Söz adlı Vətən,
yaxud nağıl kimi olaylar
Gün gələr,
Sağır
gecələrin səssizliyində
Bir
qapı döyülər...
Həsrətlə
yandığımız
Və əsla
geri dönməyəcək sandığımız
Keçmişimiz
Bizə gələr
- istəyinin başa gəldiyi bir aura
qapsamışdı dekabrın 14-də AYB-nin Natəvan
klubunu. Eynilə, ustad Serhat Kabaklının bu unudulmaz
misralarının halınca... Yəni,
"acı-şirin hər dəminə həsrətlə
yaşadığımız və əsla geri dönməyəcək
sandığımız keçmişimizin bizə gəldiyi",
bizə qovuşduğu anın içindəydi tədbir
iştirakçıları. Serhat Kabaklı ustadın
dililə gesək, könül vadisini bir hüzur
sardığı gün idi... Söz adlı vətənin
qoynunda idik...
Həmin
gün Natəvan klubunun qonaqları Türk Ədəbiyyatı
Vəqfinin başqanı, şair Serhat Kabaklı və
"Türk ədəbiyyatı" dərgisinin baş
redaktoru, yazıçı-tərcüməçi İmdat
Avşar idi... Əvvəlcə sözügedən
Vəqfin təsis etdiyi "Türk Dünyasına
üstün xidmət" mükafatlarının təqdimatı
keçirildi. Natəvan klubunun
çoxillik fəaliyyəti tarixində bəlkə də bu
təqdimat o ilklərdən idi ki, bir neçə hissədə,
fərqli biçimdə, fərqli bayramlaşma şəraitində
keçirilirdi. Məsələn, ilk olaraq
"Türk dünyasına üstün xidmət"
mükafatları təqdim edildi. Bu
mükafatların sahibi Yazıçılar Birliyinin sədr
müavini Rəşad Məcid və tanınmış
şair-publisist Əjdər Ol idi. Sonra "Vektor" Elm Mərkəzi
tərəfindən Serhat Kabaklıya "Fəxri doktor",
İmdat Avşara "Şahmar Əkbərzadə"
mükafatı təqdim edildi. Serhat Kabaklı
AYB-nin təsis etdiyi "Nizami" mükafatına sahib oldu.
Sonra
İmdat Avşarın Bakıda aybKitab layihəsi çərçivəsində
nəşr olunan "Göyərçin sevdası"
kitabının və 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin
Türk Ədəbiyyatı Vəqfi tərəfindən
İstanbulda Türkiyə türkcəsində nəşr
olunan "Sevdanın sonu yoxdur" adlı şeirlər
toplusunun müzakirəsi keçirildi. Tam bir konfrans, ədəbi-bədii
simpozium səviyyəsində...
Azərbaycan Yazıçılar Birliyinin sədr
müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid əvvəlcə Türk Ədəbiyyatı Vəqfinin
Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə
böyük töhfələr verdiyini qeyd edərək, tədbir
çərçivəsində təqdim edilən
mükafatlar barəsində qonaqları məlumatlandırdı. Bildirdi ki,
Türkiyə bizim qardaş cümhuriyyətimizdir. Ədəbi-mədəni, ictimai-siyasi əlaqələrimizin
böyük qardaşlıq tarixi var. Bu əlaqələrin
möhkəmlənməsində Türk Ədəbiyyatı Vəqfi
bir təşkilat olaraq çox unikal layihələrə imza
atıb. Bütün sahələrdə əlaqələrimizin
kenişlənməsi türkçülük
düşüncəmizin daha parlaq səhifələrini
açmaqdadı və bu prosesdə Türk Ədəbiyyatı
Vəqfinin xüsusi yeri var...
Professor,
"Vektor" Elm Mərkəzinin başqanı, şair
Elçin İsgəndərzadə çıxış edərək,
dərin səmimiyyətlə diqqətə
çatdırdı ki, "millətimizin tarixində Azərbaycan
Yazıçılar Birliyinin müstəsna
yeri var. Qurumun inzibati binası yaxın 30 il boyunca mənim
doğma Qarabağ, Şuşa nisgilimi ovudub. Bu
gün burada ədəbiyyatımızın yaxın dostu və
təbliğatçısı, Türk Ədəbiyyatı Vəqfinin
başqanı Serhat Kabaklı xocamız iştirak edir.
Deyim ki, Azərbaycan ədəbiyyatının inkişafı,
təbliği üçün Yazıçılar Birliyimiz,
Birliyin sədri Anar müəllim hansı işi görürsə,
qardaş Türkiyədə də Türk Ədəbiyyatı
Vəqfi və vəqf başqanı Serhat Kabaklı da həmin
işi görür".
Serhat bəy qarşılığında E.İsgəndərzadəyə
dərin təşəkkürünü bildirdi. Dedi ki, "bizim
uşaqlığımızdan Türk dünyası Azərbaycan
idi. Biz Azərbaycanın dərdi ilə ilk qələm
təcrübələrimizi yazdıq. Azərbaycana
ilk gəlişimdə torpağı öpmüşdüm.
Türklüyün, türk ədəbiyyatının
mərkəzi Azərbaycan - Bakıdır. Azərbaycanı türk mədəniyyətinin mərkəzi
kimi görməyimizdə Azərbaycan Yazıçılar
Birliyinin, azərbaycanlı aydınların, elm xadimlərinin
xüsusi rolu var".
"Türk
ədəbiyyatı" dərgisinin baş redaktoru İmdat
Avşar da bu xüsusda fikirlərini bölüşdü:
"Burada Türk ədəbiyyatı Vəqfinin dəyərli
fəaliyyətindən geniş şəkildə söz
açıldı. Bu vəqfdə çox ciddi
fikir adamları, siyasi insanlar birləşiblər. Eyni zamanda mənim rəhbərliyim altında nəşr
olunan "Türk ədəbiyyatı" dərgisi həm ədəbiyyat,
həm də digər sahələrin adamlarının
çıxış etdiyi bir kürsüdür. Əlli ildir davam edən "Çərşənbə
söhbətləri"miz var ki, bu söhbətlər
zaman-zaman türk siyasətinin, türk ədəbiyyatının
gündəmini məüəyyən etmişdir.
Türklüyün mədəniyyət tarixini,
türklüyün sənət dəyərlərini ortaya
çıxarmışdır... Mən Azərbaycana
ilk dəfə gələndə böyük duyğular
yaşadım. Vaxtilə Evliya Çələbinin
ziyarət etdiyi bu dünyada yeni bir səyahətnamə də
mən hazırladım. İnanın ki, nakam şəhid
şairimiz Ülvi Bünyadzadənin anasını o vaxt
görsəydim boynuna sarılıb "bir oğlun da
Anadoludan gəldi" - deyərdim...
Tədbirin sonrakı bölümündə
yazıçı, "Qobustan" jurnalının baş
redaktoru, filologiya üzrə fələsfə doktoru Pərvin
Türkiyə - Azərbaycan ədəbi əlaqələri
barədə ətraflı söz açdı. Günün gözəl gün
olduğunu xüsusilə vurğuladı: "Uzun vaxt idi ki,
ürəklərimiz belə açılmırdı. Bu görüş yeni bir sevginin, yeni bir
sayğının və yeni bir ədəbiyyat ilişgisinin
başlanğıcıdır. Bütün
olanları yada salanda düşünürəm ki, bu deyilənlər,
sadəcə, bir-birimizə dediyimiz xoş sözlər deyil,
daha çox bir-birimizin xarakterini açan,
özümüzü özümüzə tanıdan
münasibət sərgiləməsidir. Bizi
bir-birimizə daha da yaxınlaşdıran bir vasitədir.
Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan
ədəbiyyatını tanıtmaq sahəsindəki xidməti
əvəzsizdir. Hər dəfə bizə
nağıl kimi olaylar, dünyalarca xoş anlar yaşadıb.
Bu münasibətlərin heç biri mənə
təsadüf kimi görünməyib. Deməyi
özümə borc bilirəm ki, dyərli İmdat Avşar
qardaşımızın ədəbi əlaqələrimizin
genişlənməsində xüsusi xidmətləri var. Azərbaycan
oxucusu İmdat bəyi yaxşı tanıyır. Dərs
dediyim universitetin tələbləri də onu sevə-sevə
oxuyur, əsərlərini müzakirə edirlər. Hərdən məndən soruşurlar ki, müəllim,
doğrudanmı siz İmdat bəyin təsvir etdiyi o gözəl
yerlərə səyahət edib, o diyarı
görmüsünüz? Cavab verirəm:
"Görmüşəm də, gəzmişəm də, hələ
bir, yaşamışam da!"
Sonra İmdat Avşar əsərləri ilə
bağlı universitet tələbələrinin ona
ünvanladığı sualları cavablandırdı. Tədbir
diskurssiya şəkildə davam etdi.
Ardınca şair-publisist Narıngül Nadir İmdat bəyin
çoxşaxəli yaradıcılığının
özəlliklərindən söz açdı.
Tanınmış
şair, Əməkdar müəllim Ofelya Babayeva, Əli Kərim
adına Sumqayıt Poeziya evinin rəhbəri, AYB-nin poeziya
seksiyasının sədr müavini İbrahim İlyaslı
Serhat Kabaklının yaradıcılığı
və Azərbaycan türkcəsində nəşr olunan
"Bil, oğlum" (uyğunlaşdıranı
İ.İbrahimli) kitabı barədə fikirlərini
bölüşdülər.
20 Yanvar
şəhidi, nakam şair Ülvi Bünyadzadənin
bacıçı Könül Bünyadzadə qonaqları
salamlayaraq "doğma evinizə xoş gəlmisiniz" -
dedi: "Ülvinin şeirlərinə olan diqqətdən bir
bacı kimi qürur duymuşam. Eyni zamanda da həmişə
düşünürdüm ki, görəsən qardaş
Türkiyədə Ülvini tanıyırlarmı?
Türk Ədəbiyyatı Vəqfinə və onun
başqanı Serhat bəyə dərin təşəkkürümü
bildirirəm ki, mənim bu nigarançılığıma
son qoydu, şəhid qardaşımın "Sevginin sonu
yoxdur" adlı şeirlər kitabını nəfis şəkildə
türkiyəli oxuculara çatdırdı. Eyni
zamanda İmdat bəyə, Rəşad Məcidə minnətdarlığımı
bildirirəm. Mən Rəşad bəyə
və "525-ci qəzetə" həmişə
böyük qardaşım kimi baxmışam. Ona güvənmişəm..."
Bu sırada Zaur Ustac İmdat Avşara, Narıngül
Nadirə və Xəyalə xanıma "Ziyadar"
diplomları təqdim etdi. Tədbiri AYB-nin sədr
müavini Rəşad Məcid yekunlaşdırdı.
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.31.