Bir gün sənə
danışacam
Göy üzü bizdən uzaqdı,
əlimi uzatsam çatmaz;
bundan sonra yatıb qalsaq,
bir kimsə bizi oyatmaz;
biz də yoxdan yaranmadıq,
yoxdan deyil ki yer üzü;
bir başqa göyün üzündən
bura gətirdilər bizi;
bəzən ulduzlar da itir,
günəş də itir gözümdən;
çıxıb getmək istəyirəm,
hərdən qaçıram özümdən;
mənim bir bişmiş üzüm var,
bir də, bir çiy üzüm qalıb;
yandığım ocaq yerində,
hələ bir az közüm qalıb;
hər yan hasar içindədi,
bir tərəfə
getmək olmur,
indiki arxın suyundan,
bir bardaq, bir qazan dolmur.
ürəyim sıxılır
yenə,
pəncərəni açaq
bir az;
ulduzlar qaçıb gizlənib,
biri də görünmür bu yaz;
biz yalançı nağıllara,
daş yonub heykəl qoymuşuq;
babamızı öldürənin
məzarına gül qoymuşuq;
mən hələ heç nə demirəm,
bir də soruşma yuxumu;
bir gün sənə danışacam
gerçəyin nə olduğunu.
Ayrılıqlar sarıymış
Buludlar qırış-qırış,
göy üzü cadar-cadar;
deyən hələ
yol gedir,
mən gecikdiyim qatar;
əlin toxunar birdən,
üzüm oxunar birdən;
kölgəm yox olar, birdən,
kölgəm sularda batar;
ay - göy üzündə sona,
oxu qoydum kamana;
bahar məni bir yana,
payız bir yana dartar;
ağ bulud kündə-kündə,
çiynim qayğı
yükündə;
gözlərimin kökündə,
qərib həsrət
boy atar;
ayrılıqlar sarıymış,
saçlarım ağ qarıymış;
ömür bir qatarıymış,
bir gün mənzilə çatar.
Bütün buzlar
əriyəcək
Bütün buzlar əriyəcək,
hər yan su olacaq, deyən;
təkcə bir arzudan yana,
arzu qalmayacaq, deyən;
ağ buludlar lələk-lələk,
qalxaq, göy üzünü bölək;
deyirlər, ölübdü
fələk,
yası olmayacaq, deyən;
şamı sönür
ulduzların,
sayı yox dərdin-azarın;
daha qarımış
qızların,
nazı olmayacaq, deyən;
dünyanın çox
nağılı var,
yol tapır, kimin ağlı var;
həsrətin yeddi oğlu var,
qızı olmayacaq,
deyən;
bəs, bu yarpağa nə yazım,
sevgi yazın, dərd payızın;
bu sərt qışın, sərt payızın,
yazı olmayacaq, deyən;
nələr eşidir
qulağım,
elə hey sancır, dalağım;
hər qış buz tatan bulağın,
buzu olmayacaq, deyən;
hanı, o bahar-yaz çağlar,
daha göy sular az çağlar;
alnımızı pozacaqlar,
yazı qalmayacaq, deyən.
Çəhrayı yuxu
Bir çəhrayı yuxumdan,
oyanıb qalxdım,
qəfil,
yuxum ərşə çəkilib,
şellənir, səfil-səfil.
gözümə işıq
düşür,
dünənki yağan
qardan,
hələ səs-səmir
yoxdu
gözlədiyim qatardan.
qulaqlarım eşidir,
ürəyimin səsini,
ciyərimə çəkirəm
həsrətin nəfəsini.
bu divarın içində,
nə işıq var, nə yol
var;
gözlərimin ucunda
titrəyən bir xəyal var;
kirpiklərim yoruldu,
çöndüm, üzü
divara;
bilet də almamışam
gözlədiyim qatara;
elə bil buz bağlayıb,
pəncərəsi odamın;
unudun, bu gecənin
içindəki adamı.
Gəl bir yaxşı
şəklimi çək
Payızın saçı sarıdı,
gözlərindən ayaz damır;
gün keçir, ömür atdanır,
saçlarıma bəyaz
damır;
buludlar ilmə-ilmədi,
payız üzümə
gülmədi;
yüz illər tapa bilmədim
özümə oxşar
adamı;
bu ocaq köz-köz qaralır,
ürəyimdə söz qaralır;
elə bil hər yer qar
olur,
günəş qızdırmır
odamı;
nə qaldı bu gələn qışa,
yollar dirənib yoxuşa;
bir bulağa, ya bir daşa,
bir yarpağa yaz, adımı;
yol uzanır, sonda itir,
qaranlıqlar danda itir;
kəlmə-kəlmə, sətir-sətir,
əriyir könlümün
şamı;
göy üzü gömgöy şüşətək,
gəl, bir yaxşı şəklimi
çək;
ulduzlar yerə düşəcək,
bir sərin payız axşamı.
Hər arzuda
səhər var
Bu yurd yerində qalan,
nə ocaqdı, nə küldü;
buludlar guruldadı,
göyün üzü
söküldü;
boğazımda qəhər
var,
hər arzuda səhər var;
yuxumda bir kəhər var,
ayaqları səkildi;
əlini qoy ovcuma,
daha mənə acıma;
işıq düşdü
saçıma,
qaranlıqlar çəkildi;
yalan çıxdı
nağıllar,
sular hardan axırlar;
şipşirincə yuxular
gözlərimdən töküldü;
göyərmədi yarpızlar,
tez qocaldı, bu qızlar;
göy üzündə
ulduzlar
elə bildim şəkildi.
Mən danışan şəkiləm
Hara üz tutub gedim,
bir içim hava udum;
gecəni səhərədək
buludlarda uyudum;
çağır məni
oyanım,
daşıb, qaynayır
qanım;
istidən bişir
canım,
həsrətimin yayıdı;
hardan əriyir buzlar,
solub gedir ulduzlar;
uzaqda bir ulduz var,
yer üzünün
tayıdı;
mən danışan şəkiləm,
saçıma ağ çəkilər;
buludlardan tökülən,
göy üzünün
suyudu;
həsrət qarış-qarışdı,
ruhuma nə darışdı;
dünya yaman qarışdı,
sevgilər də soyudu.
Sular çəkilib gedir
Yenə
yaman çoxalıb,
saçlarımın dən izi;
yuxularda gəzirəm,
itirdiyim dənizi;
könlümü həsrət
sökür,
yolumda kölgə səkir;
kim bilir, nələr çəkir,
dərd üzüm, fikir üzüm;
kim çəkibdi şəklimi,
üzü-gözüm kül kimi;
zaval vuran gül kimi,
solur, bətim-bənizim;
bu yollar büküm-büküm,
tək sənə çatır ərkim;
sən mənim sevda yüküm,
mən də sənin kür üzün;
yarpaq bükülüb
gedir,
ruhum sökülüb
gedir;
sular çəkilib gedir,
quruyacaq, yer üzü.
Mən sevdiyim dəniz
Yenə
bu daşqın könül
bir sevdaya gül oldu;
canım bir oda düşdü,
yanıb-yanıb kül oldu;
yordu məni yor-yoxuş,
nələr olar, yır-yığış;
gəlmədi yaz, yay, nə qış,
bir ayrı fəsil oldu;
qarı dünya qarışdı,
yol-yolaq qar-qamışdı;
bizi kim qarğımışdı,
dərdimiz min il oldu;
bir ömürdü,
sökdüyüm,
kimdi yığan, əkdiyin;
ürək çəkdi,
çəkdiyin,
ağlayan könül
oldu;
ağ buludlar ağ atdı,
ayrılıqlar tağ atdı;
hərə bir az dağıtdı,
dünya tör-tökül
oldu;
niyə soldu gün üzü,
gecə sıxdı gündüzü;
mən sevdiyim dənizin,
suları şəkil
oldu.
Ruhumun şəkli
Göy üzündə ağrı
qalıb,
qara buludlar sökülür;
ruhum solğun şəkil kimi,
qalxıb divara çəkilir;
gözümün yuxu yerinə,
pəncərədən işıq
gəlir;
ərşə çıxan
yuxularım,
qayıdıb qarışıq
gəlir;
divarda çiçək
açacaq,
əlimin toxunan yeri;
payız yarpağı
kimidi,
alnımın oxunan yeri;
yuxum bir çiçək üstündə,
qanadında şeh yellənir;
kipriklərimin ucundan,
bir payızlıq meh yellənir;
bir ufaq cığır da qalıb,
könlümün o köy
üzündə;
bir ömürdü
yol gəzirəm,
yer üzündə,
göy üzündə;
elə bil qışdan qayıdıb,
payız havası
qar dadır;
şəklimi asma, divardan,
ruhumun şəkli ordadı.
Nazim ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.- 2021.-
25 dekabr.- S.45.