Dilək Özkan - İzmirdə
anadan olub. İlk şeir kitabı "İçərisində Bir
Uçurum" Mühür
Nəşriyyatı tərəfindən
2015-ci ilin noyabrında
nəşr edilib.
İkinci kitabı "Həyatın
bir neçə hissəsi" 2018-ci ilin dekabrında Kaos Uşaq Parkı Nəşrləri DIP seriyasından
nəşr olunub.
Şeirləri bir çox
jurnal və qəzetlərdə dərc
edilib.
Xarıbülbül
Səsim
suya düşsə
əllərim boşluğa
çirklənib qaça-qaça
bir çayın maviliyində təmizlənsəm.
Xarıbülbül od
tutub deyirlər
Qarabağdan, Şuşadan
Tökülür ağrılar gülün
yaddaşına
Yanır çox sərin otaqlarda yuxular.
Elə belə yadıma gəlirsən
özümü itirirəm,
"dəyməz" - deyirlər
öpüb-oxşayıram dünyanın
inciyən yerindən.
Getdim, gəldim
İncidilən sular uzun-uzadı
kədərlərə qarışır,
Gecədən suda saxlanılır quruyan xatirələr.
Kədərlər də köhnəlir
səhərsizlikdən
Gizlənib köksümdə bayramlar.
Və mən çox şeyləri həmişə
gecikdirmişəm,
Çatlaq bir boşqabın
solan üzünü
Gülləri quruyan bir güldanı
İtimin
qabağına qoyduğum
suyu
Dünyanın bir əlçim ümidini gecikdirmişəm.
İnsan
nələr yaşamır
axı,
Hara baxsaq içi boşalan ürəklərin
cəmi
Duyğular da yorula bilər,
əlbəttə.
Quşları yaralı bir şəhərin bulvarında
Qadınlar güllərin tikanlarından
öpəndə
Uşaqların ovucları göyərçin
intiharıdır.
Getdim-gəldim bir güllə
ilə bir tabut arasında
sahilsiz küləklərin
uçsuz-bucaqsızlığı
əllərim, əllərim
sürüşəndə bir dağ yamacından
kim tərk edəcək sabaha bağışlanan həyatı.
Xrizantem sancısı
Bilirəm yarımçıq qalan
işlərin ağrısını
Ucsuz-bucaqsız suları yoxlamaq
bir tükənmişlik
qazanıram... susqunluğumdan
bir pay
həyatdan qoparıb
qəlb uçurumuna yamamışam
sözlərin sınıq
axşamını.
Oturub ağlayır gəncliyinə
bir qadın
dövrün çürük
davamlı biqeyrətliyinə
dayanmadan silir xalçaya tökülən
dünyanın dəhşətini
ovuduram, sığallayıram
sonra Bəyoğlunda
küllərini qucaqlayan
anaların şənbə
əllərini.
Ağrının kölgəsinə sığınır
salfetka satan
qız uşağı
köksündən yüksələn
fəryadın səssizliyindən...
tənhalığını damcıladır
gecənin çiçəkləri
boyası təmizlənən
bir həyatın bədəninə baxır
nəfəs alır,
incəlir saçları
dodaqları qırmızıya
boyanan bu dövrdə.
Neçə kainatın kədərini
yığışdırdım boşluqdan
çay da dəm almayıb bax,
dərin bir kədər yağır pəncərədən
buna görə intihar edib içimin
tanrıları
deyirlər ki, insanın yarası köhnəlib qaysaq bağlayırmış
hara gedirsən get özündən
içindəki sancı
həmişə xrizantem.
Dante
Sahilinizdən payız keçdi,
görmədiniz,
gizlininizdən səhər
üzünüzün bir tərəfi gecə idi.
öpülməmiş bağçalardı
bir tərəfi
qədim kitablar arasında quruyan
kədər qoxuyur indi
bütün güllərin
ağzı.
qumların üstündə
xəyalpərəst bir
sentyabr
bədəninə məna
qatan günəşə
səslənir
uzaq qonşuların
paltar zivələrində
səni axtarıram, dante
qanayan zamanın gömgöy dodaqlarını
yeni bir göy istəyək yeni bir sərinlik
dənizlərin arxasında
gizlədək titrək
qəlbimizi
ağır uçurum
dalğalarına yetim
xəyalları
Qorxma,
Dante! Bir qara çək dünyanın
gözlərinə,
həyatın kənarına
bardaş qurub otur.
Unudulmuşluğumuza dadansın külək
dəli bir eşqə yuvarlanaq yağmurdan sonra
təzədən qucaqlaşaq
bəlkə bizlə
İzmirin yorğun küçələrində.
Dilək ÖZKAN
Uyğunlaşdırdı: Oqtay HACIMUSALI
Ədəbiyyat qəzeti.- 2021.-
18 dekabr.- S.15.