Hərflərin məzarlığı
Öpdüm gecənin qaranlığını...
Keçdim səhərin günəş səhifəsinə.
Əlimdə yarpaqların yaşıllığı,
Əlimdə bahar fəsli...
Baxa-baxa kor dünyada gözlərimi axtarıram.
Kişilərin ayaqlarında ağrı,
Başında yaylıq əsir qadınların,
yaylıq,
əsir, ölkənin bayrağı kimi
əsir...
Başımdakı şeirə uzanan əllər
Sabahın alatoran ətəyindən yapışır
Başımdakı şeirə uzanan əllər qandal içində
Qan-tər içində...
Nə vaxtdır güzgülər göstərmir şairləri,
Şairlər hərflərin məzarlığında yatır.
Burada qadınların saatı ilə qürub edir günəş,
Burada qaranlıqdan əsir külək...
Oğullarım Altunay və Tuqay üçün...
Küləkdən yorulan kəpənək,
duaya açılan əl kimi qanad açır göy üzünə.
Qanadlarının rənginə and içər kəpənəklər...
Yumruğunu aç,
Dünyadakı həbsxanaların qapısı açılsın.
Yumruğunu sıx,
Azadlıq bir də qayıtsın.
Biz insanlar anamızdan deyil,
buludlardan doğuluruq...
Elə bulud kimi parça-parça,
Ağlayan...
Elə bulud kimi gəlib-gedərik...
Biz insanlar atamızdan deyil,
şam işığından
yaranırıq.
Elə şam kimi yana-yana...
Elə işıq
kimi qaranlıqda.
Mənə başqa dildə
yox,
mənə uşaqların
dilində danışın
həmişə...
Eşqin divi
Qalmadı ərk yerimiz,
qalmadı umacağımız
qapı,
Son qatar da
boş getdi,
Yerdə
qaldı xatirə adamlar...
Bu fəsil də sərt keçdi,
ilimiz baharsız keçən kimi.
Daha badə qaldıracağımız
isim də qalmadı
Daha baş qoyacağımız
diz də...
Səsimin rəngi payız
yarpağıdır,
düşür sevgi dalından çarəsiz.
Hop tutmuş dodaqlar...
Buğ tutmuş pəncərə...
Eşq divimin canı şüşədədir
Bircə
sözlə qırıla
bilərəm
Bircə
sözlə ölərəm...
Təngnəfəs divarlar
Bu monoton həyatda
Təngnəfəs olur divarların
qaməti...
Bu naraton yarışda
Tövşüyür saçlarımdakı
ağ atlar...
Mənası dəyişmir Günəşin
Kirayə
evlərin...
Yad əllərin...
Bircə,
çöldəki soyuqdan
çox
Ciblərin üşüyəndə
Mənası itir fəsillərin...
Qış fəsli üşüyür
ciblərində!..
Ümid NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2021.-
25 dekabr.- S.19.