Vətən

 

Bağlarını bahar kimi əkdiyim,

Dağlarına duman kimi çökdüyüm,

Günəşini sancaq kimi tikdiyim,

                                    Vətən...

 

Səmasını çadır kimi yapdığım,

Torpağını möhür kimi öpdüyüm,

Dar günümdə qibləgahtək tapdığım,

                                    Vətən...

 

Ərən hünər, ər rəşadət ocağı,

Ruhla eşqin axır vəhdət ocağı,

Şəhidimin son şəhadət ocağı,

                                    Vətən...

 

Qərib kimi yola salar gedəni,

Zərə tutar harayına yetəni.

Mübarizin, ər Poladın Vətəni,

                                    Vətən...

 

Həmrəylik

 

Dünyanın yetmişdən çox ölkəsində yaşayan,

Əlli milyondan artıq azərbaycanlımız var.

Bizi ayıra bilməz ötən zaman, keçən an,

Nə tikanlı məftillər, nə amansız qanunlar.

 

Mənəvi ehtiyaca çevrilib bu birgəlik,

Sərhəd dirəklərinin yıxılması demək bu.

Şərin gümüş güzgüsü olubdur çilik-çilik,

Əbədi ayrılığın yox olması demək bu.

 

Arazın qırağında gecə, gündüz bilmədən,

Birləşmək şüarıyla boylanan millət mənim.

Bütün dünya çapında canlanmağa cəhd edən,

Zaman-zaman qanına boyanan millət mənim.

 

Bu coşqu alovlanıb oldu xoş bir ənənə,

Nəhayət, torpağımız bütövləşdi, bir oldu.

Elə zərbə vurduq ki, düşmənin ürəyinə,

Zalımın şər yuvası tamam dərbədər oldu.

 

Açdıq Qarabağın da açılmayan kilidin,

Budur həmrəyliyimiz, mənəvi birliyimiz!

Qələbəyə çevirdik bu Vətən məhəbbətin,

Azad Azərbaycanın vətəndaşlarıyıq biz!

 

Hanı o mən

 

Sulara gülüş səpər qayağı ayaqları,

Dalğalar şahə qalxar

neft qoxan daşlar üstə.

Bu şəhərin yüz illik yorğun çilçıraqları,

gəzdirər işığını

Zamanın çəkicində əzilən başlar üstə.

 

Hər gün bir az azalar güzgülənən adamlar,

Hər an gözlədiyin O

arar, nə zəng edər.

Hər tərəfin bir tövr özün sevən "avamlar",

"avam" demək olarsa,

Özünü bu dünyanın xilaskarı zənn edər.

 

Hər gün bir az azalar üfüqlərdən icmarış,

Zamanın qarşısında hisslər yenə mütidi.

Bu dünya yola gələr, içində bir mən xaric,

qədər xoşbəxtəm ki,

Sükutum ürəyimin duyduğundan ötədi.

 

Göyün yeddi qatında Tanrının qurduğu taxt,

Zamanıma baxanda mən yeddi qat valiyəm.

Daha 40-ımdan sonra mənə də keçmir bu vaxt,

daha özüyçün keçir,

Mən vaxtına satılmış bir suçlu süvariyəm.

 

Hər gün bir az azalar gözlərimdəki gülüş,

dodağımdakı işıq, ovucumdakı dua.

Hanı o mən, o mən ki, yaratdığı titrəyiş,

bir əbədi eşq kimi

sinə gərə bilərdi ən güclü bir orduya?

 

Hər gün bir az azalar ruhumdan həyəcanı,

ürəyimdən qorxusu, xəyalımdan həsrəti.

Daha ola bilmirəm yer üzünün insanı,

Tanrı izn verərsə,

Özümü unudardım bir ömür müvəqqəti...

 

Bir zaman

 

Bir zaman mən də evdim, bir cüt qaranquş evi,

İçimdə bir baharlıq arzular balalardı.

Bu dünyanı necə var, bax, lap eləcə sevib,

Havasından dəm tutub, suyundan həzz alardım.

 

Nə döymədiyim qapı, nə pəncərə var idi,

Eyvan altda aylarla binələnib durardım.

Varlığımı bilsə də, bircə Tanrı bilirdi,

Eləcə öz içimdə bir dəm-dəsgah qurardım.

 

Sanki mən gəlməsəydim yaz gəlmirdi heç hara,

Bahar xonçalarının xoş duası mən idim.

İməkləyən sayağı tutunub divarlara,

Balaca uşaq kimi hamıya məhrəm idim.

 

Qanadlarım tər-təzə, samanı, çöpü titrək,

Mənim varlığım ilə bəzənərdi hər eyvan.

Baxışların altında hər gün əzizlənərək,

Uçunardım hər dəfə, pərvazlanardım hər an.

 

Qaranquşlar tellənib payıza köç edəndə,

Qışda boz sərçələr də yuvalanardı məndə.

Təkcə qaranquşa yox, sərçəyə də ev idim,

Sevgiyə, doğruluğa, gerçəyə də ev idim.

 

Nə gözəl ömür idi, bir ürəyə süzülmək,

İmisti bir ev olmaq, evdə gəlincik olmaq,

Dünyanı anlayanda gec olduğunu bilmək,

Sonra da havalanıb dünyadan incik olmaq...

 

İnsan olduq

 

Cığır olduq, günəşlərdə qovrulduq,

Bulaq olduq, çiçəklərlə sovrulduq.

Budaq olduq, ocaqlara qalandıq,

İnsan olduq, bircə ovuc yalandıq.

 

İşıq olduq, qaranlığı yarmağa,

Balıq olduq, keçmək üçün qarmağa.

Dünya bizdən gəldi keçdi, nə əla,

İnsan olduq, insanlığa varmağa.

 

Bayraq olduq, sancağımız dikildi,

Torpaq olduq, Şəhid kimi əkildik.

Allah təkdi, biz də sevdik təkliyi,

İnsan olduq, tənhalığa çəkildik.

 

Oba olduq, irmağımız yarandı,

Bulud olduq, tellərimiz darandı.

Nə yaxşı ki, ocağımız qor imiş,

İnsan olduq, insan olmaq zor imiş.

 

Oda olduq, pəncərəmiz qəm tutdu,

Fəda olduq, bizdə kimlər dəm tutdu ...

O dünyadan xəbər yoxdu, biləlim,

O dünyanı bu dünyada unutduq.

 

Xoşbəxtliyin şeiri

 

Bir evin küncünə atılıb qalmış,

Köhnəlmiş oyuncaq qutusu var haa,

Bir zaman həvəslə oynuna dalmış,

İndisə hər kəsi bezdirən daha,

Bax, həmin oyuncaq qutususan sən,

Kimi bezdirmisən yenə bilmədən?

 

Əvvəl yaşamadın dinclik, uşaqlıq,

Sonra da bu sözlər yudu beynini:

"Gəlinliklə getdin, kəfənliklə çıx".

Əgər gəlinliyi kəfənin kimi,

Geyinib getdinsə, bəs onda necə?

Bəlkə ömürdəndi ölmək hər gecə?

 

Saçının yolundan bir istək keçir,

Ovcunun içindən axır bir ömür.

Dünya doğrudanmı bir ovuciçi?

Zaman doğrudanmı səni gözləmir?

Gözündən od alıb həsrətin odu,

Bəs niyə bu qədər xoşbəxtsən, qadın?

 

Nəyə acıqdı bu, nəyə?

Bilmirsən.

Xoşbəxtsən bəs niyə, niyə?

Bilmirsən.

 

Ümidsiz şeir

 

Görərsən ki, əllərinin yuxusu qaçıb,

Baxışların balalayır özgə yuvada.

Həsrət səni doğma bilib, qapısın açıb,

Sənin isə başın çıxmır yardan-yavadan.

 

Görərsən ki, çəpərinə bir it ilişib,

Hürür uçan mələklərin qanadlarına.

Onunçun da düyün düşüb dünyanın işi,

Kimsə baxmaz, hürsün elə lap acqarına.

 

Görərsən ki, su kəsilib, çaynikin susuz,

Quruyubdu çaydanın dost qonaqlığı.

Lap acığa səhərəcən qalıb yuxusuz,

Dəmləyərsən bir badəlik sərxoş sağlığı.

 

Görərsən ki, adamın da tərk edib səni,

O "heç getməz adam" indi nə yaxşı gedib.

Götürməyib saçlarına saldığı dəni,

Açmayıbdı çəpərinə ilişən iti.

 

Görərsən ki, sınıb yenə bir quşun səsi,

Sağ çiynində özbaşına mələklər ötər.

Görərsən ki, ümidlərin ümidsizləşir,

Daş atırsan çəpərinə ilişən itə.

 

Şəklin

 

Şəkildə də özünsən,

Körpə uşaqdı şəklin.

Xasiyyəti bir az sərt,

Huyu yumşaqdı şəklin.

 

Körpədi, lap körpədi,

Ürəyimə körpüdü.

Zirvə, desən, zirvədi,

Uca bir dağdı şəklin.

 

Kim çəkib, kim qoyubdu?

Çox baxmayım, ayıbdı.

İllər oğurlayıbdı,

Saçları ağdı şəklin.

 

Söz yatıb dodağında,

Buz tutub otağında,

Payızın budağında

Sarı yarpağdı şəklin.

 

Yuxu

 

Çoxdandır yuxuma girmirdi atam,

Yəqin, eyləmişdim inciyib kişi.

Görürəm, təzəcə gəlib naxırdan,

Üst-başı yenə bir payız yağışı.

 

Görürəm, torbası islanmış yumaq,

Yağış puçurlanıb o doğma üzdə.

Əlində həminki o köhnə çomaq,

Kor atın buraxır tayanın üstə.

 

Gecə qaranlıqdır, nə bir it hürmür,

Yorğundur, ah çəkir yenə dərindən.

Görürəm, sanki heç məni də görmür,

Yağışları qovur kirpiklərindən.

 

Adamın yazığı gəlməz özünə,

Dənli saçlarında su puçur-puçur.

Nə anam qapını açır üzünə,

Nə özü qapıdan içəri keçir.

 

Çoxdandır yuxuma girmirdi atam,

Yəqin, eyləmişdim inciyib kişi.

İndi bu yuxunu görmüşəm, amma,

Bağrımın başını bir ağrı deşir.

 

Alça ağacı

 

Nədən bu payızda çiçəklədin sən,

Yazın tez bitdimi, alça ağacı?

Qarışqa görməyən, arı öpməyən

Tozun tez bitdimi, alça ağacı?

 

İndi küləyin bol, yağışın soyuq,

Bəxtinə qızdınmı, taleyinəmi?

Hardasa, bəlkə də, eyni haldayıq,

İnadsan, bilirəm, lap mənim kimi.

 

Tumurcuq fidanlar günə aldanıb,

Bu gündə o fidan çətin isinə.

Səni arxasında duran dağ sanıb,

Sən də günahkarsan göyərməsinə.

 

Barış, boynuna al, yüngülləş barı,

Günahın böyükdür, alça ağacı.

O cavan fidanın tumurcuqları,

Sənə ağır yükdür, alça ağacı.

 

Qurtul o yükündən, hava soyuyub,

Noyabr gəlibdir, xəbərin yoxdur.

Bəlkə, budağında bir eşq uyuyub,

Bir ruh göyəribdir, xəbərin yoxdur.

 

Ömür

 

Ömrün bu vədəsi görüşməliydik,

Bu da bir tanrısal qismət, deyərək.

Ayrı-ayrı yaşda eyni dəliydik,

Mən payız yağışı, sən xəzri külək.

 

Ömrün bu vədəsi sənə doğmadı,

Ömrün bu vədəsi işıqdı mənə.

Mən payız yağışı, yenə yağmadım,

Sən xəzri küləyi, sərt, ötkəm yenə.

 

Ömrün bu vədəsi çəkir adamı,

Xəyallar qolboyun, həsrət iç-içə.

Bir xəzri küləyi çapır atını,

Bir isti yağışla islanır gecə.

 

Ömrün bu vədəsi bənddi bir simə,

Ömrün bu vədəsi şirin nağılmış.

Hardasa bir külək əsirmiş, demə,

Hardasa bir dəli yağış yağırmış.

 

Ay Bəniz ƏLİYAR

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.23.