Ədəbiyyatın tarixçisi,
nəzəriyyəçisi və tənqidçisi
XIX əsrin
sonu, XX əsrin əvvəllərindən (Firudin bəy
Köçərlidən) başlayan peşəkar Azərbaycan
ədəbiyyatşünaslığı yüz ildən
artıq tarixinin, demək olar ki, heç bir mərhələsində
mütəxəssis korluğu çəkməmiş,
ümumən ədəbiyyatın, xüsusən ədəbiyyatımızın
həm dialektikası, həm də metafizikası üzərində
dərindən düşünmüş, ayrı-ayrı
dövrlər üçün səciyyəvi ideoloji
müdaxilələri, subyektiv mövqelər
formalaşdıran müəyyən yanlış metodoloji təsirləri
aşaraq bu gün cəsarətlə təqdir edə biləcəyimiz
kifayət qədər möhtəşəm bir
elmi-intellektual, mədəni-mənəvi irs - zəngin milli məfkurə
potensialı yaratmışdır ki, onun haqqında
danışarkən onlarca görkəmli şəxsiyyətin
adını böyük ehtiramla xatırlamaq lazım gəlir:
F.Köçərli, S.Mümtaz, B.Çobanzadə,
S.Vurğun, M.Hüseyn, H.Araslı, M.Cəlal, M.Arif, Ə.Mirəhmədov,
R.Əliyev, M.Təhmasib, M.Seyidov, Q.Kəndli, Ə.Ağayev,
P.Xəlilov, Y.Qarayev, İ.Həbibbəyli, R.Hüseynov, T.Kərimli,
M.Kazımoğlu, M.Qasımlı... Filologiya elmləri
doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan
Respublikasının Dövlət Mükafatı laureatı
Nizaməddin Şəmsizadənin də adı, heç
şübhəsiz, bu sırada özünəməxsus yer
tutmaqdadır.
Nizaməddin ədəbiyyat haqqındakı elmin hər
üç sahəsi üzrə çoxdandır ki,
nüfuzlu mütəxəssis kimi tanınmaqdadır. Həm ədəbiyyat
tarixinə, həm ədəbiyyat nəzəriyyəsinə,
həm də ədəbi tənqidə həsr edilmiş (və
hər biri elmi-ədəbi mühitdə maraq doğuraraq
geniş müzakirə obyektinə çevrilmiş)
kitabları, məqalələri, məruzə və
çıxışları elmimizin ona görə ən dəyərli
işlərindəndir ki, onlar, bir tərəfdən, ədəbi
şəxsiyyətə, hadisəyə, prosesə üzdən
deyil, dərindən, həssas, dəqiqiliklə yanaşmaq,
ikinci tərəfdən, həmin faktların özünəməxsus
vüsəti ilə seçilən mükəmməl ideya-
estetik (fəlsəfi!) dərki nümunələridir.
Nizaməddinin
indiyə qədər nəşr olunmuş əsas
kitablarının sadəcə adlarını çəkmək
kifayətdir ki, onun miqyaslı (və keyfiyyətli!) təfəkkürünün
meydanı barəsində aydın təsəvvür hasil
olsun: "Ədəbi mübahisələr" (1986), "Azərbaycan
ideologiyası" (1996), "Azərbaycan ədəbiyyatşünaslığı"
(1997), "Türk təfəkkürü məcrasında"
(1998), "Hıçqıran gülüşlər"
(2002), "Əli Nazim" (2003), "Tənqidin ədəbi
prosesdə rolu" (2004), "Böyük nəslin
davamçısı" (2005), "Azərbaycançılıq"
(2006), "Ədəbi proses və ədəbi nəsil"
(2008), "Yazıçı ömrünə uvertüra"
(2010), "Ədəbiyyat nəzəriyyəsi" (2012),
"Əgər onlar olmasaydı" (2015), "İdrakın
üfüqləri" (2019)... Və
üç cildlik "Seçilmiş əsərləri"
(2008, 2010, 2011).
Azərbaycan
ədəbiyyatşünaslığının dəyərli
əsərlərini yaratdığına görədir ki, ədəbiyyatşünaslıq
da Nizaməddinin alim-mütəfəkkir obrazını
yaratmağa ehtiyac duymuş, Şamil Vəliyevin "Azərbaycanşünas
alim" (2004), Gülxani Pənahın "Ədəbiyyatdan əbədiyyətə"
(2019) monoqrafiyaları, eləcə də "Filosof tənqidçi"
məqalələr məcmuəsi (2011) və s. məhz bu
ehtiyacdan meydana gəlmişdir.
Əlbəttə, Nizaməddin ilk növbədə
fundamental elmi əsərlər - monoqrafiyalar müəllifidir. Ancaq onun bədii
əsərlərinə də, görünür, həvəskar
yaradıcılığıdır deyib keçmək
doğru olmazdı. "Bürkü",
"Tüstü", "Duman", "Səma",
"Sonuncu daxma", "Reanimasiya" şeir, hekayə və
esse kitablarında, kəlamlarında ("Müdriklər
bunları deməyib") və "Mən kiməm" fəlsəfi-publisistik
romanında Nizaməddin elmi üslubun hüdudlarına
sığmayan duyğu-düşüncələrini bədii
üslubun (və təxəyyülün) öhdəsinə
verməklə çoxşaxəli istedadının daha bir
komponentini hərəkətə gətirir. Və
belə bir yaradıcılıq sirrinin üstünü
açmalı olur ki, ədəbiyyat özünün ən
müxtəlif janr təzahürlərində onun
üçün təkcə tədqiqat predmeti deyil, ruhunun
dolandığı məkan, idrakının pərvaz etdiyi
üfüqlərdir.
Professor Nizaməddin Şəmsizadə Azərbaycan ədəbiyyatşünaslıq
ictimaiyyətini bu günlərdə nəşr etdirdiyi daha
bir mükəmməl elmi əsər - "Orta əsrlər
Azərbaycan ədəbiyyatı (bədii-fəlsəfi təkamülü)"
ilə sevindirdi. Əsərin xüsusilə üç mühüm məziyyətini
ayrıca qeyd etmək istərdik: birincisi, ilk dəfədir ki,
Azərbaycan ədəbiyyatı tarixi kontekstində "orta əsrlər"
konseptinə aydınlıq gətirilməsinə strateji səviyyədə
(və kifayət qədər arqumentli bir şəkildə) cəhd
göstərilir; ikincisi, orta əsrlər Azərbaycan ədəbiyyatının
əsas cərəyanları, məktəbləri,
yaradıcılıq metodları, dövrləri, mərhələləri,
şəxsiyyətləri və s. barədəki faktlar, məlumatlar,
bu və ya digər məqsədlə aparılmış
ayrı-ayrı ümumiləşdirmələr bədii-fəlsəfi
təkamül baxımından konseptual olaraq analiz edilir ki, həmin
analizin nəticələri bizə Azərbaycan orta əsrlərinin
xronoloji (texniki) hüdudlarını yox, ədəbiyyat
adlandırdığımız hadisənin ən müxtəlif
ideya-estetik zühur imkanlarının ortaya çıxan mənzərəsini
versin; və nəhayət, üçüncüsü, müəllif
bir ədəbiyyatşünas- mütəfəkkir kimi hərəkət
edərək üçdilli Azərbaycan ədəbiyyatının
istər ərəb, istər fars, istərsə də
türkcə yaradıcılıq aktlarını eyni bir
genetipoloji mənbədən - Azərbaycan türk-müsəlman
təfəkküründən qaynaqlandığını
inandırıcı şəkildə sübut etməyə
yaxınlaşır. Və az qala elmi
aforizm kimi yaddaşımızı həbs etməkdə olan
"ərəb zehniyyəti, fars dili və türk ruhunun əlaqəsi"
barədəki mülahizə, görünür, Şərq
müsəlman mədəniyyəti haqqında yeni nəzəriyyələrin
meydana çıxmasına təkan vermək
iddiasındadır.
"Orta əsrlər
Azərbaycan ədəbiyyatı"nın
olduqca çevik, müəllifin çox hallarda tamamilə
yeni olan ideyalarını bütün dolğunluğu ilə əks
etdirən strukturu vardır ki, onu ədəbiyyat tarixi uklonlu əsərlərdən
xeyli dərəcədə fərqləndirir. Belə ki,
dörd hissədən ibarət kitabın "Türk bədii
təfəkkürünün yaradıcılıq
imkanları" adlanan birinci hissəsində əvvəl ədəbiyyatımızın
ümumtürk qaynaqları araşdırılır, sonra
"Dədə Qorqud"un nümunəsində
türk epos mədəniyyətinin əsas xüsusiyyətlərinin
şərhinə keçilir. "Anadilli şeirimizin ilk
nümayəndəsi Zübeydə Xatun"dan bəhs edərkən
müəllif hər nə qədər çalışırsa
ki ədəbiyyat tariximizi daha qədim (və daha etibarlı!)
fundament, yaxud pyedestal üzərinə yerləşdirsin, bu cəhd
məhz material kasadlığı ucbatından milli təəssübkeşlikdən,
eləcə də nəzəri mülahizəçilikdən
o yana keçmir... Halbuki məlum
(hətta olduqca populyar!) materialın
araşdırıldığı "Ərəb və
farsdilli Azərbaycan ədəbiyyatı" bölməsində
orta əsrləri məhz ədəbiyyat hadisəsi kimi dərk
etmək baxımından kifayət qədər dəqiq əsaslı
mülahizələr söylənilmişdir.
Doğrudur,
Nizaməddin bəzən elmi təxəyyülünün hüdudlarını
bədii təfəkkürdəki qədər genişləndirir,
ancaq bu halda da onun qənaətləri elmi dəyərini nəinki
azaldır, əksinə, daha təsirli, daha nüfuzedici edir; məsələn:
"Fars dili "Şahnamə"lər və "Xəmsə"lər
yaratdı. Bu, dünya
tarixində möhtəşəm ədəbiyyat dövrü
idi. Lakin artıq anadilli ədəbiyyat tariximizin
qapısını hikkə ilə döyürdü... Fəqət hələ tez idi. Qarşıda
Xaqani və Nizami kimi əzəmətli zirvələr var
idi... Və biz istəsək də, istəməsək
də farsdilli poeziya X-XII əsrlərdə hakimi-mütləq
idi. Bunu mərdi-mərdanə etiraf etmək
lazımdır". Zahirən (eləcə də bizim ənənəvi
ədəbiyyat tarixçiliyimizin mövqeyindən) belə
görünə bilər ki, burada müəllif faktın
gerçəkliyini təsbit etməklə kifayətlənməli,
"kontekst"dən kənara çıxmamalı idi... Ancaq Nizaməddin bununla kifayətlənmiş
olsaydı, biz əsərin (və müəllifin ruhunun!) fəlsəfi
vüsətindən, təbii ki, danışa bilməzdik.
"Orta əsrlər
Azərbaycan ədəbiyyatı"nın ikinci hissəsində
"orta əsrlər"in "tarixi-nəzəri konsepsiya və
bədii sistem" olaraq şərhi dərinləşdirilməklə
yanaşı, Qazi Bürhanəddinin, Nəsiminin
(hürufizmin) və Xətainin məhsuldar
yaradığıcılığı timsalında onun (Azərbaycan
orta əsrləri ideya-estetik konseptinin) panoramı türkcənin
hesabına genişləndirilərək öz gerçək
hüdudlarını müəyyənləşdirir...
Üçüncü hissədə "söz
mülkünün sultanı" Füzulidən bəhs
olunarkən Nizaməddin sözünə "...yarım əsrdir
ki, "söz gözəlinin nazını çəkirəm"
(Füzuli) və bundan qürur duyuram, həzz alıram,
usanmıram.
Ömrümün əsas günlərini Sözlə söhbətdə
keçirirəm, yuxusuz gecələrdə Sözlə
baş-başa verib dərdləşirəm... Darıxanda,
kədərlənəndə Füzuli Sözünün ətəyinə
baş qoyuram" deməklə başlayır. Və
dahi şairin üç dildə yazdığı qəzəlləri,
qəsidələri əsasında janrın bədii
xüsusiyyətlərini müəyyən etdikdən sonra
Füzulidə eşq və idrak, türkçülük, islam və sufizm kimi problemlərin şərhinə
rəvac verir. Daha sonra isə "dünya ədəbiyyatında
məhəbbət haqqında ən dərin mənalı bədii-fəlsəfi
əsər olan" "Leyli və Məcnun"u təhlil
edir ki, bu təhlil elə "Füzuli Sözünün ətəyinə
baş qoymaq"dan başqa bir şey deyil. Şair-mütəfəkkirin
simvol və alleqoriya sistemi barədə orijinal olduğu qədər
də maraqlı interpretasiyalardan sonra müəllif Azərbaycan
poeziyasında Füzuli mövzusuna keçir ki, həmin
mövzu da, əslində, ədəbiyyat tarixçiliyindən
daha çox fəlsəfi-nəzəri baxışın, müəyyən
qədər də esseistikanın predmetidir.
Fikrimcə,
aşağıdakı mülahizələr orta əsrlər
Azərbaycan ədəbiyyatının son dövrü barədəki
təsəvvürlərimizi həm faktik, həm də
metodoloji baxımdan zənginləşdirir: "Füzulidən
Vaqifə qədər - XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının
bədii-fəlsəfi təkamülündə həm klassik
üslubda yazan şairlər, həm epik dastanlar, həm də
aşıq şeiri - üç istiqamət əsas rol
oynamışdır... Xüsusən
üçüncü təmayül Qazi Bürhanəddin, Nəsimi,
Xətai, Füzuli yaradıcılığı ilə
daşlanıb gələn anadilli şeirin - heca vəzninin zənginləşərək
M.P.Vaqif yaradıcılığında
büllurlaşmasında, şeirin bədii-fəlsəfi səviyyəsinin
yüksəlməsində müstəsna rol
oynamışdır.
Bu təmayüllər həm də orta əsrlər ədəbiyyatının
bədii-fəlsəfi yekununu hazırlayan mərhələlər
kimi nəzərdən keçirilə bilər".
Kitabın dördüncü hissəsi realizmin banisi
M.P.Vaqifə həsr olunmuş, belə bir
düşündürücü nəticəyə gəlinmişdir
ki, "Azərbaycan ədəbiyyatında realizm
İntibahın, sufizmin, hürufizmin, Füzuli
romantikasının təkamülü ilə yetişib və
Vaqif yaradıcılığında bərqərar olub".
Əlbəttə,
yalnız ədəbiyyat tarixçiliyimizin, hətta ədəbiyyat
haqqındakı elmimizin deyil, ümumən ictimai-fəlsəfi
fikrimizin dəyərli əsəri saydığımız
"Orta əsrlər Azərbaycan ədəbiyyatı" bir
daha göstərir ki, professor Nizaməddin Şəmsizadə
Sözümüzün ideya-estetik məğzinə vara-vara
ruhumuzun tərcümeyi- halını yazanların ön
sıralarında inamla addımlayır... Həm ədəbiyyat
tənqidçısı, həm ədəbyyat nəzəriyyəçisi,
həm də ədəbiyyat tarixçisi, ümumən ədəbiyyat
haqqındakı elmin mütəfəkkiri kimi...
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.14.