Sadəcə o gün
Hekayə
İsmayılzadə Nurcan
Gündüz qızı. 2007-ci il 2 yanvar tarixində Ağsu
rayonunda anadan olub. Ağsu rayon Aslan Nadirov adına 1 saylı tam orta məktəbin 10-cu
sinif şagirdidir.
"Həyat
sən planlar qurarkən qarşına
çıxanlardır...". Bu cümləni izlədiyim bir filmdə
eşitmişdim. Əslində, bu cümlə mənim
son bir neçə ayda başıma gələnlərin
qısa bir açıqlaması ola bilər.
Həyat bizə dərs verməyi çox sevir.
Mənə çox şey öyrətdi bu ədalətsiz
həyat. Məsələn, insanı illər
deyil, yaşadıqları böyüdürmüş. Çox yaxşı anlayıram bunu artıq.
Cəmi
20 ildir həyatdayam... Amma həyat məni elə
sınaqlardan keçirdi ki, 20 illik həyatım süjet xətti
kimi bir dəqiqədə gözümün önündən
keçdi və itdi. İndi isə xatirələrimi
yalnız ətrafımdakı insanlar sayəsində öyrənirəm.
Amma o gün, sadəcə o gün
gözümün önündən, beynimdən silinmir.
Həyatımın dönüş nöqtəsi olan o
gün... Beynimi sıfırlayan, həyatımı
dəyişdirən, yaşamımı alt-üst edən, lənətə
gəlmiş o gün. Bəlkə də
bu sınağı mən seçmişdim. Bəlkə də mənim bağışlanması
mümkün olmayan səhvimə görə olanlar olmuşdu.
Beynimdən keçən düşüncələr,
o gözəl xatirələr hamısı itmişdi.
Qurduğu xəyalları xatırlamazmı insan... Mən xatırlamırdım. Niyə?
Niyə axı, gözəl günlərim durarkən
mən vicdan əzabımı xatırlayırdım. "Ən dəyərlimi, qardaşımı
itirdikdən sonra onsuz da ən böyük qorxumla, təkliklə
baş-başa qalmışdım". Ən
kədərlisi isə bu cümləni yazdığım
günlüyümdən oxumağım idi. Anamın dediyinə görə, ən azından anam
olduğunu deyir, qardaşım öldükdən sonra
içimə qapanmış və sadəcə qara rəngdə
olan günlüyümə içimi
boşaldırmışam. Qardaşımla
biz çox yaxın idik, yəni olmuşuq. Valideynlərimin dediyinə görə, yəni sadəcə
anamın. Bəli, sadəcə, anam.
Çünki atam mənə, səhvlərimə,
o lənət günə görə komada yatır. Öz başıma gələnləri qoyum kənara,
soyadını daşıdığım adamın komada
yatmasına səbəbkar mən idim və o insan ayılmayana
qədər özümü bağışlamayacaqdım.
Çünki beynim məndən intiqam
alırmışcasına o günü beynimdə
dolandırır. Mənim heç kimi
ağlatmaq haqqım yoxdur. Hələ məni
dünyaya gətirən qadını heç yoxdur. Oğlunu itirdikdən sonra həyat
yoldaşını da itirməsi və bunun səbəbinin digər
övladının olması onun üçün acı,
böyük bir acı olacağını bilirdim. Amma o məni heç vaxt günahlandırmadı,
günahkar sənsən demədi.
Artıq bir aya yaxın müddət idi ki, xəstəxanada
atamın oyanmasını gözləyirdik. Mən bir
aydır gözləyirdim, amma anam məni də gözləmişdi.
2 ay... Ailəsini çarəsizcə gözləyən
bir ana. Gözləri yaşlı, bədəni
titrək, hər saniyə nəsə olacağını
düşünən ana. Nə qədər
acı. Bunların hamısı mənə
görə idi. Mən o qadını
gözü yaşlı qoymuşdum. Mən
o qorxunu yaşatmışdım ona. Sanki beynim o
qadının göz yaşlarının
acığını çıxarırmış kimi o lənət
günü dayanmadan xatırladırdı mənə. Amma
mənim belə ah etməyim düzgün deyildi. Çünki mən də, beynim də yaxşı
bilirdi mənim günahkar olduğumu. Düşüncələrimdən
anamın səsi ilə ayrıldım. Xoş
və titrək səsiylə mənim evə
qayıtmağımı istəyirdi. Etiraz
etsəm də, bir faydası olmayacaqdı. Ona görə də qəbul etdim. Amma içim rahat deyildi. Tək
qoymaq istəmirdim onu bu murdar yerdə. Bir
yandan da onu daha çox yormaq istəmirdim. Ona
görə də qəbul etdim. Əlifbanı
yeni öyrənən uşaq kimi mən də
ünvanımızı yeni öyrənmişdim. 20 ildir yaşadığın evin ünvanını
unutmaq. Qulağa qəribə gəlir.
Amma gülməli də olsa, içində bir
buruqluq var. Çatdım ünvanını yeni öyrəndiyim
evə. Əşyalarımı
götürmək üçün şifonerin
qapısını açdığımda başıma bir
qutu düşdü. Allahım, bir bu əskik
idi. Həyatda sanki başıma gələnlər
azmış kimi, sanki ağlım çox
çalışırmış kimi bir də bu
çıxdı. Ətraf qutunun içindəkilərlə
darmadağın olmuşdu. İçindəkilər
həddinən artıq maraqlı idi. Şəkillər
və bəzi oyuncaqlarla dolu idi. Şəkillərə
baxarkən orda sadəcə iki uşaq görürdüm.
Anamla atamın gənclik şəkilləri də
vardı. Lakin uşaqlar haqqında bir
fikrim yox idi. Qız uşağı mən
idim, yəqin ki, ya oğlan? Şəkillərə
baxmağa davam edərkən yerdə bir zərf gördüm.
Əlimi uzatdım, zərfi götürdüm.
Üzərində "canım
qardaşıma" yazısı qeyd olunmuşdu. Sanki ağlım o anda dayanmaqla işləmək
arasında qalmışdı. Şəkillərdən
birini əlimə alıb yenidən baxdım. Gözlərimdən bir damla yaş süzülərkən
- Miran, - deyə pıçıldadım. Miran mənim canımdan çox sevdiyim, lakin
xatırlamadığım qardaşım idi. Gözlərimin
önündə, ovcumun içində şəkli, amma mən
onun kim olduğunu bir kağız
parçasıyla tanımışdım. Bir
şəklə, bir də əlimdəki zərfə baxırdım.
Şəkli yanıma qoyub zərfi
açdım. Mən yazmışdım
bunu qardaşıma. Kağızın hər
qatını açdıqca içimdəki həyəcan
get-gedə böyüyürdü. Nəhayət,
kağızı açdım amma gözlərimi bərk-bərk
yummuşdum. Qorxurdum. Oxuyacağım
sətirlərdən qorxurdum. Bir şəkildə
cəsarətimi topladım. Gözlərimi
açdım. Gözlərimdən bir damla yaş süzülərkən
oxumağa başladım. Belə başlayırdı:
"Canım qardaşım, səni itirdiyim gündən
3 ay keçdi.
Ürəyimdəki acı, bədənimdəki
sıxıntı, ruhumdakı təklik heç köhnəlməyib.
Bilirsən? Anamızla
atamız səndən ötrü çox darıxırlar.
Mən? Mən necə ola
bilərəm ki, hər anımda, hər saniyəmdəsən.
Nə yata bilirəm, nə yemək yeyə bilirəm.
Mən sənə çox bağlı idim.
Həyatda güvəndiyim yeganə insan sən
idin və sən də məni tək qoyub getdin. Axı niyə, nə üçün? Sən ki mənim yalnız qalmaqdan qorxduğumu
bilirdin. Bunu bilə-bilə məni niyə
tək qoydun? Bilirəm, bilirəm bu sənin
günahın deyil. Səni vurub qaçan
şərəfsiz sürücüdə, bəlkə də məndə
idi günah. Bax, mən dəli kimi
peşmanam. Xahiş edirəm, qayıt.
Mənə hirsləndin, evdən hirslə
çıxdın. Yolu keçməyə
çalışarkən də maşının həddindən
artıq sürəti ilə nə o özünü saxlaya
bildi, nə də sən özünü kənara ata bildin.
Gözlərimin önündə elə bir vəziyyətə
düşdün ki, mən heç vaxt özümü
bağışlaya bilməyəcəkdim. Səni qatilin sürücü deyildi, mən idim.
Bəzən o həddə gəlib
çatıram ki, deyirəm yaddaşım itə də, sənə
çəkdirdiklərimi unudam. Sonra
özüm öz məntiqsiz istəyimə hirslənirəm.
Yox, istəmirəm. Həyatımdan
getdin, amma ruhumdan əsla. Heç olmasa
xatirələrimdə, ruhumda yaşa. Sürücünü
tapdılar. İçkili olduğu məlum
oldu. Həbsə atdılar. Mənsə özümü özümə dustaq
etdim. Səhvimin heç bir şəkildə
bağışlanası tərəfi olmadığını
bilirəm. Məzarına gedə bilməmişəm
hələ də. Ora getsəm
öldüyünü qəbul etmiş olacam. Yox!.. Sən ölmədin. Cismən yanımda deyilsən sadəcə. Yanımdasan sən, məni tək qoymarsan sən. Sonunda cərrah
olmağı bacaracam, deyəsən. Axı
bu bizim ən böyük xəyalımız idi.
İmtahanlara az qaldı. Əlimdən
gələni edəcəm, söz verirəm. Məni dəli edən isə bu məktubun sahibinə,
yəni sənə gəlib çatmayacaq olmasıdır.
Səni heç özümün belə bilməyəcəyim
qədər çox istəyirəm. Səni
heç vaxt unutmayacam.
"Sevgilərimlə; Miray".
"Səni heç vaxt unutmayacam" - bu cümlə
durmadan beynimdə yanğılanırdı. Susmadan,
dayanmadan. Unutmuşdum. Şəklində
belə tanımırdım onu. Hər
şey alt-üst olmuşdu və anladığım qədəri
ilə günahkarı mən idim. Nə
etdiyimi bilmirdim, amma bildiyim tək gerçək
varıydısa, o da mənim günahkar olmağım idi.
O lənətə gəlmiş günün səbəbkarı
mən idim. Həyatımdakı hər bəlanın
səbəbkarı mən idim. Xəyal
dünyamdan telefon zəngiylə ayrıldım. Zəng edən anam idi. Telefonu
açdığımda anamın titrək səsiylə
qarşılaşdım. Amma bu titrəklik
sevincdən idi. Hiss olunurdu.
- Miray,
qızım, atan, atan gözlərini açdı - dedi və
mənim qulaqlarım dünyadakı bütün səslərə
susdu. O an, sadəcə o an vardı. Dərin bir nəfəs aldım. O lənət
gündən sonra ilk dəfə idi ki, belə dərindən
nəfəs alırdım. Susdum. Saniyələrcə susqunluğun səsini dinlədim.
Telefonun qulağımda olduğunu və xətdə
anamın olduğunu unutdum. Bu anın xoşbəxtliyini
iliklərimə qədər hiss edirdim. Allahım,
sənə minlərlə şükürlər olsun. Onu mənə, bizə çox görmədin.
Həkimin dediyinə görə, gözlərini
açsa yaşayacaqdı. Yox, əgər
əksi olsaydı biz onunla vidalaşmaq məcburiyyətində
qalacaqdıq. Açmışdı
gözlərini, şükürlər olsun. Anam susqunluğuma görə narahat olmuşdu sanki.
Yenidən dedi:
-
Qızım, eşitdin? Gözlərini
açdı. Açan kimi də səni
sayıqlamağa, soruşmağa başladı. Tez gəl, Miray. Qızım,
yaxşısan? Cavab ver, qorxudursan məni!
- Məni
soruşdu, - deyə təkrarladım sevinclə. Cavabında
dedi:
- Hə,
gözəlim. Qorxub ki, sənə nəsə
olub. Tez gəl, biz bir şəkildə
sakitləşdirdik. Amma səni görmədən
tam rahat olmayacaq.
- Tamam,
15-20 dəqiqəyə ordayam, ana.
Tez paltarlarımı dəyişib xəstəxanaya
doğru qaçdım. Çatdım xəstəxanaya. Anam hələ də dəhlizdəydi. Onu görən kimi qaçıb qucaqladım.
Dedim: -Nə gözləyirik, girək də yanına. Ana, gəl,
həm o məni, həm də mən onu görmək istəyirəm!
Anam qolumu tutdu. Qorxuyla dedim:
- Nə
oldu ana?
Analar hər
şeyi hiss edərmiş. Bu an həqiqətən bunu hiss elədim.
Üzümdəki qorxu ifadəni hiss etdi. Ola
bildiyincə gülümsəməyə
çalışdı. Yavaşca dilləndi:
- Bilmir.
Üzünə maraqla baxdım. Bunu da his etdi.
- Vəziyyətindən
xəbəri yoxdu, - deyərək başını
aşağı saldı. Bu səfər də
anlayan mən oldum. Üzünə
gülümsəməyə çalışdım.
Dedim:
- Narahat
olma.
Anam üzümə yorğun və dolu gözlərlə
baxırdı.
Əlavə etdim:
- Ana, niyə
girmirik?
İçimdəki maraq sonuna qədər üzümə
yansımışdı. Anam dedi:
- Həkim
hələ bir saat da səbirli olmağımızı istədi.
Özünə gəlməyini gözləyirlər. Bir az daha səbr,
qızım.
Başımla tamam deyib küncdəki oturacaqlardan birinə
əyləşdim. Başımı divara söykəyib
fikirləşməyə başladım. Mən
o içərdəki insanı tanımırdım, amma bu onun
mənim atam olduğunun həqiqətini dəyişdirmirdi.
Mən onun soyadını
daşıyırdım. Onun komada
qalmasının da səbəbkarı mən idim. Həyatımız bu qədər alt-üst
olmuşkən, düzəltmək də mənim borcum idi.
Həkim otaqdan çıxdı. Fərqinə
varmamışdım. Anamın səsiylə
dərin düşüncələrimdən ayrıldım.
Maraq və narahatlıqla anamla birlikdə həkimin
üzünə baxırdıq. Həkim dedi:
-
Bildiyiniz kimi, xəstəyə stress yaşatmaq olmaz. Diqqətli olmaq lazımdır. Miray
xanım, sizin də həkiminiz mən idim və vəziyyətinizdən
aydınlıqla xəbərim var. Atanızın bu vəziyyətdə
bunu öyrənməsini məsləhət bilmirəm. Ən azından, bir müddət bundan xəbəri
olmasa yaxşı olar. Dedim:
- Narahat
olmayın, həkim, mən bir şəkildə onun bu barədə
nəsə öyrənməsinə mane olacam. Hər
şey üçün təşəkkür edirəm.
Biz onu nə vaxt görə bilərik? Bunun üçün səbirsizlənirəm.
Həkimin üzünə çətin bir gülümsəməylə
və hədsiz həyəcanla baxırdım.
- 10 dəqiqə
sonra tibb bacısının təlimatı ilə onu görə
bilərsiniz. Lakin vəziyyətindən tam əmin
olmaq və tam yaxşı olduğunu dəqiqləşdirmək
üçün iki gün daha müşahidə altında
saxlayacağıq. Daha sonra evə göndərə bilərik,
- dedi və həkim getdi. İçimdə
sevinclə qarışıq peşmançılıq hissi də
var idi. Orda yatmasına səbəb
olduğum insana bir də yalan danışacaqdım. Məktubda da oxuduğum qədəri ilə
qardaşıma da zərər verən mən idim. Nə elədiyimi bilmirdim, amma günahkar mən idim.
Nə səhvim olduğunu da soruşacaq qədər
cəsarətli deyildim. 20 yaşım
vardı, lakin mən o 20 ildə sadəcə o lənətlənmiş
günü xatırlayırdım. O da
yarımçıq. O günü heç xatırlamaq istəməzdim,
amma günahlar cəzasız qalmırdı. Mənim
də cəzam o gün idi. Sadəcə, o gün.. Nəhayət, qapı
açıldı və qapıda tibb bacısı
göründü. Onu da gördüm.
Mənə baxırdı. Gözlərindəki
sevinci heç bir cümləylə açıqlaya bilməzdim.
Üzünə baxdım və heç nə
olmamış kimi üzümə böyük gülümsəmə
yerləşdirdim. Mənə baxdı,
sonra məndən də böyük gülümsədi o
halsız bədəniylə. O an gözümdən
bir damla yaş düşdüyünü hiss elədim. Həm peşmançılıq, həm də
sevincin göz yaşıydı bu.
- "Artıq iç" - tibb bacısının
sözünü ağzında qoydum. Qaçdım,
atıldım boynuna. O saniyələr mənim
xatırladığım həyatımın ən gözəl
saniyələriydi. Elə qucaqladım ki, atamı
bütün peşmançılığımla, sevincimlə. Onu qucaqladıqca Mirandan da üzr istəyirdim. Qutudakı şəkillərə baxarkən mənə
aydın oldu ki, Miran atama çox oxşayırdı. Atamı qucaqlamırdım mən təkcə.
Bir bədəni, iki ruhu qollarımın
arasına həbs etmişdim. Bir anlıq
özümü elə itirmişdim ki, onu necə
sıxdığımı belə unutmuşdum.
-
Qızım, - dedi. O an dayandı
bütün dünya, susdu bütün səslər. Bir xəstəxana otağında açdım
gözlərimi. Sanki boşluğa
düşdüm gözlərimi açmağımla. Adımı belə xatırlamırdım
çünki. Bir neçə saat sonra,
adımı, məni dünyaya gətirən qadını
öyrəndim. Anamı belə unutdum mən.
Tanıdım onu, tez isindim. Heç
məsafə qoymağa çalışmadım. Mən o qadını, mənim ən qiymətli
qadını 2 aydır tanıyıram və onun gözlərində
hər zaman yaş, hüzün gördüm. Söz verdim özümə gəldiyim anda hər
şeyi düzəldəcəyimə dair. İndi də atamı tanıdım. Onun bir kəlməsi məni elə gücləndirdi
ki. Qızım dedi mənə. Dünyaları
versələr mənə, heç bu qədər sevinməzdim.
-
Qızım, Miray. Boğuldum, qızım, burax, - dedi
öskürəkləri və çətinliklə olan
gülüşləri arasından.
- Miray,
bax qızım, kəfəni yırtdım, ölmədim,
amma sən məni belə sıxmağa davam etsən, burda,
deyəsən, boğulub öləcəm.
Öləcəm...
Öləcəm... Öləcəm... Bu kəlmə
beynimin içində yanğılanarkən üzümdə
hirs və üzüntü qarışıq bir ifadə
yarandı. Dolmuş gözlərimlə
atamın üzünə baxdım.
- Ata, sən
nə danışırsan? Bir daha o kəlməni
dilindən eşitsəm nə səni, nə də
özümü bağışlayaram. Hər
şey geridə qaldı. Bir şəkildə
də səhvləri düzəldəcəm və əyriləri
doğruya çevirəcəm. Mirana
verdiyim sözü də tutacam, - dediyim anda anamın
hıçqırıq səsini eşitdim. Anamın üzündə təəccüb
duyğusu ağır idi.
- Miran, -
dedi anam dodaqlarını çətinliklə arayalarkən. Sanki məndən sən Mirana verdiyin sözləri,
anları necə xatırlayırsan deyə soruşurdu.
- Bəli,
ana, Miran, - deyə göz qırpdım göz
yaşlarımın arasından anama. Hiss edirdim içindəki
marağın böyük olduğunu. Amma
atamın yanında açıqlaya bilməzdim. Fikrim burdan çıxan kimi qutu məsələsini
anama danışmaq idi. Dəli kimi maraqli
idi. O lənət günü belə
parça-parça xatırlayırdım. Qardaşımın
ölümünə səbəbkar olacaq qədər nə
ilə hirsləndirmişdim onu. Hər
şeyi, hər yaşananı yazmışdım, amma əsas
səbəbi yazmamışdım. Yazdığım
günlüyümdə də bu haqda nəsə yox idi. Sadəcə, anamdan öyrənə bilərdim əsas
həqiqəti, səbəbi. Bunun
üçün səbirsizlənirdim, bir yandan da qorxurdum.
Həqiqət, hər zaman acı olurdu. Acı həqiqətdən qorxurdum. Amma nə olur-olsun, öyrənəcəkdim. Bundan qaçış yox idi. Heç
nəyi bilməsəm də bunu bilirdim. Düşüncələrimdən
tibb bacısının səsiylə ayrıldım.
-
Xanım, xəstəmizin dərmanlarını gətirdim. Xahiş edirəm çölə
çıxın. Narahat olmayın, o
yaxşıdı və daha da yaxşı olacaq.
Sözləriylə sanki içimdəki
narahatlığı azaltmağa çalışırdı. İçimdən
gələn böyük bir səmimiyyətlə üzünə
gülümsədim və gözlərimi atamdan ayırmayaraq
yavaş addımlarla dəhlizə çıxdım. Atam üzümə baxaraq gülümsədi. İçim, ruhum isindi sanki gülümsədiyi
zaman. Mən də ona gülümsədim
və qapı örtüldü. Gəlib
yerdə, anamın dizlərinin dibində oturdum. Başımı dizlərinə qoydum. Anam
narahatlıqla dedi:
-
Qızım, yerdə oturma xəstələnərsən.
Üzümdə kədərlə qarışıq bir
gülümsəmə əmələ gəldi. Dedim:
- Narahat
olma, sultanım. Sənin yanındaykən, dizlərinin
dibindəykən mənə heç nə olmaz. Ana, nə olar, sadəcə başımı
sığalla, mən də sənə maraqlı gələn
sualları cavablandırım. Mənim də
sənə suallarım var. Həyatımı bir aydır dərk
edirəm. Beynimdə o qədər sual var ki... Amma yalnızca biri, yalnızca bir sual bütün
marağında olduqlarımın önünə keçir.
Sözümü yarıda kəsdim. Öyrənəcəklərim
mütləq elə-belə olmayacaqdı. Bunu
saçlarımın arasındakı anamın əllərinin
titrəməsiylə də hiss edirdim. Mən
keçmişi öyrənmək istəyirdim. Lakin bu, ürək açıcı olmayacaqdı.
Hətta daha ağır olacaqdı. Bu qədər böyük cəzanın arxasında
mütləq ağır günah vardı. Mənim günahım, ailəmin acı çəkməsinə
səbəb olan mənim günahım. İçimdəki
marağın yaxın zamanda sıxıntıya çevriləcəyini
o qədər yaxşı bilirdim ki. Anam
susurdu. Sanki o da mənim eşidəcəklərimdən
qorxurdu.
- Qutu, -
deyə girdim dolaşıq mövzunun içinə.
- Sən
məni evə yolladığında, dolabdan paltar
götürmək üçün qapısını
açarkən, dolabın yuxarısından bir qutu
düşdü başıma. İçindəkilər
ətrafa səpələnərkən aralarında bir zərf
gördüm. Qutuda şəkillər də
var idi. Amma ordaki bir uşağı
tanımadım. Kağız
parçasıyla öyrəndim şəkildəkinin Miran
olduğunu. Sonra zərfi açıb
içindəkiləri oxudum. Mən
yazmışdım qardaşıma. Ona
verdiyim sözü tutacağımdan, cərrah
olacağımdan bəhs edirdi. Bir də
Miranın ölümündə mənim də günahım
olduğundan. Ana, mən hər
anımı, hər saniyəmi unutdum. Amma
o günü, sadəcə, o günü unutmadım. Yarımçıq da olsa xatırlayıram. Sadəcə o günü. Mənim
səhvim nə idisə o günə səbəbkar olan da o
idi. Mənə görə oldu olanlar.
Ancaq nə olduğunu bilmirəm. Nə yalan deyim, dəli kimi qorxuram eşidəcəklərimdən.
Qorxunun əcələ fayda
olmayacağını da bilirəm. Sənin
sualını cavablandırdım mən. Ana
indi növbə sənindi. Mən nə
etmişəm? Ana, mənim günahım nə
idi?
Sual dolu gözlərlə anama baxarkən, anam gözlərini
divara zilləmişdi. Gözləri də olduğu qədər
dolmuşdu. Bir az toxunmağa
çalışsam, oturub hönkür-hönkür
ağlayacaqdı.
- Ana, -
dedim pıçıltıyla. Anam gözucu belə
mənə baxmırdı.
- Ana, -
deyə təkrarladım bir neçə dəfə. Dediyim kimi anam belə qorxurdu verəcəyi cavabdan.
Mən də əmin idim verdiyim sualın
cavabını heç sevməyəcəkdim.
- Ana...
Bu dəfə gözlərim çox dolmuşdu. Anam kimi, bir az
toxunsanız başlayacaqdım ağlamağa. Bir
şəkildə özümə gəlməyə
çalışdım.
- Ana, bax
mən də hiss edirəm bu sualın cavabı ağır
olacaq. Amma keçmişimi bilmək
haqqımdı. Yalvarıram sənə,
dodaqlarını arala və nəsə de mənə. Ana, bu bizim fürsətimizdi. Sonra danışmağa
nə fürsətimiz qalacaq, nə də mənim cəsarətim...
Ona görə, ana, çətin də olsa
danışmalıyıq. Ana...
Gücsüz idim. Ancaq anamı fikirləşməliydim.
Gözlərimin içinə baxırdı
yaxşı olum deyə. Olmasam belə
yaxşı görünəcəkdim. İçimdəki
fırtınaları ona göstərsəydim itəcəkdik,
yox olacaqdıq hamımız birdən. Ona
görə gülümsəməliydim. Üzr
istəyirəm, ana. Sənə yalan
danışıram, mənə hər necəsən
sualını verəndə. Yaxşı
olmasam da, amma sənə tərsini deməliyəm. Miranın gedişi səni bu qədər
sarsıtmışkən mən də sənə daha da pis
olmağın üçün səbəb verə bilməzdim.
Bir daha üzr istəyirəm. Sənə cavabını çətinliklə verəcəyin
bir sual verdiyim üçün. Amma dərdi
bilməsəydim dərmanını tapa bilməzdim. Anam gözlərini divardan ayırmırdı. Bu daha ağırı oldu. Anamın
dolan gözlərindən yavaş-yavaş yaşlar
süzülməyə başladı. Özümü
itirdim o an. Əllərini ovuclarımın içində gizlətdim.
- Ana... Nə olar, belə eləmə. Allah
mənə lənət eləsin. Nə
olar, dolmasın o gözlərin artıq. Yalvarıram
sənə.
Anam o an üzünü mənə çevirdi. Dedi:
-
Qızım, əsla özünə lənət oxuma. Miran getdi onsuz. Sənə nəsə
olsa, səncə, mənim yaşamaq üçün bir səbəbim
qalar? Sən də bunu eləmə.
Yenə gözlərini divara doğru çevirdi. Yavaşca
dodaqlarını araladı. Həqiqəti
öyrənməyə saniyələrim qalmışdı.
-
Keçən il... - dayandı. Dərindən nəfəs aldı.
-
Düzdü, Miranı itirdiyimiz bir il
olmadı, amma keçən ildə qaldı. Sizin
bir-birinizə olan bağlılığınız
insanları hər zaman heyrətə salırdı. Bir-birinizdən ayrı nəsə eləməzdiniz,
bir-birinizdən sirriniz yox idi. Uşaqkən
belə fikirləriniz eyni idi. Böyüyəndə kim olacaqsan sualına, ikiniz də "həkim"
deyirdiniz. Olacaqdı da mütləq. Çox çalışırdınız bir yerdə.
Stomatoloq olmaq idi Miranın planı.
Dayandı birdən göz yaşlarını silərkən.
- Mənsə
cərrah, deyəsən, - deyə əlavə elədim. Anam gülümsədi acı içində.
- Sənsə
cərrah.
Üzümə baxmırdı.
- Bilmirəm
fikir vermisən, ya yox, bizim evin ən yaxınında dəniz
var. Uşaqlığınız da orda keçib. O qədər
çox sevərdiniz ki, oranı. Bir də bizim
evdən bir saat uzaqlıqda bir göl var, orda balıq
tutmağı çox sevərdiniz. Meşəlik
kimi bir yer idi. O qədər sakit yer idi ki, insanın ruhu
dincəlirdi. Bir az böyüyənə qədər
biz aparırdıq sizi. Sonra isə
özünüz gedirdiniz. Sən bilmirdin
yolu. Hətta bir dəfə Miransız getməyə
çalışmışdın, amma yolu azmışdın.
Hər zaman gülüşərək gələrdiniz
ordan. Lakin o gün... - susdu.
Artıq cümləsinə davam edərsə, mən də,
anam da yaxşı olmayacaqdıq. Yaraya yenidən duz
basmaq kimi olacaqdı əslində. Amma nə
baş verirsə versin, bu yara qanamalı, keçmişin dəftəri
də yenidən açılmalı idi. Çünki
qaçmaq çıxış yolu deyildi. Yaralar qanamazsa sağalmazdı. Ona
görə də mən bu yaranı qanatmalıydım.
- Ana... -
dedim diqqətli üzünə baxarkən. Amma
o mənə baxmırdı. Gözünü
heç bir şəkildə divardan ayırmırdı.
Sonra yenidən başımı dizlərinə
söykədim və sanki saçlarımı sığalla
deyirmiş kimi anamın əllərini saçlarıma qoydum.
- Ana...
Davam elə... Nə olar. O gün nə
oldu?
Anam dərindən nəfəs alarkən
dodaqlarını araladı yavaşca. Səsi olduqca
gücsüz çıxırdı.
- Lakin o
gün hər kəsi, hətta məni də təəccübləndirən
şəkildə dalaşaraq girdiniz qapıdan içəri. Miranla ilk və son dəfə dava etdin. Həqiqəti öyrənmişdi. Dəli kimiydi. O, əsəbi evdən
çıxandan sonra...
Susdu, susdum. Artıq davam etməsinə ehtiyac yox idi.
Anlayırdım onu. Necə ki, mən
qardaşımın ölümünü (məktubda
yazdığı qədəri ilə) qəbul etməmişdimsə,
anama da çətin gəlirdi oğlunun ölüm həqiqətini
qəbul etmək. Susdum... Birlikdə susduq.
Sanki o an bütün xəstəxana susdu. Rahatlamaq üçün gözlərimi yumdum.
Amma beynim məndən hər tapdığı
fürsətdə intiqam almağı unutmurdu. O lənət
gün yenə canlandı gözümdə, sonra Miranla olan
şəkillərimiz... O an özümə o qədər lənət
oxudum ki, heç unutmaram.
- Həqiqət...
Onu bu qədər dəli edən həqiqət
nə idi? - deyə
pıçıldadım. O an nə qədər qorxaq
olduğumun fərqinə vardım.
Pıçıldamışdım... Bəlkə
anama eşitməz də cavablamaz deyə
düşündüm. Öyrənəcəklərimdən
qorxurdum.
- Sən...
- deyə yavaşca dilləndi. -
Qızım, sən narkotika bağımlısı idin. Komada qaldığın müddətdə qanın təmizləndi.
Bədənin qurtuldu bu zəhərdən, - dedi. Amma bu dəfə də mən ona baxmırdım.
- Nə?
- deyə qışqırdım.
- Ana, sən
nə danışırsan. Eşidəcəyim
hər şeyə hazır idim. Amma bu qədəri
yox, ana.
Qalxdım ayağa. Bütün səslər susmuşdu.
Bir tək anamın dediyi cümlə
yanğılanırdı beynimdə. Gözlərimi
yumdum, xatırlamağa çalışdım. Mən xatırladığım tək şey isə
o gün idi. Lənətə gəlsin ki,
sadəcə o gün qalmışdı mənə.
Sonra olacaqlar isə məndən ixtiyarsız baş verdi. Gözlərim qapandı və
bədənim yerə sərildi. Anamın
qışqırığını, tibb bacısının gəlişini
və ətrafımızdakı insanların bizə tərəf
gəldiklərinin səsini eşitdim. Bir
neçə saniyə sonra da səslər tamamilə susdu.
Gözlərimi açdığımda isə bir xəstəxana
otağındaydım. Qoluma qoşulan sistem və anamı
gördüm yanımda. Elə boş
baxırdım ki, ətrafa, sanki yeni doğulan və heç
nə anlamayan körpə kimi. Sonra
yavaş-yavaş anladım. Anamla söhbətim
yadıma düşdü və ağlamağa başladım.
- Ana... -
deyərək ağlayırdım. Anamın
gözləri də dolu idi. Lakin bir şəkildə
göz yaşlarını tutmağa
çalışırdı.
- Mən
olmuşam ki... Miranın qatili də mən
olmuşam, xatirələrimin də qatili mən olmuşam ki.
Özümü tamamilə itirmişdim. Bildiyim tək
şey günahkar olmağım idi. Bu səhvimin
bağışlanası tərəfi yox idi. Mən həyatı qınayırdım mənə
bu qədər acı çəkdirdiyi üçün.
Amma əslində özümü
qınamalı idim. Mənim adımın mənası
Ayın ən parlaq halı demək idi. Mən
isə o Ayın işığını öz əlimlə
söndürmüşdüm. İndi
yolumu aydınlatmaq üçün bir kirbit çöpü
belə tapmırdım. Mənim
günahlarımın qurbanı ailəm oldu, xəyallarım
oldu. İndi isə ağlamaqdan başqa
bir şey bilmirdim. Anam dedi:
- Miray,
qızım yaxşısan?
Anamın üzündəki narahatlıq və kədəri
izah etmək üçün kəlmələr yetməzdi.
-
Yaxşıyam, ana.
Bir aydır eyni yalanı təkrarlayırdım. Bu gün də
olduğu kimi də.
- Ana, mən
bir az yata bilərəm? - dedim titrək səslə.
- Əlbəttə, qızım, yat sən. Dincəl.
Bu qədər stresi sənə yaşatmağa
haqqım yox idi. Danışmamalıydım.
Bağışla, qızım.
Tutduğu bütün gözyaşlarını
axıtmağa başladı. Onu elə
görüncə mən də ağlamağa başladım.
Qollarımı açdım. Gözlərimlə - ana, gəl məni qucaqla, -
deyirdim. Anam göz yaşlarını sildi
və yanımda oturdu. Qollarını mənə
elə möhkəm sarıdı ki, həqiqətən də
cənnətin qoxusunu çəkdim ciyərlərimə.
- Ana...
Yavaşca ayrıldım ondan.
- Necə?
- deyə yavaşca dilləndim.
- Nə
necə, qızım?
Gözlərini qaçırdı.
- Ana,
anladığını bilirəm. Gözlərini
qaçırma. Mən necə bu yola
düşdüm, Miran necə bunu öyrəndi və mənimlə
atamın keçirdiyi qəza necə oldu?
Bu dəfə də mən gözlərimi
qaçırdım.
-
Qızım, gözlərimin önündə huşun itdi. Sənə bunları bu qədər tez
danışmağım böyük bir səhv olduğu halda,
sən hələ davamını istəyirsən. Yox,
Miray. Hələ tezdi, həm də çox
tezdi. Sən indi yat, gözəl
qızım, düşünmə bunu.
Qapıya doğru yönələrkən, əlini
tutdum. Dedim:
- Ana, hər
bəlanın səbəbkarı mənəm və sən sadəcə
həqiqəti mənimlə bölüşdüyün
üçün üzr istəyirsən. İstəmə,
ana! Qurban olum, nə ağla, nə də məndən
üzr istə. Əsl günahkar mənəm,
ana. Hər səhvimi də düzəltməyə
çalışacam. Amma qurban olum, sil o
göz yaşlarını. Hər şey
yaxşı olacaq, ana. Söz verirəm sənə.
- Hər
şey yaxşı olacaq, qızım. İndi
isə yat, qızım. Yat dincəl.
Göz yaşlarımı əlləri ilə sildi və
otaqdan uzaqlaşdı. Sonra gözlərimi yumdum. Nə qədər yatdığımı bilmirdim,
amma yatdığım müddətdə sadəcə kabus
gördüm. Gözlərimi açacaq qədər
taqətim qalmamışdı.
Yenə bir kabusun içinə həbs olmuşkən, bu
dəfə yerimdən sıçradım. Özümü
sakitləşdirməyə çalışdım. Sonra yenidən yumdum gözlərimi. Çox yorğun idim. Gördüm
kabuslar məni yatmağa peşman etmişdi, amma dəli kimi
yuxum gəlirdi. Ona görə də
gözlərimi yumub, yenidən yatmağa
çalışdım. Amma yuxular məndən
əl çəkmirdi. Bu dəfə
gördüyüm yuxu məni təəccübləndirmişdi.
Qaranlıq otağın içərisindəydim.
Birdən bir parça işıq
düşdü otağın içinə. Otağın aydınlanan qismində Miranı
gördüm. Qaçdım yanına,
qucaqlamaq istədim. Amma o qoymadı məni,
uzaqlaşdırdı.
- Miray,
gözəlim, mənə verdiyin sözü tut. Dik durmağa çalış. Unutma,
anamızla, atamız sənə əmanətdi. Əgər özünə zərər versən,
acısını onlar çəkəcək. Ona görə qalx ayağa. Səhv etmiş ola bilərsən, düzəltməyi də
bacaracaqsan. Özünə gəl, gözəlim.
Sonra otaqdakı işıq söndü və mən
qaranlıqda qaldım. Tam bu zaman açdım gözlərimi.
Oyandım, Mirana toxuna bimədiyim yuxumdan. Siz heç səsini
xatırlamadığınız insanın səsini yuxunuzda
eşitdiniz? Mən eşitdim. Dediyim kimi, cismi mənimlə olmaya bilərdi, amma
ruhu daim mənim dəstəkçimdi, nə olur-olsun. Yavaşca otağın qapısını
açıb çölə çıxdım. Anam elə mənim otağımın
yanındakı skamyada oturmuşdu. Məni
görən kimi yorğun bədəni yerindən
sıçradı.
-
Qızım, yaxşısan? Nəsə problem
var? - deyə narahatlıqla
üzümə baxdı.
- Yox, ana,
yox. Narahat olma. Sadəcə
yeni oyandım və ətrafa baxmaq istədim. Ana, bax çox yorğun və gücsüz
görünürsən. Sən keç
yat içəridə bir az. Mən burdayam. Nəsə olsa biləcəm.
Anam
hazırlaşırdı ki, yox desin. Ağzını
açmağına imkan vermədən içəri
saldım və yatağa uzandırdım. Dedim:
-
Dünyanın ən gözəl anası indi qızına
etiraz etmədən burda bir az yataraq dincələcək.
Saçlarını oxşadım. Sonra isə
otaqdan çıxdım. Yavaşca xəstəxana
bufetinə endim. Kökə və qəhvə
alıb geri qayıtdım. Heç kim
yox idi. Birdən atamın nəyəsə
ehtiyacı olar deyə, tez qayıtmağa
çalışdım.
Yenə həminki oturacaqda oturdum. Dəhliz təəccübləndirici
şəkildə bomboş idi. Yavaşca
anamın yatdığı otağın qapısını
aralayıb içəri baxdım. Yatmışdı.
Həm də elə yatmışdı ki,
dünya dağılsa xəbəri olmazdı. Onu bu hala gətirdiyimə görə hər an
özümə lənət oxuyurdum. Səbəbkar
mən idim. Nə olur-olsun, hər şeyi
düzəldəcəkdim.
Yavaşca otağın qapısını örtərək
otaqdan çıxdım. İndi də
qarşı otaqda olan atama baxmaq üçün qapını
araladım. O da yatmışdı. Qapını
örtüb çıxmaq istərkən atamın səsi
buna mane oldu. "Yox qızım, bu halda
olmaz. Səni apara bilmərəm. Nə olar, qulaq as mənə. Olmaz,
qızım. Qulaq as mənə. Sən yaxşı deyilsən, gedə bilmərik,
qızım. Yox, tək gedə bilmərsən.
Miray, özünə gəl qızım", - deyə
sayıqlayırdı soyuq tər içində. O gün... Ağlımdan çıxamadığı kimi də
yenidən canlandı. Susdum. Qapının kənarından atama baxdım. Yanına getməyə belə çəkinirdim.
Sıçradı bir an yerindən. Sonra özünü sakitləşdirib yenidən
yatdı. Bu xasiyyətim atama bənzəyirdi.
Kabus görəndə mən də belə
edirdim.
Qapının kənarındakı məni görmədi. Mən də yavaşca qapını
örtüb, otaqdan
çıxdım. Yavaşca skamyada
oturdum. Gözlərimi yumdum, yenə o gün... Açdım yenə sadəcə o gün. Lənətə gəlsin ki, o gün canlandı
gözlərimdə. Artıq nəfəs
ala bilmirdim. Ən ağırı da buna
yol açan mən idim. Atamın
kabuslarının, anamın bitkinliyinin, Miranın
ölümünün səbəbkarı mən idim. Gəldi yuxuma Miran. Şəkildə
tanıdığım ən qiymətlim, mənə yol
göstərirdi. Mənim borcum da onun
göstərdiyi yolda irəliləmək idi. Dərindən nəfəs alıb, özümə
gəlməyə çalışdım. Beynimdə
plan qurdum və o yolda ilk addımımı atmaq qərarına
gəldim.
Anamla bir dəfə söhbət edərkən,
ünvanım kimi tələbə olduğumu da öyrəndim. Sən demə,
ikinci kurs tələbəsiydim. Amma bu
olanlara görə bir neçə ay idi ki, universitetə
getmirdim. Özümü bir şəkildə
hazırlamalı idim və verdiyim sözləri tutmalı, məhv
etdiyim həyatı yenidən inşa etməliydim.
Fikirlərimdən atamın səsi ilə
ayrıldım. Tez yanına getdim. Su
istəyirdi, amma su dolçası uzaqda olduğu
üçün götürə bilmirdi. Mən
də tez ona bir stəkan su uzatdım.
-
Qızım, çox sağ ol. Neynirdin
çöldə? Anan hardadı bəs,
qızım? - deyərək
üzümə sual dolu ifadəylə baxırdı. Bütün suallarına cavab verdim.
- Ata, sabah evimizə gedirik. Səni evdə
görməkdən ötrü çox
darıxmışdım.
Evdə atamı heç görməmişdim. Əslində,
görmüşdüm, amma xatırlamırdım. Qorxurdum onun yanında çox qalmaqdan. Hər an keçmişdən sual verəcəkmişdə,
yalanımız gerçəkliyinə qovuşacaqmış
kimi gəlirdi mənə. Amma onun
sağlamlığı üçün müvəqqəti
olaraq gerçəkləri gizlətmək lazım idi. Ona görə də qaçırdım atamdan.
Ertəsi
gün...
- Miray,
qızım. Al bu çantaları maşına
qoy, gəlirik biz də, - səsləndi anam.
Bu gün xəstəxanayla vidalaşırdıq axır
ki. Burdan uzaqlaşmaq məni çox sevindirirdi. Tez evə çatmaq istəyirdim. O qutuda hələ
baxılası çox şey var idi. Mütləq
ki, evə çatan kimi otağıma qapanıb, qutunun içini
dərindən araşdırmağa başlayacaqdım. İnşaAllah hər şey yaxşı
olacaqdı. Sanki həyat mənə qarşı az da olsa yumşalmışdı. Hal-hazırda atama yalan deməyimdən başqa
problemim yox idi. Təbii ki, yaşananlar
öz yerində yetərincə ağır idi. Ancaq bir az olsun hər problemi həll edəcək
gücüm və ümidim var idi.
Artıq evə çatmışdıq. Ancaq bunun fərqinə
varmayacaq qədər düşüncəli idim. Anamın səsi böldü düşüncələrimi.
-
Qızım, çatdıq.
Düşünməkdən dəli olacaqdım. Planımı
hazır etmişdim beynimdə. Dediyim kimi,
içimdə ümid qığılcımı var idi.
İndi isə sıra o
qığılcımı bir atəşə çevirməkdi.
Amma bu anın tapşırığı
atamın maşından enməsinə kömək etmək
idi. Yavaşca atamın maşından enməsinə
kömək etdim. Atam başını
qaldırıb evə baxdı və gözləri doldu.
Sanki o boyda kişi oturub hönkür-hönkür
ağlayacaqdı. Başını mənə tərəf
çevirdi:
- Kaş
o gün bu həyətdən çıxmasaydıq,
qızım. Özümə görə yox, sənə
görə qızım. Tək qorxum sənə
nəsə olmasıydı. Mirandan sonra sənə
də nəsə olsaydı mənim yaşamaq
üçün səbəbim qalmazdı. Kaş o gün. Miranın bu
qapıdan çıxmasına izn verməzdim, - dediyi anda
gözündən bir damla yaş süzüldü. Dünya başıma yıxıldı sanki o an. Yenə
o gün rahat buraxmadı məni. Beynim məndən
intiqam alırdı anlayırdım. Səsimi
çıxartmayacaqdım. Buna haqqım
yox idi. Cəzam bu idisə, çəkməli
idim.
Atamı bu halda görərkən
xatırlamadığım uşaqlığıma
döndü sanki.
- Yox, ata,
qurban olum, belə eləmə.
Yenə atamı boğacaq qədər möhkəm
qucaqladım.
Atam da bərk-bərk qucaqlamışdı məni.
Sonra bir də gördüm ki, anam da bizi
qucaqlayır. Yanımda bir boşluq
qalmışdı. Miranın
boşluğu. Dolmayacaqdı bu boşluq.
Doğrudur, mən onu xatırlamırdım.
Nə qədər çalışsam da,
xatırlamırdım. Amma and içə
bilərdim ki, o sevgini hiss edirdim ürəyimdə. Nə
qədər qəribə olsa da xatırlamadığım
qardaşımın sevgisini ürəyimdə hiss edirdim və
o hiss etdiyim sevgiyə and içirəm ki, mən verdiyim
sözü tutacaqdım. Artıq səhərisi
gün mənim üçün fərqli başlayacaqdı.
O boşluq dolmayacaqdı bəlkə, amma o boşluğu
dolduracaq insana verdiyim sözü tutacaqdım. Həyat oyununa
0:1 geridə başlamışdım, bəli. Bu
mənim zövq üçün etdiyim xəta idi. Amma o oyunun qazananı mən olacaqdım. Bir gün Miranın yanına getdiyimdə də ona
verdiyim sözü tutmuş bir şəkildə gedəcəkdim.
Atamı yavaşca otağına doğru apardıq. Bir qolunda anam,
bir qolunda da mən.
- Mən
hal-hazırda dünyanı qucaqlayıram, - deyə
pıçıldadı atam birdən. Üzümdə
o qədər böyük təbəssüm
yaranmışdı ki, bu sözün altında, kəlmələr
kifayətsiz gəlirdi izah etməyə.
Atamı yatağına uzandırdıqdan sonra
otağıma yollandım. Başıma
düşdüyü üçün əsəbləşdiyim,
amma indi dəyərini izah edə bilmədiyim qutunu
götürüb yerə oturdum. Şəkillərə
bir-bir diqqətlə baxaraq, bəzilərini
ayırırdım. Çərçivəyə
yerləşdirərək, otağıma asacağım bir
neçə şəkil ayırırdım. Əslində, ayırmağa
çalışırdım. Amma
hamısı gözəl idi. Sanki birini
qoyub, o birisini saxlasam haqsızlıq olacaqmış kimi gəlirdi
mənə. Nə gözəl anlarım
olubmuş mənim. Bunları
xatırlamamaq o qədər ağır idi ki. Həm də səbəbkarı sən olduğun
halda.
Şəkillərə o qədər baxdım ki, nə
zamandır yerdə oturduğumun belə fərqində
deyildim. Bəlkə də saatlar keçmişdi, bəlkə
də dəqiqələr. Bildiyim tək
şey mənim üçün zamanın durmağı idi.
Başımdakı ağrılar məni incitsə
də, dərman içməyə qalxmayacaq qədər, ətrafdakılardan
xəbərsiz idim. Qutunun içindəkiləri
qarışdırarkən bir daha zərf gördüm. Amma bu, məktub zərfinə bənzəmirdi.
Bunun həcmi böyük idi və içi dolu
idi. Zərfi qarşıma qoydum.
Açmağa çalışdığım anda anam
içəri girib dedi:
-
Qızım, yemək hazırdır. Gəl yeməyini
ye tez, dərmanlarını içməlisən.
Mənsə yenidən qarşımdakı zərfə
döndüm.
Açdım və qarşıma hardasa 35-40
şəkil töküldü. Amma bu şəkillər
qutudakılar kimi deyildi. Bu şəkillərdə
yeganə mən var idim. Şəkillərin
hamısı uzaqdan çəkilmişdi. Mənim.
Mənim o zəhəri alarkən çəkilən
şəkillərim, daha doğrusu, şəkillərimiz idi.
Yanımda bir qız vardı. Gözlərim böyümüş şəkildə
zərfin içindən çıxanlara baxarkən, bir şəklin
arxasında yazı olduğunu gördüm. "Mən gördüm bacımın nələr
etdiklərini. Sən də görməlisən,
Miran. Bacın həyatını necə
ayaq altına atır, görməlisən. İstəyirsən ağlını başına
qoy onun, istəyirsənsə də ALLAHına qovuşdur, orda
çəksin cəzasını. Mənim
sənə qarşı edə biləcəyim
yaxşılıq bu qədər idi". Yazı
tamamilə belə idi. Şəkilləri
qarışdırmağa davam edərkən göz
yaşlarım istəksizcə boşalırdı gözlərimdən.
"Necə?" sualımın cavabını
almışdım. Həm də heç
gözləmədiyim şəkildə.
- Miray,
qızım, gəl artıq, səni gözləyirik.
Anamın səsləyişini duydum. Duydum, amma
cavab vermədim, verə bilmədim. Nitqim
tutulmuşdu sanki. Sadəcə dəli kimi
ağlayırdım. Miranın
ölümünə necə səbəb olduğumun
cavabını alırdım. Özümə
sözün əsl mənasında yazığım gəlirdi.
Mən hansı ağılla bu yola
düşmüşdüm, həqiqətən
anlamırdım. Mən necə ailəmin
üzüləcəyindən çəkinməmişdim,
anlamırdım. Mən necə
Allahımdan qorxmamışdım, anlamırdım. Mənim
etdiyim sadəcə səhv deyildi, təəssüf ki... Ən qiymətlimin ölümünə səbəbkar
idim mən. Özünü unutduğum,
amma sevgisini unutmadığım qardaşımın bir tərəfdən
də baxanda qatili mən idim.
-
Qızım, yaxşısan? Nə oldu
qızım?
Suallar bir-bir yığılarkən üstümə, mənim
də ağlımda bir sual var idi. Həqiqətən nə
olurdu? Nə olmuşdu? Qalxmağa
çalışarkən, bir adam buna mane
oldu. Anladığım qədəri ilə həkim
idi.
- Nə
oldu mənə? - deyə
pıçıltı çıxdı ağzımdan.
Danışacaq qədər güclü hiss etmirdim
özümü. Hər nə qədər
güclüyəm, bacaracam desəm də, mənim
özümə ən böyük etirafım o qədər də
güclü olmamağım idi.
Yaşananlar həqiqətən də məni çox
yormuşdu. Amma nə olur-olsun, özümə gəlməli
idim. Ailəmi narahat etməyə haqqım
yoxdu. Nə qəribədir,
xatırlamadığım ailəmin ən böyük cəfası
mən olmuşam ki.
- Ana, nə
oldu? Mən niyə burdayam? Siz
niyə mənim başıma toplanmısınız? -deyə suallarımı dayanmadan sıralarkən,
ağladığımın fərqində deyildim.
-
Qızım, sil göz yaşlarını. Belə
olma, qurban olum. Biz də anlamadıq. Səni səslədim, amma cavab vermədin. Otağına gəldiyimdə isə yerdə
gördüm səni. Huşunu
itirmişdin.
Anam suallarımın hamısını
cavablandırdı. Həkim araya girərək dedi:
- Miray
xanım, uzun müddət ac qalmısınız və beyniniz
stress altındadır. Özünüzə diqqət edin. Sizə bir neçə vitamin yazıram. Qəbul etməyinizi də tövsiyə edirəm.
Sonra ayağa qalxdı. Dərmanların
adını yazdığı kağızı stolun
üstünə qoydu və atamla əl sıxışıb
getdi.
- Ana,
üzr istəyirəm. Nə olar məni
bağışla. Sizi çox qorxutdum.
Ağlamağa davam edirdim.
-
Qızım, ağlama özünə gəl. Məni
belə daha çox qorxudursan.
Sildi göz yaşlarımı. Mən dünyanın ən
gözəl ailəsinə sahib idim. Həqiqətən
onlara qarşı belə bir şeyi necə etmişdim, anlaya
bilmirdim. O an ağlamağımı kəsdim. Dərindən nəfəs alaraq içimdəki
boğulma hissini keçirməyə çalışdım.
- Ana, sən
mənə universitetin tibb fakültəsinə qəbul
olduğumu demişdin. İkinci kurs tələbəsi
olduğumu və bir neçə aydır universitetə getmədiyimi
demişdin. Məncə, mən artıq
yetəri qədər geridə qaldım. Sizə,
ona verdiyim bir söz var və mənim o sözü tutmaq
vaxtım gəldi. Mən hansı
universitetdəyəm? - deyə
heç gözləmədiyi şəkildə sözə
girdim. Artıq gözləyəcək
zamanım yox idi.
- Mən
artıq dərslərimlə məşğul olacam. İtirəcək zamanım yoxdu. Ana, bu haqda məlumatları mənimlə
paylaşmalısan.
Anama sual verirdim, amma ağzını açmağa imkan
belə vermədən mən danışırdım.
-
Yaxşı, qızım. Yanındayam hər qərarında.
Nə istəyirsənsə soruş
cavablandırım, - deyə baxdı üzümə.
- İlk sualım odur ki, sənin kimi bir ananı qazanacaq
qədər hansı böyük savab etmişəm? Həyatım
bu qədər səhvlə doluykən, sən mənə nəyin
mükafatısan? - deyərək
qucaqladım, həyatımın ən gözəl
qadınını. Daha sonra universitetimin yerini
öyrəndim. Müəllimlərimi
öyrəndim. Həyata 0:1 geridə başlaya bilərdim,
amma qazanmaq sırası məndə idi.
2 həftə sonra.
- Ana,
artıq nə zaman atama həqiqətləri deyəcəyik. Bax artıq mən də universitetimə davam edirəm,
o da çox yaxşıdı. Ana,
artıq atamdan həqiqətləri gizlətdikcə çox
pis oluram. Yanında oturmağa çəkinirəm.
Yanında oturmağı kənara qoy, salam
vermək belə ağır gəlir. Ana, gəl
gedək danışaq.
Yemək bişirən anamın başını şişirirdim. Amma bu
mövzu da mənim başımı şişirdirdi.
-
Qızım, bir az daha səbirli ol.
Anam iki gün əvvəl verdiyi cavabı yenə təkrarlayırdı. Səbr etmək
istəmirdim. Atama hər şeyi
danışmaq istəyirdim, amma anama görə hələ
vaxtı gəlməmişdi. Mən də
onun sözünü qırmaq istəmirdim. Çünki o bir ana idi və məsləhət
görmürdüsə, mən o işdən xeyir
tapmayacaqdım. Ona görə də
dediyini edəcəkdim və səbirli olacaqdım.
-
Yaxşı, - dedim sadəcə və otağıma getdim.
Yatağımın kənarında olan, Miranın şəklini
əlimə alaraq yatağıma oturdum və bərk-bərk
qucaqladım şəkli. Dərdləşmək
istəyirdim qardaşımla.
- O
gün, - susdum və sadəcə o günü xəyal etdim. Çətin olmadı. Onsuz da
gözümün önündən silinmirdi.
- Hara
getdiyimizi tam xatırlamırdım, amma anam mənə
keçmişi danışınca anladım. Atam
işdən gəlmişdi. Bizim gölümüzə məni
aparmağını istədim, qəbul etmədi, özündə
deyilsən, dedi. Niyə dediyini də bilmirdim,
amma anladım. Mən sənə söz
verməyimə rəğmən, o zəhəri qəbul etməyə
davam edirəmmiş. Atamın sözünə
qulaq asmadım və çəkə-çəkə
maşına apardım və özüm də
sürücü kreslosuna oturdum. Maşının
sürəti həddindən artıq çox idi.
Dörd yola girdiyimiz zaman soldan gələn bir Tır və
ikisinin bir-birənə girməsi.. O qəza
çox dəhşət idi. Sadəcə o
gün vardı, sadəcə o gün. Hər
şeyi yoluna qoymaq üçün çox çalışıram.
Sənə andım olsun, Miran, hər şeyi
düzəldəcəm, - deyə qorxduğum, etirafını
etməkdən qorxduğum sadəcə o günü ilk dəfə
Miranla bölüşmüşdüm.
-
Qızım!
Anam səsləyirdi.
- Nə
oldu, ana? Buyur, - deyə getdim yanına. Əlində bir qutu var idi.
- O qutu nədir,
ana?
Bir anama, bir də əlindəki qutuya baxaraq
ağlımdakı sualı vermişdim.
- Gəl
atanla danışaq, açarsan qutunu.
Atamla danışacaqdıq. Hər şeyi deyəcəkdik
artıq. Bu çətin olacaqdı, amma
çox sevinirdim. Artıq ondan nəsə
gizlətməyəcəkdik. Gülümsəyərək
başımı salladım və birlikdə atamın
yanına getdik. Atam divanda oturub, televizora
baxırdı. Tez yanına getdim. Televizoru söndürdüm.
-
Qızım, neynirsən? Xəbərləri izləyirdim
mən.
- Ata, mən
səninlə danışmalıyam, - dedim və sağ tərəfində
oturdum. Anam da sol tərəfində oturdu.
- Nə
baş verir? Hər şey yolundadı, - dedi səsi titrəyərək.
Səbəbini bilmədiyim şəkildə, səsində
bir saxtalıq hiss etdim. Amma çox baş
aparmadım. O vəziyyətdə deyildim. Birdən,
heç nə gözləmədən sözə girdim.
- Ata, mən
heç nə xatırlamıram.
Gözlərim doldu və mən yenə də, heç
etiraz etmədən, axıtdım göz yaşlarımı. Atam əliylə göz
yaşımı silib, heç gözləmədiyim cavabı
verdim:
- Bilirəm,
qızım.
Üzünə şok olmuş ifadəylə baxdım. Sən demə,
anam üç gün əvvəl yavaş-yavaş hər
şeyi danışıbmış. Bir neçə
gün keçməyini və atamın olanları
yaxşıca anlamağını və özünə gəlməyini
gözləyib. İçim artıq rahat
idi. Ağlamağımı kəsə
bilmirdim. Daha sonra üçümüz də
bir-birimizi yenidən qucaqladıq. Sonra
gözüm anamın əlindəki qutuya sataşdı.
- Ana, ver
artıq qutunu açım.
Anam qutunu
mənə verdi. Qutuda
uşaq oyuncaqları və paltarları var idi. Anam açıqlama etdi.
- Miranla,
sənin uşaqlıq əşyalarınız.
İçimdəki ümid qığılcımı
artıq böyük bir atəşə çevrilmişdi. Mən o an özümə,
ailəm üçün güclü olmağa söz verdim!
Mən
Miray! Adımın mənası Ayın ən parlaq halı deməkmiş.
Bir neçə ay idi ki, Ay yox idi. Hər tərəf
zülmət qaranlıq idi. Amma hazırda
Ayın işığı gözlərimi
qamaşdırır. Həqiqətən də
qaranlığa düşmədən aydınlığın
qədrini bilmirik. Həyat sən planlar
qurarkən başına gələnlərdir. Bu cümləni mən yaşadım. Hədəf və planlarım başqa,
yaşadıqlarım çox başqa. Məndən
sizə bir tövsiyə. Rəng koru
olmağa ehtiyac yoxdu, həyat göy qurşağı ikən.
Unutmayın! Həyat şükür edərək gözəlləşir,
lənət oxuyaraq deyil...
Salam, əziz
oxucum!
Həqiqətən bu cümləni günün birində
istifadə edəcəyim ağlımdan keçməzdi. Amma həqiqətən də
həyat sən planlar qurarkən qarşına
çıxanlarmış. Mən Nurcan İsmayılzadə
(Günar). Xəyalpərəst bir qızam. Ssenarilər, hekayələr
qurmağı çox sevirəm. Yazmaq bu həyatdakı ən
böyük zövq aldığım iş ola bilər.
"Sadəcə o gün" mənim yazdığım ilk
hekayədi. Həqiqətən də oxucum oldunuzsa, sizə
çox təşəkkür edirəm. Bir xəyalım da
sizin sayənizdə gerçəkləşir. Yanımda olub,
mənə dəstək olan hər kəsə sonsuz təşəkkür
edirəm. Qismət olsa, digər hekayələrdə
görüşmək ümidilə!
Nurcan İSMAYILZADƏ
Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.36-39.