Məhəmməd Hadi Nizami Gəncəvinin

ilk tərcüməçilərindən biri kimi

 

Azərbaycan romantizminin yaradıcılarından biri, şair, nasir, publisist və böyük mütəfəkkir olan Məhəmməd Hadinin (1979-1920) ədəbiyyat aləminə gəldiyi ilk vaxtlardan başlayaraq mətbuat səhifələrində elmi-publisistik məqalələri və orijinal şeirlərilə yanaşı, Xaqani Şirvani, Nizami Gəncəvi, Cəlaləddin Rumi, Sənayi Qəznəvi, Xacə Hafiz və Sədi Şirazidən bəzilərini müstəqil şeir kimi, əksəriyyətini beytlər, parçalar şəklində tərcümə edərək məqalələrinin tərkibində verdiyi poetik nümunələr "Həyat", "Füyuzat", "Təzə həyat", "İttifaq" kimi mətbuat orqanlarında dərc olunmuşdur ki, bunlar M.Hadinin tərcümə sənətinə ciddi yanaşdığını sübut etməklə yanaşı, həm də ondan peşəkar tərcüməçi kimi danışmağa imkan verir. M.Hadi sonralar da yeri gəldikcə tərcüməçiliklə məşğul olmuş, Ömər Xəyyam, Qulamhüseyn Hammal, Şeyx Bəhai, Katyul Mendes, Seyid Əşrəfəddin Gilani, Heseyn Həsənzadə İraninin bir sıra əsərlərini və müəllifi bəlli olmayan bir neçə şeiri mükəmməl bildiyi ərəb, fars dillərindən və Osmanlı türkcəsindən Azərbaycan dilinə çevirərək "Firdovsi-ilhamat" kitabında və digər mətbuat orqanlarında dərc etdirmişdir.

M.Hadinin tərcüməçilik fəaliyyətinin ilk illərində ədəbi irsinə ən çox müraciət etdiyi sənətkarlardan biri Nizami Gəncəvi olmuşdur. Müəllif N.Gəncəvidən etdiyi tərcümələrdən fikirlərini qüvvətləndirmək üçün məqalələrinin tərkibində istifadə etməklə yanaşı, onların bəzisini müstəqil şeir kimi çap etdirmişdir. Sənətkarın N.Gəncəvidən etdiyi ilk tərcüməyə "Əl-hürriyyətül-şəxsiyyə vəl-vicdaniyyə fi islam" ("Həyat" qəzeti, 8 dekabr 1905-ci il, N 115) məqaləsində rast gəlirik. Şəxsiyyət, söz, fikir azadlığı, dilin insanlar arasında ünsiyyət vasitəsi olaraq hansı rola malik olması, cəmiyyətə şair və alimlərin yeri barədə düşüncələrini bildirərkən Məhəmməd peyğəmbərin (s) "Ərzi-qülubi-bəşərdə dəfinələr, kənzlər vardır. O xəzinəyi-mücühuratın açarı, anaxtarları şairani-azadə xəyalən və üdəbani-əhrarın zəbənlarıdır" fikrini sitat gətirən müəllif qənaətini daha da qüvvətləndirmək üçün Nizami Gəncəvinin aşağıdakı misralarından istifadə edir:

 

Xaşe kilid bike dəre-gənc rast,

Zire zəbane mərde soxəne sənc rast.

Bolbole-ərşənd soxənpərvəran,

Baz çe manənəd be an digəran.

 

Əksər hallarda başqa dillərdən gətirdiyi misalların tərcüməsini verən sənətkar, nədənsə, bu misraların tərcüməsini verməyə ehtiyac duymur. Misraların tərcüməsi belədir: "Xüsusən də xəzinənin qapısının açarı duzlu sözün sahibinin dilinin altındadır. Şairlər ərşin bülbülləridir, başqaları onlara bənzəməz".

M.Hadi "Bəyani-təsəvvür fi xüsusül-lisan" ("Həyat" qəzeti, 12 yanvar 1906-cı il, N 10) məqaləsinin tərkibində də fikirlərini qüvvətləndirmək üçün Nizaminin iki beytindən istifadə etmişdir. Dilin gözəlliyi və ecazkarlığı haqqında düşüncələrini bəyan edən müəllif yazır: "Lisanda vüs`ət və həlavət lazım olduğunu cənab Nizami "Xəmsə"sində söyləmişdir. Böylə ki:

 

Meydane-süxən fərax bayəd,

Ta təb`e-səvariyi-mayəd.

Bər xoşki rik və səxtye kuh,

Ta çənd soxən rəvəd beənduh.

 

Bu misraları M.Hadi nəsrlə özü belə tərcümə edir: "Sözün sahə və meydanı vüs`ətli və geniş olmaq gərəkdir, ta ki süxənvərlərin təbiətləri o meydani-fərax və vase`də səvarəlik etsin. Halbuki meydani-süxən təng olduğu təqdirdə, isti və hərarətli qumun və məşəqqətli dağın üzərində əsb aciz qaldığı kimi, təbin də əsbi meydani-təngnadə aciz və dəməndə qalacaqdır".

M.Hadi bu şeir parçasından müəllifini göstərmədən "Tərbiyəyi-ümumiyyə calibi-səadətdir" adlı məqaləsində də ("Təzə həyat" qəzeti, 14 iyul 1908-ci il, N 161) istifadə etmiş, bu dəfə həmin misraları poetik şəkildə belə tərcümə etmişdir:

 

Cövlangahi-fikir olarsa vase`,

Keyfincə qoşar xəyali-səyyar.

Meydani-süxən geniş gərəkdir,

Cövlan edə ta ki, əsbi-əfkar .

 

Bu parçanı M.Hadi olduğu kimi "Firdovsi-ilhamat" kitabında "Tərcümələr" ümumi başlığı ilə vermiş, altında "Nizami" adını qeyd etmişdir ("Firdovsi-ilhamat", 1908, s. 202).

M.Hadi Nizaminin digər iki beytindən "Zaman daima təcəddüd edər" məqaləsində ("Həyat" qəzeti, 26 yanvar 1906-cı il, N 21) istifadə etmiş, misraların poetik tərcüməsini verməmişdir. Həmin beytləri və tərcüməsini veririk:

 

Pərdeyi-xəlvət çü bərəndaxtənd,

Xəlvəti-əvvəl besoxən saxtənd.

Çün qələm aməd şüdən ağaz kərd,

Şeşmi-cahanra besoxən baz kərd.

 

M.Hadi Nizaminin "Xəmsə"sindən iki parçanı tərcümə edərək "Həyat"ın oxucularının mühakiməsinə vermişdir ki, bunlardan biri "Sirlər xəzinəsi", digəri isə "Leyli və Məcnun" poemasındandır. "Mütərcimi Hadi" imzası ilə təqdim olunan ilk tərcümə qəzetin 22 yanvar 1906-cı il tarixli 19-cu nömrəsində dərc olunmuş "Fəryadi-dili-vətənpərəstan" məqaləsinin sonluğunda "Xəmseyi-Nizamidən tərcümə" adı ilə verilmişdir ("Həyat" qəzeti, N 19).

M.Hadi nizamişünas X.Yusifovun "sözün əsl mənasında Nizaminin yaradıcılıq manifesti adlandırdığı" (Xəlil Yusifov. "Şərqdə intibah və Nizami Gəncəvi. Bakı: "Yazıçı" nəşriyyatı, 1982, s. 45) "Sirlər xəzinəsi" poemasının "Ədaləti qorumaq və insafa riayət etmək haqqında" adlı ikinci məqaləsinə əlavə olunmuş "Ədalətli Nuşirəvan və vəzirin hekayəsi" mənzum hekayəsinin ilk on bir beytini on üç beyt şəklində tərcümə etmiş, vəzni qorumuş, məzmunu, demək olar ki, tamamilə saxlaya bilmişdir. Yeri gəlmişkən bildirək ki, bu tərcümənin üzərində M.Hadi sonralar təkmilləşdirmə işi apararaq genişləndirmiş, məqalatın sonundakı dörd beyti və mənzum hekayədəki daha on beyti tərcümə edərək "Ədl-zülm, yaxud bir xarabazarın mənzərəsi" adı ilə "Firdovsi-ilhamat"a daxil etmiş ("Fİ", 1908, s. 88-89) və "Firdovsi-ilhamat"dakı mətn eyni ilə şairin müxtəlif illərdə çıxan kitablarına da salınmışdır ("SƏ", 1978, s. 395-396 və s.).

Orijinalın filoloji tərcüməsində özünə yer almış mətnlə (N.Gəncəvi. Sirlər xəzinəsi. Bakı: "Elm", 1981, s. 89-90) "Həyat"dakı tərcümənin bütöv olmasa da, bəzi məqamlarını nəzərdən keçirək. Filoloji tərcümədə ilk üç beyt belə tərcümə edilmişdir:

 

Bir gün Nuşirəvan ov ovlayarkən atı

Məiyyətindən, dəstəsindən uzaqlaşdı.

Şahın yanında təkcə vəzir qalmışdı,

Şah və vəzirdən başqa kimsə yox idi.

Şah ov çox olan o nahiyədə,             

Düşmən ürəyi kimi xarab bir kənd gördü

("SX", s. 89)

 

M.Hadi həmin beytləri belə tərcümə etmişdir:

 

Seyd edərək mərkəbi-Nuşirəvan,

Düşdü uzaq kövkəbəsindən haman.

Munisi-şahanəsi ancaq vəzir,

Başqası yox, xah cavan, xah pir.

Oldu müsadif nəzəri-şəhriyar,

Nahiyədə qəryeyi-viranəzar.

Qəlbi-ədu misli pərişan idi,

Fikri-səfihan kimi viran idi.

("Həyat" q., N 19)

 

"Sirlər xəzinəsi"nin Süleyman Rüstəm tərəfindən edilmiş poetik tərcüməsində isə qeyd olunan misralar aşağıdakı kimi tərcümə olunmuşdur:

 

Nuşirəvan qoşunla bir gün çıxmışdı ova,

Düşdü öz dəstəsindən uzaq at qova-qova.

Padşaha bu səfərdə yoldaş ancaq vəzirdi,

Hər ikisi at çapıb, axtarıb ov gəzirdi.

Düşmənin qəlbi kimi uçuq xaraba bir kənd,

Görüncə tacidarı bürüdü, aldı heyrət.

(N.Gəncəvi. Sirlər xəzinəsi.

Bakı: 1947, 56).

 

M.Hadinin tərcüməsində son beytlərin tərcüməsi belədir:

 

Madəri düxtər deyir: - Ey xoşnəva,

Çənd xərabə olacaq südbəha?

Xahiş edirsən düri-yekdanəmi,

Şirbəha bircə bu viranəmi?

Talibi-düxtər deyir: - Ey xeyrəsər,

Qəm yemə, zülmi-şaha qıl bir nəzər.

Çox çəkəməz sayeyi-şahanədə,

Bəxş edərəm min belə viranə də!

("Həyat" q., N 19)

 

Müqayisə nəticəsində məlum olur ki, yuxarıdakı beytlər orijinala daha yaxın olan bir şəkildə tərcümə edilmişdir. Ən maraqlısı odur ki, M.Hadi niyə məhz "Sirlər xəzinəsi"ndən bu hissəni tərcümə etmişdir? Bizcə, səbəb yenə də M.Hadinin idealında, onun insanları azad görmək istəyində və ədalətli cəmiyyət arzusunda olmasındadır. Məlum olduğu kimi, bu hadisədən, yəni bir xarabalıqda ağıllı vəzirin bayquşların dili ilə Nuşirəvanı məzəmmət edib doğru yola yönəltmək istəyindən sonra Nizaminin qəhrəmanı dünya əyləncələrindən və zülmdən əl çəkir, dövləti ədalətlə idarə edir və xalq arasında "Ədalətli Nuşirəvan" adı ilə tanınmağa başlayır.

Qəzetdə dərc olunmuş bu şeirdən sonra nəsrlə aşağıdakı mətn verilmişdir: "Övraqi-həvadis və cəraidə baxılarsa mütəəddid məmləkətlərdə (cürbəcür, müxtəlif ölkələrdə - İ.Q.) insan deyil, heyvanlara məxsus xəstəxanalar, bolnistikaların bulunduğu görülüyor. Demək, cəhalət və bilməməzlik bizi rütbeyi-heyvaniyyədən də neçə mərtəbə aşağı bulunan dərəkəyi-səfalətə salmışdır, necə ki, Kitabi-müqəddəsdə cahillər haqqında "Cühəla heyvanlar kibi, bəlkə də əzəl səbila" varid olmuşdur. Əcəba, kainatı dolduran bu nəğəmati-milliyyədən bir mütəəssir olmayacağıqmı? Yazıq deyilmi bizə, ixvan! Aya məmləkətimizə baxıb bircə fərəh və şadlığını cuyi-qəmı-gülzar amədi-bahar olan görməyəcəyizmi? Qönçəyi-ümidimizı xəndan görməyəcəyizmi?

 

Ey Hadiyi-qəmdidə, deyin bülbüli-zarə,

Gül, gül deyib axır düşər ağuşi-məzarə.

("Həyat" q., N 19)

 

M.Hadinin Nizaminin "məlum ərəb əfsanəsinin məharətlə nəzmə çəkilməsi yox, zaman və insan haqqında ürək qanı ilə yazılmış son dərəcə müasir" (X.Yusifov, göstərilən əsəri, s.117) "Leyli və Məcnun" əsərindən çevirdiyi iyirmi üç beytlik bir hissə "Ədib Nizaminin oğluna verdiyi nəsihəti-pədəranəsi" adı ilə ("Həyat" q., 16 aprel 1906-cı il, N 82) "Həyat"ın aprel nömrələrində dərc olunmuşdur. Həmin tərcümə mətninin bəzi söz, ifadə və misralarında dəyişiklik edən müəllif onu "Nizaminin övladına nəsihəti" adı ilə "Füyuzat" jurnalında da dərc etdirmişdir ("Füyuzat" j., 18 sentyabr 1907-ci il, N 27). M.Hadi "Füyuzat"da tərcüməyə iki beyt də artırmış, beləliklə, tərcümənin həcmi iyirmi üç beytdən iyirmi beşə qaldırılmışdır. Artırılan beytlər bunlardır:

 

Su misli gərçi söz də basəfadır,

Söz ol sözdür ki, azdır, bixətadır.

Nə rütbə olsa da su pakü safi,

Çox içmək səhhətə oldu mənafi.

("F"., N 27)

 

Şairin Nizamidən etdiyi bu tərcümə "Füyuzat"dan götürülərək "Firdovsi-ilhamat"a ("Fİ", s. 62-64), oradan da sonrakı kitablara salınmışdır ("SƏ", 1978, 393-394 və s.). Qeyd edək ki, Nizaminin "Leyli və Məcnun"unun orijinalında və filoloji tərcüməsində M.Hadinin tərcümə etdiyi hissə otuz altı beytdən - yetmiş iki misradan ibarətdir (N.Gəncəvi. "Leyli və Məcnun". Bakı: "Elm", 1981, s. 51-53). M.Hadi tərcümənin "Həyat" variantında iyirmi yeddi, "Füyuzat"dakı variantında isə iyirmi doqquz beytindən istifadə etmiş, "Az danış, dürr kimi seçmə danış ki" misrası ilə başlanan otuzuncu beytdən sonrakı beytləri tərcümə etməmişdir. Maraqlıdır ki, Səməd Vurğunun "Oğlum Məhəmmədə nəsihət" adı ilə etdiyi poetik tərcümədə də həmin hissə məhz sonuncu beyt iyirmi yeddinci beyt olmaqla ("Məndən deməkdir, səndən əməl etmək, Bikar oturmaq olmaz") tərcümə edilmiş və bu poetik tərcümədə həmin hissə iyirmi yeddi beytdən - əlli dörd misradan ibarətdir (N.Gəncəvi. "Leyli və Məcnun". Bakı: "Yazıçı", 1983, s. 64-65). Sonrakı doqquz beyti isə S.Vurğun "Az danışmağın gözəlliyi" adı ilə tərcümə etmişdir.

Nizaminin oğluna nəsihəti belə başlanır (mətn filoloji tərcümə əsasında verilir):

 

Ey on dörd yaşlı gözümün işığı,

İki dünya elmlərində tam yetkin.

O gün ki yeddi yaşında idin,

Çəməndəki gül kimi idin.

İndi ki on dördə çatmısan,

Sərv kimi yüksəkliyə baş qaldırmısan,

Qafil oturma, oynamaq vaxtı deyil,

Hünər, başıucalıq vaxtıdır.

("Leyli və Məcnun", s. 51)

 

Bu beytləri M.Hadi Nizaminin "Leyli və Məcnun"u yazdığı həzəc bəhrinə uyğun olaraq, ancaq bu bəhrin başqa bir növündə aşağıdakı kimi tərcümə etmişdir:

 

Ey on dörd yaşa çatmış nuri-çeşman,

Oğul, kəsb eylə elmi dinü əbdan.

O gün ki, yeddi yaşındaydın, övlad,

Çəməndə gül kimi xəndəydin, övlad.

Yetişdi şimdi kim, on dördə yaşın,

Erişdi sərvtək balaya başın.

Deyil baziçə vaxtı, olma qafil,

Hünər ovqatıdır, kəsb et fəzail.

("Həyat" q., N 82)

 

Səməd Vurğun həmin beytləri belə tərcümə etmişdir:

 

Sən, ey on dörd yaşlım, hər elmə yetgin,

Gözündə əksi var iki aləmin.

Yeddi yaşar oldun o zaman ki sən,

Açıldın gül kimi güləndə çəmən.

İndi ki çatmışdır yaşın on dördə,

Başın sərv kimi durur göylərdə.

Qəflətdə oynama, qeyrət vaxtıdır,

İndi hünər vaxtı, şöhrət vaxtıdır.

("Leyli və Məcnun", s. 64)

 

Müqayisə etsək, M.Hadinin daha çox orijinala sadiq qaldığının şahidi olarıq. Lakin burası da var ki, M.Hadi Nizamidəki 7, 15, 16 və 17-ci beytləri bizə məlum olmayan səbəblərdən tərcümə etməmişdir ki, bu beytlərdə söhbət, əsasən, Nizaminin özündən gedir.

M.Hadinin "Leyli və Məcnun"dan "Öz oğluna nəsihət haqqında" hissəsini tərcümə etməsi səbəbsiz deyil. Nizami oğluna məsləhət görür ki, şairlik istedadına malik olduğunu görürəm, lakin bu sənətin dalınca getməsən yaxşıdır. Elm öyrən, xüsusilə o elmləri ki, onların cəmiyyətə xeyri var. Bu elmlər isə Peyğəmbər həzrətlərinin buyurduğu kimi bədənlər elmi - təbiblik və dini elmlər - fəqihlikdir. Həmin hissəni M.Hadi belə tərcümə edir:

 

Görünür səndə feyzi-qabiliyyət,

Süxənvərlik nişanı fikri-cövdət.

Əgərçi şeir ülvi mərtəbətdir,

O elmi kəsb qıl pürmənfəətdir.

Buyurmuş Fəxri-aləm: - Elmi-elman,

Biri elmi-dəyanət, digəri əbdan.

Bunlarla din edər kəsbi-mətanət,

Fəqahətdir biri, digər təbabət.

...Fəqih ol, ittifaqpərvərü dindar,

Fəqihi-hiylətənduz olma zinhar.

Təbib ol can bağışla mürdəganə,

Nəinki mövt bəxş et zindəganə.

("Həyat" q., N 82)

 

Tərcümələrdən göründüyü kimi, M.Hadi Nizaminin o əsərlərini çevirib oxuculara təqdim edir ki, həmin əsərlərdə də, əsasən maarif, elm, birlik, ittifaq, ədalət və hürriyyət təbliğ olunur və belə əsərlərin tərcüməsi fikirlərinin şərhi üçün şairin əlində bir vasitəyə çevrilir.

 

İslam QƏRİBLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.40-41.