Bir qarabağlı dostum
var
Yazıçı-dramaturq
Elçin Hüseynbəylinin
altmış illiyinə
Bir qarabağlı
dostum var. Onunla əvvəl Xalq, sonra Milli Azadlıq
Hərəkatında, daha
sonra isə müstəqil dövlətin
qurulmasında, inkişafında
çiyin-çiyinə dayanmışıq,
hamısının xoş
günlərini, ağrı-acılarını
yaşamışıq. Əqidəsindən dönən, fikirlərini
gizlədən deyil.
Əsasən də yaradıcılığının
doxsan faizini Qarabağın işğalına
həsr etdiyi mövzularda bunları daha çox görmək olar. Allah-Allah, bu mövzularda
hansı ağrılar
yoxdur? Məğlub xalqın məğlub
yazıçısı içindən
hayqırır, düşüncələrini
əvvəlcə kağıza
köçürür, sonra
isə oxucularına, tamaşaçılarına, dinləyicilərinə
ötürür. Qarabağla
bağlı bütün
yazılarında, əsərlərində
bu sual var:
Qarabağın işğalına
dözəkmi, dözəcəyiksə,
nə müddətə?
O, içində vulkan
gəzdirirdi, ətrafında
da nə qədər vulkanların,
özü də yeriyən vulkanların gəzdiyini, vurnuxduğunu
görürdü, Xalq
onun kimi vulkana çevrilib odunu, nifrətini, ağrısını, acısını,
intiqamını, qisasını
Qarabağa püskürtmək
istəyirdi.
Dostum səbirli
adamdı. Səbri daş deşir desəm, yanılmaram. Təbiətən sakit olsa da, Qarabağın işğalı ilə barışa bilmir, bu zaman səbri
daş deşmirdi.
Onu özündən çıxarmaq
demək olar ki, mümkün deyildi. Amma əsərlərinə bax, heç deməzsən ki, Elçin yazılarında
da belə görünəcək. Əsla!
Qələmi vulkandır. O, əsərlərində fərdlərdən
başlayır, ümumi
problem kimi dərdimizi
əvvəlcə özü-özünə
danışır, sonra
isə xalqa ötürürdü. Bununla da
sakitləşmirdi. Yazmaq, yazmaq,
dərdimizi təkcə
öz xalqımıza
deyil, bütün dünyaya çatdırmaq
istəyirdi və çatdırırdı da.
Əvvəllər özünə "Qaraçuxa" ləqəbini
götürmüşdü. Hərdən
zarafatla (baxmayaraq bu əsrin birinci
onilliyində çox
məşhurlaşdı, hökumət
mükafatı aldı)
deyirdim ki, bu Qaraçuxanı çıxart, at getsin.
Adın özü ağırdı,
mənası adamı
silkələyir. Bilirsən
ki, el məsəli var: "Qaraçuxan yatdısa, sən də yat". Özünəməxsus təbəssümlə (bu zaman üzündəki
almacıq böyüyür,
dodaqlarının qırağı
hiss olunmadan sezilməyəcək
halda geri çəkilir, ala gözləri
qıyıqlaşırdı) cavab verirdi ki,
mən yatsam da olar, təki
bu xalq yatmasın,
işğalla barışmasın.
Torpaqlar azad olunanda bu
"Qaraçuxa" ilə
vidalaşacam.
Bir qarabağlı
dostum var.
Dünyanın gərdişini bilir, dünya problemlərini diqqətlə izləyir, onlardan yazır. Ancaq əsərlərinin hamısında
Azərbaycan sevgisi var, Qarabağ xiffəti var. "İki od arasında" romanında dünyanı gəzdi, Y.V.Çəmənzəminlinin
dəfn olunduğu yerləri qarış-qarış
gəzdi, qarşısına
çıxan problemləri
ustalıqla təsvir etdi. Qonşu ölkənin dərdindən
yazanda adama elə gəlirdi ki, bu dövlətin
əyalətlərinin dərd-səri
qurtaran deyil. Elçinin yazdıqlarını oxuyanda
başa düşürsən
ki, Moskva və əyalətlər problemi heç iki yüz ildir
çözülməyib. Həmin münasibətlər, həmin
məmur sifətləri,
həmin hərbiçilər.
Heç
nə dəyişməyib.
Elçinin bu romanını oxuyandan sonra fikirləşirsən
ki, rus "mujik"lərinin inqilab etməsi üçün
soyuducuda üç əsas qida məhsulu olmalıdır:
araq, kartof və qurudulmuş balıq.
Əsasən, mənə onun arxivlərinin birində yerə sərilmiş Qarabağ xalısını
ciddi-cəhdlə alması,
Azərbaycana gətirməsi
xüsusən təsirlidir. Görürsənmi, harada olmasından asılı olmayaraq yenə Qarabağa qayıdır, orada yaşayır, nəfəs
alır. "14-cü həvvari"də müəllif
İranı, Turanı,
Avropanı gəzir, Oruc Bayat-Don Junanın timsalında milli kökümüzün,
keçmişimizin əzəmətini,
böyüklüyünü, özünün milli kökə necə bağlı olduğunu qabarıq göstərir.
"Yolayrıcında qaçış", "Azıx",
"Şah Abbas" və başqa romanlar da ayrıca
bir aləmdir. Oxuyursan, oxuyursan
və birdən özün də hadisələrin içinə
girirsən, əsərdəki
hadisələrin iştirakçısı
olursan. Onun əsərlərinin hamısında müəllifi,
əgər istəsən
tapa bilərsən.
"Yolayrıcında qaçış"ı
oxuyub bitirdikdən sonra Elçinlə görüşəndə dedim
ki, nə əcəb PKK terror təşkilatı
sənə ölüm
hökmü kəsməyib?
Zarafatla dedi ki, kitab gedib
onlara hələ çatmayıb.
Bir qarabağlı
dostum var.
Son vaxtlar gözlərindən parıltılı sevinc əskik olmur. Niyə də
olsun? Doğulduğu dədə-baba torpaqları
işğaldan azad olunub. Özü də Prezidentin
dəvətilə oralarda,
elin ağsaqqaları ilə görüşüb,
baxmayaraq ki, o da artıq bu
statusa iddialıdır.
Bir görərdiniz Cəbrayıl
azad olunanda necə sevinirdi? Özünə yer tapa bilmirdi, inanmırdı.
İnanmırdı ki, iyirmi səkkiz illik həsrətə son qoyulub.
Hərdən mənə elə
gəlir ki, (bu məndə də olur) Elçinin
içində bir boşluq yaranıb. On illərdir apardığı
mübarizə nəticəsini
verib. Onun roman və hekayələri
ilə bütöv bir nəsil böyüyüb. Bu əsərlər gənclərimizi
müharibəyə hazırlayırdı.
İndi budur, hər şey həll olunub. 44 günlük
möhtəşəm müharibə
və möhtəşəm
Zəfər çox daşları yerində oturtdu. Torpaq azad olundu, əsl sahibinə qaytarıldı. Bəs, o, indi
nə edəcək?
O, əlini əlinin üstünə qoyub gözləyən deyil. Qarabağ hədəfi həyata keçdisə, deməli,
qarşıda yeni hədəflər üçün
əsərlər yazacaq.
O buna qadirdi, qüdrəti çatar.
Bu gün "Qarabağ
Azərbaycandır" şüarı
"Zəngəzur Azərbaycandır"
şüarına çevriləcək,
qələmini silaha hazır tutacaq, yeni əsərlərlə
bizi tanış
edəcək. Vətəndaşlıq mövqeyindən, dövlət
maraqlarından bir anda geri çekilməyən
dostum bu hədəfə də sağlığında çatacaq,
hadisələrin tarixinə,
gedişatına şahidlik
edəcək.
Bir qarabağlı
dostum var.
Ailəcanlı, dostuna etibarlı,
millətini və dövlətini sevən, düşməninə amansız
olan bir dost. Qələm onun əlindədir. Qələmin korlaşmasın,
dostum!
22.12.21
Yunus Oğuz
Ədəbiyyat qəzeti.- 2021.-
25 dekabr.- S.15.