Çağdaş Ədəbiyyat
dastanı
"Qarabağ dastanı. Otuz ilin həsrəti
- 44 günün zəfəri". Bakı. "Təhsil",
2021
II
Qarabağ savaşı, Vətən müharibəsində Azərbaycan
Ordusu dastan yazdı. Bunu dünya bildi, dünya mətbuatı
bu haqda danışdı. Azərbaycan xalqının, əsgərinin
hünəri, şücaəti, şöhrəti dünyaya
yayıldı. Bəs bu dastanın yaranmasında, araya-bərəyə
gəlməsində ədəbiyyatımızın payı nə
qədərdir? Azərbaycan Yazıçılar Birliyinin
hazırladığı "Qarabağ dastanı. Otuz ilin həsrəti
- 44 günün zəfəri" kitabı ("Qarabağ dastanı.
Otuz ilin həsrəti - 44 günün zəfəri".
Bakı. "Təhsil", 2021), mənimcə, bu suala cavab
axtarışlarından doğmuşdur; bu arada ədəbiyyatımız
daima ayaqda, xalqının-toplumun-Azərbaycan insanının
yanında olmuşdur.
"Qarabağ
dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri"
- ötən qələbə ilinin ruhundan, zəfər sevinclərindən
doğulsa da, əslində, bir ilin kitabı deyildir,
Qarabağdan cismən ayrı düşdüyümüz,
lakin ruhən heç zaman barışmadığımız
otuz ilin həsrət dastanıdır. Bəlkə də daha
çox; əhatəsi, ideya xətti, nəfəsi etibarilə,
deyə bilərik, kitab yüzillərin Qarabağ
dastanını dilə gətirir. Qarabağın xanı Pənahəli
xan xanlığın binəsini qoyandan günümüzəcən
Qarabağ dastanı ədəbiyyatımıza
yansımış, ədəbiyyatımızın
özüdür. Bir bayatı kimi.
"Külli-Qarabağın abi-həyatı. Nərmə-nazik
bayatıdır,bayatı" (Kitabın bir bölümü
elə bu epiqrafdan başlanır). Şikəstə kimi.
"Havalansın Xanın səsi, Qarabağın şikəstəsi"
(Başqa bir bölümə həmin misralar ayaq verir).
Yaddaş kimi. "Tehran cənnətə dönsə, Yaddan
çıxmaz Qarabağ" (Daha bir bölüm bu bayatı
üstündədir). Etiraz-müqavimət dalğası kimi.
"Vətən adlı doğma yurddan, püşk olarmı?
Pay olarmı?.." (Kitabın bir bölməsi də bu nəfəsi
daşıyır). Zəfər dastanı kimi. "Bir millətik,
iki dövlət - Azərbaycan-Türkiyə!";
"Sevindirsin milləti zəfərin şad xəbəri,
Ümid sənədir ancaq Azərbaycan əsgəri!"
(Dastanın bütün fəsilləri bunu deyir).
Qarabağın füsunkar təbiəti,
qayası-dağı-daşı, aranı-meşəsi-çəməni,
gur sulu çayları-bulaqları (ki, kitabdan mənzərələrini
görür, səsini-hənirini eşidirik); habelə
toyu-bayramı, sevinci-kədəri, ağrı-acısı...
(ki, qəlbimizdə əks-səda verir) min illərdir Azərbaycan
dilində danışır; bunu bəlkə də Zəfər
dastanımızdan o yana dünya bilmir, ya bilmək istəmir;
Azərbaycan ədəbiyyatı, musiqisi, təsviri sənəti,
mədəniyyəti bunu bilir, təsbit edir, buna yəmin edir.
Kitab
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin "Qarabağ Azərbaycandır və
nida işarəsi" ideya-şüarı və Vətən
müharibəsi zamanı 4 oktyabr, 9 oktyabr, 17 oktyabr, 20 oktyabr,
26 oktyabr, 8 noyabr, 20 noyabr, 25 noyabr, 1 dekabr 2020-ci il tarixli
torpaqlarımızın işğaldan azad olunması
münasibətilə xalqa müraciətləri, 15 yanvar və
16 mart 2021-ci il tarixlərində birbaşa Şuşa
çıxışlarından sitatlarla açılır. Azərbaycan
Ordusunun zəfər yürüşlərindən xəbər
verən, xalqı və toplumu səfərbər edən, Vətən
müharibəsinin salnaməsini yazan, qətiyyət, inam,
qürur, sevinc, fəxarət dolu həmin qələbə
müjdəli çıxışlar, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın Vətən müharibəsi döyüşlərində
həlak olmuş şəhidlərin xatirəsini yad edən
xalqa müraciəti, habelə Azərbaycan
Yazıçılar Birliyinin "Böyük tarixi qələbəmiz
münasibətilə" Azərbaycan Prezidentinə təbrik-teleqramı
sanki kitaba prelüd səciyyəsi daşıyır; 44
günlük Zəfər dastanına göndəriş etməklə
bu ruhu bütünlükdə ədəbiyyata da
ötürür.
"Qarabağ
dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri"
kitabının ideya müəllifi Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar, redaktoru və Ön sözün
müəllifi Azərbaycan Yazıçılar Birliyinin
katibi, Əməkdar mədəniyyət işçisi Rəşad
Məciddir.
"Şuşa
havasının əritdiyi nisgil" adlı Ön
sözündə Rəşad Məcid kitabın
ideyasını Azərbaycan Prezidentinin
çıxışları və 44 günlük Zəfər
dastanının haləsində çözməyə, bu
açıdan "Qarabağ dastanı"na baxmağa
çalışır: "Oktyabrın 4-də Cəbrayıl
şəhərinin işğaldan azad olunması münasibətilə
xalqa müraciətində biz Azərbaycan rəhbərinin məğrur,
müzəffər və qətiyyətli Ali Baş Komandan
olduğunu bir daha gördük və buna ürəkdən,
bütün varlığımızla inandıq..." Elə
bir uğurla ki, oçerkdə həm otuz ilin həsrətindən
lövhələr göz önünə gəlir, həm Vətən
müharibəsinin sevinc-riqqət-qürur anları; həm də
kitabdakı müəlliflər və müəllif
yazıları təqdim olunur.
Müəlliflər
sırasında Rəşad Məcid özü də var;
kitabın ideyası belədir ki, Qarabağın
dastanını öncə bu torpaqların özündən
olan yazarlar söyləməlidirlər ("Qarabağ -
doğma yurdum" bölümündə), Rəşad Məcid
də bunu edir. Çox orijinal "Qorxu" və
"Gecikmiş Ağoğlan bələdçiliyim" esseləri
ilə; itirmək istəmədiyi xəyalındakı
Ağdam və gerçəklərdə itirdiyi kəndinin,
evinin xəyalatı ilə. Rəşad Məcidin imzası
kitabdakı seçmə Qarabağ şeirləri
sırasında da yer alır; 1979-cu ildə, hələ 15
yaşında yazdığı, Cıdır düzü ilə
ilk təmasdan doğulan şeiri ilə: "Deyirəm,
dünyada sevgi tapılmaz, / Övladın torpağa sevgisi
kimi..."
Həmin
ekzistensial yaşam - yurd sorağı, "yaddan
çıxmaz Qarabağ" nisgili ilə yazılmış,
demək olar ki, bütün (əslən) Qarabağlı
yazarların yazılarından keçir. Xalq
yazıçısı Elçinin ailəsi, atası
İlyas Əfəndiyevlə birgə uşaqlıq
çağlarında Həbib kişinin faytonunda Füzulidən
Şuşaya dolanbadolan yollarından, 1982-ci ilin Ulu Öndər
Heydər Əliyevlə birgə iki - qarlı qış və
isti yay səfərləri, Molla Pənah Vaqifin məqbərəsinin
açılışı və Vaqif Poeziya günlərinəcən
qədim "Şuşa koloriti", "Şuşa
aurası"nda da var bu yaşam ("Şuşanın
dağları başı dumanlı..."); "Bu, bizim həyətimizdi,
bu dağılan ev də bizim evimizdi..." deyə Aqil
Abbasın misli görünməmiş erməni vandalizminin
viran qoyduğu Ağdam şəhərini küçə-küçə,
ocaq-ocaq oyadıb-"bərpa etdiyi", "Məhəmməd
kişinin ocağı"nda çiçəkləyən
Quran meyvəsi nar ağacı ilə xoş gələcəyə
ismarıc yolladığı yaşamlarında da ("Evimi
sökə bilərsən, torpağımı yox").
"Qubadlı mənim ata-baba yurdumdur" deyən Ramiz
Rövşənin yurd ağrısını bir zamanlar
açarsız qalmış qapılardan, müharibədən
sonra "qapısız açarları"nacan
yaşamlarından da duymaq olur ("Qapısız
açarlar"), Elçin Hüseynbəylinin
"alaqaranlıq bir otaqda, lampa işığı"ndan
yol alıb, "bir doğulduğu İliç
lampası"nın bəlirləri boyu Qarabağla və
Qarabağsız dünyanı gəzib-dolanan ayları-illəri-xatirələrindən
də... ("Xiffət... Lənət və sevgi. Cəbrayılı
düşünərkən")
Eyni
ovqatı publisist Nəsiman Yaqublunun "əsarətdə
qalan Vətən haqqında yazmaq olduqca ağırdır"
etirafından qaynaqlanıb kəndinə, ölkəsinə,
böyük Vətənə dair düşüncələrinə
yol alan yazısından da ("Xatirələrimdə
yaşayan Zəngilan"); ədəbiyyatşünas professor
Şirindil Alışanlının uzaqlarda qalan
Laçının kino-lentə aldığı son
anlarından təkanlanıb, Laçında keçən fərdi
dünyası-uşaqlığı-yeniyetməliyi, doğma
yurdun təbiəti, əlçatmaz gözəlliyi, mədəni-mənəvi
sferası, ictimai siqlətinəcən
bölüşdüyü oçerkindən də ("Su səltənəti
Laçın"); yazıçı Seyran Səxavətin
"əvvəl göz açdığı, sonra da
dil..." Füzulinin (Qarabağın) yerini ibtidai mədəniyyətdən
müasir sivilizasiyaya, qədimdən qədim Azıx
mağarasından çağdaşımıza,XXI əsr
insanlığı arasında aramaq, dərk etmək cəhdindən
də ("Adəm və Həvvanın yataq
otağı"); şair Adil Cəmilin ("Tanrının Kəlbəcər
möcüzəsi") və millət vəkili Jalə
Əliyevanın ("Əziz Kəlbəcər! Sən
azadsan!") Kəlbəcər möcüzəsini təbiət,
tarix, dünya kontekstində görükdürmək səyləri,
"dərd-qəmin içində çox ölmüşəm
mən" deyən şairin "indi də sevincdən ölə
bilmək" ehtiraslarından da duya, ala bilirik.
"Qarabağ
- doğma yurdum" bölümündə otuz illik Qarabağ
publisistikamızın bəlkə də ən yaxşı
örnəkləri toplanıb desəm yanılmaram. Bəlkə
həm də ona görə ki, burda yazıçı
sözü, yazıçı nəfəsi hakimdir; hər
müəllif Qarabağ dastanını öz tərzində fəhm
edib, öz hekayəsi kimi, öz üslubunda qələmə
alır. Otuz ilin süzgəcindən ədəbiyyata
köçən Qarabağ budur; nisgildən, ağrıdan,
xatirədən boylanıb, ürkə-ürkə bugünə
- Qələbənin hələ axıracan həzm
olunmamış sehrinə-sevincinə-sirrinə gəlir. Bu
yazıların bir məziyyəti də elə odur ki,
isti-isti, qələbə ilində, məhz birbaşa kitab
üçün yazılıbdır.
Kitabın
növbəti bölümü "Qarabağ sənət
yaddaşımızda" adlanır; və bu dəfə
bölmədə təmsil olunan yazılar otuz ilin
yaxınlığından yüzillərə boylanır,
Qarabağ dastanını tarixən və tarixdə: ədəbiyyat
və mədəniyyətimizdə (Vilayət Quliyevin
"Qarabağ bədii ədəbiyyatımızda"
oçerki), musiqi sənətində (Akademik Zemfira Səfərovanın
"Şuşa - Azərbaycanın musiqi qalasıdır"
oçerki), şeir sənətində (Vasif Quliyevin "XVIII
əsr Qarabağ poeziya məktəbi" yazısı), fəlsəfi
düşüncə nəzərindən (Əsəd
Cahangirin "Səs. Qarabağ haqqında esse"si), kino sənətində
(Pərvinin "Qarabağı vərəqləmək.
Qarabağ kinomuzda və ədəbiyatımızda"
yazısı) izləyir və söyləyir. Hər birisi zəngin
faktik materiala, elmi tədqiqat nəticələrinə söykənən
oçerklər yalnız çağdaşımızın sənət
yaddaşını silkəmək, fikir yaddaşını
oyatmağa hesablanmayıb. Zatən tale belə gətirmiş
ki, üç epoxadan: Xanlıqlar dövrü
(yaranış), çar Rusiyası (təşəkkül və
inkişaf) və Sovet dönəmindən (gələnəklər)
keçib-gələn Qarabağımız Azərbaycan
varlığının bir parçası kimi, Azərbaycanımızın
özü kimi, heç nəyə baxmayaraq, yenə də
diridir, daim vardır, yaddaşı oyaqdır. Belə
olmasaydı, Vilayət Quliyevin də xatırlatdığı
kimi: "Azərbaycan tarixşünaslığında zaman
baxımından o qədər də böyük olmayan
müddət ərzində on müəllifin "Qarabağnamə"
- Qarabağ tarixindən bəhs edən əsər
yazması" faktı da olmazdı. "Son iki yüz ildə
Azərbaycanın heç bir guşəsi Qarabağ qədər
yalnız dölətçilik baxımından, hərbi-siyasi
aspektdə deyil, həm də mənəviyyat baxımından
- şərəf, namus məsələsi kimi ölkə
insanının fikir və düşüncəsinə hakim
olmayıb"dır. Kitabın da, müəlliflərin də
niyyəti daha böyük, bəlkə
çağdaşımızın
passiv-metafizik-özlüyündə yaddaşını həm
də aktiv fəaliyyətə, əmələ, əməliyyəyə
çevirə bilə. Vilayət Qulievdən daha bir sitat:
"Məşhur ifadədə deyilir ki, hərbçilər
öz işlərini qurtarandan sonra sıra diplomatlara gəlir.
İndi əminliklə əlavə edə bilərik ki,
sıra həm də şair və yazıçılara -
yaradıcı insanlara çatıb. Ədəbiyyatda yeni
Qarabağın və yurdunun sahibi olmağı haqq edən
qarabağlının gerçək obrazını yaratmaq onların
vəzifəsidir".
Növbəti,
"Yaddan çıxmaz Qarabağ" bölümündə
əməli fəaliyyətin gerçək örnəyini yenə
də tarixdən görürük. Yazıçı Mehriban
Vəzir "Qarabağın məşhur xanımları"
oçerkində "Həyatları Qarabağın dövlətçilik
və işğal tarixi ilə, siyasi gündəmi ilə, tərəqqisi
və tənəzzülü ilə sıx bağlı
olan" "Qarabağın əzəmətli
xanımlarından Ağabəyim ağa, Gövhər ağa,
Xurşidbanu Natəvan və Həmidə xanım
Cavanşir"in "keçdiyi iztirablı və ləyaqətli
ömür yolunda Qarabağın canlı tarixi"ni izləyir.
Müəllifin oçerkdə təsbit etdiyi kimi, məhz
"Dövrün siyasətinin yazdığı bu
ömür hekayələrini öyrənmək
Qarabağın başına gətirilənləri nəbzlərdə
dinləmək kimidir". Mehriban Vəzir yüyrək
üslubda, yığcam bioqrafi faktlar, ictimai-siyasi gerçəklər
və fərdi hünər nümunələri üzərindən
bunu edir, Azərbaycan qadınlığının şərəf
tarixinə inanılmaz səhifələr yazmış
Cavanşirlər nəslinin ömür-gün salnaməsini
oxucunun gözü qabağında bir kino-lent kimi canlandıra
bilir. Buradaca onu əlavə etmək gərəkdir ki, kitabda
oçerklərlə paralel, Qarabağ dastanını
illüstrə edən rəngarəng foto-mənzərələr,
rəngli və ağ-qara foto-şəkillər, portretlər,
foto-faktlar, təsviri sənət və memarlıq nümunələri,
Natəvanın və müasir rəssamların işləri
(Sakit Məmmədov, Elturan Avalov) sənət
yaddaşımızın daha bir tarixi sırasını təqdim
edir.
Kitabın
"Nisgil, ümid, zəfər ədəbiyyatı"
bölümü bizi yenidən tarixdən bugünə - otuz
ilin həsrət, 44 günün zəfər notlarına
qaytarır və Xalq yazıçısı Kamal Abdullanın
"Müharibə və onun ədəbi-bədii əks-sədası"
essesi, Xalq şairi Sabir Rüstəmxanlının "Biz
qayıtmışıq" essesi və "Qarabağa
dönüş" poeması, Günel Anarqızının
"Ataya" və "Arzu" hekayələri ilə təmsil
olunur. Esse, poema, hekayələrdə "nisgil",
"ümid", "həsrət" notları ilə birgə
acı həqiqət, ağrı, qınaq, bəzən
özünü-ittiham, imtahan, katarsis motivlərinin də yer
alması zəfər pafosunu bizə qazandıran
duyğuların nə qədər də mürəkkəb
olduğunu görk edir, göstərir. Günün
reallığında əvvəlki mənalar, mətnlər, mətn-altılar
da bir başqa cür oxunur. Şair ötkəmliyi, bir də əvvələ
qayıtmaq inancı, əzmi (bunu biz "Qarabağa
dönüş" poemasında görürük),
yazıçı təxəyyülünün mistikası və
uzaqgörənliyi (Günel Anarqızının hekayələrindəki
kimi) bəzi məqamlarda çaşdırır, hətta heyrətləndirir
də ("Arzu" hekayəsində "27-ci fəslin
sonluğunu, 33-cünün ortasını işləmək,
44-cüyə bir-iki abzas əlavə etmək"
detallarının 27 sentyabr və 44 günlük müharibə
rəqəmləri ilə üst-üstə düşməsi
qəribə təsadüfmüdür?). Yazılarda
nigaranlıq duyğuları çox söz deyir, zəfər
dastanının bugünü kimi, sabahını da vəd və
proqnoz edir. Kamal Abdullanın yazdığı tək:
"İndi bu mövzunu işləmək heç də asan
deyil. Əsgər - Murovdağda, sən burada. Əsgər -
Qarabağda, sən burada. Amma hər şeyin öz vaxtı,
öz vədəsi var. Gərəkdir ki, sən özün də
əsgərin ardınca Murovdağa çıxasan... (...) Gərəkdir
ki, əsgərin ardınca gedib bu yurdun qərib,
hürkmüş künc-bucağını,
dağılmış və dağılmamış evlərini,
tikililərini baxışlarınla əzizləyəsən,
onun don vurmuş qəddini açasan..."
Qarabağ
dastanının ən sərt üzü dost-düşmən
yanında bəlli olur; kitabın "Qarabağ: dostlar və
düşmənlər" bölümündə ilk növbədə
qardaş türk xalqının Qarabağ müharibəsində
əvəzsiz dəstəyini əks etdirən faktlar-sənədlər:
10.12.2020-ci il tarixi Zəfər paradında Azərbaycan
Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın çıxışlarından
sitatlar, Türk dünyası yazarlarının Ermənistanın
Azərbaycana qarşı apardığı terror siyasətinin
dayandırılmasına dair - on üç görkəmli
şair və yazarın imzası ilə Bəyanatı,
müharibə zamanı Türkiyə Yazarlar Birliyindən
prof., dr. Musa Kazım Arıcandan, Türk Ədəbiyyatı
Vəqfindən Sərhat Kabaklı, İmdat Əfşar, dos.,
dr. Bəxtiyar Aslandan, Ədəbiyyat Sənət
Kültür Araşdırmaları Dərnəyi, Şərif
Aydəmirdən, Söyüd Türk Ədəbiyyatı Dərgisi,
Sinan Tərzidən, Türkiyə Yazarlar Birliyi Kayseri
Şöbəsi, Səlim Tunçbilikdən Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar Rzayevin adına Azərbaycan
xalqının haqq savaşına mənəvi dəstək
verən məktublar yer almışdır. Günay Əfəndiyevanın
"Qarabağ cazibəsi" oçerkində otuz illik
münaqişə və müharibə zamanı Türkiyə
və türk xalqlarının Azərbaycan xalqının
yanında olması, BMT və beynəlxalq aləmin müharibədən
əvvəl və sonrakı gerçəklərə
reaksiyası, eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun erməni təxribatları və
vandalizmini ifşa edən, həqiqətləri dünyaya
çatdıran fəaliyyəti təsbit olunmuşdur.
Qarabağ
dastanının cəbhədə olduğu kimi, masada, söz
savaşı da var və bu məqamda Azərbaycan
yazıçısı otuz il ərzində daim ayaqda
olmuşdur. Kitabda bu faktı Xalq yazıçısı
Anarın "Növbəti sayıqlamalar və bəzi
başqa məsələlər haqqında" və Xalq
yazıçısı Çingiz Abdullayevin "Zori
Balayanın Vladimir Putinə ünvanlanmış açıq
məktubuna aid qeydlər" məqalələri təsbit
edir, təsdiqləyir. Hər iki yazı mənfur və məlum
erməni təxribatçısı, çağdaş
Qarabağ münaqişəsinin
qızışdırıcılarından Zori Balayanın hələ
2013-cü ildə yenə də "dayı
axtarışı"nda Rusiya Prezidentinə
yazdığı məktuba cavab olaraq, milçək bir
şey deyil, ürək bulandırır ovqatında qələmə
alınsa da, növbəti dəfə erməni böhtan və
yalanlarını, həm də yalnız otuz il ərzində
deyil, bütünlükdə iki yüz illik rus imperiya siyasəti
kontekstində, erməni və rus mənbələrinin
özünə istinadən ifşa etməyə tarixi fürsət
bulur. II Qarabağ müharibəsi ərəfəsində
bütün dünya ictimaiyyəti nəzərinə bunu etmək
vacib idi, xalq yazıçıları bunu edir də.
"Qarabağ
dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri"
kitabının hər fəsli şeirlərdən epiqraflarla
açılır; Molla Vəli Vidadinin, Səməd
Vurğunun, Ağabəyim ağanın, Rəsul Rzanın, Bəxtiyar
Vahabzadənin, Qabilin misraları, göstərdiyimiz kimi, hər
dəfə Qarabağ dastanının bir ayrı halətinə
bələdçi olur. Kitabın ayrıca bir
bölümü isə bütünlükdə "Şeir
çələngi"ni - Səməd Vurğundan
günümüzəcən seçmə Qarabağ şeirlərini
təqdim edir. Poeziya - xalqın ruhu, nəfəsidir;
prozanın danışmadığı, susmağa məhkum
olduğu dəmlərdə belə, dolayısı, ya
düzünə, şair təbini susdurmaq olmur. Demə,
yalnız bugün, dünən deyil, yüz ildən də
ziyadə bizim şairlər elə susmayan Qarabağ həqiqətlərini
danışır; həssas olmağımız gərəkmiş.
Səməd Vurğunun tərənnüm-təcəssüm
poeziyası, Süleyman Rüstəmin ictimai-əminlik
lirikası, Rəsul Rzanın bütöv bir silsilə
("Qarabağ - baba yurdum") sərt realist şeiri; Bəxtiyar
Vahabzadənin vətəndaş, Hüseyn Arifin təbiət
lirikası; Qabilin mənəvi haray, Nəbi Xəzrinin duyum
poeziyası; Qasım Qasımzadənin barokko, Nəriman Həsənzadənin
ictimai-liriksəl, Xəlil Rza Ulutürkün milli-ritorik, Məmməd
Arazın Vətən sinirli şeirləri; Cabir Novruzun
ictimai-sentimental, Fikrət Qocanın fəlsəfi-prozaik, Vaqif
Səmədoğlunun ekzistensial şeiri; İsa
İsmayılzadənin ağrı-nisgil, Vahid Əzizin etiraf,
Ramiz Rövşənin metafizik, Nüsrət Kəsəmənlinin
həyatsevər poeziyası; Zəlimxan Yaqubun romantik
çağırış, Məmməd İsmayılın sərt
publisist, Musa Yaqubun "dinib-danışan" şeiri; Famil
Mehdinin təsvir-təqdim, Xudu Məmmədovun bayatı, Məmməd
Aslanın çal-çağır, Hüseyn Kürdoğlunun
etnoqrafik-lirik, Çingiz Əlioğlunun avanqard-plakat
şeiri... - yüz ildir ki, həm də elə Qarabağ
deyir, bağrı qopanacan "Qarabağ!" deyib
çağırır-bağırır. Qarabağ,
Qarabağ! - Agdam, Laçın, Şuşa, Lələtəpə,
Çocuq Mərcanlı, Kəlbəcər... - Ənvər
Rza, Ramiz Məmmədzadə, Firuzə Məmmədli,
Şahmar Əkbərzadə, Səyavuş Məmmədzadə,
Ağa Laçınlı, Ənvər Əhməd,
Əşrəf Veysəlli, Zahid Xəlil, Nəsib Nəbioğlu,
Gülhüseyn Kazımlı, Ələmdar Quluzadə, Adil Cəmil,
Rəfail Tağızadə, Nazim Əhmədli, Elşən
Əzim, Bəhmən Vətənoğlu, Sücaət, Nilufər
Şıxlı, Nadir Rzalının şeirlərində dil
açıb danışır, dəfə-dəfə
danışır. Xocalı xəcaləti Nurəngiz
Günün, xəcil Xocalı Ələkbər Salahzadənin
çarəsiz misralarına sığınıb, dinməyir-danışır.
Etirazdan, bəyanatdan, xatirədən, xəyalatdan zəfər
sevinclərinə, alqış və fəxarətəcən...
- Eldar Baxış, Zakir Fəxri, Vaqif Bəhmənli, Şahin
Musaoğlu, Elçin Mirzəbəyli, Nəriman
Qasımoğlu, Əjdər Ol, Əbülfət Mədətoğlu,
Rəşad Məcid, Ələmdar Cabbarlı, İlham Qəhrəman,
Həyat Şəmi, Qulu Ağsəs, Xəyal Rza, Qəşəm
Nəcəfzadə, İmir Məmmədli, Ruslan Dost Əli,
Ramil Əhmədin... - tüm şairlərimizin şeirlərində
Qarabağ duyğularını oyaq, sayıq, növbənöv,
rəngarəng görürük. Vaqif Bayatlı Odərin
söylədiyi: "Qarabağ - bağlar bağı, səslər
səsi, sevgilər sevgisi, göylər göyü, ilahilər
ilahisi..."
"Qarabağ
dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri"
kitabının ideya müəllifi yazıçı
Anardır; kitabda yazıları, əməyi, fikir işi
etibarilə ən çox görünən də məhz
Anardır. Digər bölmələrdə təmsil olunmaqla
yanaşı, "Anar. Ötən günlərin
yazıları" və "Anar. Zəfər günlərinin
yazıları" bölümləri tamlıqda əsərin
ideya müəllifinindir. Oxuduqca hətta məndə belə təsəvvür
yarandı ki, kitabın ideya əsası da, süjet
düyünü də yazıçının hələ
1983-1985-ci illərdə qələmə aldığı
"Qarabağ şikəstəsi" oçerkindən
başlanır, bugünə və tarixə doğru yeridikcə
yeriyir, gəlişir. Bir yazıçı olaraq Anar fərdi
mən başlanğının ictimai mündəricəyə
adladığı anı gözəl bilir və deyərdim
ki, həm ideya-mündəricə
ardıcıllığı, məzmun dolğunluğu, həm
də kompozisiya həlli, bitkinliyi baxımından
"Qarabağ dastanı. Otuz ilin həsrəti - 44
günün zəfəri" kitabı ilə
günümüz ədəbiyyatının ən gərəkli,
vacib əsər-kitablarından birini ortaya qoymuşdur.
"Qarabağ
şikəstəsi" - son sovet dönəmində,
Qarabağa, Şuşaya, Ağdama, Xankəndiyə,
Laçına, Kəlbəcərə səfər təəssüratları
əsasında qələmə alınmış,
yazıçı düşüncəsi, müşahidələri,
təsvir və təhlilləri ilə bol, sanki xoşbəxt-firavan
yaşayan el-obanın portretini yaratmağa yönəlik bir
yazıdır. Torpaq sevgisi, doğma diyarın qədim abidələri,
tarixi şəxsiyyətləri, zəngin mədəniyyətindən
doğan qürur və fəxarət hissi, rəngarəng təbiət
gözəlliyi ilə təmasdan, sadə insanlarla söhbətdən,
ünsiyyətdən doğulan xoş əhval-ruhiyyə, əslində
bu təəssüratı doğurmalıdır da. Amma
oçerkdə incə ştrixlərlə, təfərrüat
və detallarda, zərif-duyulmaz kontrastlarda hardasa bir kədər-nisgil
ovqatı da duyulur. Əslində olmalı ikən, Anarın qələmində
Qarabağda erməni deyilən bir nota yer varmıdır?
Yoxdur!, sanki başdan-başa idilliyadır. Olsa-olsa balaca bir
haşiyə var: "Dağlıq Qarabağ iki xalqın - azərbaycanlıların
və ermənilərin qapıbir qonşu kimi, həyətbir
qonşu kimi, kəndbir qonşu kimi yaşadığı bir
diyardır. "Qarabağ şikəstəsi" də iki
xalqın birlikdə ifa etdiyi Azərbaycan
mahnısıdır..." İdilliyadırsa, şikəstə
haradandır?! Sanki bugünün şikəstəsidir...
Oçerki
yazıçı elə nisgilli bir notda da başa vurur; səsi
ilə "çalınmış otların yanında gecə
qarovulçusu"na həyan olan bir uşağı təsvir
edir: "Bizdən ayrılır, dumanın içinə girib
görünməzləşir, amma bir azdan aşağıdan
yenə də "Qarabağ şikəstəsi"ni
eşidirik. "Qarabağ şikəstəsi"ni ta
uzaqlaşıb itənəcən eşidirik və mənə
elə gəlir ki, oxuyan indicə gördüyümüz
uşaq deyil. Oxuyan dağdır, torpaqdır, dumandır.
Qarabağın özüdür. Şikəstəsiylə
özündən, keçmişindən və bu
günündən, bulaqlarından, yaylaqlarından,
otlarından, ağaclarından danışır.
İnsanlarından danışır. Oxumasıyla qoca
qarovulçuya bir müddət hayan olmuş xoş səsli
oğlan da bu qədim havanı keçmişdən gələcəyə
aparır".
Sovet
dönəmi oçerklərində sadə zəhmət
adamının obrazını təqdim etmək icbari standartlara
daxil idi. Amma Anarın əksərən yaşlı,
müdrik, sadə qəhrəmanları heç də sovet cəmiyyətinin
üstünlüklərini, sovxoz-kolxoz həyatını
deyil, Qarabağın keçmişini, olub-ötənləri,
yaxşı-pis insanlarını anır-danışır,
torpağı-sanı, barı-bərəkəti,
halallığından söz açırlar. Oxuduqca xəyal
edirsən, hardadır bugün o insanlar, halal-haram bilən, dəyərlər
daşıyan, ömrü-günü neçə-neçə
nəsillərin həyat sınağından-təcrübəsindən
keçirib-gəlmiş, Qarabağı Qarabağ etmiş, əsrlərlə
yaşatmış Qarabağ insanı?! Hardadır o təbii-mənəvi
landşaft, tarixi-mədəni mühit, yazıçı
Elçinin xəyallarına daldığı
"Şuşa aurası", professor Şirindil
Alışanlının xatirələrdə
yaşatdığı "Su səltənəti
Laçın", şair Adil Cəmilin xiffətini çəkdiyi
"Kəlbəcər qocaları", nasir Seyran Səxavətin,
Elçin Hüseynbəylinin Füzuli- Cəbrayıl- "Adəm-Həvva"
diyarı, millət vəkili Aqil Abbasın, qəzetçi Rəşad
Məcidin soraqladığı "Ağdamın ağ
damları"? Görünür ki, məqsəd elə bu,
yüzillərlə gələn-gəlişən milli-mənəvi
ekologiyamızı dağıtmaq imiş. Doğrudanmı,
şair Ramiz Rövşənin andığı,
açarı əlimizdə olan qapılar açarsız
qalasıdır???
Bəzən
də düşünürsən ki, görünür,
çağdaş dünyamızda əsrlərdən
süzülüb-gəlib qlobal bir Şər
maşını peyda olub-yaranıbdır. Ki, yerini-yurdunu
dağıdıb insanları axın-axın mühacirətə
ürcah edir: Yaxın Şərq köçgünləri,
Əfqanıstan qaçqınları, Afrika didərginləri,
könüllü-könülsüz insan axınları... Bizə
də gücləri o qədər yetibdir ki, mühacir həyatını
vətəndə, öz içərimizdə
yaşadıbdılar. Anarın barışmaz mövqedən,
ağrı və qəzəblə süslənmiş, beynəlxalq
şəri ifşa edən bir sıra yazıları
("Cocuq Mərcanlının çocuqları", "Gəncəm
mənim", "Erməni mifinin süqutu") bu səbəbdən
yaranmış, Zəfər günlərinin qürur və
sevinci ilə birgə ("Gözün aydın ,
Şuşam, gözümüz aydın!"), kəskin
satirası, etiraz və çağırışları ilə
də ("Senatorlar və "paraşütçülər")
gündəmə gəlmişdir.
Uzun
həsrət və nisgil illərində bəzən Anarın
Qarabağ duyğuları şeirə də çevrilmiş,
"Şuşa nisgili" (25 iyul 2000) və "Qədim xalq
mahnısını dinləyərkən" (21 may 2001)
şeirləri yaranmışdır. "Doğma Qarabağın
gen qucağında, / Şuşa qalasının bir
bucağında, / Səkili bulağın lap
qırağında / Ölməyimdən öncə olasım
gəlir" - birinci şeir bu misralarla qurtarır;
"Görəmmədim Zəngilanı..." motivi və Zəngilansız,
Ağdamsız, Şuşasız, Laçınsız, Kəlbəcərsiz
dərin bir suç üzərində gəzişən ikinci
şeir isə maraqlıdır ki, belə bitir: "Ay ana, ana,
/ Günləri sana, / Mən gedəcəm Zəngilana./ Gedəcəm
axı.../ Gedəcəm axır...". Bu, bir daha onu deyir ki,
bugün Qarabağ torpağında erməni faşizmi üzərində
tarixi qələbəmizi Anar yalnız ictimai fiqur olaraq, ictimai
hadisə kimi deyil, habelə uzun illərin fərdi-ekzistensial
gözləminin bəhrəsi kimi də yaşayır.
"Qarabağ
dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri"
kitabının sonuncu bölümü "Zəfərdən
sonra" adlanır; və Anarın "Yaşa,
Şuşa" şeiri (9 may 2021), Günel
Anarqızının "Şuşaya məktub" essesi (14
may 2021), Rəşad Məcidin "Qələmsiz
yazılanlar"ı ilə ("Şuşa gör nələr
eylər...") təmsil olunur. Hər üç yazı Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Zəfər
günü çıxışının haləsində yaranmış:
"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz
qayıtmışıq! Əziz Şuşa biz səni
dirçəldəcəyik!..".
Qarabağ
dastanı. Otuz ilin həsrəti, 44 günün zəfəri
- Qarabağ ruhunun yazıda ifadəsi, ədəbiyyatda bəlirləridir;
bu heyndə qələmsiz yazılanlara daha da nələrsə
artırmaq əbəs olar.
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 25
dekabr.- S.30-31.