Tarixi dəyişən adam
Respublika Prezidenti, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin 60 illik yubileyinə
Tarixi dəyişən
Adam!
Bu gün
- dekabrın 24-ü Sizin dünyaya göz
açdığınız, tarixə gəldiyiniz
gündür! Dünyaya gəldiyiniz o qış günündən
daha altmış qış, altmış bahar keçib! Bu
altmış ildə bir əsri digəri əvəz edib, bir
min il başqasına keçib. Siz əsrlərin
kəsişdiyi narahat çağın adamı, minillərin
dəyişdiyi təbəddülatlar dönəminin lideri, kəmiyyət
dəyişmələrinin keyfiyyət çevrilməsinə
məruz qaldığı sıçrayışlar
erasının Prezidentisiniz! Yəqin, bu üzdən Sizin
öz xalqınız qarşısında ali
missiyanız dəyişən zamanlar arasında körpü
olmaq, kəsişən tarixlər arasında körpü
salmaq oldu:
azad
ölkəmiz o körpüdən gələcəyə
keçsin deyə;
müstəqil dövlətimiz tarixin o üzündəki yeni
dünyanın bərabərhüquqlu üzvü olsun deyə;
qəhrəman millətimiz dünya tarixi kitabına öz
imzasını qoysun deyə!
Siz
dünyaya bir millətin hadisi olmaq, bir dövlətin
başında durmaq üçün gəldiniz! Gələn
gündən də öz arzunuza, oğul-qızınıza,
xalqınıza, bəxtiniz-yazınıza doğru yol
aldınız! Heç özünüz də fərqinə
varmadan zamanın çiyninizə qoyduğu çətin,
şərəfli missiyanı uğurla yerinə yetirmək
üçün hazırlandınız! Bunun üçün
Heydər Əliyev kimi alicənab bir atanın soyundan soy, Zərifə
xanım kimi nəcib bir ananın boyundan boy aldınız!
Sizi
qarşıda hər insanın çəkə bilməyəcəyi
böyük sınaqlar, hər liderin keçə bilməyəcəyi
ağlasığmaz imtahanlar gözləyirdi! Bu sınaqlardan
daha böyük zəfərlə, bu imtahanlardan daha
böyük hünərlə çıxmaq üçün
Tanrı bir dəstəyini də Sizdən əsirgəmədi
- Sizə həyatınızın qadını Mehriban xanımı qismət
elədi! Sizin nikahınız göydə kəsildi! Və
arzularınız güllər açdı - Leylanız,
Arzunuz, Heydəriniz dünyaya gəldi!
Tanrı
şans vermək istədiklərini öncə ən çətin
sınaqlardan keçirir və kim bu
sınaqlardan nə qədər keçirsə, bir o qədər
də dəylərləndirir. Füzuli
babanın dili ilə desək, "kim nə miqdardırsa, əhlini
ol miqdar eləyir". Siz də Moskvada ən çətin
məhrumiyyətlərə birlikdə uğradınız ki,
sonra xalqın maddi rifahı, xoşbəxt gələcəyi
üçün birlikdə çalışasınız!
Bakıda çoxsaylı çətinlikləri
aşdınız ki, sonra xalqa asan xidmət edə biləsinız!
Nə çətinliklərdən çəkindiniz, nə
sınaqlardan qorxdunuz! Ən dərinlərə endiniz, ən
ucalara qalxdınız!
Amma hələ
zaman o zaman idi!
SSRİ zəlzələdən
dağılan nəhəng göydələn əzəmətiylə
çökmüş, tarix təngnəfəs olmuş,
zamanın bağları qırılmışdı - dünya
qopurdu! Bütöv ölkələr, xalqlar Hamlet sualı
qarşısında qalmışdı - ölək, yoxsa
qalaq! Zaman dünyanın az qala
yarısını divanə bir dilemma qarşısında
qoymuşdu - it hürənə gedək, yoxsa işıq gələnə?!
1990-cı il Qanlı Yanvar günü təkcə
xalqımızın milli azadlıq ideyası ilə meydanlara
çıxan ən igid oğul-qızları yox, kommunist
ideallarına olan inam da sovet imperiyasının tankları
altında qalıb xıncm-xıncım olmuşdu!
Şuşa, Xankəndi, Ağdərə, Xocalı, Xocavənd,
Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Kəlbəcər,
Qubadlı, Zəngilan... O vaxtkı hakimiyyətin
başında duran, nəzəriyyə ilə praktikanın fərqini
ayırd edə bilməyən, populist "vətənpərvərlik"
patetikası ilə dolu çıxışlarıyla
xalqın beynini dumanlandırmağa
çalışanların səriştəsizliyi
üzündən bölgələrimiz ermənilər tərəfindən
bir-birinin ardınca tutulmuş, ölkə qaçqın-köçkünlərin
ah-naləsi, şəhid analarının fəryadı ilə
dolub-daşan nəhəng, qaynar bir qazana
dönmüşdü! Bıçaq sümüyə
dayanmış, sabahkı günə güvən
qalmamışdı! İndi xalqı bu zülümdən qətiyyətli
bir liderin iradəsi, ölkəni bu durumdan Tanrının
hökmü xilas edə bilərdi!
O lider
Tanrının seçdiyi, xalqın səs verdiyi cənab Heydər
Əliyev oldu! Zülmət səltənətində
işıq şüası, xalqın son ümid yeri olan ulu
öndər! O, Moskvaya nələr qoyub getmiş, indi
qayıdıb nələr görürdü -
tüstüsü kəsilən ocaqlar, siyasi hərc-mərclik,
iqtisadi tənəzzül, vətəndaş müharibəsi
təhlükəsi, bir-birini dabanqırma izləyən hakimiyyət
çevrilişləri, dərəbəylik və
bütün bunlar azmış kimi, əldən gedən
Qarabağ!.. Azadlığın anarxiya, anarxiyanın
azadlıq kimi dərkindən
doğan misli görünməmiş xaos!.. H.Əliyev
başıpozuq dəstələr yerinə nizami ordu
yaratdı, atəşkəsə nail oldu, vətəndaş
müharibəsi ocaqlarını bir-birinin ardınca
söndürdü, beynəlxalq aləmlə diplomatik
münasibətləri tənzimlədi, torpağı kəndliyə
verdi, məcrasından
çıxmış mədəni həyatı öz ritminə
qaytardı, əsrin neft müqaviləsini imzaladı. Azərbaycançılıq
ideologiyasını əsas tutaraq, yeni Azərbaycan dövləti,
modern cəmiyyət quruculuğunun əsasını qoydu!
Tarixi dəyişən
Adam!
Bütün
bu ümummilli taleüyüklü sorunların
çözümündə Siz həm cismən, həm də
mənən varisi olduğunuz ümummilli liderin, ulu öndərin
yanında oldunuz! Məhz 90-cı illərdə
topladığınız zəngin təcrübə
sonrakı illərdə Prezident kimi uğurlu fəaliyyətinizin
nəzəri əsasında durdu və Heydər Əliyev cənablarının
öz siyasi varisinə dərin inam ifadə edən bu sözləri
heç də təsadüfən demədiyinin təsdiqinə
çevrildi: "İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
Bu, Sizə təkcə atanızın yox, bütün
atalar və anaların inamı, təkcə bir şəxsin
yox, bütün xalqın etimadının ifadəsiydi. Siz 2003-cü ildə
Prezident seçkilərindəki qələbənizdən
sonra andiçmə mərasimində əlinizi Müqəddəs
Kitaba basaraq, üçrəngli bayrağımız
önündə demişdiniz: "Mən hər bir azərbaycanlının
Prezidenti olacağam!". Və
oldunuz da. Millətindən, irqindən, dinindən, sosial
mənsubiyyətindən, siyasi mövqeyindən asılı
olmayaraq hər kəsin! Bunun sayəsində Azərbaycan
dünyanın ən tolerant ölkələrindən birinə,
multikulturalizmin, dostluğun, xoşgörünün,
barışın mehrabına çevrildi. Siz neftin insan kapitalına çevrilməsi işinin
əsasını qoydunuz, hər yerdə insan amilini ön
plana çəkdiniz. Sizin rəhbərliyiniz
altında Azərbaycan iqtisadi, sosial, siyasi, hərbi, mədəni
sahələrdəki inkişaf baxımından regionun lider
dövlətinə, Bakı öz gözəlliyi ilə
bütün dünyanı heyran qoyan meqapolisə çevrildi.
Sizin çevik diplomatik zəkanız hesabına
ölkə ən müxtəlif beynəlxalq təşkilatlara
üzv oldu, Bakı ən önəmli beynəlxalq tədbirlərin
keçirildiyi məkana, planetin elm, mədəniyyət mərkəzlərindən
birinə çevrildi. Siz Heydər
Əliyevin dövlətçilik kursunu təkrar yox, davam və
inkişaf etdirdiniz. Alman dahisi O.Şpenqlerin terminləri
ilə desək, ulu öndər dövrünün Azərbaycanı
milli tariximizə mədəniyyət, Sizin
başçılıq etdiyiniz Azərbaycan isə sivilizasiya
dönəmi kimi daxil oldu!
Mədəniyyət
və sivilizasiya!
Bunlar
dünya səmalarında qətiyyətlə pərvaz eləyən
Azərbaycan adlı bir qartalın biri digərini inkar yox, təsdiq
edən, tamamlayan qoşa qanadları oldu!
Amma ən
ali görəviniz - Qarabağı
düşmən tapdağından azad etmək, zamanın kor
gedişini dayandırmaq, haqqı-ədaləti bərpa etmək
hələ qarşıdaydı! Bunu neçə illərdir
düşmən tapdağında qalan vətən
torpağı gözləyirdi! Bunu öz səsini
böyük çoxluqla Sizə verən xalq istəyirdi! Bunu
ulu öndər vəsiyyət edirdi! Bunu Qarabağ müharibəsi
şəhidlərinin müqəddəs ruhu arzulayırdı!
Nəhayət, Sizi bu ali görəvin icrası
üçün seçən Tanrının özü tələb
edirdi!
Birinci
Qarabağ müharibəsi olaylarından 30 ilə yaxın bir
vaxt keçirdi! Ötən hər il
Qarabağa qayıtmaq ümidini bir az da azaldır, bu
qayıdış çoxlarımıza ta qiyamətə qədər
çözülməyəcək bir sindrom, bir mif, əfsanə
kimi görünürdü. Qarabağı düşməndən
azad etmək mifi reallığa, əfsanəni gerçəyə
çevirmək, mümkünsüzü mümkün eləmək
demək idi! Qarabağı düşmən torpağından
azad etmək tarixi dəyişmək demək idi!
Tarixi dəyişən
Adam!
Siz tələsmədiniz!
Nə erməni lobbisinin dünyada yaratdığı və
keçilməz görünən informasiya blokadası, nə
problemə ikili standartlarla yanaşan, onun
çözümünü tədbirdən-tədbirə, ildən-ilə
ötürərək həllolunmaz sindroma çevirən beynəlxalq
güclərin, nə də ölkə daxilindəki
müxalif qüvvələrin təzyiqi dəmir iradənizi
sındıra, Sizi öz yolunuzdan, öz amacınızdan
döndərə bilmədi.
Sizin Zəfər
yolunuz qılıncdan öncə qələmdən,
döyüş meydanlarından qabaq diplomatik cəbhədə
başladı! Siz beynəlxalq informasiya blokadasını aradan
qaldırmaqla düşmənin cəbhə xəttini Qarabağdan
öncə Ankara, Moskva, London, Paris, Romada... yardınız!
Beynəlxalq qüvvələr nisbətini öz xeyrimizə dəyişməklə
problemin çözümündə əsaslı
dönüş yaratdınız! Siz
balanslaşdırılmış siyasət hesabına indiyədək
mümkünsüz görünən bir işin öhdəsindən
gəldiniz - tarixən bir-birinə zidd beynəlxalq siyasi
güclərin hər ikisinin dəstəyinə nail oldunuz!
Xalq Sizə
həmrəylik göstərdi, qardaş və dost ölkələr
arxa durdu, Tanrı yardımçı oldu! Dəmir
yumruğumuz düşmənin başında şimşək
kim çaxdı! Amma Siz təkcə 44
günlük müharibədə yox, 17 illik Prezidentlik dönəmindəki,
60 illik ömür yolundakı Zəfərə imza
atdınız! Müzəffər Ali Baş Komandan oldunuz!
Bu gün
hamı təsdiq edir ki, Qarabağ zəfəri sadəcə
erməni vandalizmi, daşnak qaragüruhu üzərində
deyil, ermənipərəst beynəlxalq güclər üzərində
qələbədir! Bu, haqqın nahaq üzərindəki qələbəsi,
ədalətin yer üzündəki təntənəsidir!
Qarabağ zəfəri regional deyil, bütün dünya siyasi
düzəninə təsir edən qlobal, planetar zəfərdir!
Bu, tarixi dəyişən qələbə, ən müasir
müharibə strategiya və taktikasının parlaq
nümayişidir! Bu gün dünya Sizin hərb
sənətindəki təcrübənizdən öyrənir!
Şuşa məscidləri bu zəfər
üçün qoşa qollarını göylərə
açıb, Allaha şükr, Sizə dualar eləyir. Mən də şükr eləyir,
mən də dua edirəm:
Allah,
sənə şükr olsun!
Şəhidlərimin
adı
adın
kimi zikr olsun!
Şəhid
bacıları bacım,
anaları anam olsun!
İlbilgə
xatun Mehriban,
Bilgə
xaqanımız İlham olsun!
Qazilərimizə
ehtiram,
Dost ellərə
salam olsun!
Şuşaya
Sizin çəkdiyiniz bir yol gedir - Zəfər
yolu!
O yol
2020-ci ilin 8 noyabrından - Şuşanın Azərbaycan əsgərinin
ağlasığmaz rəşadəti hesabına azad edilməsindən,
Qarabağ savaşının son günündən
başlayır! O yol 2020-ci ilin 27 sentyabrından - Qarabağ
savaşının ilk günündən başlayır! O yol
2003-cü ilin oktyabrından - Sizin Prezident seçkilərinizdəki
ilk qələbənizdən başlayır! 1993-cü
ildən - ulu öndərin hakimiyyətə
qayıdışından başlayır. 60 il öncədən - Sizin doğum
gününüzdən başlayır.
Yol
başlayır, amma bitmir, tükənmir!
Tarixi dəyişən
Adam!
Bu bitib-tükənmək
bilməyən Zəfər yolunda bütün xalqımız
adından Sizə yeni zəfərlər arzulayırıq!
60 illik
qutsal savaşınız mübarək!
60 illik Zəfəriniz
mübarək!
Əsəd CAHANGİR
Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.8-9.