“Qəbələ
- keçmişdə və günümüzdə”
Professor Qəzənfər
Paşayevin yaxın günlərdə nəşr edilmiş
"Qəbələ - keçmişdə və
günümüzdə" əsərinə millət vəkili
Qənirə Paşayeva əhatəli ön söz yazıb. Həmin yazını təqdim edirik.
Əməkdar elm xadimi, professor
Qəzənfər Paşayevin
"Qəbələ keçmişdə
və günümüzdə"
əsəri adından,
strukturundan tutmuş ümumiləşdirmələrinədək diqqətəlayiq bir elmi yaradıcılıq aktıdır (Bura müəllifinin özkeçmişini
də əlavə etsək, daha dolğun təsəvvür
yaranar). Doğrusu, kitabın adında
ifadə olunmasa da, mən bu
əsəri keçmişdən
və bugünümüzdən
daha artıq dərəcədə gələcəyə
ismarıc hesab edirəm. "Bugün"
ötəridir, "keçmiş"in
adı üzərində keçmişdir;
"gələcək" isə arzumuz, inamımız, yolumuz dəyərindədir. Əlbəttə, arzumuz, inamımız, yolumuz dəyərində olan Gələcək, Qəbələnin etnoqrafiya
dünyasından keçir,
bitib tükənməyən
incilər xəzinəsi
folklordan zənginlik qazanır. Bu yerdə,
Ümummilli liderimiz Heydər Əliyevin dəyərləndirməsini xatırlatmaq
istərdim: "Qəbələnin
şərəfli keçmişi,
gözəl gələcəyi
vardır".
Günümüzün Qəbələsini bilmədən,
keçmişdəki olaylara
vaqif olmadan gələcək inşa etmək qeyri-mümkündür. "Qəbələ keçmişdə
və bugünümüzdə"
əsərinin əslən
Qəbələdən olan
Azərbaycanın Milli
Qəhrəmanı, şəhid
generalımız Polad
Həşimovun ruhuna ithaf edilməsi də dərin məzmun daşıyır.
Ərəblər "dünyada təsadüf
yoxdu, təvavüqlük
var" deyirlər;
General Həşimov Tovuzda
şəhid olub; əslən Tovuzdan olan professor Qəzənfər
Paşayev Qəbələ
haqqında əsər
yazıb. Bu, mənə bir Azərbaycançılıq simmetriyası,
ahəngi və alqoritmi kimi gəldi. Bu, Böyük
Azərbaycan dünyasının
ilməsi, naxışı,
bəzəyi, süsü...
kimi təcalla edir mənim gözümdə...
Müəllif Azərbaycanda, türk
və ərəb dünyasında "Altı
il Dəclə-Fərat
sahillərində" əsəri
ilə ədəbi şöhrət qazanıb.
Ondan öncə və sonra (özəlliklə sonra!) irihəcmli tədqiqat əsərlərinin
olmasına baxmayaraq, Qəzənfər müəllim
oxucu yaddaşında
ilk növbədə məhz
o, təkrar nəşrlərlə
yüzminlərlə tiraja
çatmış "Altı
il Dəclə-Fərat
sahillərində" ilə
qalıb. Ümumən hər müəllif daha çox bir əsərlə tanınır, xatırlanır.
Qəzənfər müəllimin də,
həmin əsərinin
ön plana çıxması, ərəb
coğrafiyasındakı Azərbaycan-türk
tarixinin, mənliyinin parlaq ifadəçisi olması və maraqlı üslubu, bilgi zənginliyi ilə şərtlənir.
Bununla belə, etiraf etməliyik ki, professor Qəzənfər Paşayevin yaradıcılığı
çoxşaxəlidir, əbədiyaşardır,
iftixar doğuran yaradıcılıqdır, genişüfüqlüdür.
Alimin dilçilik, folklorşünaslıq,
ədəbiyyatşünaslıq, mətnşünaslıq, tərcüməçilik
kimi elm sahələrində
xidmətləri böyükdür.
Ancaq onun ən böyük
tarixi xidməti İraqda yaşayan soydaşlarımızın - İraq
Türkmanlarının ləhcəsini
və folklorunu nəzəri cəhətdən
tədqiq etməsidir,
qəriblikdə yaşayan
soydaşlarımızı xalqımıza tanıtmasıdır.
Professor Yaşar Qarayev
təsadüfi yazmırdı:
"Bizim üçün
İraq, Kərbəla
Füzulidən başladığı
kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır".
Xalq yazıçısı Anarın
fikri Yaşar Qarayevin dediklərinə dayaq olur: "Azərbaycanın İraqla
əlaqələri çox
qədimdir. Ölkəmizin bu qardaş
diyarda ilk mədəniyyət
və mənəviyyat
təmsilçisi dahi
şairimiz Məhəmməd
Füzuli olub. Bu gün həmin
missiyanı Qəzənfər
Paşayev ləyaqətlə
yerinə yetirir".
Ustad alimin Kərkük folkloruna, ləhcəsinə və ədəbiyyatına həsr
olunmuş, İraqda, Türkiyədə, İranda,
Azərbaycanda çap
olunan 30-dan artıq kitabı vardır.
Akademik Tofiq Hacıyev haqlı olaraq yazırdı: "Azərbaycanda
Kərkükşünaslıq adlanan elm sahəsi vardır. Onun banisi prof. Qəzənfər Paşayevdir".
Bütün bunlar görkəmli
alimə verilən qiymətdir.
Böyük Azərbaycan dünyasının
mədəniyyət iqlimimizin
yayıldığı arealların
bilicisi olan ustad elm xadimimizin Qəbələyə əsər
həsr etməsini də çox məntiqli hesab edirəm. Bu əsərdə
sanki həm türk dünyası - Azərbaycan-Qəbələ, həm
də Qəbələ-Azərbaycan-türk
dünyası yolçuluğu
izlənib. Qəbələ ümumazərbaycan tarixinin
landşaftını, tarixi
proseslərin politexnologiyasını,
mədəni relyefini təcəssüm etdirməsi
ilə səciyyəvidir.
Azərbaycan bölgələrinin inkişafı kontekstində
Azərbaycan turizminin döyünən ürəyi
halına gəlmiş
Qəbələ, son illər
sürətli inkişaf
prosesi keçib.
Qəbələ beynəlxalq
festivallara, önəmli
dövlət tədbirlərinə,
yarışmalara və
s. yüksək səviyyəli
evsahibliyi edib. Qəbələdən çıxmış aydınlarımız ölkənin
müxtəlif əməli
fəaliyyət sahələrində
öz töhfələri
ilə seçilir.
Özəlliklə, Qəbələli gənclərin təhsilində,
idmanda, vətəndaş
cəmiyyəti quruculuğunda,
ədəbi-elmi yaradıcılıqda
uğurlarını tez-tez
eşitməkdəydik. Qəbələ mənə hərdən
Azərbaycanın kiçik
modeli kimi gəlir. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Biz Azərbaycanın son illərdəki
inkişafını Qəbələ
rayonunun timsalında əyani şəkildə
çox yaxşı görürük". Qəbələlilər və Qəbələ problemləri, uğurları,
mədəni irsə qayğıları, ümumölkə
işinə töhfələri
ilə diqqətə və təqdirə layiq bir mövqeyə
sahibdir.
Monoqrafiyanın usta müəllifi
tarix, etnoqrafiya və folklorşünaslığın
maraqlı palitrasını
yaradıb. Təsəvvür
edin ki, "Giriş", üç fəsil və "Nəticə"dən ibarət
olan bu yığcam
əsər, bugünümüzdən
bizim eradan öncəki uzaq zəmanəyədək işıq
salır, güzgü
tutur; burada paleolit, mezolit, neolit, eneolit, tunc, dəmir dövrlərinin səciyyəvi
özəlliklərinin bir
bölgənin timsalında
necə şəkilləndiyini
görürük. Sözümüzün
əvvəlinə qayıdaraq,
bugünün daşıdığı
məna yükümlülüyünə
diqqət çəkmək
istərdim: əsərin
fakturası elədir ki, günümüz dayaq nöqtəsi - istinadgah kimi iştirak edir sanki.
Tarixçi alim, tanınmış
yazar Yunus Oğuzun təbirincə desək, "Keçmişdən
gələcəyə nə
daşıyırıq?" sualı bu əsərin
"mətn-mündəricə"sinə
uyğun cavab tapır, həllə qovuşur. Qəbələnin gələcəyindən danışır və o gələcəyin gözəl
olacağına inanırıqsa,
bu, respublikamızın
gözəl gələcəyinə
inamı da ifadə etmiş olur - hansısa bir bölgəmiz əlahiddə şəkildə
deyil, ümumi inkişaf strategiyası içində görünməlidir.
"Qəbələ tarixi",
"Qəbələ folkloru",
"Qəbələ etnoqrafiyası"
işığında təəssürat,
qənaət, fikir və ideyalar, professor Qəzənfər Paşayevin
üfüqi genişliyini,
mövzuya yalnız intellektlə deyil sevgiylə yanaşmasını
da aydın şəkildə göstərir.
Kitabın dəyərinə dəyər
qatan bir də onun redaktorunun
və rəyçisinin
kim olması,
habelə kitabın hansı nəşriyyatda işıq üzü görməsidir - deyə düşünürəm. Redaktoru akademik
Nərgiz xanım Axundova, rəyçisi əslən qəbələli
professor Abid Tahirli olan bu maraqlı
əsər, məhz
"CBS PP" MMC nəşriyyatında işıq üzü görməsi ilə özünəxas anlam daşıyır.
Müəllif, yeri gəldikcə,
o qədər örnək
ola biləcək
ibrətamiz mətləblərdən
söz açır ki, əsər çox maraqla oxunur və adamı düşündürür.
Faydalı olacağına əmin
olduğum üçün
bu son dərəcə
maraqlı kitabı oxumağı tövsiyə
edirəm.
Fikrimi yekunlaşdırarkən,
bir daha, ustad alimimizə, ona bu əsəri
yazmağa ilham verən xeyirxah və yaradıcı insanlara, əməyi keçən hər kəsə şükranlarımı
yetirirəm.
Qənirə PAŞAYEVA
Ədəbiyyat qəzeti.- 2021.-
25 dekabr.- S.28.