Quşlar üçün karusel
Neoalleqorik hekayə
Şahin işdən yenicə qayıtmışdı, yolda arvadına zəng vurmuşdu ki, çatıram, yeməyi qoy qızsın. Metronun basırığı, avtobus tıxacı sıxıb suyunu çıxarmışdı. Evə tükləri yolunmuş quş kimi gəlib çıxmışdı. Qapıdan içəri girəndə gördü ki, arvadı Bülbülxanım telefonda bir cəh-cəh vurur ki, gəl görəsən. Beyninin qapağı atmadımı?
- Aaz, bəs demədimmi mən çatınca yeməyi qızdır? - Səsi qalın divarı deşib qonşuya yetdi.
Bülbülxanım necə diksindisə, az qaldı telefonun dəstəyi əlindən düşsün.
- Uy
bismillah! Ədə, qorxdum ki. Aclıqdan çıxmısan?
Bir içəri gir, əynini dəyiş, əl-üzünü
yu, özüvə gəl, o vaxtacan yeməyin də hazır
olar.
Arvadı
ərini sakitləşdirib telefonun dəstəyinə tez-tələsik
bu sözləri hüdülədi:
- Qumruş,
qurban sənə, kişi işdən gəlib,
çay-çörəyini verim, sonra danışarıq.
Dəstəyi
atmağıyla ərinin üstünə
çımxırmağı bir oldu:
- Ədə,
yüz dəfə demişəm ki, mən telefonla
danışanda üstümə bağırma. Bir mədəniyyətin
olsun. Deyəcəklər, buna bax, gör əri üstünə
necə qışqırır.
- Əri
özünü o yerə qoymadı, gödəkçəsini
çıxarıb stolun başına atdı, əl-üzünü
yumaq üçün vanna otağına keçə-keçə:
- Yaxşı, bəsdir görək, yeməyi gətir, - dedi.
- Mən
hələ sənin kimi kəmhövsələ adam görməmişəm.
İt kimi adamı qapırsan, noolub?
- Az ey,
danışığıva fikir ver. Ərlə bu tonda
danışmazlar, - kişi səsini qaldırdı.
- Pah,
yaxşı görək. Ər olan bəndə arvadla belə
rəftar eləməz, Şahin müəllim.
Qarnı
acından quruldayırdı, söz güləşdirməyin
yeri deyildi. Süfrə arxasına keçdi. Yemək gəlhagəldə
qapının zəngi çalındı.
Bülbülxanım yambızlarını oynada-oynada dəhlizə
cumdu.
- Gəl,
gəl Qumruş, qayınanan səni yaman çox istəyirmiş.
Yaxşı yemək bişirmişəm, gəl otur. -
Bülbülxanımın cingiltili səsi Şahinin beynində
bir dövrə vurub qulağından çıxdı.
"Qumrudu,
yumrudu, nə zibildi, vaxt tapdı gəlməyə. Qoymazlar bir
tikə zəhrimarımızı yeyək də". Dodaqucu
deyindi. Qumru artıq yemək süfrəsinin başında
idi.
- Az, bayaq
söhbətimiz yarımçıq qaldı axı, -
çiyinlərini oynatdı. - Uşağı məktəbdə
bütün günü ələ salırlar. Siz bizə
kömək edin də, noolar. Uşağın adını dəyişdirmək
istəyirik.
Şahin
təəccüblə Qumruya baxdı:
-
Qonşu, uşağın adını nöş
deyişirsüz?
- Bilirsiz
necədi, Şahin qardaş, o vaxt uşaq anadan olanda ona nənəsinin
adını qoyduq, Bildirçin. Mən razı
döyüldüm e, yoldaşım dirəşdi ki, yox e,
anamın adını qoyaq. İndi də uşaqlar məktəbdə
qızı dolayırlar, yazıq uşaq gəlib evdə
ağlayır. Deyir mama, bu nə addır mənə qoymusunuz?
Hamı məni ələ salır, məktəbə gedə
bilmirəm.
Şahini
gülmək tutdu:
- Uşaq
düz deyir də. Bildirçin... Yox bir qaşqaldaq. - Dediyinə
özü də qəhqəhə çəkdi.
Bülbülxanım
ərinə göz ağartdı. Qumrunun yanaqları
pörtdü, bilmədi nə desin.
- Həri, düz eliyirsüz. Gedin dəyişin
uşağın adını. Əgibdü, sabah adam
arasına çıxacaq, sevib-seviləcək, uşağa
travma yaşatmayın.
Qumru
ürəkləndi:
- Elə
ona görə gəlmişəm də, Şahin qardaş. Siz
bizə necə kömək edə bilərsiniz?
Bülbülxanım
İcra Hakimiyyətində müvafiq şöbədə
çalışırdı, adların dəyişdirilməsi
məsələləriylə də həmin şöbə məşğul
olurdu.
- Narahat
olma, Qumruş. Sabah uşağı da, sənədlərini də
götür, gəl İcraya. Həll edərik, -
Bülbülxanım yemək gətirə-gətirə dedi.
-
Yaxşı, uşağa bir sovremenni ad da tapmaq
lazımdır, ay bacı. Bilmirik nə ad qoyaq.
Şahin
ürəyində fikirləşdi ki, işə
düşmüşük də, adı da biz tapaq? Onu da gedin
özünüz həll edin də. Bu dəm
Bülbülxanımın ağlına nə gəldisə,
sevincək dedi:
- Gəlin
püşk ataq. Qızın özünü də
çağır, kağızlara üç-dörd dənə
ad yazaq, püşk ataq, qız hansını götürsə,
o adı qoyaq. Necədi?
Bu təklif
Qumrunun ağlına batdı, yerindən ozanlar demiş,
qalxubani uru durdu, getdi Bildirçini gətirməyə.
Məxləs,
püşk atdılar, boyu uzun Bildirçin xanım əlini
atıb bükülü kağızlardan birini
götürdü, açdı. Qızın payına nə
düşsə yaxşıdır? Göyərçin!
Qız
duruxdu, döyükdü, sağa-sola devikdi, bilmədi daha neyləsin.
Bülbülxanım qayıdasan ki, qismətdən artıq
yemək olmaz. Göyərçin gül kimi addır. Qoy
qızın adı elə Göyərçin olsun. Şahin də
arvadının sözünə qüvvət verdi:
- Hə də,
Bildirçin olmasın, Göyərçin olsun. Pulları
çin-çin olsun, sevdiyi gülçin olsun.
Öz
aramızda qalsın, Göyərçin adını
kağıza Şahin yazmışdı. Bir tikə yeməyi
ona haram edən Qumrudan o da belə əvəz
çıxmışdı. Tərslikdən təzə
Göyərçin də həmin kağızı
götürmüşdü.
Həyat
bəzən adamla belə zarafatlar edir.
Çərxi-fələk
fırlandı, növbəti dəfə Göyərçinin
bəxtinə Durna çıxdı. Bu karusel ancaq quşlar
üçün fırlanır. Karuseldən düşən
Durna xanım oğlu Qağayıya elçi
düşmüşdü. Qağayı da Göyərçini
harda görüb aşiq olmuşdu? Deyim də harda.
Quşxanada!
Yox e, səhv
başa düşməyin. Qağayı su
quşlarının məskunlaşdığı qoruqda
çalışırdı. Quşçuluq üzrə gənc
və perspektivli mütəxəssis idi. Göyərçingili
yayda ailəvi istirahət üçün İstisuya gedəndə
atası onları Qoruğa aparmışdı. Elə ordaca
Qağayı quşu gözündən vurmuşdu. İndi də
anası Durnanı Göyərçin üçün
elçi salmışdı.
Durna
uzunboy, arıq, çiyinləri batıq qadın idi, tez-tez
ayağının birini qoyub birini götürürdü.
Göyərçinin gələcək qayınanasına
heç quşu qonmadı. Durna zəhmli
baxışlarıyla qızı əzirdi. Göyərçin
süfrəyə çay gətirəndə əlləri əsdi,
az qaldı, padnos əlindən düşsün. Qumru
özünü yetirib padnosu qızının əlindən
aldı. Qız utandığından qaçıb arxa otaqda, əndərunda
gizləndi.
Qızın
atası pırtlaşıq saçları, tüklü
qulaqları, uzun burnu, qayır-qayır qaynayan xırda, yumru
gözləriylə bataqlıq quşuna oxşayırdı.
Uzun ayaqları stolun altına yerləşmirdi.
Danışanda bağıra-bağıra danışan bu
nataraz görkəmli kişinin adı da elə Bağır
idi.
- Gəlmisüz,
lap əcəb eliyib gəlmisüz. Qonağ Allah
qonağıdu. Xoş gəlmisüz! Çayıvızı
içün, soyutmuyun.
Durna diksindi:
- Aa, bu
kişi nöş qışqırır? Burda kar-zad var bəgəm?
Qumru ərinin
eyibini ört-basdır elədi:
- Yoo,
bizim kişinin danışığı belədir, narahat
olmayın.
Sonra da ərinin
dizini çimdiklədi: Bir az yavaş danış də,
noolub? Meşədəsən?
Bağır
bu dəfə lap gül vurdu:
- Noolub
begəm? Söhbetdü əliyirik də.
Durna
öz-özünə pıçıldadı: - Vəxsey, bu
nə səsdü, elə bil drelnən divar deşirlər.
Birbaşa
mətləbə keçmək lazımdır. Durna
özünü toparlayıb sinəsini irəli verdi:
-
Yaxşı, bizə şirinçay vərirsüz, ya yox?
Qumru
Bağıra baxdı, Bağır bu dəfə fağır
görkəm alıb çubuq barmaqlarını
şaqqıldatmağa başladı. Araya ürəküzən
sükut çökdü. Qumru kişini dümsüklədi:
- Ədə, cavab vər də.
Durna
baltadimdik əriylə baxışdı. Bu tosqun kişinin
adı müəllifin yadından çıxıb, qoy elə
adı Baltadimdik qalsın. O da aralığa bir-iki kəlmə
atdı:
- Day
uşaqlar alışıb-vərişiblər, bizlik bir
iş yoxdu ki, Bağır qədeş.
Xeyir-dua vərginən.
Bağırın
səsi qəfil şimşək kimi guruldadı:
- Allah
xeyir vərsün!
Süfrədə
stəkan-nəlbəkilər cingildədi. Boğazı
qırmızı lentli armudu stəkanların növbəsi
çatdı. Biz də deyək: Allah mübarək eləsin!
Göyərçinin
"həri"si verildi. Həmin axşam Qağayı ilə
Göyərçin bulvar gəzintisinə
çıxdılar. Karuselin yanından keçəndə
Göyərçin sevgilisinə sığınıb, - bəlkə
minək, - dedi. İri plakatda "Quşlar üçün
karusel" yazılmışdı. Qağayı
yaxınlaşdı ki, bilet alsın. Gördü heç
bilet alan yoxdur.
- Bu
karusel pulsuzdur, cavan oğlan.
Ətrafa
baxdı, bu sözləri kimin dediyini müəyyən edə
bilmədi. Əl-ələ tutub xoşbəxtcəsinə
karuselə doğru addımladılar.
...Səmanın
ənginliklərində süzürdülər. Xəzər
dənizi ayaqlarının altında idi.
Karusel
sürətini azaldıb dayandı. Oturacaqlar boş idi, sərnişinlər
havaya qanadlanmışdılar...
23 dekabr
2021-ci il
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2021.- 25
dekabr.- S.35.