Mizan-tərəzi
vaxtı
Hekayələr
Mömin
bir müsəlman nəql edir, varlı-hallı kişi
övladlarını yanına çağırıb vəsiyyət
edir ki, "mən öləndən sonra dəfn edəcəksiniz
ha, yanımda bir nəfər də diri adam basdırın ki, o
qaranlıq dünyada tək qalmayım". Balaları
özlərinə "əl atırlar" ki, "ay
kişi, Allah eləməsin, sən bu dünyadan gedəsən,
elə bir şey olsa, biz necə yaşayarıq? Bir də
ki, hansı adam razılaşar ki, ölməmişdən onu
sənin yanında qəbrə qoyaq?".
Kişi
dillənir:
- Hər
şey puluynan deyil, nə qədər istəsə verin, gətirin
mənim yanımda basdırın! Özünə
də başa salın ki, qorxub-eləməsin, bütün mərasimi
cah-calalla keçirəcəksiniz.
Məxləs, bir gün kişinin vaxtı gəlir,
Əzrayıl canını alır. Aparıb
basdırmamışdan əvvəl balaları
düşür əl-ayağa ki, "bəs atamızın vəsiyyətini
yerinə yetirməliyik".
Cənazə
ortalıqdaykən, haray salıb cındırından cin
hürkən kasıb bir adam tapırlar.
Əlbəttə, adam əvvəlcə
razılıq vermir. Rəhmətliyin balaları
dil-ağız edirlər ki, "biz sənə istədiyin qədər
var-dövlət, pul-para verərik, atamızın yanında
yatmağa razılıq ver. Nə olacaq, evdə yatma, bir az da
qəbirdə yat".
Adam fikirləşir ki, belə kasıb yaşamaqdansa,
razılıq versin, heç olmasa, ailəsi var-dövlət
içərisində yaşayar. Elə də olur.
Onu da ölənlə bir yerdə diri-diri
basdırırlar torpağa. Adamlar qəbiristanlıqdan
çıxan kimi, kişi güc-bəla
ilə yuxarıdan bir deşik açıb başlayır hava
almağa.
Bir də görür ki, inkir-minkirlər əllərində
bir toppuz gəldilər, istədilər ölən kişini
sorğu-suala çəksinlər. İnkir-minkirlər
baxdılar ki, ölünün yanında biri yatıb. Dedilər, gəlin, əvvəlcə bunu
sorğu-sual edək, görək, o dünyada nə hoqqalardan
çıxıb, nə yuvanın quşudur və diri-diri
burada nə gəzir? İnkir-minkirlərin ən bədheybəti
qışqırdı ki, "a kişi, sən ölməmiş
buralarda nə işin var?". Kasıb adam ağlaya-ağlaya əhvalatı
danışır və deyir ki, o dünyada it kökündə
yaşayırdım, ona görə də bu dünyaya gəlməyə
razılıq verdim. Bircə eşşəyim
vardı, indi onun üçün darıxıram.
İnkir-minkirin
biri bağırdı:
-
Eşşəyini yaxşı ki, yadıma saldın. De görək, gündə o yazıq heyvana neçə
şallaq vururdun?
Kişi
gördü ki, bu həna o hənadan deyil, yalan danışsa,
toppuz dəyəcək kəlləsinə, dedi ki,
"İnkir-minkir ağa, gündə
eşşəyə on-on beş şallaq vururdum".
İnkir-minkirin gözləri bərəldi və
qışqırıb zəbanə çəkdi:
- Ey adəm,
deməli, eşşəyə sən ömür boyu zülm
vermisən!
Sonra əlində qamçı tutan inkir-minkirə əmr
etdi ki, "bu kişini şallaqla! Ölən kişi
ilə haqq-hesab qalsın sonraya. Onsuz da o ölüb, heç
yerə qaçan deyil...".
Kişini
o ki var şallaqladılar, dedilər: "sabah gəlib davam edərik".
Sonra çıxıb getdilər.
Onlar gedən
kimi kişi qəbirdən
çıxıb dabanına tüpürərək
qaçmağa başladı. Yolda varlı mərhumun
övladları qabağını kəsib soruşdular:
"Hara qaçırsan, a kişi, bəs bizim var-dövlət,
pul-para nə oldu?".
Kişi
cavab verdi:
- Mən
eşşəyə gündə on-on beş
şallaq vurmuşdum, o dünyada hamısının əvəzini
çıxdılar! İndi görün, əyri-üyrü
yollarla var-dövlət qazanan mərhum atanızın
başına nələr gətirəcəklər?!
Yorğan-döşəkdə
qaldı...
Qayınanamdan yaman qorxurdum. Arvadın boz sifətini
görəndə canıma üşütmə düşürdü.
Niyə? Ailə işimə
qarışırdı, gündə qızını
qızışdırıb evimizə dava-dalaş
salırdı, dözürdüm, bu bir. Anamı,
xalalarımı, bibilərimi qatırdı bir-birinə,
ondan-buna, bundan-ona deməklə ara
qarışdırırdı, bu iki. "Xalqın
kürəkənləri qaz vurub, qazan doldurur, mənim kürəkənim
quruca maaşa baxır, acından ölür" deməklə
məni qohum-qonşu yanında hörmətdən salır,
abrımı tökürdü, bu üç. Saymaqla qurtaran deyil. Balalarımın
xatirinə ailəmi dağıtmaq istəmirdim,
"qayınanam bu gün-sabahlıqdır"
düşüncəsi ilə birtəhər dözürdüm.
Belə-belə, ömrümün yarısı ah-vayla
keçdi...
Bir gün eşitdim qayınanam düşüb
yorğan-döşəyə. Dedilər vəziyyəti
ağırdır, "o tərəflikdir". Sevincimdən nəzir-niyaz payladım. Amma
büruzə vermədim, qayınanamın yanına gedib,
başladım yaltaqlanmağa:
- Ay arvad,
qorxma, xəstəlikdir də, keçib gedər. Nə lazımdır de, yerin deşiyindən
tapım, gətirim. Hələ ki sağam, qoymaram sənə
bir şey ola.
Qayınanam
çənəsi əsə-əsə dilləndi:
- Sənin
heç nəyin mənə lazım deyil! Get,
qohum-qardaşı yanıma çağır.
Ağzım
nə idi onun əmrini yerinə yetirməyəydim! Hamıya xəbər verib yığdım
qayınanamgilə. Elə ki, qohumlar cəm oldu,
qayınanam dilləndi:
- Mən
ölürəm. Kimə nə vermişəm,
gedin gətirin.
O,
yastığın altından bir siyahı çıxarıb,
"verdiklərimi bax, bura yazmışam, gizlədib eləməyin"
- deyə gözlərini qıydı.
Hamı mat-məəttəl bir-birinə baxdı. Əlacları
ona qaldı ki, qayınanamın göstərişinə əməl
eləsinlər. Elədilər də.
Kimi qayınanamın pay verdiyi paltarlıq parçaları gətirdi,
kimi xrustal qab-qacağı, kimi də borc pulları geri
qaytardı. Qayınanam bununla kifayətlənməyib
özünün geyim paltarlarını da üst-üstə
yığdırdı. Sonra iki yekə
xrustalı bir-birinə vurub sındırdı.
Baldızım qışqırdı:
- Ay arvad,
neynirsən, dəli olmusan?
Qayınanam onun sözünə məhəl qoymadı,
geyim paltarlarını da cırıq-cırıq eləyib
yanan peçə atdı.
Qayınım
dözə bilmədi:
-
Paltarlarını niyə yandırırsan, ay arvad?
Qayınanam
qışqırdı:
- Mən
öləndən sonra nəyimə lazımdır?!
Bacanağım
başladı dil tökməyə:
- Ay ana,
elə hər xəstələnən ölür ki? Allah qoysa bu gün-sabah sağalıb durarsan
ayağa. Paltarsız gəzəcəksən?
Bu sözlər qayınanamın qulağına girmirdi. Elə hey
sındırıb-yandırırdı. O, son kibrit
çöplərini də yandırıb dilləndi:
- Vəssalam!
İndi o dünyaya rahat köçə bilərəm!..
Bədbəxtlikdən düz bir həftədən sonra
qayınanam sağaldı. Amma
yorğan-döşəkdən qalxa bilmədi.
Çünki əyninə geyməyə bircə paltarı da
qalmamışdı...
Misralar kimindir?
Qəzet redaktoru Salman Mütrif oğlu redaksiyada lövbər
salıb yazı-pozu ilə məşğul idi. Qapı
döyüldü, Ədəbiyyat şöbəsinin
müdiri kabinetə daxil oldu. Masanın üstünə
bir hekayə qoyub dilləndi:
- Salman
müəllim, istedadlı gənc yazıçılardan
birinin əsəridir. Oxumuşam, pis deyil, məsləhət
bilsəniz, çapa verərik.
-
Yaxşı, biz də oxuyarıq, görək nə
yazır?! - deyə redaktor Mütrif
oğlu təşəxxüslə bildirdi.
Şöbə müdiri otaqdan çıxan kimi, Salman
müəllim hekayəni oxumağa başladı. Gördü
paho, şöbə müdirinin gənc yazıçı
adlandırdığı Naşükür bəy ölkədə
nə qədər vəzifə sahibi var, hamısını
biabır-rüsvay edib. Axırda da iki misra ilə fikirlərini
belə tamamlayıb:
"Vicdanı
sönük başçıların qəfləti ancaq,
Etmiş, edəcək milləti əllərdə
oyuncaq".
Birinci
misradakı "başçıların" sözü
Mütrif oğlunu əsəbiləşdirdi,
düşündü ki, "bu gədə lap ağ edib! Yəqin, icra başçılarını nəzərdə
tutur. Hamını özümlə düşmən edə
bilmərəm ki!". Odur ki, birinci
misradakı "başçıların"
sözünü pozub, belə yazdı: "Vicdanı
sönüklərin qəfləti ancaq...".
Səhəri
gün qəzeti oxuyan bir ədəbiyyatşünas alim
redaktor Salman Mütrif oğluna zəng vurub təəccübünü
bildirdi:
- A kişi, siz nə etmisiniz, o boyda yazıçının
misrasını niyə dəyişdirib bu günə
salmısınız?
Redaktor
Mütrif oğlu cavab verdi:
- Əşi, Naşükür bəy cavan
yazıçılardandır. Adından da məlum olduğu kimi,
naşükürün biridir! Ölkədə
vəzifə sahibi qalmayıb, hamısına sataşıb.
Hələ onun hekayəsini çap eləmişəm, gərək
sevinsin...
Professor əsəbiləşdi:
- Ay Salman
müəllim, Naşükür bəy kimdir? Həmin
misralar Hüseyn Cavidindir ey, başa düşdün?!
Gün ərzində redaktora yüzlərlə belə zəng
vuruldu. Zəng vuranlar bilmirdilər ki, Mütrif oğlu
ömründə Hüseyn Cavidi oxumayıb. "Yazıq" haradan biləydi ki, misralar kimindir?
Qorxuram
Heç nədən qorxmuram. Qəzetdən, tənqiddən,
dedi-qodudan, söz-bezdən qorxmuram. Yuxusuzluqdan,
əziyyətdən, kasıblıqdan qorxmuram. Vəzifəsizlikdən, vəzifədən
çıxmaqdan qorxmuram. Bircə şeydən
- müsəlmanların öz dillərini unutmalarından
qorxuram.
O gün
həyətə çıxmışam, qonşuluqda
yaşayan müsəlman uşağı məni görüb
deyir:
-
Zdravstvuyte!
Soruşuram, bala, sən russan?
Cavab
verir:
- Net.
Deyirəm,
bəs mənə niyə rusca salam verirsən?
Deyir:
- Otets,
mat po-russki qovoryat...
Heç kimdən qorxmuram, heç nədən qorxmuram. Xəstəlikdən,
həkimlərdən, yıxılıb
qolumu-qıçımı sındırmaqdan,
yalançılardan, rüşvətxorlardan, yaltaqlardan,
ikiüzlülərdən qorxmuram. Bircə şeydən
qorxuram: Müsəlmançılığı itirməkdən.
Bəzi müsəlman müğənnilər
gül kimi mahnılarımızı qoyub başqa ölkələrin
mahnılarını oxuyurlar, eybəcər şəkildə
"rəqs" edirlər, ilan kimi
qıvrılıb-açılırlar. Adama
deyərlər, bala, sən müsəlmansan, yoxsa moltanı?
Hər ölkənin, hər millətin
mahnıları gözəldir, buna sözüm yox. Sənə nə düşüb ki, onların
mahnılarını oxuyursan, özü də necə deyərlər,
qolunu-qıçını sındıra-sındıra?
Belə mahnılara daha çox qulaq asırlar,
kasetlər çox satılır, eləmi? Bəs bilmirsən ki, bu da bir siyasətdir? İstəyirlər ki, müsəlmançılığa
bu tərəfdən də zərbə vursunlar? Yəni
müsəlman olduğunu sənə unutdursunlar! Bax, mən də elə ondan qorxuram. Qorxuram ki,
bir tikə müsəlmançılığımız
qalıb, onu da unudaq!
Heç nədən qorxmuram. Ölümdən, o
dünyada qurulacaq mizan-tərəzidən, cənnət-cəhənnəmdən,
Qıl körpüdən qorxmuram. Amma bir şeydən
qorxuram: Müsəlmanların vətəni, torpağı
unutmalarından. Kimi dindirirsən, deyir
"xaricdə yaşamaq istəyirəm". Nə var axı, bu xaricdə? Xaricdə
yel əsib, qoz tökülüb? Adam da vətənini,
ana dilini, ana laylasını unudar?
Xülasə, mən heç nədən, heç kimdən
qorxmuram. Bircə müsəlmanların dilimizi bərbad hala
salmalarından, ana laylası kimi mahnılarımıza yad
xallar qatmalarından, milləti unutmalarından qorxuram.
Vallah-billah, qorxuram!
Xeyrəddin QOCA
Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.26.