Qayğıkeş qoca

 

Hekayə

 

Səsə yuxudan ayıldım, qapının zəngi dayanmadan çalınırdı. Şənbə günü idi, yatıb dincələcəkdim. Hər gün səhər obaşdan yuxudan alayarımçıq qalxıb şəhərin o başına işə getmək, axşam da işdən sonra yenidən o boyda yolu avtobuslarda sallaşa-sallaşa, metronun sıxlığında, basabasda gedib-gəlmək məni əldən salmışdı. Bircə ümidim istirahət günlərinəydi ki, yatıb dincələ bilirdim, o da evin əsaslı təmizliyindən başqa bir hoqqa çıxmasaydı... Ancaq, nədənsə, ötən bir il ərzində hələ dalbadal iki gün dincəldiyim olmamışdı, hər dəfə nəsə bir iş çıxmışdı.

Cəld yatağımdan qalxdım. Səhərin bu alatoranında məni narahat edən kim ola bilərdi? İlk ağlıma gələn su sızması oldu. Cəld hamama və ədəbxanaya baxdım, hər şey qaydasındaydı. Ordan özümü atdım mətbəxə, birdən, Allah eləməmiş, nəsə yanar, ya qaz sızması ola bilər. Şükür, burada da salamatçılıqdı, hər şey öz qaydasındaydı.

Qapının zəngi isə lap iliyimə işləyirdi. Elə gecə paltarında dəhlizə yüyürdüm.

- Gəldim e.., gəldim. - Səsləndim ki, bəlkə zəng düyməsini basan eşidə, əl saxlaya, amma o da hər kimidisə, inadından dönmürdü.

Məcbur olub gecə paltarında qapını açdım.

Arıq, hündürboy kişi ilə üzbəüz qaldım, tanıyırdım, adı da Muxtar idi, qonşu blokda yaşayırdı, hərdənbir binanın həyətində rastlaşırdıq. Salaməleykimiz olmasa da bir-birimizi tanıyırdıq, bilirdik ki, bir binada yaşayırıq. Nə özündən, nə də adından xoşum gəlirdi. "Ay sənə ad qoyanın... demişdim... Əsl muxtar olmalı adamlar qalmışdı qıraqda, bu adam muxtarlıq edirdi...".

Muxtar kişinin qoltuğunda qovluq varıydı, bildim ki, elə-belə gəlməyib, nəsə işi var.

- Ə kişi, noolub? - Salamsız-kəlamsız yeridim üstünə. - Qoymazsan yatıb dincələm. Bilmirsən ki, mən iş adamıyam, ancaq şənbə-bazar günü dincələ bilirəm.

- Elə mən də ona görə tezdən gəlmişəm. Nə vaxt gəlirəm, evdə yoxsan. Qonşulardan soruşuram, deyirlər, işə getmisən.

- Hə, nə məsələdi? Nəyə gəlmisən?

- Əvvalə, salam. - Heç təmkinini pozmadan davam elədi. - Mən bu boz binada yaşayan sakinlərin etimadı ilə imza toplayıram.

Muxtar kişini həm də demaqoq kimi tanıyırdıq. Bir problem-zad olanda ora-bura zəng vurur, lazım gələndə ərizə yazıb göndərir, işi yoluna qoydurardı.

- Nə imza? - Təəccüblə soruşdum. - İndi də məndən demaqoqluq etmək fikrindəsən? Zibili aparıb atmamışam? Suyu açıq qoymuşam, axıb qonşuların mənzilini batırıb? Lifti zibilləmişəm? Kommunal ödənişi vaxtında ödəməmişəm?

Muxtar kişini tez-tez Tofiqlə birlikdə görürdüm - komendant Tofiqlə. İkisi də bir çəkmənin taylarıydı, heç seçilmirdilər. Bircə fərq Muxtar kişinin yaşlı olmasıydı, az qalırdı səksəni haqlasın... Tofiqin də yaşı az olmazdı, yetmişi çoxdan haqlamış olardı. Hər ikisinin işi-gücü onun-bunun arxasınca baxıb qeybətini qırmaqdı.

Nə isə... Hər ikisinin üzünü görmək istəmir adam. Deyirəm bircə nə olaydı, bunların üzünü mürdəşir tez yuyaydı...

- Nə imza, Muxtar kişi? - Baxdım ki, Muxtar kişi qabağımda karıxıb qalıb, matdım-matdım mənə baxır, sonra gedib mənə də söz qoşmasın ki...

Başı ilə işarə verdi. Bunda iştaha bir bax?! Evə keçmək istəyir kaftar.

- Yox! - Çəmkirdim. - Evə olmaz. Nə sözün var, burda de.

- Bax! - Muxtar kişi qoltuğundakı qovluğa işarə verdi. - Burda bütün sənədlər var. Gərək göstərim ki, oxuyub qol çəkəsən.

- Eybi yoxdur. Oxumadan qol çəkərəm. Sən elə burda göstər, nə yazdığını de, sənə inanıram...

- Olmaz! - Muxtar kişi əl çəkmədi, inadkarlıq göstərdi. - Bir belə adamın evinə girmişəm. Sən indi məni evinə buraxmayacaqsan? Nədən qorxursan? Mən səksəni çoxdan haqlamışam. Bilirsənmi?

- İstəyirsən lap doxsanı, yüzü haqla, nə işimə qalıb.

- İmkan ver, keçim içəri. - Muxtar kişinin dirəşməsi lap ciddiləşdi. - Səni orda başa salaram.

- İndiyə kimi görmüsən, ya eşitmisən ki, bir adam mənim qapımdan içəri ayaq basıb?

- İşim-gücüm qurtarıb, durub səni güdəcəyəm. - Muxtar kişi gülümsündü. - İstəyirsən hər gün qonaqlıq elə, qohumların, dostların gecə də qonaq qalsınlar, çıxıb evlərinə getməsinlər.

Əlqərəz, gördüm ki, Muxtar kişi lap dirəşib, əl çəkmir, razılaşdım.

- Yaxşı, keç. - Dedim. - Ancaq mətbəxə. Özü də sənədləri tez göstərəcəksən, qol çəkəcəm, götürüb çıxacaqsan.

Muxtar kişini içəri buraxıb qapını bağladım. Mətbəxin yolunu ona göstərdim. O, ayaqqabısını, gödəkçəsini çıxarıb mətbəxə keçənə kimi otağa gəlib üst paltarımı geyindim. Hər ehtimala qarşı vəsiqəmi də götürüb mətbəxə gəldim. Muxtar kişi qovluğunu masanın üstünə qoyub içindəki bəzi kağızları çıxartmışdı.

- Bax, bu ərizə şəhər sovetinin sədri cənabınadı - boz binanın sakinləri adından, - deyə Muxtar kişi izahat verməyə başladı. - Yazıb xahiş edirik ki, aşağıda - dəmir yolun qırağında məskunlaşmış məcburi köçkünlərin evlərinə gedən yolun yerini dəyişin, bizim binanın qabağından gedib-gəlməsinlər. İki qonşu binanın sakinləri də bizə qoşulacaqlar. Kənd adamıdırlar, yerişlərini-duruşlarını bilmirlər. Zibillərini də gətirib bizim binanın sakinləri üçün nəzərdə tutulmuş məişət tullantıları qablarına atırlar. Biz bu xoşagəlməzliklərə çoxmu dözməliyik?

Ərizəni tələmtələsik gözdən keçirdim. Muxtar kişi dediyi kimi, hər şeyi təfsilatı ilə yazmışdı, hələ beş də üstünə qoymuşdu. Sonda da belə bir qeyd etmişdi: "Artıq dərəcədə xahiş edirik, yolun yerini dəyişdirəsiniz, biz aşağıda imza edənlər bu biabırçılığa daha dözə bilmərik...".

- Muxtar kişi, bəs niyə təklif vermirsiniz? Demirsiniz ki, yolu hara dəyişmək olar? - Soruşdum və özüm də fikirləşə-fikirləşə qaldım, gerçəkdən yolu hansı tərəfə dəyişmək olardı.

Məncə, yolu dəyişmək mümkünsüzdü. Binanın sol tərəfindən məhəlləyə gedən yol hansısa idarə tərəfindən tutulmuşdu, hündür hasar lap dəmir yolun qırağınadək çəkilmişdi. Sağ tərəfdən də bizdən sonrakı iki bina qurtaran yerdə başqa bir qaraj ərazini tutmuşdu, orda da iritonnajlı maşınlar saxlanılır, həm də təmir-xidmət işləri həyata keçirilirdi. Oradan da yol salmaq mümkün deyildi.

- Mənə nə var! Hara dəyişəcəklər, qoy dəyişsinlər.

- Gəlin, öz aramızda elə-belə götür-qoy edək, - deyə təklif verdim.

- Onlar vəzifədə oturublar, qoy onlar da başlarını işlətsinlər.

- İmzaya bir söz demirəm, qol çəkirəm, ancaq əhəmiyyət verməyəcəklər.

- Daha bir ərizə var. - Muxtar kişi qovluqdan başqa bir ərizə də çıxartdı. - Buyurun, bunu da oxuyun.

Ərizədə yazılmışdı: "Filan şəhərin mənzil-istismar idarəsinin rəisinə. Biz, aşağıda imza edən boz binanın sakinləri, xahiş edirik ki, məişət tullantıları üçün nəzərdə tutulmuş zibilqablarını bizim binanın yanından yığışdırasınız və yüz metr aralıda bir yerə qoyasınız. Belə ki...".

Muxtar kişi milçək yığıntısından, it toplantısından, zibil eşənlərin hay-küyündən, tullantı çörəkləri toyuq-cücə üçün götürənlərin bir-birlərilə dava-dalaşından; bir sözlə, hər şeydən təfsilatı ilə yazmış və binada yaşayan elit təbəqənin firavanlığı naminə vəzifədə olan bir aristokrat kimi bu addımı atacağınıza ümidvar olduqlarını xüsusilə vurğulamışdı...

- Necədir? - Ərizəni oxuyanda gülümsədiyimi görüb Muxtar kişi də güldü. - Sən hələ Muxtar dayını tanımırsan. Muxtar dayınız olmazdı burda, zibil içində itib-batardılar.

Üz vermək istəmədim, ciddiləşdim. Üz versəydim, bir az da xoş sifət göstərsəydim çıxıb getməyəcəkdi, bəlkə çay da istəyəcəkdi.

Odur ki, Muxtar kişidən zibilqablarını hara aparıb qoya biləcəkləri yeri soruşmadım, əhəmiyyətsiz bildim. Özlüyümdə təsəvvür etdim ki, hardasa, yüz metr məsafəyə aparıblar. Biz də boz binanın sakinləri əlimizdə zibil torbaları, vedrələri, korobkaları şəhərin arası ilə hər gün o qutuların yanına gedib-gəlirik. Üç binanın hərəsində yüz doxsan ailə... Bir sözlə... zibil karvanı...

- Mənzilin nömrəsi yazılan cərgədə vəsiqənin nömrəsini qeyd elə və imzala. - Muxtar kişi buyurdu.

Ərizənin arxasında və əlavə olunmuş vərəqdə çoxlu imza vardı. Əlimin içi kimi bilirdim ki, boş şeydi, nə yolun yerini dəyişəcəklər, nə də zibilqablarını yüz metrlik məsafəyə aparacaqlar. Bununla belə, qocanın xətrinə dəymək istəmədim, əziyyət çəkib ərizə yazmışdı, qapı-qapı düşüb mənim kimi inadkarlarla mübahisə edə-edə imzalatmışdı. Təqaüdçü adamdı, özü də tək yaşayırdı, bir işlə məşğul olmalıydı, ya yox...

İndi ona elə gəlirdi ki, bizim qayğımıza qalır...

Qonşulardan seçilmək istəmədim. Qoca dediyi kimi şəxsiyyət vəsiqəmin nömrəsini qeyd etdim və imzaladım. Muxtar kişi ərizəni qovluğuna qoydu.

- Bundan sonra görəcəksən, bütün işlərin xod gedəcək. Tək yaşayan qadının evində kişinin peyda olması uğur əlamətidir.

Qoca qovluğu da götürüb sevinə-sevinə getdi. Onun uşaq kimi sevindiyinə lap gülməyim tutdu. Bir də nə dediyini anlaya bilmədim. Bu nə deyir? Kişinin peyda olması... nə demək? Uğur əlaməti nədir? Mənim axı heç bir planım yoxdur. Heç bu barədə düşünmürəm də... Belə yaşayışımdan, belə halımdan razıyam.

İki gün sonra axşam işdən gələndə gözlərimə inanmadım. Binanın arxa tərəfində yolun düz qırağında zibil qutularını kənar müdaxilələrdən qorumaq üçün üstüörtülü xüsusi yerin tikintisinə başlamışdılar. Hələlik isə zibilqablarını dəyişmişdilər. Üstüaçıqları götürüb, yerinə qapağı açılıb-örtülən qablar qoymuşdular.

- Həə... Bu, artıq real iş oldu, - deyib keçdim.

"Sən demə, Muxtar kişi zəhlətökən deyilmiş, özü dediyi kimi, səksəni çoxdan haqlayıbmış. Dünyagörmüş adam kimi sözü havaya atmayacaqdı ki... Bəlkə...".

 

Əli bəy AZƏRİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.44.