Roman-qazeta"da yenidən dərc olunub.
"Qanun" nəşriyyatı "Baş" romanını, Azərbaycan və rus dillərində nəşr edib. Bu günlərdə isə nəşriyyat əsəri ingilis dilində də çap edib. Bu cür nəşrlər milli ədəbiyyatımızın ən yaxşı nümunələrinin təbliği baxımından çox əhəmiyyətlidir. Romanı müasir ingilis yazıçısı R.Xaviyer tərcümə edib.
Ədəbiyyat qəzeti.- 2021.- 18
dekabr.- S.15.