Günəşə qarşı
Hekayə
-
Dünyaya təkrar gəlsəydiniz kim
olmaq istərdiniz?
-
Özüm olmaq istəyərdim. Gəncliyimdən
daha səmərəli istifadə edərdim. Bir də birinci şəxsin təki ilə
danışan bir qadından roman yazmaq, özümün
dişi versiyamı yaratmaq istərdim. Halımı,
vəziyyətimi qadın olsaydım, necə görərdim.
Bunu içəridən, daxilən hiss etmək
istərdim. Nəticədə, bir kişiyəm
və nə qədər çalışsam da, onun sərhədlərindən
kənara çıxa bilmirəm. Bir
qadının dünyagörüşü, birinci şəxsin
təki ilə roman yazmaq, inandırıcı olmaq, hətta
dedi-qodu olaraq bunu Orxan Pamuk yazmayıb deyə biləcək qədər
bir roman yazmaq istərdim. Buna görə də
öz qadın halımı yaşamaq istərdim.
Orxan Pamukun bu cavabı məni həmişə
düşündürüb. İndi öz qadın
versiyamla - Günəşimlə söhbəti təqdim edirəm.
Bir şeyə hər şeydən və ya heç bir
şeydən çox üstünlük verilirmi? Eşq bəzən
adama hər şey, bəzən də heç nə verir.
Həmişə eyni bir şəxs olaraq qalmaq
mümkündürmü? Bəzən
yaşadığımız bir anı əldə etmək istəyirik.
Təzədən başlayır həmin hisslər,
duyğular. Ancaq o deyil. Halbuki bənzərsiz olan hər şey - eşqdə,
ədəbiyyatda, yaddaşda üstümüzdən bəzən
quru alov kimi, bəzən isə bir sel kimi axıb keçər.
Bizdən əvvəl və sonra var olan bir titrəmənin,
həyat nişanəsinin varlığını dərk etməyimiz
üçün öz qabığımızdan
çıxmağımız bəsdir.
Bu titrəmlər nə mənim həyatıma, nə də
onunkuna əhəmiyyət verir. Var olan, ancaq
özünü göstərməyən, o gizli, böyük
və sonsuz sirlərə qarşı müvəqqəti də
olsa, zəfər qazanmaq üçün sevirəm və
yazıram. Zəfərin anlıq
olduğunu bilirəm.Yazının zəfəri daxilimdəki
gizli gücü və enerjini çıxarır. Bu, ömrümüz boyu etdiklərimizin heç
birinə bənzəmir. Var olmaqla
olmamağın xaricində bir şeydir bu.
- Sevgi
özünü kəşfdir?!
- Deyil, məncə.
Çünki elə biri gəlib çıxa
bilir ki, qarşına sənin içindəki səni
tapıb çıxarır, hətta bəlkə də
özü bir o içində insan olur. Və
səni belə yavaş-yavaş dəyişib sən eləməyə
çalışır. Artıq elə bir
iz qoyur ki səndə, özü yanında olmasa da, içindən
tapıb çıxardığı sən (yəni bir o) səninlə
olur yenə də. Daha geri
dönüşü belə olmur, silə də bilmirsən
ağlından.
- Günəşə
qarşı olmaq bir zərurətdir. Sən isə Günəşin
heyran qaldığı o mükəmməl misranın
özüsən! Bitmir o möhtəşəm misralar, bitmir!
-
Maraqlıdır, ay mənim dişi versiyam, həyatda nədən
zövq alırsan?
- Həyatda
nədən zövq alıram. Çünki
Günəşin daxilində yaranan xoşbəxtlik, hər
hansısa bir əmma olmadan, xoşbəxt edən hadisələrin
baş verməsidir. Məsələn, deyəcəksən
necə? Mən hər an ya səs-küylü
bir mühit, ya da sakit, hamıdan uzaq bir məkan istəyə
bilərəm.
Bunları istədiyim anda qazana bilirəmsə,
bacarıramsa, bu özü böyük bir şeydir. Nəyəsə
məcbur qalmağı sevmirəm, istəmədiyim bir
şeydən anında vaz keçə bilmək, istədiyim
bir şeyi anında qazana bilmək mənim üçün
böyük zövq olacaq.
- Nələrdir
bu istəklər bəs?
- Hər an dəlicəsinə kitab oxuma təbi gələr
mənə, heç kəs mane olmasın. Hər an sakit bir musiqi dinləmə təbi gələr,
çəkilərəm bir kənara, yenə də hamıdan
uzaq. Hər an aşırı pozitiv musiqi dinləyib,
rəqs etmək istərəm gözlərim bağlı.
Və yenə hamıdan uzaq.
Hər an gəzintiyə getmək istərəm, uzun
bir yola çıxmaq istərəm, amma bitməsin o yol. O
yolun həzzini hiss edim iliklərimə qədər. Mən çünki çox sevirəm uzun yol getməyi.
"Sürətin və yolun özündə nəsə
məstedici bir qüvvə var". Hər
an mətbəxi özüm alaram əlimə, səhər yeməyindən
şam yeməyinə qədər hamısını hazır
edib çıxaram, yenə mənə heç kəs
toxunmasın. Hər an təbi gələr
saçıma, özümə, üzümə qulluq edərəm.
Geyinərəm, bəzənərəm,
hazır olub duraram güzgü qarşısında.
Hər an film izləmə təbi gələ bilər.
Kimsə almasın ordan məni.
Hər an susmağı da seçə bilərəm. Sadəcə, susaram.
Və mənə bunlarla bərabər zövq verən ən
başlıca bir şey var, özümü izləmək. Güzgüyə
baxmaq. Güzgüdəki cizgilərinə
qədər izləmək. Və ona sevgi etiraf etmək! Bu əsla, əsla özündən razılıq
deyil. Düşüncəmə görə,
insan birinci özünü sevməyi bacarmalıdır. Həm sevilmək üçün, həm də sevə
bilmək üçün, həm də həyatdan zövq
almaq üçün. Bilirsən necədir.
Mənim içim o zaman danışardı ki, məni
dərinə çəkib aparan hər hansısa musiqi
olardı. Sadəcə ona köklənər,
yazmağa başlardım.
Amma indi?
İndi isə sən məni sanki hipnoz edirsən,
düşürəm bir dərinliyə, çıxa bilmirəm,
çıxmaq istəmirəm. Elə hey
danışır içim və susmaq bilmir.
O xaricimdəki
sükutu pozmaq istəyirəm, saatlarla, bəlkə, yorulmadan
danışaram sənlə. Amma niyə? Nəyə görə? Anlamıram…
- Sən
çox dərinsən, Orxan Pamuk demişkən, mənim
qadın versiyam, proyeksiyamsan.
- Dərin
olan sənsən, məni də ora çəkib aparmısan.
Ona görə də dediyim kimi, mən sən olan yerdəyəm!
- Heyran
qaldım buna. Hətta susmağına da. Gəl, tərifi qoyaq kənara, bu saat, bu dəqiqə
elə zənn edirəm ki, içimdən çıxasan
çölə. Hətta indi bu dəqiqə
əndam aynasında özümə baxıram və Səni
arzulayıram. Arzulayıram deyəndə sənlə
görüşmək istəyirəm. Amma
sən həm varsan, həm də yoxsan.
- Sən
heyransansa, susmağı seçərəm hər zaman. Zatən
susduğum zaman səndən başqa hər kəsə
susmuş oluram…
- Nədənsə,
səni Günəş kimi görürəm. Günəş
ən böyük və parlaq ulduzlardandır. Mən də…
- Sənin Ulduz olmağın üçün tək
olmağın gərək. Onda göydə bir Ulduz axtarsın
gözlər gərək… Sən təksən! Yoxdur
bənzərin. Əgər göydə
gözlərin gördüyü ulduz saysızdırsa, demək
ki, sən yoxsan orda. Amma Günəşin
öz Ulduzumu?! Heç kəsin görmədiyi,
hamıdan gizlətdiyi, bax bu ola bilər. Elədirsə əgər, o Günəş sonsuzadək
işığı ilə qoruyub saxlamağa
çalışar Ulduzunu.
- Bu
gün də belə getdi, sənli və sənsiz. Qadın versiyam, niyə bu qədər dəyişkənsən?
Niyə bu qədər qərarsızsan? Niyə bu qədər inkarçısan?
- Sənsən
günü yaşadan. ənsən ürəyimi
məndən qoparan. Sənsən ən gözəl
anı yaşadan. Sənsən
qışı qovub, məni var edən. Nədir
indi günün əhəmiyyəti?!
Təki sən var, gün bitməz mənə.
- Mən
sən və Tanrının yerinə baxıram. Sən tanrının məktub-şeirisən?
Bilirsən necə?
- Necə?
- Necə
ki, gözəl bir efemer - çiçək Tanrının məktubudur.
Onu anlamaq üçün, dərk etmək, gözəllik
duyumu üçün... Çünki bir
çiçəyin var olması üçün
bütün kainat işləməlidir. Eləcə
də sən zəriflik və gözəlliyin məktub-şeirisən.
Oxumaq və duymaq lazım. Mənim
üçün də bir məktub-şeirsən. Kəşf etmək, Günəşində
qızınmaq və dünyanı dərk etmək
üçün. Hətta sən məni
Tanrıya yaxınlaşdıran məktub-şeirsən.
Tanrıya daha çox dua edirəm. Tanrıya təşəkkür edirəm.
Günəşi, məktub-şeiri qarşıma
çıxardığı üçün...
- Bu mənim
üçün sonu olmayan, gözəl bir mənzərəsi
olan yol kimidir.
Gedirəm, elə hey gedirəm. Sənə
çatıram, amma yolun sonu yoxdur ki, çatım. Çünki ziddiyyətlər qanununa görə sənin
qadın versiyan olan mənlə birləşməyin 3-cü
müstəvidə mümkündür. Sən
mənim üçüncü müstəvimsən.
Gedirəm və sadəcə getmək istəyirəm,
yorulmadan, usanmadan. Gəldiyim o yola belə baxmaq istəmirəm…
-
Tanrı dünyanı niyə yaratdı? Öz
gözəllik və kamlilliyini görmək istədi. Ona görə. Lakin bu bəs etmədi.
İnsanı yaratdı ki, başqa şüurlu
bir varlığın gözü ilə öz gözəllik
və kamilliyini görsün və göstərsin. Başqa bir gözlük pəncərəsindən də
baxsın. Və baxdı da. Mən də bax eləcə, ay iki gözüm, sənin
gözlük pəncərəndən də baxıram. Tanrı bu işi mənə tapşırıb.
Ancaq incə bir fərq var: Mən sənin camal və
kamalını görür və göstərirəm. Gözlərimin
sənə az da olsa, təsiri ondandır.
Yəni səndəndir, Günəşim!
- Ay mənim,
özüm. Kişi versiyam. Mənə
mənim gözlük pəncərəmdən baxırsan?!
Bəs söylə mənə necə canıma can olmusan, qəlbimə
yol, gözümə nur olmusan?! Görə
bilirsənmi? Bilirsən nədir o can? Gördükdə
əlim titrər, baxdıqda içim titrər. Bəs bilirsənmi necədir o yol?
O yol sənə
gedir hara baxsam, o yol sənə çıxır hara getsəm.
Gözlərim gözlərini, ruhum ruhunu axtarır. Dünya dağılsın,
baxmaram geri. Məni o gözlərdən alan
olmur, mənim yolumdur o gözlər, qəlbimin yoludur o
gözlər. Yazmaq istəsəm, əllərim
səni yazır, oxumaq istəsəm, gözlərim səni
görür. Bilirsənmi necədir
insanın özünü tapa bilməsi?
Çətin…
Bəlkə də hər kəs bu şansı
qazanmır həyatda.
Mən Özümü tapana qədər ki günlərimi
düşünürəm, çox boş gəlir mənə
o günlər. Ruhsuz bədən kimi. Bədənsiz ruh kimi. Məni
Ruhuma sən qovuşdurdun. Mənim ruhum sən
oldun. Mənim özüm sən oldun.
Səndə
özümü, özümdə səni tapdım mən, ay
özüm!
- Bu həyatda
şeirlər, hekayələr, esselər yazdım... Yaşıma görə çox, yüzlərlə
kitab oxudum. Amma heç nə məni bu qədər
titrətmədi. Kundera, Saramaqo, Lyosa, Tolstoy, lap olsun
Dostoyevski heç kim məni bu qədər
gözəl anlamadı, ifadə etmədi. Sən
mənim ən gözəl, məhrəm, estetik, mənalı
əksim. Üçüncü müstəvidəki
görüş yerim.
- Deyəsən,
bizdə bir az narsistlik, bir az da aşiqlik
var.
- Bayaqdan
mən danışıram. İkimizin də
yerinə. Bir de görüm, Ülvi
Babasoyu necə görürsən?
- Ülvi
Babasoy: Çox rahat, sərbəst, açıqsözlü
bir insan. Çəkinmədən addım ata
bilən, istəklərini hər zaman həyata keçirmək
istəyən insan. Sevirsə sevirəm,
sevmirsə sevmirəm deyə bilən insan. Çəkinmədən, sıxılmadan içindən
gəldiyi kimi davrana bilən insan. Riskə
gözüyumulu gedə bilən insan. Sonu
pis və ya yaxşı düşünmədən indini bir
indi olaraq yaşamaq istəyən insan. Həyata
elə rahat bir şəkildə, açıq gözlərlə
baxır ki, düşünmür bunun indisi yaxşı,
sabahı pis olar deyə. Düşünür ki, indi
yaxşıdırsa, qoy indini yaşasın, sabah
zatən gələcək. Sabahı da sabah
düşünər, sabaha da sabah qərar verər. Bəs nədir onun sabahı? Onun
elə bugünü də, dünəni də, sabahı da
eynidir. Çünki o, hər günü bu gün olaraq
yaşayır və necə bugünü yaxşı
yaşamaq üçün can qoyursa, hər günü, hər o bu günü yaşamağa da elə
canını qoyur.
Ona
görə də sabah belə olar, sabah pis
olar deyə düşünmür. Yaxşı
olacaq deyə artıq qərarını verir. Pis olsa belə o pisi görmür, görməzdən
gəlir. Pis gün hər insana
düşməndir, əlbəttə, amma pis gün Ülvi
Babasoyun görməzdən gəldiyi gündür, yenə də
yaxşı olaraq yaşamağa
çalışdığı gündür. Babasoy bir insanı incitməz, qırmaz, bunları eləmək
istəməz. Bilməyərəkdən
etsə belə, onu unutmaz. Və Babasoy
qırılmaq, incidilmək istəməz həyatda. Onu həddindən artıq çox sevən bir insan
olsun qarşısında, hətta ondan ötrü canından
keçə biləcək biri. Əgər o sevmirsə,
o insanı qəlbinə toxunmadan bildirər, amma yenə də
onu istəmədiyini hər an deyə bilər
üzünə. Yox, əgər bir insanı istəyirsə,
o insan onu istəməsə də, istəsə də nə
olur-olsun, ona istəyini bildirməyə çalışacaq.
Bu istəyi yaşamaq mümkün və ya
qeyri-mümkün olsun, gözünü yumub heç kəsi,
heç nəyi düşünmədən könlündəkini
dilə gətirə bilən bir insandır. Ülvi Babasoy həyatda hələ də tam olaraq
istəklərinin nə olduğunu anlaya bilmir. Hər günü üçün bilir, amma gələcəyi
üçün bilmir. Hər gün nə
istəyirsə, onu yaşamaq istəyir. Amma sabah nəyi yaşamaq istəyər deyə
bilmir! Bəlkə də, ən yaxşı bunu
bilir. O ancaq "istədiklərini yaşamaq istəyir".
Ülvi Babasoy rahatlıq istəyir, problem, dərd,
sər olmadan. Bəlalardan uzaq həyat.
Gözəlliklərdən ibarət həyat.
O rahatlığı içərisində də rahatlıq
istəyir. Necə? Məsələn,
seçdiyi insanların özünə oxşamasını
istəyir. O istəyəndə qalsın, o istəməyəndə
getsin. Onun üçün sevgi varmı, yoxmu
deyə bunu yalnız o bilir. Başqa
heç kəs bilmir. Az
qalmışdı ki, yaddımdan çıxsın. Bir də Günəş bilir, bəlkə.
- Günəş
qadın, sən isə çox mükəmməl bir insan
olmaq çabasındasan. Bəlkə də, eləsən.
Əvəzedilməz, möhtəşəm, incə,
zərif qəlbli biri. Hamıya
baxışın birdir.
- Uzun
çəkdi, deyəsən. Bəzi insanlar bir-birinin
yanından keçən gəmilər kimidir. Sən isə
mənim içimdən boylandığın üçün
yenidən üz tuturam sənə:
"Ey ölüm, qoca kapitan, vaxt yetişdi, vədə
doldu.
Bu diyar sıxdı bizi, ölüm.
Sonsuzluğa
fırladaq çərxi
Bilinməzin dibində tapmaq üçün yeni şeyləri".
- Gözlər
vərəq, kirpik qələm yazmağa.
Hə, sonsuzluğa fırladaq çərxi. Günəşə
qarşı!
10 noyabr
2021
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.29.