Şəki pitisi
Hekayə
Bəzən həftələrlə onların
qazanında ət xörəyi qaynamırdı. Kişinin ürəyi hər
ət xörəkləri istədikcə arvadı
sataşır, qınayırdı ərini: "İndi hardan
alım qonşumuz Əşrəf müəllimi ki, bir quzu cəmdəyinin
para şaqqasını bölüb versin bizə, günlərlə
kefə baxaq? Hardan alım o Sovet hökumətini
ki, sən də oturub-durub Əşrəf müəllimdən
imzasız məktublar yazıb göndərəsən
yuxarılara? Axı Allah var göydə.
Hər şeyi görür. Əvvəl-axır
bizi çox şeyə həsrət qoymalıydı, sənin
o haqsız əməllərinə görə. İndi qalmışıq beş-on manatlıq təqaüdün
ümidinə". Arvadı
haqlıydı. Ona görə də o dinmir,
susur, xəcalət təri alnında tumurcuqlanır, bədənini
əzabverici bir istilik bürüyürdü. Azacıq sonra isə hər şey keçib gedir,
unudulurdu.
Qonşuluqda
bir zamanlar yaşayan və sonralar həmin nankor qonşusunun
(haqqında danışdığımız adamın) əlindən
köçüb başqa yerə gedən
Əşrəf müəllim yüksək vəzifə sahibi
idi. Hər həftə, bəzən hər
gün onun qapısından cürbəcür sovqat,
pay-püş daxil olurdu. Bunların bir
çoxunu qonşu Mazan (əsl adı Ramazan idi) müəllim
gözlükdən izləyirdi. Qalan
vaxtlarda isə arvadı onun bu işini davam etdirirdi - təbii
ki, ərinin tapşırığıyla. Beləcə,
qonşu Əşrəf müəllimgilə kim
gəldi, nə gətirdi, nə apardı, hamısını
yerli-yataqlı öyrənirdilər. Və elə
bir gün olmurdu ki, Əşrəf müəllimin
uşaqlarından biri qonşularına pay gətirməsin.
Gələn paydan, sovqatdan yeyib şişən əmək
təlimi müəllimi Mazan müəllim yuxarılara bir gecədə
bəzən bir neçə imzasız məktub
yazmışdı, qonşusu Əşrəf müəllimin əleyhinə.
Onun vəzifəsindən istifadə edib
rüşvət almasını, evinə rayon yerlərindən
bütöv qoyun-quzu cəmdəklərinin gətirilməsini
və bir çox görüb-görmədiklərini
yazmışdı. Bir neçə gün sonrası
Əşrəf müəllimin ev-eşiyində ciddi yoxlama
işləri aparılmışdı... Həmin
yoxlamadan sonra Mazan müəllim yenə də öz evinin
qapısındakı gözlüyü yağır eləmişdi.
Bu dəfə də Əşrəf müəllimə
iri bağlamaların, sovqatların gəldiyini
görmüşdü. Yenə də qonşudan pay
alacağını ümidlə gözləsə də,
ümidi puç olmuşdu. İndi hər
şey tərsinə çevrilmişdi. Əşrəf
müəllimin oğlu iri bir ət parçasını
atasının buyruğuyla götürüb
üçüncü mərtəbədən
aşağı düşür, həmin ət
parçasını həyətin künc-bucağında
veyillənən itə, pişiyə atır,
qayıdırdı...
***
"Arvad, ürəyim elə piti istəyir ki, gəl
görəsən. Bu gün iki kilo ət alaram, bir
yaxşı piti qoyarsan - lap o şəkililər kimi, - yeyib
şeytanın dizini qırarıq. Budəfəki təqaüdü
də verək ətə-zada, bir adam
balası kimi yeyib-içək, görək
axırımız hara gedib çıxır. Oğul-uşaq
da bir zibil olmadı bizə. Hamısı
arvad yedəyində getdi.
Özümüz-özümüzə gün ağlamasaq
boş şeydir...".
Mazan müəllim arvadından götürdüyü əlli
manatı cibində bərk-bərk gizlətmişdi. Avtobusa-zada
vermək üçünsə bir manat xırda pulu yox idi,
olsa da verməyəcəkdi. Hələ
sovet zamanında şəhərdaxili avtobuslara bir qəpik pul
verdiyi yadına gəlmirdi; ya arxa qapıdan düşüb
qaçmışdı, ya da qırmızı rəngli saxta
bir vəsiqəni havadaca saymazyana sürücüyə
göstərib aradan çıxmışdı. İndi isə cibindəki təqaüdçü vəsiqəsinə
arxayınlaşaraq minmişdi mikroavtobusa. Düşərkən
vəsiqəni çıxarıb göstərəcəkdi
sürücüyə. Sürücü
arxasınca söyər olsa da məhəl qoymayacaq, geri
baxmadan aradan çıxacaqdı. Hər
halda illərin çoxunu elə bu cür yola vermişdi.
Yoxsa aldığı azacıq məvacibin də
hər ay bir hissəsini avtobuslara versəydi, hara gedib
çıxardı, ümumiyyətlə, bu ana, bu günə
gəlib çıxa bilərdimi? Qonşu Əşrəf
müllimlə bağlı məsələyə gəldikdə
isə Mazan müəllim o vaxt haqlı iş tutduğuna
özünü inandırmağa
çalışırdı. Düşünürdü
ki, axı nəyə görə o, soğan-çörək,
Əşrəf müəllim kimilər isə kabab yeməlidir.
Dünyanın düz vaxtında düz əməlli
yaşamaq qisməti olmayan Mazan müəllim dünyanın bu
qarışıq vaxtında da normal insan həyatı
yaşaya bilmirdi. Bədəni, canı bəzən
günlərlə ağrıyır,
sızıldayırdı, amma həkimə getmək, dərman
almaq adı gələndə Mazan müəllimin
dünyası qaralırdı. Ağrı, sızı
da, sanki onun bu biganəliyindən usanıb ara
verməli olurdu.
Bu dünyada çox şey mümkün idi. İllərlə
ət yemədən yaşamaq elə də müşkül
deyildi. Amma məsələ, bayaq dediyim kimi tamam başqa
idi...
Avtobus son dayanacağa yaxınlaşanda içəridə
cəmisi dörd sərnişin var idi. Mazan müəllimi
bu çox sevindirirdi. Deməli, onun
sürücüyə pul vermədən
düşdüyünü görən olmayacaqdı. O,
özündən əvvəlki iki nəfərin düşməsini
gözləyib özü də düşdü və təqaüdçü
vəsiqəsini sürücüyə baxmadan havaya
qaldırıb uzaqlaşmaq istədi. Bu an
sürücü arxadan qışqırdı:
-
Ağsaqqal, gediş haqqını niyə vermirsən?.. A kişi, eşitmirsən?
Dədənin maşını deyil, ay dayı, pulunu ver... Ay kişi, karsan, eşitmirsən?
Mazan müəllim son sözlərdən od-alova
döndü.
Qəzəbini qılınc kimi sıyırıb
sürücünün üstə şığıdı:
"Axmaq kopayoğlu, sən mənə kar deyirsən?! Bu saat
bütün zəmanənin heyifini səndən
çıxacağam, dayan bir! - Mazan müəllim
avtobusa minib sürücüylə üz-üzə
dayandı: "Sür, kopayoğlu, indi sənə göstərərəm
kimliyimi!" - dedi və təqaüdçü vəsiqəsini
sürücünün gözləri qarşısında silkələyərək
ona hədə-qorxu gəldi. Sürücü
onun qalstukuna, əlindəki vəsiqəyə baxıb udqundu.
Deyəsən, qorxub, ehtiyatlandı. Birdən yaman yerə ilişmiş olar, qəpik-quruşun
güdazına gedərdi. İt yiyəsini tanımayan bu
qarışıq zəmanədə haqsızlıqlar onsuz da az deyildi... Qəfil arxadan səs eşidildi. Bayaqkı dörd nəfər sərnişindən
biri idi. Cavan bir kişiydi. Sol ayağı bir qədər axsayırdı.
Mazan müəllimlə sürücünün
çəkişdiyini görüb ayaq saxlamışdı.
O, bir qədər yaxınlaşıb sürücüyə
dedi: "Utanmırsan, atan yaşında kişini təhqir
edirsən?.. Al, bu da sənin
gediş haqqın. Bəlkə bu adamın heç pulu
yoxdur?".
Sürücü
yazıqlaşdı: - Əmoğlu, axı mən də
yazığam. Özün ki, vəziyyətimi
görürsən. Axı bu maşın
suyla işləmir. Axı mənim də
balalarım var. Bu gün sentyabrın biri məktəbə
göndərmişəm oğlumu, kitablarının
hamısını almağa pulum çatmayıb, bəs neynim
mən? Əlacım ona qalıb ki, bir kəndir
götürüb asım özümü".
- Az
danış, yaramaz, utanmırsan hələ bir
danışırsan da. Sür dedim sənə. Sür, bu saat
göstərərəm sənə, görək, kar mənəm,
yoxsa sən! - Mazan müəllimin qəzəbi hələ də
soyumamışdı. Haraya gələn
adamın sözləri də bu qəzəbin üstə neft
kimi calanmışdı. Mazan müəllim
inadkarlıqla sürücüdən onun göstərdiyi
istiqamətdə sürməsini tələb edirdi. Sürücü özünü itirmişdi.
Mazan
müəllimin sürücüdən əl çəkmədiyini
və təqaüdçü vəsiqəsini hədə vasitəsi kimi tərpətdiyini
görüncə, həmin cavan kişi də əlini cibinə
aparıb ordan daha cəlbedici, qırmızı cildli bir vəsiqə
çıxararaq sürücüyə və Mazan kişiyə
göstərdi: "İndiki belə oldu, hər ikiniz mənimlə
gedəsi olacaqsınız. Polis bölməsində
hər şeyə aydınlıq gətirərik. Sür" - sürücüyə əmr elədi.
Buna bəndmiş kimi sürücü
maşını işə saldı. Bu an
Mazan müəllimin əhvalı dəyişdi. Üzündə bir qorxu ifadəsi canlandı. Sakitcə düşüb uzaqlaşmaq istədisə
də cavan kişinin qəzəbli baxışları
altında mütiləşdi. Onun əlindəki
qırmızı vəsiqənin bir ayrı şey dediyini hiss
edib susdu. Avtobusun hərəkətə gəldiyini
görüncə həmin kişiyə xahişlə
"Qardaşoğlu, bəlkə boşlayaq getsin! Bir
iş idi oldu də, daha bunu böyütməyin nə mənası
var ki! Sən özün də uşaq deyilsən,
bilirsən ki, zəmanəmiz xarab olub, bizi yaman günə
qoyub. Neylədiyimizi, nə
danışdığımızı da bilmirik. Bizi
aparıb o polis bölməsində biabır eləmə, sən
Allah!".
Sürücü
dodaqaltı deyinirdi: "Yaman yerdə axşamlamaq buna deyirlər
dəə. Guya ki, nahar eləyib bir tikə çörəyimi
zəhərlənəcəkdim... Mərdümazarı
axtarmaqnan deyil ki!" Sürücünün
bu sözünü Mazan müəllim eşitdisə də,
yanındakı adama baxıb dinmədi. O adam
da sürücüyə bir daha qəzəblə avtobusu
sürməsini təkid elədi və onun göstərdiyi
istiqamətdə hərəkət edən avtobus az sonra həmin
adamın təkidiylə də dayandı. Həmin adam avtobusdan düşərək
sürücüylə Mazan müəllimə qəzəblə
baxıb:
-
Düşün! - dedi... - Arxamca gəlin!
Mazan müəllimin ayaqları yerimirdi. Kişi donub
qalmışdı. Öz-özünə deyinirdi: "Səni
lənətə gələsən, a şeytan, bu nə iş
idi, düşdüm?! "Az işdən
çox iş çıxar" burda
deyiblər. Bu tünbətün oğlu sürücü
beş manata görə məni nahaqdan işə saldı!.. Yoox, ay Ramazan, sənin özündə də
az yoxdur. Bu uzun illər
boyunca çox istəsən də xasiyyətini dəyişdirib
zamana uyğunlaşdıra bilmədin. Axı
sənə qonşun Əşrəf müəllimin nə
pisliyi keçmişdi? Yazıq kişi
sənin ailəni də öz külfəti kimi
saxlamırdımı? Əgər sən düz adam idinsə onun göndərdiyi payı niyə
fərəhlə qəbul edir, çox rahatca, öz halal
malın kimi aşırırdın, sonra da oturub kişinin əleyhinə
yuxarılara şikayət məktubu yazırdın. Əgər,
doğrudan da, sən halallıq, düzgünlük tərəfdarıydınsa,
kişilikdən, vicdandan dəm vururdunsa, niyə
yazdığın məktubların altında öz imzanı
qoymurdun?.. Sənə hər
nə olursa, yenə də azdır. O boyda
insafsızlıqdan, çörəkitirənlikdən sonra
yenə də gözlükdən qonşunu izləyib, ondan pay
umurdun. Amma sənin payın küçə itlərinə
atılırdı...". Bunu
da öz gözləri ilə görmüşdü Mazan
müəllim. Səbrini basa bilməyib bir
gün yenə də gözlükdən baxanda qonşunun
oğlunun əlində bir iri bağlamayla həyətə
düşdüyünü görüncə saymazyana onun
arxasınca o da həyətə düşmüşdü.
Gördüklərindən çox
sarsılmışdı. Qonşunun oğlu təzə
quzu ətinin parçalarını sahibsiz itlərə,
pişiklərə atır, Mazan müəllimə baxıb,
sanki qisasçılıq hissləriylə gülümsəyirdi...
Sürücü də özünü danlayırdı. Digər tərəfdən
də arxayın idi; elə bir suçu yox idi. Sadəcə, o, öz haqqını tələb eləmişdi.
Amma gərək atası yaşında olan bu
kişini təhqir etməyəydi. Bir buna
görə onu suçlaya bilərdilər.
Nə
Mazan müəllimin, nə də sürücünün
tanımadığı yad, cavan kişi
onları bir qədər özüylə aparıb yol kənarındakı
bir yeməkxanaya çıxardı. Sonra
qapını açıb gülə-gülə onları
içəri dəvət elədi. Keçib bir stol arxasında əyləşdilər. Mazan müəllimlə sürücü hələ
də bir şey anlamırdılar. Yad adam
hələ də onlara bir söz demirdi və bundan sonra nə
etmək istədiyi də bir o qədər bəlli deyildi. Bir azdan o, bir siqaret çıxarıb
odlamamışdan əvvəl qonaqlarına da təklif elədi.
Kimsənin siqaret istəmədiyini görüncə,
ofisiant qadını çağırdı. Qadın ona
yaxınlaşanda gülə-gülə dedi: "Ha indi,
gözuu yiim, o şəkili aşpaza de ki, bizə üç
dənə yaxşı piti versin". Sonra Mazan müəllimdən
gülə-gülə soruşdu:
- Bilirəm,
sürücülərə içki qadağandır, bəlkə
biz, adama bir yüz-yüz vuraq?!
Mazan müəllim
çaşqınlıq içərisində
gülümsədi, amma bir söz demədi. Yad adam bunu razılıq əlaməti
sanıb ofisiantdan yarım litr araq gətirməsini də
xahiş etdi və yalnız bundan sonra üzünü
qonaqlarına tutub dedi: "Bu beş günlük dünyada
insanların bir-birini didib-parçalamasına dəyərmi,
qardaşlar?.. Özü də nəyə görə, nəyin
üstündə!.. Hər
şeyin tarazlığı, sanki pozulub. İndi
nə böyük qanırlar, nə kiçik. Bilmirəm,
hər şey pulun hakim qüvvəyə çevrilməsindən
irəli gəlib, ya yox! Hər halda indiki
yaşam tərzimiz heç ürəkaçan deyil. Sizinlə bağlı, inanın ki, elə bir qərəzli
məqsədim yoxdur. Sadəcə, nahar
vaxtı olduğundan tək nahar eləmək istəmədim.
Həm də istədim ki, barışdıram
sizi. Axı nəyə lazımdır
bir-birimizə xox gəlməyimiz, kələk gəlməyimiz.
Mən özüm Qarabağ müharibəsi əliliyəm.
Sol ayağım dizdən aşağı
protezdir. Sizə göstərdiyim bu vəsiqə
də əlillik vəsiqəmdir, buyurub baxa bilərsiniz.
İnsanların bir-birinə olan soyuqluğu,
biganəliyi, bir-birini alıb-aldatmağı sarsıdır məni.
Axı dərd içində olan bir millətin
övladları bu cür olmamalıdırlar!..
Müharibənin od-alovunu görmüş,
neçə-neçə ölümlərin dişindən
sıyrılıb çıxmış mən, - sonuncu dəfə
üstümə qancıq it kimi atılan qorxunc
ölümün dişlərində sol ayağım dizdən
aşağısı qopub qaldı, - bu gün həyatdakı
nankorluqların, pisliklərin, alçaqlıqların
şahidi olduqca müharibədə ölmədiyimə təəssüf
edirəm. Burda baş verənlər müharibənin
özündən daha dəhşətlidir... Qanınızı
qaraltmaq istəmirəm. Amma məni anlayan,
dərd qanan bir insanı hər zaman arayır, axtarır,
ürəyimi boşaltmaq istəyirəm. Bu həyat məni
dar bir köynək kimi sıxır...
Mazan müəllimlə sürücü hələ də
çaşqınlıqla bir-birinə baxırdılar. Düşdükləri
bu qəribə aləmdən hələ də baş
aça bilmirdilər.
...Sonra
başları yeyib-içməyə qarışdı. Arada Mazan müəllim ayaqyoluna getmək bəhanəsilə
stoldan qalxdı. Ömründə ilk dəfə iç
dünyasına qəribə bir nur, bir paklıq hakim
olduğunu hiss edir və özünü bəxtiyar
sanırdı. Elə bu hisslər onu ayağa
qaldırmışdı. O, ofisiant qadını xəlvətə
çağırıb yemək haqlarının nə qədər
olduğunu soruşdu və qırx səkkiz manat ödəyib
yenidən yoldaşlarının yanına qayıtdı. Təzədən iştahla yeyib-içməyə
başladı. Bu Şəki pitisi,
doğrudan da, ürəyincə olmuşdu. Əslində,
bir az əvvəl baş verənlərdən
yaxa qurtarmaq üçün cibindəki son manat pulu da verməyə
hazır idi. Amma indi şükür ki, hər
şey yaxşılığa doğru gedirdi.
...Sürücü Mazan müəllimi düz
yaşadığı binanın yanında
düşürüb kefi kök halda yola düzəldi. Mazan müəllimin
əhvalı yaxşı idi. Arvadının
yanına əliboş qayıtmasına baxmayaraq, elə bil ki,
mənən zənginləşmiş, saflaşmış,
durulmuşdu. Hər halda ürəyi
xoş duyğularla, xoş hisslərlə dopdolu idi və bu
ona çox-çox rahatlıq bəxş edirdi. Elə beləcə liftə yaxınlaşaraq
düyməni basdı. Sonra nə fikirləşdisə
liftin açılmasını gözləmədən pillələri
qalxmağa başladı. Ardınca liftin
qapıları açılsa da ona minən olmadı.
Mazan müəllimin arxasınca çaşqınlıqla
baxan bir adam kimi, sanki lift təəccüblə
qaşlarını, çiynini dartıb tez də
şaqqıltıyla qapılarını bağladı və
növbəti sərnişini yorğun-yorğun dayanıb
gözləməyə başladı...
Zəka VİLAYƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 18
dekabr.- S.24-25.