Bədii mətn obrazı,
yaxud uydurma hekayələr
Bəzi mətnlər
var, oxuduqca hər dəfə sifətini, oxucuya göstərdiyi
"üzünü" dəyişir, fərqli niqablar
altından görünür və gerçəkliyi bizə ən
müxtəlif pərdələrə bürünmüş
halda nişan verir. Bəlkə,
ən doğru olan elə absurd deyilən kateqoriyanın
içində, onun bətnində və nüvəsindədir?
Absurdla aşılanmış, ona doğru gedən
və ondan doğan hekayələr - bədii mətnlər...
bu mətnləri fərqli zamanlarda oxuyun, dünya hər təsadüfdə
gözünüzə başqa bir formada görünəcəkdir,
aydın olmayan aydınlaşacaq, aydın bilinən şeylər
zil qaranlığa bürünəcəkdir. Ancaq bütün bunları analiz etməzdən qabaq,
zənnimizcə, oxucu qavrayışı ilə münasibətdə
bədii mətn obrazından qısaca söz
açmalıyıq. Mətni oxuyuruq,
şüuraltına nələrsə yığılır,
bilsək də, bilməsək də, bu damcılar bizi hər
saat, hər gün dəyişdirir, beləliklə biz təqdim
edilən obrazın obrazını yaradırıq - beynimizdə...
Və sonradan əhvalatdan əhvalat, hekayədən hekayə
törəyir, dünyanı sarır, gerçəkliyin
yuxusunu qarışdırır, əli üzündə
düşünən insanın duyğularına toxunur, bir
anlıq hər şey dayanır, donur...
Mətn və onun meta-təsviri ümumi mədəni
prosesin ayrılmaz tərkib hissəsi kimi fəaliyyət
göstərən vahid humanitar diskursla bağlıdır.
Ədəbiyyat nəzəriyyəsində mətn, bədii
əsərin obyekti olub-olmamasından asılı olmayaraq
"oxuna bilən" istənilən obyektdir. Bu, müəyyən
məlumatı ötürə bilən işarələrin
düzgün rabitəli məcmusudur. Bu
simvollar məcmusu məlumatın təqdim edildiyi fiziki forma,
yaxud mühit baxımından deyil, məhz informativ mesajın
məzmununa görə nəzərdən keçirilir.
Beləliklə, bədii mətn obrazı bizim mətn
vasitəsilə qavradığımız və təkrar
gözdən keçirdiyimiz nəsnədir, müəllifin
konsepsiyası, onun nəzər nöqtəsi, onun oxucuya
müraciətidir.
Bədii mətn konsepsiyası mətni oxuduqdan sonra hasil
olan nəsnə olmaqla həm də mətni
anladığımız şəkildə qurduğumuz
konsepsiyadır.
Oxucunun bədii mətn konsepsiyası mütaliə edilən
mətnin meta-təsvirindən doğan bir hadisədir və
şübhəsiz ki, müəllif konsepsiyası ilə
yaxınlaşma/uzaqlaşma səciyyəsinə malikdir, belə
ki, oxucuya bu və ya digər hadisələr, insanlar və
ideyalar, ələlxüsus gerçəkliyin hansı yöndən
dərk edilməsinə dair düşüncələr
haqqında ideya aşılayan müəllif əsər vasitəsilə
bir növ oxucunu "təhrik edir". Bu proses isə oxucu ilə
üz-üzə qalan, ona informasiya göndərən və
ondan mesaj alan bədii mətnin quruluşu
ilə müəyyənləşir. Bədii mətn
vasitəsilə müəllif təsvir etdiyi cəmiyyətin,
toplum və mühitin içindəki boşluqlara toxunur, ancaq
bu toxunuşu oxucu bilavasitə oxu zamanı deyil, təkrar (mətndənkənar-!)
oxuduqda hiss edə bilər. Müəllif konsepsiyası
(gerçəkliyi sarmış boşluqları nişan vermək-!) bədii mətn obrazı
müstəvisində yenidən, sırf oxucunun
dünyagörüşü, gerçəkliyə
baxışı və sair faktorlar əsasında doğulur və
ola bilsin ki, müəllifin nişan vermək istədiyi
boşluqla bu məqamda daha aydın və "oxunaqlı"
formada üzə çıxsın. Müəllifin nişan verdiyi, yaxud vermək istədiyi
boşluqları heç oxucu da doldurmur, əksinə,
bunların sayı durmadan artır, özü də saysız,
sonsuz oxu nəticəsində. Bu mənada həmin
obrazın və onun daxilində gerçəkliyin
bütün sirlərinin görünməsi üçün
bədii əsərin ilk növbədə süjet və
kompozisiyasını ətraflı öyrənmək
lazımdır. Orxan Həsəninin hekayələrində
hər yer boşluqdur, ayağın büdrədimi, o
boşluğa düşəcəksən, amma bu o qədər
də qorxulu deyil, əksinə, ağrısızdır, sən
bu təsadüfdə başqa bir dünyanın əşyalarına
toxunur, onlarla ən azından baxışa bilirsən.
Ağrı harasa, bəlkə yerlə göyün
arasındakı bilmədiyimiz məkana
ötürülür, bu artıq fərqli yazı
manerasıdır...
2
Orxan Həsəninin "Füzulinin dişi" hekayələr
kitabı.
İlk təəssürat necə ola bilər?
Belə başlayaq. Orxan öz hekayələrinin içindədir, daim ordan
keçir (bəlkə də təsadüfən, bunu təsəvvür
edin...), bu o deməkdir ki, Orxan əhvalat dalınca düşməkdən
çox, estetik işarələri bir yerə cəmləyib nələrsə
demək istəyir (zənnimizcə, bunu hələ bir söz
olaraq, bir mükəmməl mətn olaraq bacarmır, ancaq
perspektiv güclüdür-!), axı nədir bu estetik işarələr?
"Sonuncu yuxu" hekayəsində bunun
açıq-aşkar izləri var. Necə? Lap
başlanğıcda bir məqam var, Yusif hekayələrini qəzet
səhifələrindən kəsib divardan asırdı, evin pəncərələri
yoxdu, Yusif o qəzet parçalarına elə pəncərə
kimi baxırdı, elə Orxan da öz hekayələrinin
içində "addımlamağına" belə
baxmırmı? Yəni hekayəni təsvir, nəyinsə
metaforik görüntüsü kimi almır, əksinə,
yazdıqlarından yaza bilmədiklərini, deyə bilmədiklərini
görükdürmək istəyir, elə bu nöqtədən
Orxanın hekayəçiliyinin rakursu anlayışı
yaranır, yəni müəllif bəri başdan kənar
iştirakçı, yaxud müşahidəçi rolundan
imtina edib hər şeyi kənardan görmək,
"hamıdan, bütün personajlardan çox bilmək"
işarəsini söndürüb, bu halda təhkiyədaxili
proseslərin mətniqi aydın ola bilər: metafora ilə söyləməli
olsaq, elə hadisələr baş verir və onlar bir-birinə
elə qarışıb ki, burda artıq bütün seyr məntəqələri
bəri başdan aradan götürülüb, hər şey kənara,
yəni bədii mətndən bütün dünyaya,
bütün həyatımıza şaxələnir, hadisələr
arasındakı bir-birini doğurma, bir-birini izah etmə məntiqi
dağılır, bir anlaşılmazlıq mühiti
yaranır, bəzən müəllifin də dili
dolaşır, hekayələrin mətnində eyni sözü
dəfələrlə işlədir, cümlələr,
onların mənaları kasadlaşır və primitivləşir.
Ancaq söhbət bunda deyil, bu nöqtə onsuz
da "Kulis"in müzakirə saatında yetərincə
deyilib. Məntiqin "dağılması" və ən
müxtəlif hadisə seqmentləri arasında (assosiativ
bağlar...) belə deyək, heç bir münasibətin
olmaması hekayədə əsas qəhrəmanın
adını bəlləyir: absurd. Absurdun məna
törədiciliyi, məna baxımından mətn boyu şaxələnmə
xassəsi bir ayrıdır, o dərəcədə ayrı və
fərqli ki, normal məntiqlə anlamağın özü
absurd olardı. Məsələn, "Füzulinin
dişi" hekayəsində kiməsə elə gələ
bilər ki, bir çinli Füzulinin qəzəlini əzbərləyə
bilmirsə, bu ancaq filan şey ola bilər
(Füzuli və Çin mədəniyyəti...). Amma axı mətndə başqa yanıb-sönən,
batıb üzə çıxan işarələr də var,
Orxan deyir ki, elə mən özüm də Füzulinin
heç bir qəzəlini əzbər bilmirəm. Bəzi misralar, bəndlər yadımdadır. Elə hamımız kimi. Amma, nədənsə,
biz birdən-birə Füzuli xəstəsi oluruq. Elə
o müəllim kimi... Bu halda Füzuli kömək etmir, beyinləri
pozur, zəhərləyir, tərs yolla gedildikdə mədəniyyətin
pozucu funksiyası meydana çıxa bilir... Başqa bir sual: dişi
ağrıyan adam niyə polisə zəng
edir? Polislərlə absurd söhbətlər (bu ifadəni
yalnız biz işlədə bilərik: hər şey ola bilər...), Orxan adıyla başlanan
nağılvari əhvalat haralara gedib çıxmır, hətta
ədəbiyyat sevdasının mənasızlığına
qədər. Bayrağın dəmir sapı
Nobel nişanında təsvir edilmiş alına
sancılması və sair və ilaxır.
Polislərlə
absurd söhbətlər təkcə siyasi rejim məsələsi
deyil, həm də ontoloji xassəyə malikdir, buna görə
də ağrıyan dişə görə lap yuxarıdan bir
mağaranın dərinliyinə baxırmış kimi
adamın ağzına zəndlə baxılması son dərəcə
təbiidir, gözümüzü açıb
gördüyümüz bu mənasız dünyada bundan təbii
heç nə ola bilməz. Yəni bu hekayələr karikatura
deyil, hələ tam rəsm edilməmiş portretin altına
yazılan sonsuz şərhlərdir...
Orxan fərqli yazı tərzinə malikdir və
sevindiricidir ki, bizim gənc yazarların içində belə
çox orijinal bir nasir yetişir. Bu estetik işarələrin
birləşməsi, yaxud ayrılmasında, bir sözlə,
yeni kombinasiyaların çərçivəsində aydın
bir baxış sezilir, yenə o hekayədə bir məqam var,
keçilməsi mümkün olmayan divarı qəzet
parçaları ilə "aşan" Yusifə elə gəlirdi
ki, hərdən o qəzet parçalarındakı sözlər
kəpənək kimi uçuşur və ona sarı gəlib
içində birləşərək yeni əhvalatlar
yaradır. Həm də burda "uydurmaq"
sözü var və zənnimizcə, hekayəçilikdə,
ümumən nəsrdə bu çox ciddi məsələdir.
İlk təəssürat bu ola bilər
ki, hekayələrdə danışılan əhvalatların
"materiyası" tam fərqlidir, yəni onların
olmasıyla olmaması arasında çox şəffaf bir
keçid var və məsələ heç də bu deyil. Hekayələrdə, təhkiyə müstəvisində
əhvalatlar, insanların başına gələn qəziyyələr
bir-birinin içindən çıxır, bir-birinə
sarmaşır və kimsə (bəlkə yazıçı
obrazının özü də) hekayələrdəki
konfliktin katalizatoru rolunu oynayır. Hər
hansı hekayəni götürün - təhkiyə
zamanında əvvəlcə hər şey aydın yox,
çox aydındır və bu müsbət mənada bir
şübhə yaradır. Yəni hadisənin,
süjetin məhz bu fraqmentinin çox aydın olması (sanki
onun üzərinə projektor işığı
tuşlanıb) sonradan hər şeyin bir-birinə anlaşılmaz
şəkildə sarmaşmasına səbəb olacaq. Süjet döngələri hekayə mətnində
qəfildən yaranır və hərəkət, dinamika məhz
"qəfil nüfuz etmə" nəticəsində ortaya
çıxır. Dünyalar, laylar, gerçəkliklər
arasında divarlar aşılır, qəhrəmanlar istədikləri
yeri seyr edir, gəzir, geri qayıdırlar, bu isə əsərdə
yaradılmağa üz qoyan bütün xarakter və xarakterik
cəhətləri kəskinləşdirir (dəzgahda
bıçağı necə itiləyərlərsə-!),
süjetdə paradoksal döngələr yaranır, həm də
yarğanlar şəklində, hər şey çəkisini
itirir, deyilən sözün, atılan addımın,
baxdığın görüntünün maddi qatı
sıyrılıb ondan ayrılır və sən, yəni
oxucu bütün sehrlərin susdurulduğu, bütün
qeyri-adi hadisələrin nəfəs dərib
dayandığı bir məkana düşür. "Sonuncu yuxu" hekayəsi qroteskdən
aşıb-daşır, personajın əsaslandırılmamış
ixtiyari hərəkətləri və hadisələrin
naturalist dililə təsviri bizi yeyib-dağıdan həyatın
mənasızlığını absurdun dililə göstərir.
Bu mənada bədii mətn oxucu şüurunda
özünün lay-lay obrazını yaradır, həqiqəti
uyduraraq deyir. "Metro terminalının sevgisi"
yalanlar dünyasını nişan verir, insanın bir nəsnəni
- adicə yağış damcısı, yaxyd qar dənəsini,
çiyinlərinin soyuqdan necə sıxılmasını və
yüzlərlə bu kimi hadisələri necə hiss etməsi
və günlərin bir günü bütün bu incə
hisslərin necə qeybə çəkilməsi bu mətndə
dərindən duyulmaqla və bu dərin nəfəsin gizlədilməsi
ilə göstərilir. Bu mətndən oxucu
ruhunda yaratdığı çox sayda obrazlardan
danışmaq olar. Sevgi nəyi dəyişdirir,
tanımadığın, uzaqdan seyr etdiyin qadından (hətta
bir nəhəng əşya - metro terminalı olaraq
duyduğun) nələri duymağın, bu duyğunun
dünyada çox güclü, tayı-bərabəri olmayan dəyişikliklərə
səbəb olması və onun yoxa çıxması ilə
dünyanın da alt-üst olması... bütün bunların
fonunda dünyanın, müasir həyatın insanı
boğan mənasızlığına boğaza qədər
batıb can çəkişən insanın obrazı şaxələnir,
bitib-tükənmir, hər budaqda bir üzü reallıq, digər
üzü uydurma olan "meyvələr" yetişir, necə
ki, hekayələrin birində ağac budaqlarına qonan
quşlar eynən meyvələrə bənzədilir, ancaq
hekayədə bu təsvir ayrıca bir məqamdır, mətnin
bütün qatlarından süzüb keçən, əvvəldən
axıradək təkrarlanan, bununla da bədii mətnin
ideyalarını doğub yox edən bir mənayaradıcı
sxem boylanır.
"Füzulinin
dişi" hekayəsinin alın yazısı çinli tələbənin
Məhəmməd Füzuli qəzəlinə normal, həm də
çox qəribə reaksiyası ilə başlayır: insan
taleyinin əsrlər əvvəl yazılmış bir qəzəldən
asılı olması; həyat nə qəribədir. Hekayə boyunca bu cümlənin yalnız sonuncu
sözü (həyat nə qəribədir...) şəkildəyişmələrinə
uğrayır. Bu hekayədə əşyalar,
hadisə, əhvalat və personajların özü olmuşla
illüziyanın, realla absurdun arasından sürətlə
keçən xəttin üzərindədirlər.
Əvvəldə dediyimiz kimi, müəllif bu mətnlərin
içindən keçir və deyir ki: "Mən yenidən
həmin salondayam. Püşkatmadır.
Kürsüdəki adam adımı ucadan çağırır - Orxan Həsəni! Siz bundan sonrakı həyatınızı dar otaqda,
heç kimlə ünsiyyət qurmadan hekayə yazaraq
keçirəcəksiniz. Mən indi həmin eni-uzunu beş addımı keçməyən pəncərəsiz,
dar otaqdayam. Burda çoxdandır yağış
yağmır...".
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 25
dekabr.- S.33.