Üstünə toz qonar, bəzən, silmərik..,

Bir vaxt qurban olduğumuz şəkillər...

 

Hərdən öz-özümə məktub yazıram,

Yazıram xoş gördük, salam, necəsən?

Necəsən, ay mənim sevgidən yetim,

Həyatdan küsülü balam, necəsən?..

 

Varmı axtaranın, arayanın bir,      

Zəng edib halını soranın varmı?

Birdən xəstələnsən başının üstə,     

Gecədən sübhədək duranın varmı?..

 

Yadında qalıbmı buludtək dolub,

Sonra yağış kimi yağdığın vaxtlar...

Yazı lövhəsində sevirəm yazıb,

Çevrilib o qıza baxdığın vaxtlar...

 

Yaman kövrək idin uşaqlığında,   

İndi gəncliyində söylə necəsən.

Özün qürbətdəsən, ruhun vətəndə, 

Sən indi gündüzsən, yoxsa gecəsən...

 

Sən indi dünyanın hansı fəslisən,

Hansı nəğməsisən, a kövrək balam...

Gözləri yollarda, qulağı səsdə,

Qəlbi səksəkədə yalqız, tək balam...

 

İndi yoxuşdurmu ömür yolların,

Günlərin idi qaralmayıb ki...

Bir vaxt güvəndiyin uca dağları,

Duman almayıb ki, qar almayıb ki...

 

Hərdən öz-özümə məktub yazıram,

Nigaran qalıram hərdən özümdən...

Yazıram, sən Allah, uzağa getmə,

Qorxuram, uzağa getmə gözümdən...

 

***

 

Düşünmə ölmüşəm, hələ ki sağam,

Budaqda saralan qərib yarpağam,

Gəlməsən beləcə quruyacağam...

Hərdən yuxuma gəl, olar, gülüm...

 

Gəl çatmır nəfəsim, nəfəs ver mənə,

Ömürlük qalmağa qəfəs ver mənə,

Bir az yaşamağa həvəs ver mənə...

Hərdən yuxuma gəl, olar, gülüm...

 

Yığışdır yollardan izimi gətir,

Götür ocağından közümü gətir,

Səndə saxladığım özümü gətir,

Hərdən yuxuma gəl, olar, gülüm...

 

Gizlətmə o süzgün baxışlarını,

Kövrəlmə, görməyim göz yaşlarını,

Buludam, gəl yağdır yağışlarını,

Hərdən yuxuma gəl, olar, gülüm...

 

***

 

Bu ahdı, amandı çəkirsən,

Sanki sirat körpüsündən keçirsən,

Sevmədiyin oğlanamı köçürsən?

Özü öz toyunda ağlayan gözəl...

 

Səni görmədiyin qəhərmi boğur,

Ömrünə açılan səhərmi boğur,

Köçüb gedəcəyin şəhərmi boğur,

Özü öz toyunda ağlayan gözəl...

 

Ömrünü hər zaman təzə-tər görən,

Bir az xoşbəxt görən, bəxtəvər görən,

Duymaz göz yaşını indi hər görən..,

Özü öz toyunda ağlayan gözəl...

 

Bəsdi, ürəkləri üzmə, amandı,

Dərdi dərd üstünnən, düzmə, amandı,

Ağlaya-ağlaya süzmə, amandı..,

Özü öz toyunda ağlayan gözəl...

 

***

 

Hələ deyiləsi sözüm qalıbdı,

Hələ həsrətinə dözüm qalıbdı,

Neyləyim, getsən , gözüm qalıbdı,

Kəsmə saçlarını, kəsmə, amandı...

 

Düşünmə rahatlıq tapar əllərin..,

O zərif əllərin, o qar əllərin...

Yazıqdı, günaha batar əllərin,

Kəsmə saçlarını, kəsmə amandı...

 

Nədir saçlarına axı qəsdin, ?

Dönmə ürəyimdə hicran büstünə.

Belə gözəlliyin durma qəsdinə...

Kəsmə saçlarını, kəsmə amandı...

 

Fikrimin təzə-tər cığırlarıdı,

Qəlbimin keçməyən ağrılarıdı.

Bəlkə , ömrümün axırlarıdı..,

Kəsmə saçlarını, kəsmə amandı...

Çıxma, insaf eylə sözümə qarşı,

Çıxma kor olmamış gözümə qarşı...

Cinayət eyləmə özünə qarşı,

Kəsmə saçlarını, kəsmə amandı...

 

***

 

Elə bilməyin ki, doyub gedirəm,

Bir şirin yuxuya uyub gedirəm,

Mən sizi yalqız qoyub gedirəm,

Gecələr, gecəniz xeyrə qalsın...

 

Bir sevgi nəğməniz ola bilmədim,

Axıb könlünüzə dola bilmədim,

Sizinlə baş-başa qala bilmədim..,

Gecələr, gecəniz xeyrə qalsın...

 

Tanrı yaratmadı məni Ay sizə,

Coşqun dəniz sizə, axan çay sizə...

Alın ürəyimi, verim pay sizə,

Gecələr, gecəniz xeyrə qalsın...

 

***

 

Sizi tapdamağa ürəyim gəlmir,

Ayağım altında ölən yarpaqlar.

Ay payız xətrinə, payız eşqinə

Qəlbimi ikiyə bölən yarpaqlar...

 

Hərəniz bir payız məktubusunuz,

Oxuyub bitirə bilmirəm sizi.

Qorxuram ağaclar küsərlər məndən,

Əlimə götürə bilmirəm sizi...

 

Ay zərif yarpaqlar, kövrək yarpaqlar,

Çovğuna düşməyin, qara düşməyin...

Siz axı, siz payız əmanətisiz,

Düşün ürəyimə, yerə düşməyin...

Sizi tapdamağa ürəyim gəlmir...

 

***

 

Gözümüzdə acı hicran saxlayar,

Qəlbimizi bir az yavan saxlayar,

Qocalarıq, bizi cavan saxlayar,

Gec-gec yada saldığımız, şəkillər...

 

Könlümüzdən, perik düşər, bilmərik,

Fikrimizdən nələr keçər.., bölmərik..,

Üstünə toz qonar, bəzən, silmərik..,

Bir vaxt qurban olduğumuz şəkillər...

 

Həyat nədir? sual-sual yağarıq.

Olanından gözümüzə yığarıq.

Darıxanda bircə-bircə baxarıq,

Xəyallara daldığımız şəkillər...

 

Ürəyimiz, əsim-əsim əsəndə,

Bir gözəldən sevgi üstə küsəndə..,

Qapımızı ayrılıqlar kəsəndə..,

Əlimizdən saldığımız şəkillər...

 

***

 

Dözmür ürəyinin ağrılarına,

Yalana sığınan doğrularına,

Aldanır məhəbbət oğrularına,

Ürək tutmasından ölür şairlər...

 

Bəzən bir gözəlin könlünü alıb,

Bəzən bir gözəldən ürəyi sınıb..

Bəzən bir gözəldən nigaran qalıb,

Ürək tutmasından ölür şairlər...

 

Gedib ayrılığın qapısın döyür,

Dərdin yekəsinə "mənim"di deyir,

Bütün sevənlərin xətrinə dəyir..,

Ürək tutmasından ölür şairlər...

 

Oxşayıb öz sünbül, süsən şeirini,

Başının üstünü kəsən şeirini...

Yazıb bitirməmiş bəzən şeirini,

Ürək tutmasından ölür şairlər...

 

Dönür xatirəyə min bir baxışda..,

Dönür xatirəyə qarda, yağışda

Bəzən cavan yaşda, bəzən gənc yaşda,

Ürək tutmasından ölür şairlər...

 

Hər gün dəlib-deşir söz ürəyini,

Doğru ürəyini, düz ürəyini..

Qoruya bilməyir öz ürəyini..,

Ürək tutmasından ölür şairlər...

 

***

 

Elə bilmə günlərin

Mənsiz yaxşı keçəcək.

Xatirələr yığışıb,

Ürəyinə köçəcək..,

Mənsiz darıxacaqsan...

 

Qonşu qızlar söz salıb,

Səndən söz alacaqlar.

Hərəsi bir şeirimi,

Yadına salacaqlar,

Mənsiz darıxacaqsan...

 

Gözlərinin sevinci,

Axıb qəmdən keçəcək.

Xəyalından keçsə,

Gəlib məndən keçəcək,

Mənsiz darıxacaqsan...

 

Düşüb bağdan, bağçadan,

Gül-çiçək dərəcəksən,

Hər gün yuxularında,

Sən məni görəcəksən,

Mənsiz darıxacaqsan...

 

Qoşqar QARAÇAYLI

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.30.