Yetim

 

hekayə

 

Bu qəribə əhvalatı ucqar dağ kəndində müəllim işləyən bir tanışım danışdı, göz yaşları içində gülümsədi. Və mən ağır bir ağrı, küt bir kədər kəməndinə düşdüm; gücüm ona çatdı ki, ağzındakı zəhəri uda bilməyən atanın qəfil infarktla ölümünü ədəbiyyatın vicdanına sığışdıra bilmədim...

Ağzına nəsə acı, turşa çalan bir şey düşdüyünü hiss edib dik atıldı; həyətdəki yelləncəkdə arxası üstə uzanıb yatmışdı; uşaqlıqdan adətkərdə idi, ağzıaçıq yatırdı.

Arvad bir-iki addımlıqda yun didirdi, kişinin qəfil oyanışına o da hövlnak ayağa qalxdı.

- Nə olub, dərdin ürəyimə, pis yuxu gördünmü? Suya danışıram deyib danış mənə, nə gördün? - Qəfil qəzəb dalğası keçdi göy gözlərindən. - Yenə o bayquş gəlib qondu doqqazımıza?! Yenə o fahişə...

Kişi ağzını göstərdi, göydə uçan qara quşu göstərdi, him-cimlə başa saldı ki, ağzına quşun ziyi, nəcisi...

Arvad məsələnin nə olduğunu bilən kimi ərinin qabağında diz çökdü, Allaha əllərini uzadıb yalvardı:

- Şükür sənə, Xudaya, şükürlər olsun sənə, ey gözəgörünməz gözəl Allahım!

Kişi mat-mat baxır, ağzını göstərir, tüpürməyə yer axtarırdı.

Arvad bunu duyan kimi yenidən dik atıldı, şəhadət barmağını düz ərinin gözlərinə tuşlayıb qışqırdı:

- Yox! Heç fikrindən də keçirmə, bu, Allahın bizə bir lütfüdür, gec də olsa güc olan bir işarədir. - Tələsik izah etməyə çalışdı. - Üstünə quş qığlayırsa, - bic-bic gülümsəyib göz vurdu, - sənin üstünə yox eyy, düz ağzının içinə qığlayıb, demək, lap əlasından gəlir, - yenə diz çöküb əllərini lal-dinməz göylərə uzatdı, - kərəminə min-min şükürlər olsun, Allahım! Sənə inanmayana min-min lənətlər olsun, mənim tək Allahım!..

Kişi çaş-baş qalmışdı, gah dik atılan, gah diz çökən arvadına baxırdı, göylərə uzanan əllərdə gülümsəyən və hələ də başının üstündə dövrə vuran qara quşa baxırdı, amma ən çox da ağzındakı üfunətli acılığı hara tüpürmək haqqında düşünürdü.

- Heç onu düşünmə! - Sevincin gözlərində qəfil qəzəb barmaq silkələdi. - Sənə deyirəm, eşidirsən, o quş qığını udmalısan, harasa tüpürsən, and olsun Allaha, dünyanı dağıdaram! - Kişinin əlini yelləyə-yelləyə uyğun yer axtardığını görüb tüstülənən kösövə döndü, min ilin zəminxarəsi kimi kövrəldi. - Bu bir işarətdi, bir qəfil qismətdi, bəxtimizin qara-qıfıllı qapısından neçə illərdir gözlədiyimiz qəfil qonağı qovma - Arvad ərini inandırmaq üçün eşitdiklərini, şahidi olduqlarını da dilə gətirdi. - Qonşumuz maşınının üstünə quş qığlayanda həftəynən, aynan yumur, deyir ki, bu, bir bərəkət əlamətidir, xeyir-bərəkəti silib atmazlar.  Babam Kalburşan papağına düşən quş ziyini yumağa qoymadı neçə gün, yadımdadır, dedi ki, qismətə təpik atmazlar. Bu, elin, dilin yadı, yaddaşıdır; qovma, dərdin ürəyimə, gələn bəxti bədbəxt eləmə, qapıdan qovma. Od vurub yandıraram özümü, eşidirsən?!.

Arvad çinar kimi kökündən aşıb yerə sərələnmişdi, qara torpağı dırnaqlarıyla açılmaz kənək yun kimi didə-didə, bəxtinin qara-qıfıllı qapılarını yumruqlaya-yumruqlaya göyüm-göyüm göynəyirdi:

- Allahın göndərdiyi qəfil qonağa xoş gəldin deyərlər, onu tüpürməzlər; gör neçə ildir kasıblığın, çarəsizliyin zülm-zillətində çırpınırıq, indi bir işıq ucu görünür, tüpürmə; üç balamızın gələcəyindən nigaran, neçə illərdir bəxtimizin dəftəri itkin düşən biçarələrik, tüpürmə; səni and verirəm Allaha, pirə, peyğəmbərə, kimə inanırsan ona, tüpürmə; ömründə bircə dəfə mən bədbəxti, mən başı daşdını, mən it qızı iti eşit, bircə dəfə diləyimə amin de, arzularımla qol-boyun ol, bir dəfə, bircə dəfə mən deyəni elə, tüpürmə...

Kişinin matı-qutu qurumuşdu, canında keylik buz bağlamışdı, eləcə buz bağlayan baxışlarla özünü didib tökən arvadına baxırdı, nə ağzını açıb danışa, bir tərəfə tüpürə bilirdi, nə də anlar ötdükcə dilinə, damağına yayılan ağrını udub bu tilsimdən çıxa, qurtula bilirdi. Qara yel ruhunda at oynadırdı, göz gözü görmürdü...

Arvad yel vurduqca körüklənən kösöv kimi alışdı:

- Nə durmusan, ud ağzındakı o tikəni, o tale qismətini, ömründə evin, ailən, uşaqların üçün bir fədakarlıq elə. - Alışıb yanmağın nəticə verməyəcəyini yəqin edib yenə zəminxarəyə dönüb göynədi. - Mən daha dözə bilmirəm, ağlamaqdan kor olan arxasız arzulara, aclıqdan ağac kimi quruyan qısır ümidlərə, uşaqların gözlərində böyüyən səfil-sərgərdanlığa dözə bilmirəm. - Qəfildən göyə baxdı, şəhadət barmağını hələ də başları üstündə dövrə vuran qara quşa tuşladı. - Görürsən onu, uçub getmir, hələ də səni gözləyir. Bilirsən niyə? Bilmirsən?!

Kişi göyə baxıb həmin qara quşun hələ də başları üstündə dövrə vurduğunu görüb heyrətlə çiyinlərini çəkdi.

- Bilmirsən?! - Arvad qəzəblə təkrar soruşdu...

Kişi buz bağlayan ruhu sınıb tökülə-tökülə başını buladı, yəni dilsiz yox dedi.

- Otuz ildir bir yerdə yaşayırıq, sən bu uzun illərdə heç vaxt heç nəyi bilmədin!..

Kişi bu sözdən titrədi, donuq baxışlarıyla yalvardı ki, indi yeri deyil, əbədi müharibə təbillərini yenidən çalma...

- Yaxşı, sən deyən olsun, - arvad ömründə ilk dəfə anlayış göstərdi.

Kişi bilmədi ki, bu qəribə anlayışa sevinsin, yoxsa kədərlənsin; onu gedərgəlməz yolayrıcından arvadın sirli səsi xilas etdi:

- O qara quşa diqqətlə bax, onu bir vaxtlar əbabil quşlarını göndərən göndərib...

Göylər əcaib əbabil quşlarıyla dolu idi. Əbabil quşları nəhəng daşları, qaya parçalarını düşmən qoşununun üstünə tökür, qara yel kimi şığıyan cəng arabalarının, yeri-göyü titrədən qəzəbli döyüş fillərinin qabağını kəsir, Peyğəmbərə və onun tərəfdaşlarına kömək edirdi. Əbabil quşlarının düşməni məhv edən qələbə qismətindən ilahi xilaskarlığın səsi gəlirdi...

Anac toyuq özünə şivən tuturdu, tüklərini qabardıb göylərə qanad çalır, ətcəbala cücələrini altına yığmağa çalışır, nə vaxtdan bəri göydə fırlanıb fürsət gözləyən qara quşdan - çalağandan xilas etmək üçün bütün varlığını səfərbər edirdi.

Kişi bunu qəfildən gördü, qara quşun əsl niyyətinin nə olduğunu bilib, artıq ağzını yandıran nəcisi qəzəblə yerə tüpürdü, dərindən nəfəs alıb qışqırdı:

- Allah sənə lənət eləsin, arvad!

Ərinin tale qismətini tüpürməyindən, üstəlik, qara qarğışından daha da körüklənən arvad qıyya çəkdi:

- Səni görüm qıl körpüdə qırılasan, kişi! - Qarğışının o qədər də uğurlu olmadığını görüb, daha tutarlı sözlər axtardı. - Səni görüm...  Səni görüm cəhənnəm odlarında, məhşər alovlarında zəbanə çəkib cayır-cayır yanasan, kişi!..

Adəm diksindi. Od-alovla üz-üzə, uzun ömrünün ilk və son səhvi ilə göz-gözə dayanmışdı. Həvvanın qaçılmaz sevgi və təkidlərinin nəticəsi olan o ilk və son səhvə görə cənnətdən qovulmuşdular; insan övladı Yer planetində Qiyamət gününə qədər uzun və əzablı sınaqlara məhkum edilmişdi; Qıl körpüdən keçən hər günah titrəyişində, Cəhənnəm caynağına düşən hər insan qismətində onların - Adəmlə Həvvanın da ittiham payı vardı...

Və İblis qara eynəyini çıxarıb qəzəblə yelləyə-yelləyə, şəhadət barmağını prokurora tuşlayıb qışqıra-qışqıra bütün ittiham olunanların adlarının bir-bir çəkilməsini tələb edirdi:

- Hamısının, hamısının adları elan olunsun, ilk günahkarlardan son davamçılara qədər! Əgər Allahın ədalət, haqq divanı varsa belə edilməlidir! Başqa hər şey yalandır, rəngdir, maskadır!

Kişi arvadın qan-qarğış püskürən baxışlarına kəmənd atıb özünə tərəf çəkdi:

- Göyə bax, - səsi şimşək kimi şaqqıldadı, - indi də yerə bax, çalağanla anac toyuğun davasını gör nəhayət!

Arvad baxdı və gördü.

Dünyada axirət gününün soyuq, göynəmli küləkləri əsdi...

Arvad yerə tüpürülən nəcisə bir də baxdı, balalarını çalağandan qorumaq üçün özünü fəda etməyə hazır cəngi-cidala qalxan anac toyuğa da baxdı, günbəgün, aybaay, ilbəil uşaqlarının soyuq baxışlarında böyüyən bədbəxtliyə də baxdı və əllərini dizinə çırpıb çökərək dəli-dəli hönkürdü.

Kişi bir vaxtlar sevib ailə qurduğu ömür-gün yoldaşının çiyinlərindən tutub qaldırmaq, neçə illər əvvəldə qalan didərgin sevgiylə halalını qucaqlamaq, ona ürək-dirək vermək, nə isə xoş bir söz demək istədi, çox, lap çox istədi, dəlicəsinə, bütün varlığıyla istədi, amma bacarmadı, eləcə çarəsizliyin, bacarıqsızlığın qara qulu ola-ola diz çöküb kürəyini arvadının kürəyinə söykədi, için-için, səssiz-səssiz, zülüm-zülüm ağladı... Ürəyi ağrıya-ağrıya ağladı...

Taclı müsibətin pandemiya yollarında onlayn məktəb bazarından qayıdan uşaqlar valideynlərinin bu qəribə ağlaşmasına heyrətlə baxa-baxa buza dönüb dayanmışdılar, gözlərində qara, soyuq buludlar dolanırdı, dünya dəli bir yağışa hamilə idi.

Ata və ana uşaqları qəfildən görüb döyükdülər, hönkürtüsünü, hıçqırığını udub bir anda susdular, min ilin susqun sualına, dinməz qara daşına döndülər, kənd yerlərində şilavaran dedikləri dəli leysanın uşaq gözlərində başlayacaq qəfləti Nuh tufanından elə qorxdular ki...

- Buyy, qurban olduqlarım, nə vaxt gəldiniz? - Bunu yaşlı gözlərini gizlədə-gizlədə qəlbindən qaçqın düşən ana dedi.

- Keçin, a bala, keçin içəri, məktəb paltarınızı dəyişin, ananız kartof qızardıb, üstünə də yumurta vurub, lap hinduşka çığırtmasına oxşayır. - Bunu hıçqırığını zorla boğan ata dedi və bu darmacalda onu da düşündü ki, gərək hinduşka yox, hind toyuğu, ya da sadəcə loş deyəydi.

- Üstünə yumurta vurmamışdım, əlim gəlmədi, biri otuz qəpikdir, səhər şənbə bazarına aparacağam, mağazaya, borcumuzun bir hissəsini bağlayar...

- Dedim axı...

- Neyləyim bəs... Mağazaçı üç dəfə xəbər göndərib!

- Eybi yoxdur, gələn dəfə... yumurtayla...

- Yaxşı... Boynum sınsın...

- Elə demə... - Zorla gülümsədi. - Biz... elə-belə oturmuşduq, şirin bir söhbət, lətifə danışırdıq...

Ata ayağa qalxdı, sonra əyilib arvadının hələ də titrəyən, sümüyü sökülən arıq çiyinlərindən tutub qaldırdı, halalını sinəsinə, sinəsində əbədi dəyirman kimi inləyən, çax-çaxı baş ağrıdan ürəyinə sıxdı. Arvad o qəribə, gizli çax-çaxın didərgin səslərini açıq-aşkar eşitdi, o min illərin didərgin səslərinə sığına-sığına sevindi; ruhu gəlinlik paltarı geydi və ananın ürəyində bir hönkürtü, atanın ürəyində bir hıçqırıq yenə yetim qaldı...

 

Sadıq Elcanlı

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.19.