Tarixin İlhamı, İlhamın Tarixi
Kulturoloji-tarixi oçerk
Kulturologiya elmində müəyyən
zamanda baş verən hadisələr vasitəsilə o tarixi
dövrü dəyərləndirməyə
çalışılır. Bu mənada Azərbaycanın
çağdaş, daha dəqiq ifadə etsək, modern
tarixinin yeni mərhələsi o kədərli hadisəylə
başlandığını qəbul etmək lazımdır.
İndi əksəriyyəti yüksək rütbəli
zabit və general kimi ordumuzda xidmət edən,
Qarabağdakı 44 günlük Vətən müharibəsində
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm
Qələbəni xalqımızın alnında
qızılı yazıya çevirən ovaxtkı yeniyetmə
kursantların qarşısında iradəli sərkərdə
kimi nitq söyləyən zaman ümummilli lider Heydər
Əliyevin xalqın eşqiylə çırpınan polad
ürəyi dözmədi, iki yerə parçalanmış
Azərbaycanımız torpaqları kimi çat verdi. Hələ də birdəfəlik həllini gözləyən
Qarabağ münaqişəsi dahi şəxsiyyətin infarkt
nöqtəsinə çevrilmişdi. Fəqət
tarixin ən işıqlı simalarından biri kimi vaxtilə
özünün yaratdığı hərbi məktəbin
yubileyinə həsr olunmuş tədbirində Heydər
Əliyev təkrarən kürsüyə qayıtdı və
bir daha sübut etdi: özündən sonra bu xalqa, ölkəmizə,
ən əsası da dövlətimizə elə bir şəxsiyyət
yetişdirdi, yadigar saxladı ki, ulu öndərin həyata
keçirməyə çalışdığı, fəqət
çatdıra bilmədiyi planları, xalqımızın
Qarabağın azad edilməsi ilə bağlı ülvi arzularını
uğurla reallaşdıracaq...
Azərbaycanda dövlətçilik
sükanı möhkəm, böyük iradə sahibi olan
şəxsin əlinə keçdi: 2003-cü ildən sonra cəmiyyəti
həyəcanlandıran hadisələr baş vermədi: əksinə,
tariximizin post-Heydər Əliyev dövrü
dövrümüzün neo-İlham Əliyev mərhələsinə
təkamül etdi. Məhz belə bir mürəkkəb zamanda
İlham Əliyev yeni tarix yazmağa başladı: özü
ilə birlikdə insanlarımızı zəmanənin tələblərinə
uyğun dəyişməyə, fərqli, daha modern bir cəmiyyət
quruculuğuna start verdi. Prezident
İlham Əliyevin dünyanın inkişaf etmiş dövlətlərin
təcrübəsindən yararlanaraq başladığı
siyasi-iqtisadi islahatları bütün sahələrdə
genişləndi, gücləndi, dərinləşdi.
XXI yüzilliyin
başlanğıcından etibarən sabiq sovet
dövranının xiffətini çəkən köhnə
nəsil nisgilliyi, xarici qüvvələrin hər tərəfdən
parçalamağa çalışdığı əhalinin
sosial gərginliyi, 1 milyona yaxın qaçqın və məcburi
köçkünün ağır durumu, SSRİ-dən qalma,
Heydər Əliyevin dühası nəticəsində
dağılmaqdan xilas edilmiş, əsasən neft və qaz sənayesi
kimi formalaşdırılmış iqtisadiyyatdakı
durğunluğu, illərlə uzanan müharibə şəraiti,
bir hissəsi mühacirətə köklənmiş, bir hissəsi
mövsümi işləmək üçün Rusiyaya gedib-gələn
cavanların gələcəyə inamsızlığı
kimi problemlərlə qarşılaşan ölkədəki
mürəkkəblik peşəkar siyasətçini çəkindirmədi:
İlham Əliyev hansı ağır
missiyanı öhdəsinə götürdüyünün fərqində
idi. Baş nazir təyin olunan, sonra xalqın etimadını
qazanaraq Prezident seçilən İlham Əliyev ölkə
daxilində və beynəlxalq aləmdə siyasi xadim, dövlət
rəhbəri kimi nüfuzunu daha da artırmalı, həm də
bütün sahələr üzrə peşəkarlar
formalaşdıraraq vətəndaşları, zəmanənin
tələblərinə uyğun dəyişməli, tarixdə
iz qoyacaq proseslərə gücləndirilməli idi...
Əgər indi bu barədə
geniş təhlillər aparılırsa, yazılırsa,
danışılırsa, güman etmək olardı ki, həm
ölkənin dövlət rəhbəri, həm də
dünyaya səpələnmiş, sayları 50 milyonu keçən
soydaşlarımızın milli-siyasi xadimi kimi nüfuzunu
durmadan artıran İlham Əliyev tarixin o dönəmində
zəmanənin onun qarşısına qoyduğu o nəhəng
missiyasını bütün mürəkkəbliyi ilə birlikdə əla öyrənmiş, analiz edərək
böyük siyasətin qlobal məkanına qədəm
qoyduğunu da əla bilirdi. İ.Əliyev əvvəlcə
Milli Məclisdə millət vəkili xalqın sevimlisinə
çevrilməyi bacarmışdı: daha sonra Avropa siyasi məkanında
- ATƏT PA-nın üzvü, AŞPA sədrinin müavini
kimi planetar masştabda nüfuz qazandı, indiyə qədər
də dünyanın ən nüfuzlu siyasi liderlərindən
biri kimi tanınmaqdadır. O zaman da, indinin özündə də
hamı bilirdi: İlham
Əliyev unikal tarixi şəxsiyyət, ulu Heydər Əliyev
siyasi-fəlsəfi dövlətçilik məktəbinin, bir
qədər də aydın ifadə etsək, şəcərəsi
qədimlərə gedən genetik irsin layiqli
davamçısıdır.
İlham Əliyev Baş nazir kimi
məsul dövlət vəzifəsinə keçəndən
sonra geniş sahələri əhatə edən iqtisadi-siyasi,
sosial-ictimai, mədəni və intellektual islahatlara rəhbərlik
etməyə başladı: onun əsas tarixi vəzifəsi
tam yeni cəmiyyət, dövlətçilik sistemi, dövlət
aparatı, rəsmi qurumlar yaratmaq,
formalaşdırmaq, bəzilərini yenidən qurmaq və
oturuşmuş siyasi-rəsmi texnologiyaları təzələmək,
dünyadakılara alternativ olanları milliləşdirərək
Azərbaycanda tətbiq etmək idi.
Əsrin “Neft Müqavilələri”ni
imzalayandan və həyata keçirməyə
başlayandan, Qarabağda atəşkəsə
nail olandan, ölkədaxili sabitliyi bərpa edəndən, beynəlxalq
aləmdə respublikamızın geosiyasi təsirini yüksəkliyə
qaldırandan sonra Heydər Əliyevin başladığı,
fəqət genişləndirərək başa
çatdıra bilmədiyi tarixi islahatları, olduqca mürəkkəb
prosesləri İlham Əliyev uğurla davam etdirdi.
Prezident İlham Əliyev əsl
tarixi şəxsiyyət kimi məntiqli-mərhələli
addımlar atırdı: həm ölkə daxilində, həm
də beynəlxalq geosiyasi məkanlarda irəlilədikcə,
özü ilə birlikdə yüzlərlə, minlərlə
peşəkar siyasətçi, diplomat, hərbiçi, idman,
elm, mədəniyyət adamı, incəsənət
istedadı, ictimai aktivist, vətəndaş cəmiyyəti fəalı,
hüquqşünas, iqtisadiyyatçı, beynəlxalq
qurumlarda rəsmi vəzifələrə təyinat alan, gənclər
təşkilatları lideri, müxtəlif profilli məmur
yetişdirməyə başladı ki, bunu da tarixçilər,
kulturoloqlar, filosoflar və tarixçilər “xalqın yenidən
formalaşdırılması” adlandırırlar.
İlham Əliyev həyatda, siyasətdə
ustadı sayılan atası kimi, respublikanı
addım-addım gəzdi, Qarabağa, Naxçıvana, Gəncəyə,
Bərdəyə, cənub və şimal bölgələrinə
dəfələrlə səfər etdi; Türkiyə
başda olmaqla, Türk dünyası, Şərq ölkələri,
MDB dövlətləri, Avropa, Amerika, Afrika və Asiyaya rəsmi,
bəzən də işgüzar səfərlərə getdi;
BMT, YUNESKO, NATO, İSESKO,
İƏT, ATƏT, QH, GUAM kimi beynəlxalq təşkilatlarla
uzunmüddətli, qarşılıqlı əməkdaşlıq
müxanizmlərini qurdu; işgüzar görüşlər,
bağlanan müqavilələr, imzalanan coxsaylı sənədlər,
şəxsi əlaqələr, fərqli formatlar, qlobal
tribunalar, xarici KİV-də çıxışlar, rəngarəng
münasibətlər, bir sözlə, tarix yaratmaq
üçün nəhəng liderə lazım olan
bütün atributlar, texnologiyalar, mexanizmləri işə
saldı: bunlar bizim gözümüzün qabağında baş
verirdi deyə, bəlkə də çoxlarımızın fərqində
deyildi, fəqət, bu prosesləri yaxından izləyən
mütəxəssisləri belə heyrətləndirən fəaliyyəti
ilə tamam yeni bir siyasət peşəkarının dövlətinə,
xalqına həsr etdiyi ömür enerjisi idi bu.
Əslində, 2000-ci ildəki 44
günlük müharibə zamanı Ali Baş Komandan,
Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti
sanki idmanda marafon yarışına çıxan atletin
finişə az qalmış sürətini
artırdığı kimi, Böyük Qələbəyə
qədər xalqı 20 il ardıyca aparan sərkərdənin
illər boyu hansı ağır prosesləri zərgər dəqiqliyi
ilə idarə etdiyinin əyani sübutu idi.
Azərbaycanla yanaşı,
iqtisadi, logistik, geosiyasi baxımdan yüz minlərlə
qandaşımızın yaşadığı qonşu
Gürcüstanı da az qala təzədən qurmaq, yaratmaq,
yeniləmək lazım gəldi: neft və qaz kəmərləri,
dəmir yolu, avtomobil trassı, Türkiyəyə və
Avropaya açılan qapılar, bir sözlə, ölkəmizin
ətrafında – xaricdə qlobal layihələr həyata
keçirmək bizə vacib idi. Bir anlıq düşünək
ki, Gürcüstana və Türkiyəyə milyardlarla sərmayə
qoymasaydıq, neft və qazımızı dünya bazarına
çıxarmağa alternativ və daha etibarlı imkanlar,
yollar yaratmasaydıq, Rusiyadan keçən və istənilən
vaxt bağlana bilən köhnə neft kəmərinə
möhtac qalsaydıq, indiki qlobal iqtisadi böhran
çağında nələr baş verərdi?!
Prezident uğurla irəlilədikcə,
bizi də - islahatlara meyilli cəmiyyətimiz, xüsusən də
İlham Əliyevin dünya səviyyəsində
formalaşdırmaq istədiyi kreativ düşüncəli,
yeni baxışlı gənclər də onun arxasınca
gedir, bir sözlə, tarix, beynəlxalq aləm tamam fərqli,
yenilənmiş bir xalqın səfərbər olduğunun
şahidinə çevrilirdi.
Çağdaş dünyanın
intellektual-kulturoloji beyin mərkəzinə, unikal memarlıq
incisinə çevrilən paytaxt Bakı, günü-gündən
siması dəyişən bölgələr, xaricdə
formalaşdırılan milli diaspor və mədəniyyət
mərkəzləri, Türkiyə-Azərbaycan
qardaşlığının əbədi bağlara
çevrilməsi, dövlətimizin, ölkə
başçısının, məmurların beynəlxalq təşkilatlara
rəhbər vəzifələrə seçilmələri,
dünya miqyaslı idman yarışları, mədəniyyət,
din, humanitar forumlarının təşkili, Avropa və
İslam Olimpiya Oyunlarının reallaşdırılması,
Avroviziya yarışlarında möhtəşəm qələbələr,
idman yarışlarında qazanılan minlərlə medal,
iqtisadiyyatımızın, kənd təsərrüfatımızın
şaxələnməsi, sürətlə genişlənməsi,
ümumiləşdirsək, əsrlər boyu xalqımızın
arzuladığı dövlət müstəqilliyimizin bəhrələrindən
məhz Prezident İlham Əliyevin səyi nəticəsində
millətimiz, insanlarımız yararlanmağa başladı,
özü də davamlı surətdə.
Prezidentdən ilham alan
yeni nəsil nümayəndələri də tamam dəyişir,
püxtələşir, liderimizin arzuladığı formada Vətənimiz
üçün məsuliyyətli, məhsuldar,
yaradıcı, sənətində peşəkarlaşan şəxslər
kim yetişirdi: ideoloji-mənəvi, dövlətçilik-ruhi
liderimiz bizi doğru istiqamətə, böyük tarixi qələbəyə
doğru apardığına sonsuz inamımız bizi xaotik
toplumdan inkişaf etmiş sivil, demokratik, multikultural cəmiyyətə
çevirirdi.
Tariximizin
İlhamı Azərbaycanda İlhamın tarixini yazır,
dünyada yeni bir formatda modern dövlət modelini
yaradırdı. Ölkəmizin ətrafında rəngli
üsyanlar, cürbəcür siyasi-dini-demokratik eksperimentlər
aparan dünya gücləri Rusiyanı, Gürcüstanı,
Ukraynanı, Moldovanı parçalamağa hesablanmış
siyasi-inqilabi çaxnaşmalar aparan zaman geosiyasət üzrə
ustad nüfuzunu qazanan İlham Əliyev dövlətçilik
islahatları ilə durmadan mükəmməlləşdirilən
modern formasiya təklif edirdi: ASAN Xidmət, DOST Mərkəzləri,
hərbi quruculuq prosesləri, bölgələrin, kənd təsərrüfatının
inkişafı layihələri, gənclər siyasəti kimi
çoxsaylı dövlət proqramları, Qarabağın
düşməndən azad edilməsi kimi məsələlər,
əslində, Prezidentin, sözdə deyil, əməli fəaliyyəti
ilə xalqa xidmət etdiyinin göstəricisidir.
İnamsız,
xaotik toplumdan qüdrətli, zamanın tələblərinə
cavab verən cəmiyyət formalaşdırmaq hər tarixi
şəxsiyyətin qismətinə düşən bəxtəvərlik
deyil. Bunu vaxtilə Şah babamız Xətai edib,
Qızılbaşlar İmperiyasını qurmuşdu; XX əsrin ikinci yarısından
sonra – siyasi repressiya dövründə, eyni zamanda II Dünya
müharibəsində yüz minlərlə qurban vermiş Azərbaycan
xalqını yenidən toparlayan, ikinci dəfə siyasi
hakimiyyətə qayıdarkən, yüzilliyin sonlarında
yenidən dirçəldən Heydər Əliyevdən sonra
bu, İlham Əliyevin siyasi-dövlətçilik qismətinə
düşdü.
İlham Əliyevə
qlobal tələblərə cavab verən cəmiyyət
lazım idi ki, qədim Qarabağı geri qaytarsın, beynəlxalq
güclərə cavab versin, dünyanı fəht etsin.
II Vətən müharibəsindəki möhtəşəm
qələbəsi ilə Ali Baş Komandan bunu sübut edə
bildi: həm tariximiz üçün, həm atasına verdiyi
vədə görə, həm də bu il
geniş ictimaiyyət tərəfindən qeyd edilən xalqa həsr
olunan 60 illik layiqli yubileyinə hədiyyə olaraq...
Aydın Xan ƏBİLOV
Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.11.