Varislər
“Yaşayır şair olan kəslər
öləndən sonra”
"Varislər"in
bugünkü qonağı unudulmaz ədəbiyyat adamı,
gözəl insan, türk sevdalısı, əvəzsiz dost,
gözəl şeirlər müəllifi, Əməkdar incəsənət
xadimi, Dövlət Mükafatı laureatı Rəfiq Zəka
Xəndanın oğlu Xəndan bəydir.
1939-cu ilin yayında, böyük ədəbiyyatşünas
Cəfər Xəndanın ailəsində dünyaya gəlmişdi.
Rəfiq Zəka yaşadığı, böyüdüyü
mühitdə dövrün ən say-seçmə ədəbiyyat
adamlarını, şair və yazıçılarını
görmüş, hələ uşaqlıq və yeniyetməlik
illərindən Səməd Vurğun, Süleyman Rüstəm,
Rəsul Rza, Mirzə İbrahimov, ondan sonrakı dövrlərdə
isə İlyas Əfəndiyev, Hüseyn Arif, İsa
Muğanna, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə kimi
ustadların söhbətlərini eşitmişdi.
Şair ruhunu böyük türk
coğrafiyasının birlik və həmrəylik sevdasına
kökləyərək yaşayır, Azərbaycan-Türkiyə
ədəbi əlaqələrinin möhkəmlənməsi
yolunda əmək sərf edir, azərbaycanlı müəlliflərin
Türk mətbuatında, türkiyəli müəlliflərin
isə Azərbaycan mətbuatında çap olunmasına,
tanınmasına çalışırdı. O, heca və əruz
vəznində yazdığı şeirləri ilə
oxucuların diqqətini çəkir, şeirlərinə
onlarca mahnı bəstələnirdi. Kitabları, dram əsərləri,
maqələləri, qoşduğu lətifələr indi də
xatırlanır, yazdığı mahnı mətnləri bu
gün də radio dalğalarında, televiziya ekranlarında səslənir.
Rəfiq Zəka cəmi 59 il yaşasa da xatirəsi hər
zaman əzizdir. Bu gün qonağımız Rəfiq müəllimin
yadigarı, oğlu Xəndan Rəfiq Zəkadır.
Mayor Cəfər Xəndanın
oğlu
- Cəfər Xəndan kimi
böyük ədəbiyyat adamının ailəsində
anadan olmaq artıq, müəyyən mənada gələcək
həyat yolunu seçmək deməkdir.
- Cəfər
Xəndanın atası Zeynal kişi Azərbaycan Demokratik
Cümhuriyyəti illərində, yəni 1918-ci ildə
Göyçədən Gəncəyə köçüb,
amma az sonra dünyasını dəyişib. Babam Cəfər
Xəndan kiçik qardaşı və bacısıyla bir yerdə
Cəncədəki uşaq evində böyüyüb. Sonra Gəncə
Pedaqoji Texnikumunda oxuyub və həm də müəllim
işləməyə başlayıb. Daha sonra Azərbaycan
Dövlət Pedaqoji İnstitutuna, institutdan sonra aspiranturaya qəbul
olub və artıq müəllim kimi fəaliyyətə
başlayıb, assistentlikdən professorluğa qədər
yüksəlib. Filologiya elmləri doktoru, 1950-1954-cü illərdə
Azərbaycan Dövlət Universitetinin rektoru olub. Müharibə
illərində hərbi jurnalist kimi fəaliyyət göstərib,
ciddi ədəbi və elmi fəaliyyətlə məşğul
olub, amma cəmi 51 il ömür sürüb. Atamın 22
yaşı olanda o,
atasını itirib, 22 yaşım olanda isə mən
atamı itirdim.
Cəfər
Xəndan Nizami Gəncəvidən, Füzulidən maraqlı
tərcümələr edib. Məsələn, Nizaminin məşhur
"Sənsiz" qəzəlini fars dilindən o tərcümə
edib. Cəfər Xəndan fars, ərəb və türk dillərində
sərbəst yazıb-oxuya bilib. Həmin dövrdə
türkcə nəsə yazmaq risk idi. Evdə atamın arxivində
xeyli köhnə şəkil qalıb. Hərdən onlara
baxanda Mikayıl Müşfiqin, Cavidin, Ruhulla Axundovun
yanında babamı görürəm. Uşaq vaxtı həmişə
anamdan soruşurdum ki, necə olub babam repressiya illərindən
qurtula bilib? Görünür, tale məsələsi
böyük rol oynayır. Çünki həmin dövrdə
çox ziyalını güllələsələr, Sibirin
gedər-gəlməzinə göndərsələr də,
xeyli adama toxunmayıblar. Əgər hamısını eyni
aqibət gözləsəydi, çox amansız bir boşluq
yaranardı cəmiyyətdə. Mən nə Cəfər Xəndanın,
nə atamın yaradıcılığında bircə dənə
Leninə, Stalinə, partiyaya həsr olunmuş şeir
tapmamışam. İndi düşünürəm, babam da,
atam da sanki tələsiblər. Hər ikisinin həyatı 60
yaş civarında bitib, amma nə qədər irs qoyub gediblər.
Şeirlər, məqalələr, elmi işlər,
dramaturgiya, tərcümə... yəni bu adamlar çox
işləyiblər, yazıb-yaradıblar. Hiss ediblər ki,
ömür tez qırılacaq. Cəfər Xəndan İkinci
Dünya müharibəsində Sovet qoşunlarında xidmət
edib və mayor rütbəsində geri qayıdıb.
Atamın ona yazdığı "Mayor Cəfər Xəndan"
adlı şeiri var.
Cənnətim Qarabağ
Sovet
dövrü ziyalıları ət maşınından
keçirsə də, kasıb balalarına, fəhlə
uşaqlarına, kasıb-kusuba yol açırdı. Babam
yetim oğlan olub, oxuyub, elmi iş müdafiə edib,
yazıları çap olunub və artıq tanınıb, cəmiyyətdə
qəbul edilib. O dövrdə kitab çox oxunurdu. Sonra kitabdan
uzaq düşdük. İndi yenə yavaş-yavaş kitaba
qayıdış başlayıb. Təəssüf edirəm
ki, atam bu dövrü görmədi. 44 günlük müharibədə
iştirak edən gənclər var, ağır və şərəfli
döyüş yolu keçən uşaqlardır. Onlarla
söhbətlərim olur. Deyirlər, biz uşaqlıqdan
"Cənnətim Qarabağ" mahnısını eşidəndə
(yeri gəlmişkən, sözləri atamındır) fikirləşirdik
axı niyə "cənnətim Qarabağ?", amma gedib o
yerləri görəndən sonra başa düşdük ki,
doğrudan da, cənnətmiş. Cəfər Xəndanın
anası Məhbubə xanım şuşalı qızı
olub. Atam Qarabağda çox olmuşdu, təəssüf ki, mənə
qismət olmamışdı, onunla bir yerdə o tərəflərə
gedə bilməmişdim. İnşallah bundan sonra gedərik.
Ordumuza və Prezidentimizə sayqımız sonsuzdur,
çünki illərlə üstümüzdə olan
ağır yükü 44 şərəfli gün ərzində
çiynimizdən götürdülər. Allah şəhidlərə
rəhmət eləsin, onların haqqını, qazilərimizin
haqqını heç vaxt verə bilmərik.
- Əlbəttə, haqları
ödənilməz. Azərbaycan Prezidenti öz qətiyyəti
və uzaqgörənliyi ilə xalqımızın
adını dünya tarixinə yazdı. Azərbaycanı kərpic-kərpic
yenidən qurdu, iqtisadiyyatımızı qurdu, ordumuzu qurdu,
beynəlxaq nüfuzumuzu bərpa etdi və vaxtı
çatanda dünyanın ən müasir ordularından biri
öz tarixi torpaqlarını işğaldan azad etdi. Biz
şanslı adamlarıq ki, bu günləri yaşadıq.
Çünki bu günləri yaşamaq arzusunda olan neçə-neçə
ziyalımız, böyüyümüz Qarabağ nisgili ilə
köçdü dünyadan.
Rəfiq Zəka Azərbaycan-Türkiyə
ədəbi əlaqalərini quran şəxslərdən biri
kimi yaddaşımızda yaşayır. Gəl bu mövzuda
danışaq.
- Bir
daha deyirəm, kaş atam bu günləri görəydi, Azərbaycan-Türkiyə
əlaqələrinin bu gün hansı səviyyədə
olduğunu görəydi. Ağlım kəsəndən
evimizdə Azərbaycan-Türkiyə bayraqlarını
yanaşı görmüşəm. Atam qatı pantürkist
idi. Yaxşı ki, 37-ci illərdə
yaşamamışdı, yoxsa sorğu-sualsız güllələyərdilər
onu. Evimizdə türk kitabları vardı, biz
uşaqlıqdan o kitabları oxuyurduq, əlifba dəyişib
latın qrafikasına keçəndə mən qətiyyən
əziyyət çəkmədim.
Atam
hələ sovet dövründə bir neçə dəfə
Türkiyədə səfərdə olmuşdu. O vaxt çətin
idi gedib-gəlmək. Gedənləri də DTK izləyirdi.
Atam türklərlə əlaqə qurmaq üçün ilk
vaxtlar Krıma gedirdi. Biz ora istirahətə gedirdik, amma atam
türklərlə görüşür, onların söhbətlərini
dinləyirdi. Azərbaycana gələn türkiyəli
qonaqlarla mütləq görüşürdü, evimizə dəvət
edirdi. Deyirdi biz bir millətik.
İstanbulun işıqları
O
vaxt Qara dənizdən gəmiylə səyahətə
çıxmışdılar. Həmin kruizdə gəmi bir
neçə iri şəhərə yan alırdı və
onlardan biri də İstanbul idi. Atam o səyahətə
İstanbulu görmək üçün
çıxmışdı. Cəmi 2 gün qalacaqdılar
orda. Atam danışırdı ki, səhərə yaxın gəmi
İstanbula yaxınlaşdı. Həmin gecə gözünə
yuxu getməyib, uzaqdan İstanbulun işıqlarını,
minarələrini görəndə gözləri dolub. O, hər
dəfə Türkiyəyə gedib qayıdandan sonra mətbuatda
silsilə yazıları çıxırdı.
Atam
həmin iki gündə xeyli türk ziyalısıyla,
şairi, yazıçısıyla görüşüb.
Onlara şeirlərini oxuyub. Türklər atamın şeirlərini
dinləyəndə təəccübləniblər, sovet
ölkəsində belə türk sevdalısı olmaq onlarda
heyrət doğurub. Məsələn, onun belə bir beyti
vardı:
"Dünyanın
yarısı türkdür
Türk
dünya kadar büyükdür".
O
vaxt belə sözlər yazmaq, bunu demək asan deyildi. Məsələn,
adi bir misal çəkim. Atamın məşhur bir mahnıya
yazdığı sözlər var: "Ötən günlərimi
qaytaraydılar, Gələn günlərimi qurban verərdim".
Buna görə onu DTK-ya
çağırmışdılar. "Sən gələn
günlərimi qurban verərdim deyəndə kommunizmi qurban
vermək istəyirsən?". Hətta Akif İslamzadənin o möhtəşəm
ifasına da bir müddət qadağa qoyulmuşdu, amma zaman hər
şeyi yoluna qoyur. O sözlər də, musiqi də, ifa
da yaşayır və əsrlərlə yaşayacaq.
Süleyman Rüstəmin aş
qonaqlığı
- Deyirlər, Rəfiq Zəka
zarafatcıl və hazırcavab olub. Onun iştirak etdiyi görüşlər,
tədbirlər maraqlı keçib. Dostları
onu çox istəyib. Həm də yaxşı lətifələr
qoşurmuş... Mən sualı verəndə sənin
üzünə təbəssüm qondu. Deyəsən,
nəsə xatırladın?
- Hə,
xatırladım. Akademiyanın keçmiş
prezidenti Fərəməz Maqsudovla qonşu idik, həm də atamın
dostu idi. Atam bəzən zarafatla hansısa
yazıçının səsilə danışırdı.
Telefonda onun səsini gerçək səsdən
ümumiyyətlə ayırd etmək olmurdu. Demək,
Süleyman Rüstəmin səsilə Xəlil Rzaya, Hüseyn
Arifə, Fərəməz əmiyə və bir neçə
başqa qələm adamına zəng vurub deyib ki, bəs sizi
filan vaxt evimə aş qonaqlığına dəvət edirəm.
Onlar vədələşib, deyilən vaxtda bir
yerdə Süleyman Rüstəmin evinə gediblər. Süleyman Rüstəmin xanımı qapını
açıb təəccüblənib. Bunlar
da deyiblər ki, bəs Süleyman müəllim özü
bizi aş qonaqlığına dəvət edib. Qadın çaşıb qalıb. Sonra başa düşüblər ki, atam onlarla
zarafatlaşıb.
Bəstəkar
Cahangir Cahangirov qonşumuz idi, atamla dost idilər. Fərəməz
Maqsudov, Xəlil Rza, Hüseyn Arif tez-tez bulvara
çıxırdılar, hərdən məni də
aparırdılar. Fərəməz əmi məni
tez-tez çiyninə götürürdü. Bir gün evə gələn kimi ağlamağa
başladım. Atam ağlamağımın səbəbini
soruşdu, dedim yuxarıdan baxdım, boyda hamıdan balaca sənsən.
Atam gülüb dedi ki, Fərəməz əminin çiynindən
baxanda hamı balaca görünər. Rəhmətlik hündürboy
adam idi axı.
Fərəməz əmi məni çox istəyirdi. Mən də ərköyün
böyüyürdüm. Çox vaxt səhərlər
yuxudan məni Xəlil Rza oyadırdı. O, səhərlər
bulvarda qaçırdı, sonra bizə çay içməyə
gəlirdi. Atam şikayətlənirdi ki, Xəndan
yenə məktəbə gecikəcək. Xəlil
əmi gəlib yatağımın başında dayanır,
ucadan deyirdi ki, "Qalx ayağa, oğul, artıq xalq
oyanıb". Sonra şeir deyirdi, yatmaq
olar?
Təsəvvür
edin ki, səhər Cahangir Cahangirov, Fərəməz Maqsudov,
Xəlil Rza, Vaqif Səmədoğlu məni məktəbə
ötürüb, bulvara gəzməyə gedirlər. Məktəbin qarşısında direktor dayanıb
və görür ki, birdən-birə o qədər məşhur
sima məni məktəbə gətirir. Onlar
da direktorla salamlaşıb, məni ötürüb
ayrılırdılar. Direktor tez məni yanına
çağırıb onların kim
olduğunu soruşdu. Dedim, əşşi,
Xəlil əmidir, Fərəməz əmidir, Cahangir əmidir,
Vaqif əmidir... Adam çaşıb qaldı, ay bala,
onları niyə narahat eləyirsən, istəsən
özüm gəlib səni məktəbə gətirərəm,
dedi.
- Rəfiq müəllim əruzda da
şeirlər yazırdı. Bəstəkarlar
onun sözlərinə musiqi bəstələyirdilər.
Bu seçim necə gedirdi? Bəstəkarlar
onun mətnlərini hansı üstünlüyünə
görə seçirdilər?
Atamın mahnıları
- Əvvəla, bildiyiniz kimi, musiqi mətni nota
yatmalıdır. Atam peşəkar idi, onun sözləri həmişə
ritmik, ruha yaxın olurdu. Sizə şahidi
olduğum bir faktı deyim. Bir gün
qapı şiddətlə döyüldü. Açanda Cahangir Cahangirovu gördüm. Xəndan, ata hardadır? Atam
öz kabinetində işləyirdi. Cahangir
əmi zümzümə eləyə-eləyə onun
yanına getdi. Mənimçün də
maraqlı idi, onların yanında dayanıb qulaq
asırdım. Atam soruşdu ki, de
görüm nə deyirsən. Cahangir əmi dedi, melodiya
gəlib, başladı atamçün zümzümə etməyə.
Atam melodiyanı dinləyən kimi dedi ki, mətn
hazırdı. Beləcə, onlarca mahnı
yaranmışdı. "Dəli
Kür" filmindəki məşhur "Ana Kür"
mahnısı da elə yaranmışdı. Əbədi mahnılardan biridir. Gülağa
Məmmədov da möhürünü vurub onun.
- Sənə bir söz deyim, Xəndan.
Çox qəribədir, ola bilsin, indinin
oxucusu, tamaşaçısı daha intellektlidir, amma səmimi
deyil. O dövrdə ədəbiyyatda, incəsənətdə,
ümumiyyətlə, davranışda, münasibətlərdə
səmimiyyət vardı. Paxıllıq həmişə olub,
sənət adamları arasında lap çox olub, amma indiki qədər
mənasız paxıllıq olmayıb. Məncə,
ona görə həmin dövrdə çəkilən filmlər
bu gün də maraqla qarşılanır. Lap sənət baxımından zəif olsa belə,
səmimiyyətdə çox şeyi üstələyir.
Yazılan şeirlər, romanlar daha səmimi idi. Nədənsə,
indi qəribə imitasiya yaranıb, hamı özünü
dünya məşhurlarına oxşatmaq istəyir. Plagiat baş alıb gedir. Məncə,
hər kəs özü olsa daha yaxşıdır.
İmitasiya sərhəddən o tərəfə keçə
bilmir, biz sadəcə bir-birimizi aldada bilərik, amma dünya
tamaşaçısını, dünya oxucusunu aldatmaq olmur.
- Tamamilə
doğrudur. Deyəsən, intellektual səviyyəmiz
artdıqca mənəvi boşluqlarımız
çoxalır. Mən Azdramada çox
tamaşalara gedib baxmışam. Orada
canlı ifalar olurdu, çox səviyyəli musiqi mətnləri
yazılırdı tamaşalar üçün. Elə filmlərə yazılan musiqilər, əksəriyyəti
dillər əzbəri idi. Təəssüf,
son dövrlərdə yazılan film, tamaşa musiqiləri
ekrandan, səhnədən o tərəfə keçə
bilmir. O dəqiqə unudulur. Milli kolorit, səmimiyyət
yükü itib sanki. Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov,
Polad Bülbülüoğlu, Fərəc Qarayev, Xəyyam
Mirzəzadə, Cahangir Cahangirov, Emin Sabitoğlu, Cavanşir
Quliyev kimi bəstəkarların filmlərə
yazdığı mahnılar, musiqilər sonradan
ayrı-ayrı ifaçıların ifasında səslənirdi.
Mahnı mətnləri dillərə
düşürdü. Bu, başqa məktəb
idi. İndi də istedadlı adamlar var,
amma sanki azalıb onların sayı. Məncə,
50-80-ci illər Azərbaycan mədəniyyətinin, incəsənətinin
qızıl dövrü olub.
- Əminəm ki, tezliklə
yeni bir qızıl dövrü başlayacaq. Hər şey kitaba qayıdışdan
başlamalıdır və bu proses artıq gedir. Bunu təbliğ etmək üçün xüsusi
institutlar olmalıdır. Dövlət və
qeyri-hökumət təşkilatları birgə işləməlidirlər.
Qanunlar işlənməlidir. Və bunlar olacaq. Bir də, artıq dostluq,
tanışlıq, qohumluq prinsiplərinə yox, istedad amilinə
üstünlük verilməlidir.
- Həm
də maraqlandırmaq lazımdır sənət
adamlarını. Sənət adamı millətin
güzgüsüdür, o, problemsiz
yaşayıb-yaratmalıdır. Sosiallaşma
çox şeyi adiləşdirdi, amma sənətkar müəyyən
mənada əlçatmaz olmalıdır. Hər
şeyi maqazinləşdirmək olmaz. Kimsə
sensasiya xatirinə insanların şəxsi həyatını
qabardır, sənət qalır bir tərəfdə. Amma əsas həmin adamın sənətidir. Çünki sənət daimidir. Sovet vaxtı biz hər yay mütləq harasa gəzməyə
gedirdik. Çünki şair,
yazıçı qonorar alırdı və normal dolana bilirdi.
Nəşriyyatlar, jurnallar, radio-televiziya, kino...
bütün bunlar sənət adamlarına yaxşı qonorar
ödəyirdilər. İntiqam Qasımzadə dəfələrlə
evə zəng vurub deyirdi ki, Xəndan, bilirəm, atan gələn
deyil, onun adına qonorar var, gəl
götür. Gedib imzalayıb alırdım.
Ötən günlərimi
qaytaraydılar
- Hə, təəssüf ki, bu
gün istedadlı, gerçək sənətkarlar kölgədə
qalıb. Kimsə bir yazıçının, şairin
kitabına 10 manat vermir, amma toyda müğənninin
masasına əllilik atır, meyxanaçının cibinə
yüzlük basır. Acınacaqlıdır.
Nəsə, mənə qalsa bu gün
"ötən günlərimi qaytaraydılar" deyəndə
sovet quruluşunu yox, səmimiyyətimizi nəzərdə
tutardım. Mövzudan uzaqlaşmayaq...
- Hə...
Atamla Vaqif Səmədoğlu konservatoriyaya eyni
vaxtda imtahan veriblər. Bunu mənə
Vaqif əmi özü danışıb. Biri Səməd
Vurğunun, digəri Universitetin rektoru, ədəbiyyatşünas
Cəfər Xəndanın oğlu. İmtahan
komissiyası deyib ki, sizi bizə tapşırıblar, deyiblər
ikisinin də sıxıb suyunu çıxarın,
bütün suallara əla cavab verməyincə əl çəkməyin.
Elə də olub. Onları lap axıra
saxlayıblar, hərə bir tərəfdən sual verib, təsəvvür
edirsiniz qan-tər içində imtahandan çıxıblar.
Amma atam təhsilini konservatoriyada davam etdirməmişdi,
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində
oxumuşdu. Məncə, insanın öz
sevdiyi peşəyə yiyələnməsi, sevdiyi işlə
məşğul olması böyük səadətdir.
Yol qırağındakı quyu
Tez-tez Xəlil Rzanın bağına gedirdik. Bir dəfə yolumuzun
üstünə çıxan quyunun yanında yazı
gördük: "Həbib, sən ömrünün son
baharında, Bir quyu ehsan et yol qırağında".
Atamın xoşuna gəldi dedi, Xəlil bunun davamını
yazmaq lazımdır. Təəssüf ki,
yadımda qalmayıb, amma bir neçə beyt əlavə
olundu və atamın növbəti kitabına salındı o
şeir. Bir müddət sonra atama xəbər
çatdı ki, bəs Həbib adlı bir nəfər onu
axtarır. Görüşmüşdülər atamla,
sonra o adam bağında yaxşı
süfrə açdı, atam şair dostlarını
yığıb getdi ora. Şeir məclisi
quruldu, mən də iştirak elədim o məclisdə.
Gözəl bir axşam keçdi.
- Anayla necə tanış
olmuşdu? Bir az ailəniz haqqında
danış.
- Ana babam
da şair idi, Azad Talışoğlu. Bəlkə
eşitmisiniz?
- Əlbəttə,
xatırlayıram. Həm də
polis idi. Bakının polis rəisi
olmuşdu.
- Elədir.
Atamla babamın yaxşı zarafatı vardı.
Təbii ki, atam əvvəlcə babamla tanış
olmuşdu, sonra anamı görüb bəyənmişdi. Səmimiyyət, sevgi üzərində qurulan ailə
idi. Anam Nailə xanım çox
qısqanırdı atamı. Hətta bir
türk şairəsi də atamın şeirlərinə
vurulmuşdu, atamla görüşmüşdü və anam
buna çox qısqanmışdı. Bacım
balacaydı onda. Anamın hisslərini görüb, atama
belə bir beyt yazmışdı...
Bir
gün Fərəməz əmini babamla tanış
edəndə babama deyib, dostum ağır eşidir, Fərəməz
müəllimə də deyib ki, qayınatam bir az ağır
eşidir. Nəsə, tanış eləyib
onları deyib, Azad məllim, dostum akademikdir. Babam
inanmayıb. Başlayıblar bir-birilə
qışqıra-qışqıra danışmağa.
Fərəməz müllim ayrı otağa keçəndə
atama deyib ki, kişi lap kardır... Babam da təklikdə atama deyib ki, dostunla
qışqıra-qışqıra danışmaqdan
başım ağradı. Nənəm də
o tərəfdən hirslənib ki, evdə kar var, bunlar niyə
qışqıra-qışqıra danışırlar?
Atam da uğunub gedib özündən. Elə
bu vaxt televizorda Fərəməz müəllimi göstəriblər,
babam çaşıb qalıb...
- Atanla dostluq edirdin? Bir də, demək
istədiyin nəsə varmı?
- Əlbəttə, sərhədlər açılandan
sonra atamla tez-tez Türkiyəyə gedirdik. Sirdaş idik.
Şoxlu dostu vardı orda. Başına
and içirdilər. Hətta indinin
özündə də atamla maraqlanan, ailə ilə əlaqə
saxlayan dostları var. Bu yaxınlarda Ürfan Ünvər
Nesreddinoğlu Bakıya gəlmişdi, məni tapdı,
görüşdük. Əlbəttə,
xoş gəlir adama.
Demək istədiyim isə odur ki, hər kəs öz
ömrünü yaşayır. Yəqin, atamın alın
yazısında 59 il yaşayacağı
yazılmışdı, amma ölüm səbəbi infarkt
oldu, özü də çox siqaret çəkməkdən.
Çox çəkirdi və çəkindirə
bilmirdik onu. Kaş doğmalarımızı qorumağa
gücümüz çataydı...
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 18
dekabr.- S.16-17.