Rus dili
– süni dil?
BMT-nin altı əsas
iş dillərindən
biri, dünyanın altıda bir hissəsində yaşayan
az qala
300 milyona yaxın insan üçün doğma olan, Yer kürəsində ən yayılmış dillər sırasında duran, Puşkin, Tolstoy, Dostoyevski, Çexov və bir sıra
dünya klassiklərinin
dili və ən nəhayət, cəmiyyətimiz üçün
son iki yüz ildə ikinci danışıq dilinə
çevrilən - böyük
və qüdrətli rus dili. Amma bu dilin nə dərəcədə
böyük və qüdrətli olması müəyyən araşdırmadan
sonra şübhə doğurur. Və o qədər ki,
hətta bu möhtəşəm dilin
süni mənşəli
olması fikrinə də gətirib çıxarır. Rus
dilinin qeyri-slavyan, əsasən də türk, fin-uqor, yunan və latın mənşəli
sözlərlə, qrammatik
konstruksiyalarla zəngin
olması - məlum faktdır. Ancaq bu dilin müstəqil
bir danışıq dili olaraq, özü
də leksik fondunun yarısından çoxunun qıpçaq
türk sözlərinin
olduğu bir dil kimi hansısa
300-350 il bundan əvvəl meydana gəlməsi fərziyyəsi ilk baxışda
absurd görünsə də,
bəzi diqqətəlayiq
məqamlar buna haqq qazandırır.
Bəli, nə qədər qəribə olsa da, amma bu
mülahizəyə əsas
verən bir sıra məntiqi faktları səthi nəzərdən keçirmək
kifayətdir. Məlumdur ki, rus dili hind-Avropa (ari) dil ailəsinin,
slavyan qolunun şərqi slavyan qrupuna aiddir və Ukrayna, Belarus kimi dillərin lap yaxın qohumudur. Amma bu, ilk baxışda belədir. Belə ki, həmin
dillərlə rus dili arasında ilkin müqayisə sonuncunun nə qədər fərqli və daha çox
rafinə (rafinirovannıy)
olunmuş kimi göründüyünü ortaya
çıxarır. Qulağa sanki
həddən artıq
bəzədilmiş süslənmiş
kimi gəlir. Bu da təsadüfi
deyil. Gəlin, bir sıra
tarixi faktlara üz tutaq.
Dünya elmində ümumi qəbul olunmuş fərziyyəyə əsasən,
müasir rus, Ukrayna və Belarus dillərinin kökü
IX-XIII əsrlərdə mövcud
olmuş tarixi Kiyev Rusiyası dövlətinə söykənir. Belə ki,
hər üç slavyan xalqının tarixi vətəni sayılan və zamanına görə Avropanın ən inkişaf etmiş və mədəni bir ölkələrindən
sayılan həmin dövlətdə rəsmi
danışıq dili
qədim rus adlanan bir dil
olub. Və həmin dövlət
Bizansdan gələn pravoslavlığı və
kiril əlifbasını
qəbul edərək,
zəngin rus mədəniyyətinin təməlini
qoymuşdu. Tarixi
faktları kənara qoyaraq, sırf dil ilə bağlı
yalnız bir neçə məqama diqqət yetirək:
1. Necə olur ki, XVIII əsrdən əvvəl heç bir rus ədəbiyyat
əsərinə rast
gəlinmir? (Əlbəttə,
tək-tük misalları
göstərmək olar,
amma bunlar ümumi ab-havanı dəyişmir). Yəni yüz
illər boyunca Rusiyada heç bir şair, yazıçı və ümumiyyətlə, yazılı
ədəbiyyat olmayıb?
Və yaxud tam fərqli bir dil olub?
2. Bunu hansı məntiqlə izah etmək olar ki, rus yazı
dilinin əsası olan kiril əlifbası
Rusiyada yalnız XVIII əsrdən başlayaraq,
daha doğrusu, 1708-ci ildə çar I Pyotrun fərmanından sonra tətbiq olunmağa başladı? Halbuki rəsmi Rusiya tarixinə əsasən, bu əlifbadan Rusiyada ta X-cu əsrdən istifadə olunurdu. Üstəlik, necə olur
ki, həmin əlifbanın baniləri
sayılan bolqar mütəfəkkirlər Kirill
və Mefodiy özləri pravoslav olaraq, katolik kilsəsinin müqəddəsləri
elən ediliblər?
Axı xristianlığın katolik
və pravoslav cərəyanları arasındakı
düşmənçilik buna
necə yol verib? Və nəhayət, XVIII əsrədək yazıda
kirill ilə yanaşı istifadə olunan və qlaqolitsa adlanan əlifbanın əski türk əlifbasına şübhəli dərəcədə
oxşarlığı?!
3. Bunu nə ilə
əsaslandırmaq olar
ki, rus dilinin
qrammatikasına aid ilk əsər
yalnız 1618-ci ildə,
özü də Rusiyanın özündə
deyil, ona düşmən olan Polşada katolik rahib Meletiy Smotritskinin
yazdığı "Qrammatika"
və onu tamamlayan, 1638-ci ildə yenə də Polşada (Krements şəhərində hansı
ki, indi Qərbi Ukraynaya aiddir) işıq üzü görmüş
"Qrammatika ili pismennitsa slavenska" kitabları olub? Yəni bu vaxta qədər
böyük rus dilinin danışıq və yazı qaydalarına aid heç bir kitabı olmayıb?
4. Və sonuncu sual - Necə olur ki, vaxtilə
Kiyevdə aparılan arxeoloji qazıntılar zamanı bir dənə də olsun qədim rus yazı nümunəsinə
təsadüf edilməyib,
lakin çox sayda əski türk və skandinaviyalı run yazıları
tapılıb? Tapılan və
qədim slavyan yazı dil nümunələrinə
aid edilən artefaktlar
isə türk dilini bilmədən heç oxunmur? Hələ yüzlərlə və bəlkə də minlərlə qəsdən
itirilmiş, gizlədilmiş,
məhv edilmiş və türk yazı mədəniyyətinə
aid olan nadir tarixi tapıntıları qoyaq bir kənara. Yəni elə çıxır ki, əsrlər boyu indiki Rusiya
ərazisində xalq tamamilə başqa dildə və ya dillərdə danışıb və yazıb-yaradıb. Təəssüf ki, bunlar hələ
də qaranlıq qalan, cavabları tapılmayan bir suallardır.
Bu suallar yalnız
aysberqin başıdır
və özləri ilə daha yeni
sualları ortaya çıxarırlar. Əlbəttə, rus dili çətin, lakin zəngin və gözəl dil olması aydın məsələdir. Amma bu gözəlliyin və zənginliyin nəyə əsaslanması və qadın dəb jurnallarının üz qabığı kimi həddən artıq parlaq olması bir şübhə, tərəddüd doğurmurmu?
Bu sözlərin müəllifi özü də çox vaxt rusca yazır
və bəlkə də bu dili
yaxşı bilməsi
onu bu fikirlərə
yönəldir. Kim bilir? Hər halda dili süni
olan xalq və dövlətin aqibətinin də nə vaxtsa heç də ürəkaçan olmayacağı
rus dilinin tarixindən fərqli olaraq, gün kimi aydın məsələdir...
RÜSTƏM
Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.39.