Dünya özünü itirəndə...
Yaxud:
Biz o gün kəkotulu
çay içmədik, təəssüf ki...
O cür
insanlar tək-tək olur. Tutiya kimi, təbərrik
kimi gəlirlər dünyaya. Əldə
çıraq gecə-gündüz gəzib-axtarırsan,
tapammırsan. Sağlığında bir
cür tapılmayanlardan, ölümündən sonra isə heç
cür ələ düşməyənlərdən olurlar.
Bizim Şahmar müəllim də həmin ələ
düşməyənlərdən idi. "Azərbaycan"
nəşriyyatının ikinci mərtəbəsində ən
axırıncı otaqdaydı oturduğu yer.
Özünün yeri isə onu sevənlərin ürəyinin
başında!
Şahmar Əkbərzadə 2000-ci illərin ən sevilən
şairlərindən biri, eyni zamanda nüfuzlu "Mədəniyyət"
qəzetinin təsisçisi və baş redaktoru idi. Mən
"Maarifçi" qəzetinin redaktoru olsam da, Şahmar
müəllimin təklifi ilə "Mədəniyyət"in
hər sayında bir səhifə yazı ilə
çıxış edirdim. Bu sahə mənə o qədər
yaxın idi ki! Azərbaycan mədəniyyətinin,
incəsənətinin istənilən nümayəndəsi ilə
görüşmək, bu sahə ilə bağlı rəngarəng
tədbirlərdə iştirak etmək, problem və
uğurlardan yazmaq adama xüsusi zövq verirdi. Qonorar da
ki öz qaydasında! Bir sözlə, Şahmar müəllimlə,
onun komandası ilə işləmək necə də xoş
idi! Bu komandanın ən sevdiyim, hörmət
etdiyim üzvlərindən biri də tanınmış
yazıçı-dramaturq Firuz Mustafa idi. O, "Mədəniyyət"
qəzetində baş redaktor müavini idi. Demək
istədiyim budur ki, Şahmar müəllimin ətrafında
özü kimi saf, əqidəli, istedadlı, halal qələm
adamları toplaşmışdı.
Şahmar müəllim kollektivdə elə məhrəm
ab-hava yaratmışdı ki, biz istənilən sirrimizi,
qayğımızı, yaxud yaradıcılıq nümunələrimizi
onunla paylaşa, müzakirə edə bilirdik. O, biz xanımlara "nənə"
deyə müraciət edirdi, bunu yəqin ki, hər kəs
yaxşı xatırlayır. Hər dəfə
təzə şeirlərini oxuyar, rəyimizi eşitmək istərdi.
Bir dəfə isə "Şükür",
yaxud buna yaxın bir adda şeirini oxumaq istədiyini bildirdi və
qayıtdı ki, nənə, sənə şeiri oxuyanda
ürəkli oluram, bilirəm diqqətlə dinləyib, rəyini
də dəqiq bildirəcəksən. Ancaq istərdim ki,
düzəliş etmək lazımdırsa, hökmən deyəsən,
çünki adam öz
yazdığında nöqsan görmək istəmir. Beləliklə, böyük şair şeirini oxudu.
Mən də, deyəsən, üzə düşüb hər
zamankından daha diqqətlə qulaq asdım, sonda onun
şeirdə hansı düzəlişə ehtiyac olduğu
sualına, "filan yerdə filan sözü bu sözlə əvəz
etmək doğru olmazmı?", - deyə fikrimi bildirdim.
Şahmar müəllim qayıtdı: "Nənə, bax elə
buna görə istəyirəm ki, şeiri ilk olaraq sənə
oxuyum. Çox doğru fikirdir, əhsən!"
- söylədi.
Bu, sevimli şairimizin, baş redaktorumuzun biz gənclərə
sonsuz sayqı və etibarının göstəricisi idi.
Heç yadımdan çıxmaz. Bakıya
Dağıstanın "Ləzginka" ansamblı gəlmişdi.
Respublika sarayında konsert verəcəkdilər.
Şahmar müəllim həmin gün olduqca məşğul
idi. Əvvəlcə Axundov Kitabxanasına
gedəcəyimizi bildirdi. Getdik. Hansısa tədbir vardı. İştirak
etdik. Sonra dedi ki, nənə, qeydlərini
götürdün, lap yaxşı, indi gedək səni bir
adamla tanış edəcəm. Piyada gəzə-gəzə İçərişəhərə
doğru getdik. Yolboyu tanış
üzlər, tanış simalar, hər kəslə
salamlaşır, hal-əhval tuturdu. Ancaq hiss olunurdu ki, harasa tələsir.
İçərişəhərdə saatsaz Hacı (nədənsə,
bu ad Əli kimi yadımda qalıb, sonradan həmin adamın
Hacı Fətəliyev olduğunu tv-lərdən eşidib
yadda saxladım) adlı tanınmış şəxslə məni
tanış edib dedi ki, baxın, iki şəklini
bir-birinə mən ağdamlı təqdim edirəm. Buna nə düşür? Əlbəttə
ki, bir çay qonaqlığı! Saatsaz Hacı nə qədər
çalışdısa da ki, çay qonaqlığı onun
emalatxanasında baş tutsun, Şahmar müəllim:
"Qalsın gələn dəfəyə..." - deyib
yolumuza davam etməyimizi istədi. Bu, əslində
mənim də ürəyimcə oldu. Çünki
günün ikinci yarısında magistraturada dərsim
vardı. Bunu Şahmar müəllimə bildirəndə,
qəti etiraz etdi: "Heç elə şey yoxdur, nənə.
İçərişəhərə gələsən,
bir kəkotulu çay içməyəsən, olan şey
deyil". Qəti etirazımı bildirdim,
elə bil tərsliyim tutmuşdu. "Mən
kəkotulu çayı heç xoşlamıram".
"Yaxşı, Şəki paxlavasıynan bir çay sən
mənə borclu!". Sevincək
razılaşdım. Şahmar müəllim
cəhdinin boşa çıxdığını
görüb çay içməyi başqa günə
"saxladı". Əvəzində məni "cəzalandıracağını"
bildirdi: "Onda al bu iki bileti, axşam hökmən saraya,
"Ləzginka"nın konsertinə get. Qeydlər apar,
müsahibə-filan götür, nömrəyə yazı
hazırla...". "Axı
mən dərsdən çıxıb necə çata bilərəm
konsertə? Tək necə gedim?". "Tək
niyə, bilet ikidir, yoldaşınla get, nənə". Heç cür alınmayacağını bildirsəm
də, Şahmar müəllim bunun əmr olduğunu, əmrdən
çıxılmağın
mümkünsüzlüyünü "elan etdi". Çar-naçar razılaşdım. Dərsin
son saatından icazə alıb saraya, "Ləzginka"nın konsertinə getdim. Düzünü
deyim ki, həmin dövrlərdəki tədbirlərdən ən
yaddaqalanı, ən zövq aldığım məşhur rəqqasların
həmin axşamkı məharətli ifaları oldu və təbii
ki, mən həmin tədbirdən aldığım təəssüratları
""Ləzginka" Bakıda" adlı yazı ilə
"Mədəniyyət" qəzetinin oxucularına təqdim
etdim.
Qəzet dərc olunandan sonra Şahmar müəllim mənə
təşəkkürünü bildirdi və yenidən
qayıtdı ki, heyif, ay nənə, kəkotulu çaydan. Mən də
"Şəki paxlavası" ilə çay qərarımızın
qüvvədə olduğunu bildirdim.
Şeir yaradıcılığıma heç vaxt
etinasızlıq göstərməzdi. Təzə nə
yazdığımla maraqlanır, vaxtaşırı "Mədəniyyət"
qəzetində şeirlərimi çap edir, hər kitabım
çıxdıqca haqqında resenziya verirdi. Bu, böyük şairin gənc yaradıcı
qüvvələrə təmənnasız diqqət və
qayğısının göstəricisi idi. Dostu, Xalq
şairi Bəxtiyar Vahabzadənin şeirlərim haqqında
"Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi
"Alt qat" adlı resenziyanı da tez-tez xatırladır,
onun bu addımını böyük zövqlə təqdir
edirdi. Təbii ki, bütün bunlar gənc qələm
adamı üçün əsl yaradıcılıq stimulu
idi.
Şahmar
müəllimlə bağlı yaddaqalan xatirələrim
çoxdur:
...Bir
gün növbəti yazımı operator xanıma təqdim
edib çıxırdım ki, Şahmar müəllim
qapıda göründü: "Nənə, yuxarı
çıxmazdan qabaq bir mənə dəy!".
Düzü, bir qədər alındım, dalağım
sancdı. Hələ dünən Sankt-Peterburqda çapdan
çıxmış yeni "Qərib durna" şeir
kitabımı Şahmar müəllimə təqdim
etmişdim. O da diqqətimdən
yayınmamışdı ki, şair kitabın o üz-bu
üzünə baxdıqdan sonra əlində azacıq yelləyib,
sözlü adam kimi dönüb mənə
baxmış, nəsə demək istəsə də, nədənsə,
heç nə demədən eləcə vərəqləməyə
başlamışdı. Çəkinmişdim
nə baş verdiyini soruşmağa, nə deyə bilərdim
ki?!
Otağına girəndə Şahmar müəllimin
barmağını düz kitabın üz qabığında
- yuxarı hissədəki müəllif adının
üstündə gəzişdiyini gördüm. "Nənə,
bir söz deyəcəm, sən canın, incimə. Vallah, xətrini dünyalar qədər istədiyim
üçün deyirəm, yoxsa deməzdim. Məsələ burasındadır ki, nənə,
belə gözəl şeirlər yazan Qiymət xanımın
adı çox istərdim kitabda soyadıyla birlikdə getsin.
Bilirsən, nənə, axı sən oxuyan
İlhamə deyilsən (müğənni İlhamə
Quliyevanı nəzərdə tutduğunu bildirdi - müəl.).
Müğənni adamdır, tez-tez
soyadını dəyişdiyindən onun üçün
önəmli deyil, ancaq sən söz xiridarısan. Sən
incə, zərif, ləyaqətli şair xanım Qiymət Məhərrəmlisən...".
Həyəcandan titrədim. Kövrəldim də
hətta. Dediyi sözlərdən
peşman oldu deyəsən. "Xətrinə
dəydimsə, bağışla. İncimə,
nənə. Vallah, bilsəydim xətrinə dəyər,
heç söyləməzdim...".
"Əksinə, Şahmar müəllim, siz çox
düzgün irad tutdunuz. Sadəcə, mən Yazıçılar
İttifaqına üzv olanda, təxəllüs kimi "Qiymət"
getməsini Cəmil Əlibəyov təklif etmişdi. Mən də bəyənib qəbul etmişdim.
Baş üstə, siz belə deyirsinizsə, qoy
bu cür də olsun".
Həmin gündən sonra bir-iki dəfə Şahmar
müəllim bu söhbəti gərəksiz bir təklif kimi
unutmağımı, yaddaşımdan silməyimi təkid
etdi. Ancaq mən böyük ürəkli şairi
inandırmağa çalışdım ki, əksinə bu, ən
düzgün addım olacaq. Və təbii ki, gələcəkdə
çap olunacaq bütün kitablarımda müəllif kimi bu
sözlər gedəcəkdi: "Qiymət Məhərrəmli!".
Daha bir yaddaqalan hadisəni də qeyd etmədən
keçə bilmirəm. Redaksiyaya növbəti yazımı təqdim
etmək üçün altıncı mərtəbədən
ikiyə endim. Şahmar müəllimin
otağının qapısı həmişəki kimi
aralı idi. Yüngülvari tıqqıldadıb,
içəri daxil oldum. Şahmar müəllim
üzündəki həmin xoş təbəssümlə:
"Nənə, inanmazsan, sən hər dəfə blokdan
dönəndən ayaq səslərindən bilirəm ki, gələn
sənsən. Sənin ayaq səslərin bir
ayrı cürdür". Təbii ki,
utanıb qızardım.
"Maarifçi"
redaksiyasına, iş otağıma
qalxdım. Ha illah elədim, başqa işə baxa bilmədim.
Qalaq-qalaq yazılı vərəqlər
üstümə gəldi sanki. Duyğular
beynimdə cövlan edirdi. Qələmi əlimə
alıb cəmi on-on beş dəqiqəyə
aşağıdakı şeiri yazdım:
Ayaq səsləri
Ayaq səslərimdən
tanıdın məni,
Yerişim bu qədər doğmaymış sənə.
Neçə
cür sədanın, səsin içindən
Bircəsi
od sala bilmiş könlünə.
Min xəyal
içində yol gedirəm mən,
Fərqinə varmadan ayaq səsimin.
Sən
demə, ariftək ritmini tutur
Ayağım beynimdə çaldığım simin.
"Ayaq
səslərindən bildim ki, sənsən",
Kaş ki, deməyəydin bu kəlmələri.
Ayağım
yerlərdən üzülüb, gülüm,
Min səsin içindən azalıb biri.
Demək,
gözləmisən o səsi hər an,
Əlin işdə olub, gözün qapıda.
Hər dəfə
bir başqa sima görəndə,
Qırılıb qəlbinin incə sapı da.
"Bu səs
- başqa səsdi, bu səs - başqa səs", -
Fərqinə varmadın dediyin sözün.
Mənə
qanad verib, mənə qol verib,
Bir
quştək havaya uçurtdun özün!
Təbii
ki, görkəmli şairin heç özünün xəbəri
olmadı fərqinə varmadan dediyi adi sözlərdən belə
bir şeirin yarandığından...
Daha bir şeir isə şairin vaxtsız-vədəsiz
bizi tərk edib getdiyi gün yarandı.
2000-ci il avqust ayının 30-u günü. Yenə "Mədəniyyət" qəzeti
üçün hazırladığım yazını
götürüb aşağı enirəm. Dəhlizin bu başından baxanda hər zaman
açıq olduğu görünən baş redaktor
otağının qapısı bu dəfə aralı
görünmür. Dəhlizdə isə
Firuz müəllimi görürəm. Baş
redaktor müavini, şair, yazıçı-filosof Firuz
Mustafanı. Dilxor olduğu uzaqdan hiss olunur. Yaxınlaşıram. "Bizim
Şahmar müəllim artıq dünyada yoxdur, Qiymət
xanım". "Necə yəni yoxdur?".
"Bəli, yoxdur, rəhmətə gedib, bir
azdan dəfn olunacaq". Gözümdən
qığılcım çıxır sanki. Gözlərimdən qeyri-ixtiyari yaş
süzülür. Firuz müəllim də
göz yaşlarını saxlaya bilmir. "İstəsən,
gedə bilərsən, nəşriyyatı keç, görəcəksən,
hamı ora gedir". Getdim. İnsan izdihamından irəli yerimək
mümkün deyildi. Qulaqlarım
uğuldayırdı. Azacıq irəli keçsəm də,
bundan o yana gedə bilməyəcəyimi
anladım. Bir də irəli getməyin nə mənası
vardı ki? Buradakı insanların hər
biri Şahmar ağrısını ürəklərindən
gözlərinə doğru axıdanlar idi. O qədər
səslər içindən qulağıma kövrək, həzin,
ağrılı bir səs dəyirdi ahəstə-ahəstə:
"Biz poeziyamızın Şahmarını itirdik...". Bu səs şairin
böyük dostu, Xalq şairimiz Bəxtiyar Vahabzadənin səsi
idi.
Göz yaşları içərisində cənazənin
götürülməsini gözləmədən geri, nəşriyyata
qayıtdım. İş otağıma keçib beynimdə
dolaşan hıçqırıq dolu nidaları kağıza
köçürdüm. İlk dəfə idi ki,
şeirin adı özündən qabaq dünyaya gəlmişdi:
"Dünya özünü itirib".
Şairin qırxı ərəfəsində Firuz müəllim
Şahmar Əkbərzadənin xatirəsinə Xüsusi
buraxılış hazırlandığını və mənim
də yazımı orada görmək istədiyini bildirdi. Vəfatı günü
yazdığım həmin şeiri verdim...
Dünya özünü itirib
Şahmar
Əkbərzadənin vəfatına
Neçin
gəldik dünyaya,
Nədən gedəri olduq?!
Fələk
salmadı saya,
Tale qədəri
olduq...
Süfrəmiz
gen olmadı
Nədən ürəyimiztək?
Bəxt
bir qızıl almadı,
Tapdın,
yenə itəcək...
Bir
sandıq içi dünya...
Qarası, ağı birdi.
Bir karvan
köçü dünya...
Dəvəsi kor gəzirdi.
Qəbrimiz
gen qazılar -
Qapı, hasarı olmaz.
Bəxtsizə
gün yazılar -
Kilid, açarı olmaz.
İşi
düyün dünyanın,
Açmağa gümanı yox.
Bu
gördüyün dünyanın
Dini yox, imanı yox.
Gedəni
ağlamağa
Bir kor gözü tapılmaz.
Özün
itirib dünya,
Bir gün... özü tapılmaz.
Xatirəsi
hər zaman könüllərdə yaşayan görkəmli
şair, böyük insan, əsl dost Şahmar Əkbərzadə
ilə bağlı deməyə çox sözümüz
var. Şeir yaradıcılığı ilə bağlı
yazılarımızla ruhunu şad etmək ümidiylə...
Qiymət MƏHƏRRƏMLİ
şair-publisist, filologiya üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.21.