Aşıq Ələsgərlə bağlı

dastan-rəvayətlər 

 

Ozan-aşıq mədəniyyətinin nəhəng ustadlarından olan Aşıq Ələsgərin sənəti və obrazı ilə bağlı mühüm bir hissəni onun haqqında yaranmış dastan-rəvayətlər çevrələyir. Ümumiyyətlə, aşıq sənəti xalqın ruhunu ifadə edən böyük bir enerji mənbəyi olmaqla tarixin dərinliklərindən süzülüb günümüzə qədər möhtəşəm bir yaradıcılıq missiyası yerinə yetirməkdədir. Xalqın mənəvi dünyasına sahib durmaq, onun milli-tarixi varlığını bir dəyər və yaddaş kodu kimi gələcəyə daşımaq hər zaman sənətin əsas taleyüklü vəzifəsinə çevrilmişdir. Dədə Qorquddan üzü bəri yol gələn zəngin sənət ənənəsi özünün tarixi mövcudluq enerjisini və yenilməz kimlik mücadiləsini qopuzda, sazda görməklə, həm də onun təlqin etdiyi milli-etnik düşüncəyə köklənmək yolunu tutmuşdur. Qurbani, Abbas Tufarqanlı, Aşıq Qərib, Sarı Aşıq, Dədə Kərəm, Xəstə Qasım, Hüseyn Şəmkirli, Molla Cuma, Xəstə Hasan, Aşıq Şenlik, Hüseyn Bozalqanlı və b. ustad sənətkarların haqqında söylənən rəvayət və dastan örnəkləri olmuş əhvalatlarla yanaşı, həm də sözügedən aşıqlara xalq məhəbbətinin ifadəsi kimi diqqət önünə gəlir. Bu mətnlərin bir qismi gerçək tarixi əhvalatları çevrələdiyi kimi, bir xeyli qismi də sonrakı dönəm aşıqların və el-camaatın təxəyyülü vasitəsilə ortaya çıxmışdır. Aşıq Ələsgərlə əlaqədar yaranmış dastan-rəvayətlər də bu qəbildəndir. Orada da gerçək hadisə və əhvalatlarla sonradan əlavə olunmuş kənar təxəyyül müdaxilələri mövcud mənzərəni ortaya gətirmişdir.

Aşıq sənətinin tarixi-mədəni axarında əvvəlki yüzilliklərdə olduğu kimi XIX əsr də zənginliklərlə səciyyələnən, xüsusi sənət yükü ilə diqqət önünə gələn möhtəşəm bir mərhələdir. Ağ Aşıq, Aşıq Alı, Hüseyn Şəmkirli, Yəhya bəy Dilqəm, Hüseyn Bozalqanlı, Varxiyanlı Məhəmməd, Çoban Məhəmməd, Aşıq Şenlik, Molla Cuma kimi sənətkarlar dövrün aparıcı simalarıdır. Aşıq Ələsgər ucalığı isə XIX əsrin tarixi-mədəni axarında bir dədəlik və  ali mərtəbə meyarı olaraq özünün zirvə məqamına yüksəlir. Aşıq Ələsgər zəngin poetik irsi ilə Azərbaycan aşıq sənətinin tarixi kimlik göstəricisi statusunu qazanmışdır. Möhtəşəm poetik istedad yükündən xəbər verən şeirlərilə yanaşı, haqında meydana gələn əhvalatlar, rəvayətlər də dillər əzbərinə çevrilmiş, etnosun mənəvi varlığının tərkibində uzunmənzilli səfərə çıxmışdır. "Ələsgərnən Səhnəbanı", "Aşıq Ələsgər və Növrəs İman", "Aşıq Ələsgərin Türkiyə səfəri", "Aşıq Ələsgərin Qaraqoyunlu səfəri", "Aşıq Ələsgərlə Dəli Alı", "Aşıq Ələsgər Yanşaqda", "Aşıq Ələsgərlə Aşıq Nəsibin qabaqlaşması", "Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü", "Aşıq Ələsgərnən Mir Məcid ağanın görüşü, "Aşıq Ələsgərin Qarabağ səfəri", "Aşıq Ələsgərin Naxçıvan səfəri", "Aşıq Ələsgərin Gəncə səfəri", "Aşıq Ələsgər Kəlbəcərin Qılışlı kəndində", "Aşıq Şenliklə Aşıq Ələsgərin görüşü", "Aşıq Ələsgərlə Hüseyn Bozalqanlının görüşü", "Bəşirin Molla Rəhimi vurması", "Dəyirmançı aşıq", "Aşığın qocalığı" və s. mətnlərin bir hissəsi tarixi-bioqrafik mənzərəni, bir qismi isə sonrakı dönəm aşıqların təxəyyül imkanlarını ortaya qoyur. Burada ustad aşığın şəxsi həyatından doğan tarixi-xronoloji hadisələr də yer alır, xeyli sonralar sənət dövriyyəsinə daxil olan və başqa aşıqların təxəyyül vasitəsilə uydurduğu dastan-rəvayətlər də həmin silsiləyə daxil olur.

Ümumiyyətlə, bu qəbildən olan folklor örnəklərinin böyük bir qisminin arxasında müəyyən əhvalat, hadisədən qaynaqlanaraq maraqlı və diqqətçəkici epik mətnin ortaya gəlməsi vacib və birinci şərt olaraq qəbul edilir. Ancaq həmin epik mətn daim yeniləşmə və dəyişmə imkanlarını da özüylə daşıyır. Bu, həmin örnəyə təkan verəcək təxəyyül imkanlarını, bədii mətnin təsirlilik funksiyasını və onun şaxələnib yeni axara yönəlmə meyilini zaman keçdikcə daha da artırır. Xalq mahnıları, bayatılar, müxtəlif səpkili poetik örnəklər, eləcə də aşıq ədəbiyyatında mövcud nümunələrin mühüm bir qismi buna nümunədir. Həmin örnəklərin meydana gəldiyi şərait, daha doğrusu, onun nüvəsində, mahiyyətində dayanan əhvalat və hadisə zəmini bədii mətnin genişlənmə imkanını, onun epik hüdudlara yönəlmə səciyyəsini daha da artırır, ona yeni epik mətnə çevrilmə səviyyəsində əlavə çalarlar qatır. Ustad sənətkarların həyatının müxtəlif mərhələlərində qarşılaşdıqları vəziyyətlərlə əlaqədar yaranan belə örnəklər, yeni məzmunlu epik mətnlərin biçimlənməsi olduqca çoxdur. Aşıq Ələsgərlə bağlı rəvayət və əhvalatlar da bu qəbildəndir. Onların ümumi mənzərəsi ustadın həyat və sənət obrazını ərsəyə gətirmişdir. Folklorşünas İslam Ələsgər babası Aşıq Ələsgərlə bağlı aşıq sənətində özünə geniş yer almış dastan-rəvayətlərlə əlaqədar qeyd edir ki, "hələ sağlığından başlayaraq ulu şəxslər haqqında xalq arasında onu daha da hörmətləndirən duzlu-məzəli söhbətlər gəzməyə başlayır. Bunların əksər hissəsi həmin şəxsin həyatında baş vermiş hadisələrdir ki, zaman keçdikcə artıb-əskilmələrə məruz qalmış və rəvayətlərə çevrilmişdir. Bu sözləri digər ustad aşıqlarımız barəsində də deyə bilərik. Onların haqqında olan rəvayətlərin əksər hissəsi bəzən hər hansı bir şeirin yaranması ilə bağlı olur ki, ustadın həyatını, onun yaradıcılığını öyrənmək baxımından xeyli əhəmiyyətə malikdir". O, bir sıra rəvayətlərin bioqrafik, bir sırasının isə sonradan düzəldildiyini atasının və digər qohumlarının söhbətindən öyrənmişdir.

Aşıq Ələsgərlə bağlı dastan, rəvayət və əhvalatlar da bu baxımdan təbii-ənənəvi qanunauyğunluğa söykənir. Ümumiyyətlə, şifahi ənənəyə bağlanan aşıq yaradıcılığı bütün məzmunu ilə həm də çoxlu əhvalat və hadisələrin meydana gəlməsi üçün geniş şərait yaradır. "Eldən-elə, bəydən-bəyə ozan gəzər" təsəvvürü, təbii ki, bu prosesdə müxtəlif tipli hadisələrin baş verməsini, ustadların ona şahidlik etməsini və bəzən də sırf iştirakçı olmasını təbii əsasa bağlayır. Baş verən əhvalat və hadisələr isə müxtəlif səpkili epik örnəklərin yaranması üçün əsas olmaqla, həm də sənətkarların həyatının bir hissəsi kimi yaddaşlara yazılır. Dastan-rəvayətlərin, səfər hadisələrinin yeni bir axara yönəlməsi, variantlaşması da bu prosesdə qaçılmazdır.

Aşıq Ələsgərlə bağlı yaranan dastan-rəvayətlər də məhz ustadın həyatının bir hissəsi olub onun ömür yolunu, yaradıcılığının ümumi mənzərəsini aydınlaşdırmaq üçün əsaslı material verə bilmək xüsusiyyətilə diqqət önünə gəlir. Bununla belə, folklor üçün səciyyəvi olan epik təxəyyül imkanlarını, xalqın arzu və istəklərindən doğan səfər hadisələrini və həmin coğrafiyalarda rast gəlinə biləcək sənət qarşılaşmalarını da nəzərə almaq lazımdır.

Orta çağlara məxsus ustadların həyat və fəaliyyətilə bağlı avtobioqrafik bilgilər həmişə azlıq təşkil etmişdir. Çünki onların ömür yolu ilə bağlı faktların vaxtında yazıya alınmaması sonrakı mərhələlərdə aydınlaşdırmalar aparmaq üçün müəyyən çətinliklərin yaranması ilə nəticələnmişdir. Məhz bu səbəbdən də ayrı-ayrı şeirlərdə olan fikir və mülahizələr xüsusi əhəmiyyət daşıyır və sonrakı dövrdə əlavə bilgilər almaq üçün bir qaynaq rolunu oynayır. Ələsgərin yaradıcılığında da bu tip poetik örnəklər kifayət qədərdir. Onların hər birisi ustadın ömür yolunun hansısa məqamlarını aydınlaşdıra bilmək baxımından əhəmiyyətlidir. Hətta ayrı-ayrı şeir, bənd və misralar epik mətnlərin meydana gəlməsi imkanlarına gedib çıxacaq qədər zəmin yaradır. Məmmədhüseyn Təhmasib bu incəliklərə diqqət yetirərək bir örnəyi nümunə verir və vurğulayır ki, "aşıq hər bir sözün, ifadənin mənasını belə incədən-incəyə müəyyənləşdirib sonra işlədən sənətkardır. Onun məşhur "Narın üz" təcnisi haqqında maraqlı bir rəvayət vardır. Deyirlər ki, o, bu təcnisin dörd bəndini qoşmuş, "narın üz"ü beş müxtəlif mənada işlətmişdir. İfadənin altıncı mənasını, yaxud məna çalarını tapa bilmədiyinə görə yazdırıb qüdrətlərinə inandığı müasirlərinə göndərmiş, tamamlanmasını xahiş eləmiş, hətta kim bu altıncı mənanı tapıb beşinci bəndə qoşa bilsə təcnisi ona bağışlayacağını vəd etmişdir. Lakin belə bir şair tapılmamışdır. Günlərin birində o, dağda bir alaçığa qonaq düşübmüş. Ev sahibi aşığa çay-çörək gətirmək üçün qızını səsləmiş və xüsusi bir tapşırıq vermişdir ki, qonağa "narın üz" gətirsin. Beləliklə, "narın üz"ün son mənası tapılmışdır". "Narın üz" bişmiş südün üzündəki qaymaq hissədir. Tarixin ayrı-ayrı dönəmlərində yaşayıb yaratmış sənətkarlar xalqın yaddaşında həm də bu tip əhvalat və hadisələrlə qalmışlar. Ağsaqqallar, el müdrikləri, sənət biliciləri bunları bir örnək, mənəviyyat və yaşam nümunəsi olaraq ayrı-ayrı yığnaqlarda, el şənliklərində danışmaqla onların həm də tərbiyəvi mahiyyətinə diqqət yetirməyə çalışmışlar.

Aşıq Ələsgərlə bağlı dastan-rəvayətləri rəngarənglik və yaranma müxtəlifliyi baxımından bir neçə istiqamətdə qruplaşdırmaq olar:

a) ustad sənətkarın özü tərəfindən yaradılmış örnəklər;

b) ustadın yaxın çevrəsi, şagirdləri tərəfindən aşığın söyləmələri əsasında yaradılmış dastan-rəvayətlər;

c) aşığın ayrı-ayrı səfərləri və məclis aparmaları zamanı baş vermiş hadisələr əsasında həmin hadisələrin iştirakçıları (şahidləri) tərəfindən düzülüb-qoşulmuş hekayətlər;

ç) ailə, nəsil söyləmələrindən qaynaqlanan hadisə və əhvalatlar;

d) aşığın müasirləri və qarşılaşdığı ustad sənətkarlar tərəfindən düzümlənən epik söyləmələr;

e) sonrakı dönəm aşıqlar tərəfindən təxəyyül hesabına meydana gələn və xalq arasında yaşayan dastan-rəvayətlərlə bağlı yaranan variant söyləmələr;

ə) ustadın müxtəlif şeirləri əsasında aşıqlar və xalq tərəfindən yaradılan dastan-rəvayətlər və s.

Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər bütün spektrlərilə ustadın həyat və yaradıcılığını, mühitini, bağlantılarını, ayrı-ayrı səfərlərini və s. əhatə etmək imkanları ilə diqqəti çəkir.

Aşıq Ələsgər öz zəngin yaradıcılığı ilə xalqın qəlbində əbədiyaşarlıq qazanmışdır. Bu ucalıq xalqın sənətə, eləcə də:

 

Yaxşı hörmət ilə, təmiz ad ilə

Mən dolandım bu Qafqazın elini.

Pirə ata dedim, cavana qardaş,

Ana-bacı bildim qızı-gəlini

 

- sözlərilə özü ilə bağlı düşüncəni mənəviyyat, şəxsiyyət, yaşam örnəyi kimi diqqət önünə gətirən sənətkara olan qiymət meyarıdır. Ustadla bağlı dastan-rəvayətlər də bunun ifadə örnəyi olaraq aşıq repertuarında uzun illərdir ki, özünə yer almaqdadır. Bu dastan-rəvayətlər, haqqında dolaşan əhvalat-hekayətlər aşığın sağlığında sazı-sözü ilə məclis apardığı coğrafiyadan qat-qat geniş ərazini əhatələyir.

Ələsgərlə bağlı dastan-rəvayətlər, xatirə-əhvalatlar hər birisi məzmun və mahiyyətilə ciddi əhəmiyyət daşıyır. Həmin örnəklər ustad aşıqlar, el ağsaqqalları, aşığın həmkəndliləri, yaxınları, onunla həmsöhbət olanlar tərəfindən deyilənlərdir. Burada sənətkar şəxsiyyəti, onun bənzərsiz istedadı və haqq aşıqlığına məxsus keyfiyyətləri dolğun təfsilatı ilə təqdim edilir. Ona görə də Aşıq Ələsgərin yaradıcılığı bu istiqamətdə həmin dastan-rəvayət, hadisə-əhvalatlar səviyyəsində milli-mənəvi düşüncəmizin qızıl fonduna daxil olmuşdur.

Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlərin böyük əksəriyyəti bütün göstəricilərinə görə onun həyat hekayətləridir. Onun ömür yolunun ayrı-ayrı məqamları buraya hopmuşdur. Daha doğrusu, ustad sənətkar bu əhvalat-hekayətlərlə dastanlaşmışdır. Dastanlaşan Aşıq Ələsgər bütün hallarda öz taleyinə   istedad imkanlarına söykənir. Xalq onun haqqında nəyi yaratmışdırsa, buna inanıb yaratmış, aşığın bədii obrazını rəngarəng (həm də əvəzsiz) boyalarla mükəmməl şəkildə cızmışdır.

Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlərdə həm onun, həm də görüşdüyü digər aşıqların obrazları, hərəkət və davranışları, münasibətləri və s. boy göstərir. Məsələn, iki azman sənətkarın - Aşıq Hüseyn Şəmkirli ilə Aşıq Ələsgərin timsalında gerçəkləşən görüş-qarşılaşma bütünlükdə sənət (şəxsiyyət) ənənəsi baxımından olduqca səciyyəvidir. "Aşıq Ələsgər qapı-bacada hərlənib qonağın yolunu gözləməyə başladı. Bir də gördü ki, Zod yolu ilə bir atlı gəlir. Atlı gəlib kəndə yaxınlaşanda yolun qırağında yer sulayan Məşədi Paşanın yanında dayandı. Nə danışdısa, Məşədi Paşa əlini kəndə tərəf uzatdı. Sonra atlı yoluna davam elədi. Aşıq Ələsgərin ürəyinə damdı ki, bu, Aşıq Hüseyn olacaq. Damın üstündən aşağı düşdü, qonağı qarşılamaq üçün yola tərəf getdi. Qarama deyilən suyun yanında bir-birinə çatdılar. Aşıq Ələsgər gördü ki, boz atlı, qara yapıncılı, sarıyağız, qırmızı saqqal, üzündə tək-tək çopuru olan bu nurani kişi həmin yuxuda gördüyü adamdır.

Aşıq Hüseyn atdan düşdü, görüşdülər...

Aşıq Ələsgərlə Aşıq Hüseyn danışa-danışa evə tərəf getməyə başladılar. Bunlar qapıya çatanda Məhəmməd də çatdı. Məhəmməd əlini Aşıq Hüseynə uzatdı:

- Hüseyn əmi, xoş gəlibsən.

- Xoşbəxt olasan. A bala, sən mənim "Hüseyn əmi" olduğumu hardan bildin?

- Vallah, Hüseyn əmi, qağam dedi ki, Şəmkirli Aşıq Hüseyni yuxuda görmüşəm, bizə qonaq gələcək. Bu heyvanı da ona görə gətirtdirdi.

Aşıq Hüseyn şübhədən çıxdı".

Aşıq Ələsgərlə bağlı əhvalat-hekayətlər və dastan-rəvayətlər də özündən sonrakı dövrün aşıqlığı üçün bir sənət istinadgahıdır. Aşıqlar tərəfindən bir-birinə ötürülən avtobioqrafik bilgilər və ayrı-ayrı süjet elementləri daşıyan şeirlərdən doğan təəssürat sonralar ortaya çıxa biləcək epik mətnlərin ana qaynağıdır. Bir çox dastan-rəvayətlər məhz bu zəmin üzərində biçimlənmiş, geniş areallara yayıldıqca variantlaşaraq yeni görüntülərlə ortaya çıxmışdır. "Aşıq Ələsgərin Gəncə səfəri", "Aşıq Ələsgərin İrəvan səfəri", "Aşıq Ələsgərin Naxçıvan səfəri", "Aşıq Ələsgərlə Hüseyn Bozalqanlının görüşü", "Aşıq Ələsgərin Ağbaba səfəri" və s. dastan-rəvayətlər məhz bu şəkildə dastanlaşma prosesinə girmişdir.

Bəzi hadisələrin ayrı-ayrı dastan-rəvayətlərin tərkibində təkrarən peyda olması, İrəvanda, Şınıq-Gəncəbasarda, Qarabağda eyni məzmunda bir daha ortaya çıxması çoxsaylı variantlar meydana gətirmişdir. Bu səpkidən olan epik mətnlərə kənar aşıq müdaxiləsinin olduğu aydın şəkildə görünür. Ancaq bu dastanlaşma və variantlaşma prosesinin təbii halıdır və onları nəzərə almaq lazımdır. Folklorşünas Aynur Xəlilova haqlı olaraq bu məsələ ilə bağlı aşağıdakı elmi dəyəri verir: "Aşıq yaradıcılığının tarixi səciyyəsindən aydın olur ki, xalq dastanlarımızın əksəriyyəti dastan-rəvayətlər şəklində aşıqların repertuarına yerləşmiş, sonradan tədrici təkamül prosesi keçirərək özlərinin indiki görkəmini almışdır". Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlərin tam dastanlaşa bilməməsi isə XX əsrdə həmin prosesin əvvəlki səviyyədə gedə bilməməsilə bağlıdır.

Aşıq Ələsgər haqqında olan dastan-rəvayətlər ustad aşıqlar - Talıb Ələsgəroğlu, Zodlu Ağayar, Hüseyn Cavan, Hüseyn Saraclı, Şıxlı Məhəmməd, Dəmirçi Hüseyn, Əkbər Cəfərov, Ədalət Nəsibov, İmran Həsənov, Murad Niyazlı, İsgəndər Ağbabalı, Mais Gəncəli, Hacı Bayramov, Fətulla Göyçəli, Mahmud Məmmədov, Bəhmən Göyçəli və b. tərəfindən danışılmış və yayılmışdır. Bu örnəklərin toplanması və nəşrində Məmmədhüseyn Təhmasib, Əhliman Axundov, Vaqif Vəliyev, Mürsəl Həkimov, İslam Ələsgər, Rüstəm Rüstəmzadə, Sədnik Paşa Pirsultanlı, Qara Namazov kimi folklorşünasların xidmətlərini də qədirşünaslıqla xatırlamalıyıq. Aşıq Ələsgərin 1972-ci ildə keçirilən 150 illik yubileyindən başlayaraq 175, 180, 190 illik yubileyləri boyunca poetik irsinin, həmçinin, haqqındakı dastan-rəvayətlərin nəşr olunması ustad sənətkarın irsinə və xatirəsinə böyük ehtiramın ifadəsi olmuşdur.

Bu il görkəmli saz-söz ustadının 200 illik yubileyinin tamam olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı mübarək sərəncam bir çox dəyərli işlərin gerçəkləşdirilməsinə imkanlar açdı.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə fəaliyyəti nəticəsində yubiley ilində xeyli antoloji nəşrlər və elmi kitablar hazırlanmışdır. "Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər" antoloji nəşri də həmin yubiley ərməğanlarından biridir. Bu dəyərli toplu ulu ozanın ömür və sənət yolunu, eləcə də poetik irsinin uzaqmənzilli hüdudlarını ortaya çıxarmaq və aydınlaşdırmaq üçün ən dəyərli qaynaqlardan olacaqdır.

 

Məhərrəm QASIMLI,

Mahmud ALLAHMANLI

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.26-27.