Xalq yazıçısı
Elçinin “Stalin”
pyesinin premyerası keçirilib
Azərbaycanın Xalq yazıçısı
Elçinin yeni yazdığı “Stalin” pyesinin
Səməd Vurğun
adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında premyerası göstərilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
görkəmli mədəniyyət
və incəsənət
xadimləri iştirak
ediblər.
Stalin kimi ziddiyyətli, mürəkkəb xarakterli
şəxsiyyətin otuz
il nəhəng
Sovet imperiyasına rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi repressiyalar zamanı milyonlarla insan məhv edilmiş, sürgünə,
işgəncələrə məruz qalmışdır.
Kim idi “yoldaş
Stalin?”. Qaniçən bir zalım,
yoxsa ölkənin inkişafı və gələcəyi naminə
çalışan böyük
dövlət xadimi?
Bu suallara birmənalı
cavab vermək mümkün deyil. “Stalin” pyesi də
bu sualları qarşıya qoyur və onlara yüksək bədiiliklə
cavab axtarır.
Əsərə Rusiyanın tanınmış
rejissoru Kirill Zaborixin quruluş verib. Quruluşçu rəssam Tatyana Melnikova,
bəstəkar Andrey Şoşkindir (Rusiya).
Baş rolları Yaqub Zeynalov (Stalin), Marina Litvinenko
(Olqa Aleksandrovskaya), Rüstəm Kərimov (Partiya kuratoru), Zaur İsgəndərov (Nazirlər kuratoru), Oleq Əmirbəyov (Təlükəsizlik kuratoru),
Zaur Terequlov (Ticarət kuratoru) ifa ediblər.
Xalq yazıçısı
Elçinin dram əsərləri
artıq çoxdan ölkəmizin sərhədlərini
aşmışdır. Onun “Mənim sevimli dəlim”, “Şekspir”, “Qatil”, “Teleskop”, “Sənətkarın taleyi”
və s. kimi pyesləri müxtəlif dillərə tərcümə
edilərək, dünyanın
Ankara və İstanbul,
Nyu-York və London, Moskva və Sankt-Peterburq, Roma və Seul və digər
böyük şəhərlərinin
teatrlarında müvəffəqiyyətlə
tamaşaya qoyulmuş,
tamaşaçıların rəğbətini qazanmışdır.
Qeyd edilməlidir ki, böyük uğurla keçən “Stalin” tamaşası,
Elçinin S.Vurğun
adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında hazırlanan doqquzuncu pyesidir.
Ədəbiyyat qəzeti.- 2021.-
25 dekabr.- S.16.