"Qırx qəzəl - Qırx şərh"
kitabından
Saib Təbrizinin qəzəlinin
şərhi
Olmadı xürşiddən dağlarda rəngin qaşlar,
Gördilər ləli-ləbin qan tərlədilər daşlar.
Qıldı peyda hökmi-təqvimi-kühən gül dəftəri,
Açdılar ta çöhrei-dildarımı nəqqaşlar.
Qılmadılar sineyi-əfkarımı amacgah,
Əksük etdilər bizimlən ol müqəvvəs qaşlar.
Aşiqi-sadiq
bilir səngi-məlamət qədrini,
Məxzəni-sultana layiqdir bu yarar daşlar.
Günü
dündən el, dedim, tərk etməsün
yoldaşlığı,
Çün qara oldu günüm, yad oldular qardaşlar.
Yol əgər
həqdir, çəkər yolsuzdan axır intiqam,
Elə tapşır, çıxdılar yoldan əgər
yoldaşlar.
Oldu məğlubi-həvai-nəfsi-istilai-əql,
Aldılar hakim əlindən ixtiyar ovbaşlar.
Çün
könül binur olub mütləq ənan alur həvəs,
Qaş qaralanda çıxarlar yuvadan xəffaşlar.
Mehriban
olmaz nəsimi-sübhdəm hərgiz sənə,
Şəm tək ta tökməsən, Saib,
gözündən yaşlar.
Qəzəlin şərhi
1)
Olmadı xürşiddən dağlarda rəngin qaşlar,
Gördilər ləli-ləbin qan tərlədilər
daşlar.
Dağlarda daşlar qaş qaralan zaman günəşdən
rəngin olmadılar, sənin dodaqlarının rəngini
görüb elə tərlədilər ki, qanları üzə
çıxdı.
Şərh:
Günəş batan zaman qırmızıya yaxın bir rəng
alır. Səhər ilk və axşam son
şüaları nəyin üzərinə düşərsə
ona bir qırmızılıq verir.
Ləl, rəngi qırmızı olan qiymətli
daşlara verilən ümumi addır. Klassik ədəbiyyatda
dodaqların qırmızılığına təşbih
edilir, rubin, yaqut, mərcan və digər qırmızı
daşlar nəzərdə tutulur. Dağların
qırmızı rəngə düşməsinə səbəb
günəş deyil, sənin al dodaqlarındır. Dağlar sənin dodaqlarını görüb
öz qiymətli daşları ilə müqayisə etdilər
və xəcalətdən elə tərlədilər ki,
içlərindəki qırmızı daşların rəngi
üzlərinə çıxdı.
Ləl, irfani termin olaraq həm də sevgilinin
sözü və o sözün məna qatlarıdır ki,
aşiqin könlünə dolar və onu hədəfə - fənaya
doğru sürətləndirər.
İrfan:
Təbiət və onun gözqamaşdıran gözəllikləri
Yaradanın əmri ilə yarandı və bütün
yaranmışlar Ona heyran oldular.
Hikmət:
İnsan varlıqların mahiyyətini və məğzini
öyrənərək yaranışın sirrinə çata
bilər.
2)
Qıldı peyda hökmi-təqvimi-kühən gül dəftəri,
Açdılar ta çöhrei-dildarımı nəqqaşlar.
Elə ki, nəqqaşlar dildarımın çöhrəsini
açdılar, kühən təqviminin hökmü ilə
gül dəftəri peyda oldu.
Şərh:
Kühən, rəvayətə görə, Həzrət Musa
və qardaşı Harunun oğullarına Allah tərəfindən
ehsan edilmiş "kahinlik" statusudur. İlk
zamanlarda yalnız yəhudilərə aid olub, sonrakı
dövrlərdə isə bütün rahiblərə
şamil edilib.
Kahin təqvimi deyildikdə bir ayda ibadətlərə
başçılıq və sahiblik edən ailələrin
sıralaması və ibadət cədvəli nəzərdə
tutulur. Belə
ki, bir aylıq ibadətdə iyirmi dörd ailə ev sahibliyi edir. Altı-altı
dörd həftəyə ölünən ailələr hər
gün bir ailə idarəsində dini ayinləri yerinə
yetirir və yalnız həmin həftənin ayinlərini icra
edən altı ailə bir yerdə "şabat"ı idarə
edir. Kühən təqvimləri gül
şəkilləri ilə bəzədilər, bəzən ailələr
təqvimdəki adları olan yerə müxtəlif bəzəklər
vurardılar.
Əgər nəqqaşlar sevgilimin üzündəki
niqabı götürsələr, kahin təqvimindəki rəngbərəng
gülləri görərlər. Dildarımın
üzü güllər qədər tər və gözəldir.
Burada "çöhrəsini açmaq" dəftəri
vərəqləmək, təqvimi çevirmək mənasında
işlədilib.
İrfan:
Aşiq üçün dünyadakı bütün gözəlliklər
sevgilisinin ali gözəlliyinin solğun
surətidir.
Hikmət:
İnsan üçün bütün qanunlar İlahi
qanunların surəti olmalıdır, əks halda qanunların
maddi qüdrəti qalar, mənəvi gücü gedər.
3)
Qılmadılar sineyi-əfkarımı amacgah,
Əksük etdilər bizimlən ol müqəvvəs
qaşlar.
Qövs
qaşlar dərdli sinəmi nişan
almadılar, bizimlə rəftarı əskik etdilər.
Şərh:
Qövs tam çevrənin yarısıdır, yəni sevgili
bizimlə qaşları kimi yarımçıq rəftar etdi,
işini sona çatdırmadı.
Qaş ox atan "yay"a bənzəyir. Sevgili fikrini cəkən dərdli
ürəyimi yay qaşları ilə nişan
almadı.
İrfan:
Məşuqun bir gözucu baxması da aşiqə bəs edər,
sevgilisindən diqqət görməmək aşiqə
böyük dərddir.
Hikmət:
Ən kiçik diqqət belə insanın ruhuna əsər
edər, onun dərdini yüngülləşdirər.
4)
Aşiqi-sadiq bilir səngi-məlamət qədrini,
Məxzəni-sultana layiqdir bu yarar daşlar.
Sadiq aşiqlər onlara atılan məlamət
daşlarının qədrini bilirlər, bu daşlar
sultanların xəzinəsinə layiqdir.
Şərh:
Daşlamaq qədim dövrdən qalma bir adətdir. Cəmiyyətə əks gedənləri, qanunlara
tabe olmayanları sürgün edərkən, qəbilədən
qovarkən onlara daş atardılar. Xüsusən
də uşaqları bu işə təhrik edib əylənərdilər.
Şair məzəmmət edilməyi
daşlanmağa bənzədir. Aşiqlər
cəmiyyətin içində hal və hərəkətlərinin
fərqliliyinə görə, cəmiyyət qanunlarına, adətlərə
uymadıqlarına, bəzən əks getdiklərinə
görə həmişə məzəmmət ediliblər.
Bu daşların qiyməti onların
ağrı verdiyini bilə-bilə yolundan dönməmək,
həqiqəti ayağa verməməkdir. Bir
cəmiyyəti, nəticədə dünyanı dəyişə
biləcək həqiqətlər qədər dəyəri
olan bu daşlar ancaq sultanların xəzinəsində olan
daşlarla müqayisə edilə bilər və onların qədrini
sultanlar bilər.
Burada "sultan" deyərkən şair həqiqət
yolunda böyük əzablar çəkmiş arifləri nəzərdə
tutur.
İrfan:
Aşiqlərin iztirabını yalnız bu yolu keçənlər
bilər və bu təcrübələr eşq əhli
üçün çox qiymətlidir.
Hikmət:
İnsanlar yalan və riyanı cəmiyyətdən
uzaqlaşdırmaq üçün mütləq qurbanlar verməlidir.
Bu qədər itki bahasına eldə ediləcək
yeni cəmiyyət bir daha geriyə dönməmək
üçün keçdiyi əzablı yolu və verilən
qurbanları unutmamalıdır.
5)
Günü dündən el, dedim, tərk etməsün
yoldaşlığı,
Çün qara oldu günüm, yad oldular qardaşlar.
Dünəndən deyirdim ki, el yoldaşlığı tərk
etməsin, çünki qara günümdə qardaşlar mənə
yad oldu.
Şərh:
Yoldaşlıq bir əqidədə eyni yolu getmək və
eyni törə ilə yaşamaqdır. Bu
baxımdan insanlar qardaş olsalar belə, ayrı-ayrı əqidə
və düşüncədə olunca bir-birinə yad
münasibət bəsləyə bilirlər.
Dünəndən (çoxdan) deyirdim ki, el bir əqidəyə
xidməti, eyni qanunlarla idarə edilməyi və eyni yolda
yürüməyi tərk etməsin. Cünki qara
günümdə, dar günümdə mənimlə eyni
düşünməyib, eyni niyyətdə olmayanlar
qardaşım belə olsalar mənə yad oldular.
İrfan:
Fikir birliyi, əqidə birliyi olmayan yerdə qan birliyi
gücsüzdür.
Hikmət:
İnsan mənəvi məqamlarda birləşmədən
maddi birliyə gedərsə, uğursuzluğa düçar
olar və uduzar.
6) Yol əgər
həqdir, çəkər yolsuzdan axır intiqam,
Elə tapşır, çıxdılar yoldan əgər
yoldaşlar.
Əgər yoldaşlar yoldan çıxıbsa elə
tapşır ki, yol əgər haqq yoldursa, yolsuzdan bir gün
intiqam alacaq.
Şərh:
Haqq yol birdir, iki ola bilməz. Bu səbəbdən haqq yoldan çıxanlar
mütləq şəkildə batil yola düşmüş
olurlar. Əyri yolda olanlar həm
dünyada, həm də axirətdə cəzalanacaq.
Bizimlə
bir əqidəni bölüşənlər içində
haqq yoldan ayrılanlar varsa, onlara deyin: Haqq yolun sahibi axır
bir gün onlardan intiqam alacaq.
İrfan:
Əlində olanı itirməsi qədrbilməyənlərin
ən böyük cəzasıdır.
Hikmət:
Doğru olmaq çətindir, amma sonu yaxşıdır. Əyri olmaq asandır, amma sonu pisdir.
7) Oldu məğlubi-həvai-nəfsi-istilai-əql,
Aldılar hakim əlindən ixtiyar ovbaşlar.
Aşağı sinif adamlar ağlın istila nəfsinin
havasına məğlub olan hakimin əlindən ixtiyar
aldılar.
Şərh:
Ağıl tədbir mexanizmidir. Ağlın
insana xidməti onun həyat fəaliyyətini təmin etmək
və qorumaqdır. Bu xətti keçərsə,
onun gücü çatmadığı yerlərdə
sınanarsa, nəfsin hakimiyyəti altına düşər və
zamanla haram fəthlərə aludə olar. Cəmiyyəti idarə edən hakim də nəfsinə
məğlub olsa, əsir olsa, alçaq və rəzil
adamların əlinə fürsət düşər və
xainlər cəmiyyətdə ixtiyar sahibi olarlar.
İrfan:
Ağıl insanı cəmiyyətin içində idarə
edən, onu hörmət və şərəf sahibi edən
qüdrətdir. Əgər şəhvani hisslər
ağılı əsir edərsə, ağıl onların
köməkçisinə çevrilərsə, rəzil və
çılız hisslər insan vücuduna hakim olar və
sahibini hörmət və nüfuzdan salar.
Hikmət:
Heç bir halda insançün nəzərdə tutulan hədlər
və ölçülər pozulmamalıdır. Bu pozuntu əxlaqın aradan getməsinə səbəb
olar.
8)
Çün könül binur olub mütləq ənan alur həvəs,
Qaş qaralanda çıxarlar yuvadan xəffaşlar.
Könlüm nursuz qaldığı üçün
çox həvəsə düşənlər var,
qaydadır yarasalar qaş qaralanda yuvalarından
çıxarlar.
Şərh:
Bütün pis işlər gecənin zülmətində
baş verər, qaranlıq rəzil insanlara meydan açar. Könlümü qaranlıq görən şəhvət
gizləndiyi yerdən çıxmağa və
könlümü zəbt etməyə hazırdır. Necə ki, qaranlıq düşəndə yarasalar
yuvasından çıxar.
İrfan:
İnsan Allah eşqi və zikri ilə yaşadıqca onun
könlü nurla dolar, bütün şeytanı qüvvələr
o işıqdan qaçıb gizlənər və haqq yolda gedən
salikə mane ola bilməzlər. Kiçik bir şübhəyə düşən
eşq yolçusu bir anda könlünü zülmətə
qərq edər və fürsət axtaran qara niyyətlər
ortaya çıxar və salikə hakim kəsilər.
Hikmət:
İnsan daim diqqətli olmalı, təkcə görünən
təhlükələrdən deyil, görünməyən təhlükələrdən
də özünü qoruya bilməlidir.
9) Mehriban
olmaz nəsimi-sübhdəm hərgiz sənə,
Şəm tək ta tökməsən, Saib,
gözündən yaşlar.
Ey Saib,
gecələr şam kimi göz yaşlarını tökməsən,
səhər mehi sənə əsla mehriban olmaz.
Şərh:
Şam yanarkən əriyən mum göz yaşı kimi
süzülər və yandığı müddətcə ara verməz.
Ey Saib,
bütün gecəni şam kimi ağlamasan, səhər
küləyindən əsla mehribanlıq görməzsən.
Necə ki külək şamı
söndürər, o cür də sübhün
işığı sənin ağlamağına son verər,
səni muradına çatdırar.
İrfan:
Bir şam qədər işığın qədrini bilməsən,
əsla günəş nuruna yetişə bilməzsən.
Hikmət:
İnsan, həyatının ən qaranlıq zamanında da
ümidli olmalı və mübarizədən, sabaha inamdan vaz
keçməməlidir.
Arif BUZOVNALI
Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.34-35.