M.Ə.Rəsulzadənin Nizami Gəncəvi

haqqında unudulmuş məqalələri

 

V məqalə

 

Əvvəli ötən sayımızda

 

M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabı 1951-ci ildə nəşr olunduqdan sonra da bu mövzuda axtarışlarını davam etdirir, mətbuatda yazılarla çıxış edirdi.

Onun "Azərbaycan şairi Nizami" kitabını nəşr etdirdikdən sonra "Azərbaycan" jurnalında çap olunan yazısı belə adlanır: "Nizamidə türklük".

Ankarada "Azərbaycan Kültür Dərnəyi"nin nəşri olaraq yayınlanan bu jurnalın 1952-ci il 1 may sayında çap edilən "Nizamidə türklük" məqaləsi 3 səhifə həcmindədir.

Məqalənin başlığında verilən qeyddən aydın olur ki, bu yazı müəllifin 1951-ci ildəki məlum kitabındandır.

Əslində, "M.Ə.Rəsulzadə" imzası olan bu yazı jurnal tərəfindən oxuculara təqdim olunur. "Azərbaycan" jurnalının təqdimatında oxuyuruq: "Böyük qitədə (parça, bölüm - red.) 400 səhifə tutan "Azərbaycan şairi Nizami" adlı incələməsində möhtərəm ustad Məhəmməd Əmin Rəsulzadə Nizaminin sadə azərbaycanlı bir şair deyil, bir Azərbaycan şairi olduğunu müvəffəqiyyətlə isbat etməkdədir. "Qonuları baxımından Nizami" bölümü kitabın ən orijinal səhifələrini təşkil etməkdədir. Əsərin Nizamidə farslıq, Nizamidə türklük, Nizamidə Qafqasya, Nizami görüşü ilə rus, Nizamiyə görə qadınlıq bəhislərini incələyən müəllif bu bölümdə bu nəticəyə varmışdır:

 

Farsçılığı yox onun,

Türklüyə çox bağlıdır.

Qafqaz deyə zövq alır,

Rusdan canı dağlıdır.

Gözəl qadın tipləri,

Ya türk, ya Qafqazlıdır.

Şübhəsi yoxdur ki, o,

Bir azərbaycanlıdır.

 

Bu şeirin müəllifi M.Ə.Rəsulzadədir. O, qeyd edildiyi kimi, Nizaminin Azərbaycan şairi olduğunu və türklüyə məxsusluğunu həm tədqiqatları ilə, həm də şeir parçaları ilə sübuta çalışırdı.

Jurnal yazır: "Dünya ədəbiyyatı çapında müstəsna bir yer tutan Şərqin böyük şairi Nizaminin azərbaycanlılığını təşkil edən ünsürlərdən biri onun türklüyə qarşı duyduğu sevgi və bağlılıqdır. Bu bağlılıq Emin bəyin əsərində "Nizamidə türklük" başlığını daşıyan səhifələrdə anladılmışdır. Bu fəsli ixtisasə təəlüq (toplayan - red.) edən haşiyə və farsca mətnlərdən ayıraraq və qismən də qısaldaraq aşağıya nəql ediriz".

Bu yazı çap olunarkən M.Ə.Rəsulzadə sağ idiehtimal ki, kitabından Nizami ilə bağlı olan hissəni də jurnala özü təqdim etmişdi.

"Azərbaycan" jurnalının 1952-ci ilin 1 iyunundakı 3-cü sayında M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" əsərindən seçilərək daha bir yazı təqdim olunub: "Doğu İslam mədəniyyətində Azərbaycanın rolu". Yazı başlığının altında bu sözlər yazılıb: "M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" əsərinin müqəddiməsindən.

Jurnalın 3 səhifəsində (s. 3-5) yer alan bu yazıda M.Ə.Rəsulzadənin təsirli və əsaslı sözləri onun bütün varlığı ilə Azərbaycan düşüncəsi ilə yaşadığını təsdiq etməkdədir: "Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə hizmət etmiş türklər arasında yerləri bulunduğu kimi, bir Doğu İslam məmləkəti olmaq üzrə Azərbaycanın bu işdə önəmli bir rolu vardır. Türkcədən başqa, əsərlərini yalnız ərəbcə və farsca yazmış olan azərbaycanlı tanınmış şəxsiyyətlərin bir listəsi (siyahısı - red.) yazılırsa, böyük bir cild olur".

Sonra yazıda M.Ə.Tərbiyətin "Danişməndani Azərbaycan" ("Azərbaycan bilginləri") adlı 400 səhifəlik kitabında əsərlərini fars və ərəbcə yazmış azərbaycanlılar haqqında məlumatlar qeyd olunduğu bildirilir.

Məqalədə təqdim edilir ki, azərbaycanlı olan Nizami ilə yanaşı, X əsrdə yaşamış Xətib Təbrizi, X əsrdə yazıb-yaratmış Əbül-Həsən Bəhmənyar (o, həm də Əbu Əli ibn-Sinanın şagirdlərindən olub), məşhur münəccim Fərududdin Şirvanlı, məşhur coğrafiyaşünas Əbdül-Rəşid Bakılı, musiqi bilicisi Əbdül Qədir Marağalı, IX əsrin tanınmış təbiblərindən Şükrullah Şirvanlı, Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam Kazani, Təbrizdəki Göy Məscidi tikdirmiş Qaraqoyunlulardan məşhur Cahan şah, Azərbaycan Atabəylərinin Naxçıvanda 1172-1185-ci illərdə Möminə Xatun türbəsinin əsasını qoyan Azərbaycan Atabəyləri (Möminə Xatun Məhəmməd Cahan Pəhləvanın anasıdır) də azərbaycanlıdır.

Məqalədə digər sahələrdə, xüsusən də nəqqaşlıqda məşhurlaşmış azərbaycanlılar haqqında da bilgilər vardır.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin "Doğu İslam mədəniyyətində Azərbaycanın rolu" adlı yazısının davamı "Azərbaycan" jurnalının 1953-cü ildəki 1 iyul sayında dərc edilmişdir.

"Azərbaycan" jurnalının elə həmin 1952-ci ilə aid 1 iyun sayında N.Gəncəvinin "Xəmsə"sindən olan "İxtiyar qadın ilə Sultan Səncər" şeiri çap edilib. Həmin şeir M.Ə.Rəsulzadə tərəfindən farscadan tərcümə edilib. Bu tarixi və həmin şeirin 1951-ci ildə "Azərbaycan şairi Nizami" kitabında çapını diqqətə alsaq, onda M.Ə.Rəsulzadənin həm də Nizaminin ilk tərcüməçilərindən biri olduğunu söyləməyimiz doğrudur. Digər tərəfdən, M.Ə.Rəsulzadə həmin kitabında ayrıca bir bölmədə həm də özünün Nizamidən çevirmələrini təqdim etmişdir. Şeirin başlığında "Nizaminin "Məxzənül-əsrar"ından, yəni "Sirlər xəzinəsi"ndən və çevirəni M.Ə.Rəsulzadə" sözləri yazılıb. 44 misralıq bu şeirin yalnız bir yerində "darğa" sözünün "polis" yazılışı verilib.

Bu tərcüməni M.Ə.Rəsulzadə həm məzmun, həm də poetik baxımdan yüksək səviyyədə etmişdir.

Əli xan Qantəmirin məsul müdirliyi ilə Münhendə nəşr edilən "Qafqasya" jurnalının 1952-ci ilin avqust sayında M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami və dünyanın bugünkü durumu" yazısı çap edildi.

Qeyd edək ki, bu yazının əsasını M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabından götürülmüş hissələr təşkil edirdi.

Məqalənin əvvəlində Nizaminin dünya ədəbiyyatında başlıca yer tutması, Firdovsinin yaratdığı "cəngavərlik romanının dar çərçivəsini aşaraq lirik eşq əfsanəsi yazaraq hissi romançılığın" təməlini qoyması qeyd edilmişdir.

Sonra əlavə edilir ki, Nizaminin sənətkarlıq yeniliyinin təsiri nəticəsində ona farsca və türkcə yüzlərlə bənzətmələr yazılmışdır. Məqalədə Nizami yaradıcılığına Avropa şair və tədqiqatçılarının da böyük diqqət göstərdiyi qeyd edilməklə onların adları sadalanır. İran ədəbiyyatı tarixinin elmi əsasını qoyan M.Ethenin bir fikrinə də məqalədə toxunulur: "Şillerin "Turandot" adındakı mənzuməsi Nizaminin hekayəsiylə ilgilidir".

Müəllif bu məqaləsində Nizaminin "rus təhlükəsi" haqqındakı düşüncələrini təhlil edirşairi bugünkü dünya durumuna bağlayan fikirlərinin aktuallığını əsaslandırır.

Məqalədə "İskəndərnamə"dəki hadisələr başlıca hədəfə çevrilib. İskəndərin Qafqaza gəlişi, rus işğalçılarına qarşı savaşı, Dərbənd divarının tikilməsi, Nüşabəni rus əsirliyindən azad etməsi səhnələri qısa olaraq təsvir edilir.

Müəllif qeyd edir ki, Nizaminin dövründə hələ Amerika kəşf edilməmiş, mədəniyyət dünyası yalnız dənizlə Çin dənizi arasında mövcud idi. O yazır: "Mədəniyyət dünyasının yıxıcı kommunizmə qarşı almış olduğu cəbhədə türk gücünə verilən önəm belə İskəndərin bu nitqində bəlirdilmişdir! (aydınlaşdırılmışdır - red.)".

Bir qədər əvvəl isə müəllif İskəndərin nitqini əsaslandıran aşağıdakı beytləri oxucuya təqdim edir:

 

Türkün gücüylə biz fəqət gerçəkdən,

Tam kəsərik rus ayağını bu yerdən.

 

Müəllif məqalədə xüsusi olaraq vurğulayır ki, Nizamiyə görə millətlərə zorla deyil, "mənəvi avtoritet" ilə nüfuz etmək mümkündür. O yazır: "Yetişir ki, onların vicdanlarına xitab edə bilirsin!".

Məqalənin sonunda "bir ilahi müraciətlə" İskəndərə peyğəmbərlik verildiyionun möcüzəsinin "bütün millətlərin dilini tərcümansız anlayacağı" qeyd edilir.

Məqalə bu sözlərlə yekunlaşır: "Milli vicdanın tərcümanı dil deyilmidir?.. Öylə ya!.. Şair demək istiyor ki, millətlərarası nizam ancaq milli haqların tanınmasiylə kökləşə bilir! İnsanlığın susadığı tək dünya barışının bundan daha yüksək formulunu kim vermişdir?!.".

Qeyd edək ki, 1950-ci illərdə N.Gəncəvi yaradıcılığına ilk dəfə beynəlxalq radio yayınlarında da rast gəlirik. "Amerikanın səsi" radiosunda böyük şairin yaradıcılığına həsr edilmiş verilişin səslənməsi əhəmiyyətli hadisə idi.

1952-ci ilin 31 iyulunda "Amerikanın səsi" radiosu aşağıdakı başlıqda veriliş yayınladı: "Amerikanın səsi" radiosunda Nizami".

Verilişin həmin tarixdə yayınlanmasının səbəbini isə redaksiya belə izah edirdi: "Bir çox Şərq böyükləri kimi, Azərbaycanın böyük şairi Gəncəli Nizaminin anadan olduğu ilə dünyadan getdiyi gün bəlli deyildir. Fəqət şairin əsərlərindən bəzilərinin yazıldıqları gün məlumdur: məsələn, sənət baxımından ən parlaq mənzuməsi "Yeddi gözəl" 1197-ci ilin iyulun 31-də yazılıb başa çatmışdır. Bu vəsilə ilə bu gün Azərbaycan şairi Nizamini xatırlatmaq istəyirik".

Nizaminin "Yeddi gözəl" əsərinin yazıldığı gündə verilişin efirə getməsi şairin sənətinə böyük diqqətin göstəricisi idi.

Verilişin məzmunundan aydın olur ki, əsas mətndə M.Ə.Rəsulzadənin Ankarada çap edilmiş "Azərbaycan şairi Nizami" kitabından qaynaqlanılıb. Bu haqda verilişin mətnindən oxuyuruq: "İstədiyi mövzular baxımından şair xalis bir Azəri türkü olduğu qədər məmləkətinin siyasi müqəddəratıyla candan bağlı bir qafqaslıdır. Rəsulzadə Mehmet Emin bəyin 1951-də Ankarada Türkiyə Cümhuriyyəti Milli Maarif Mətbəəsi tərəfindən nəşr olunan 400 böyük səhifəlik "Azərbaycan şairi Nizami" kitabı bu iki bəhsi incədən-incəyə tədqiq etməkdədir".

Verilişdə bir vacib məqam da vurğulanır: "İnsaniyyətçi və sosial ədalət tərəfdarı Nizamini bolşeviklər mənimsəyir. Onu öz propaqandalarına alət edirlər. Nizami onların şairi imiş. Sovet rejiminin gələcəyini bundan ta 800 il əvvəl xəbər vermiş imiş. Hətta "Cənnət şəhər"i "Sovet cənnəti"nin olduğu bir yerdə yerləşdirilmiş imiş".

Qeyd olunur ki, dini əxlaqa və ictimai təsanüdə (həmrəyliyə) əsaslanan "Nizami sosializmi" ilə dini inkar edən və siniflər mübarizəsini alovlandıran bolşevik sosializminin heç bir oxşarlığı yoxdur.

Radio verilişi "Azərbaycan şairi Nizami"dən götürülmüş bu sözlərlə yekunlaşır "Bolşeviklər "zamanımızda yaşamış olsa idi, Nizami bizimlə bərabər olardı" - deyirlər. Fəqət bizə görə sevgi ilə nifrət, rəhmət ilə lənət nə qədər bir araya gələ bilirlərsə, Nizami ilə bolşeviklər dəxi o qədər bərabər ola bilərlər. Qeyd edək ki, "Amerikanın səsi" radiosunda "Nizami" verilişinin mətni "Qafqasya" dərgisinin 1952-ci il avqust, 13-cü sayında və Ankarada nəşr olunan "Azərbaycan" jurnalının 1 dekabr 1952-ci il, il-1, 7-ci sayında da çap edilmişdir. Jurnalda mətn "Azərbaycan şairi Gəncəli Nizami" olaraq təqdim edilib.

Qeyd edək ki, M.Ə.Rəsulzadə irsinin öyrənilməsindən də aydın olur ki, N.Gəncəvi yaradıcılığının araşdırılmayan sahələri vardır və gələcəkdə tədqiqatçıların bu mövzuda yeni əsərlər ortalığa qoyması mümkündür.

Azərbaycanın dahi şairi N.Gəncəvi yaratdığı əsərləri ilə ümumbəşər mədəniyyətinin inkişafına və zənginləşməsinə müasir dövrümüzdə də böyük faydalar verməkdədir.

 

Nəsiman YAQUBLU

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.23.