Bu sərgiyə
baxmağa dəyər!
"XALQ BANK" ŞAMO ABASOVUN
ƏL İŞLƏRİNİN EKSPOZİSİYASINI VƏ
ALBOMUNU TƏQDİM ETDİ
Mədəni-maarifçilik
missiyasına və gözəl ənənələrinə
sadiq qalan "Xalq Bank", on bir il əvvəl təməli
qoyulan, gələcəyə yönəlmiş "Xalq
Əmanəti" layihəsi çərçivəsində
görkəmli Azərbaycan rəssamı Şamo Abasovun
(1955-2014) yaradıcılığına həsr olunan növbəti
nəşrini bu günlərdə ictimaiyyətə təqdim
edib. Alboma çoxsaylı keramika işləri,
qrafika nümunələri, rəsm əsərləri daxil
edilib, rəssamın həyat və yaradıcılıq mərhələləri
təsvir olunub.
Şamo Abasov 1955-ci ildə Cəbrayıl şəhərində
dünyaya gəlib. 1970-1974-cü illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində,
1978-1984-cü illərdə V.Muxina adına Leninqrad Ali Sənaye
İncəsənət Məktəbinin "Keramika"
fakültəsində oxuyub. 1986-cı ildən
Azərbaycan SSR Rəssamlar İttifaqının və SSRİ
Rəssamlar İttifaqının üzvü olub. Ş.Abasov müasir Azərbaycan rəssamlıq məktəbinin
özünəməxsus nümayəndələrindən
biridir.
Yaradıcılığının ilk illərində o,
dekorativ keramika sahəsində uğurla fəaliyyət
göstərib. Beynəlxalq yaradıcılıq
qruplarında, simpoziumlarda və sərgilərdə
iştirakı ilə sənətsevərlərin sevgisini
qazanıb. Mütəxəssislər də
onun nailiyyətlərini yüksək qiymətləndiriblər.
İllər sonra o, rəssamlığa
qayıdıb və artıq rəssam Şamo Abasov kimi
şöhrət qazanıb.
Tədbirdəki
giriş sözündə qonaqları salamlayan AzTV-nin
aparıcısı, Əməkdar artist Dilarə Səlim
bildirib ki, Şamo Abasovun əsərlərində
illüziyalarla, sirli xəyallarla və xatirələrlə
dolu dünya öz əksini tapıb. Bu əsərlər
milli koloritlə nəfəs alır. Rəssam
qısa, lakin çox məhsuldar bir ömür
yaşayıb. Onun əsərləri Azərbaycan İncəsənət
Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında,
Rusiya Federasiyası Mədəniyyət Nazirliyində, Dövlət
Tretyakov Qalereyasında, Beynəlxalq Keramika Muzeyində, yerli və
xarici şəxsi kolleksiyalarda saxlanılır.
Pandemiya
dövrünün qaydalarına uyğun olaraq, təqdimat mərasiminə
dəvət edilən məhdud sayda qonaqlardan biri - Azərbaycan
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad
Xəlilov qısa karantin fasiləsindən sonra bu gözəl
sərgi salonunda "Xalq Əmanəti" layihəsi çərçivəsində
növbəti nəşrin təqdimat mərasiminə
toplaşmağın sevincini ifadə edərək deyib:
"Əsərlərindən ibarət bu sərgi və
gözəl albom Şamo Abasovun öz adını təsviri sənət
tarixinə həkk etməsinin ən gözəl
sübutudur".
F.Xəlilov layihənin yaradıcı heyətinə
öz minnətdarlığını bildirərək əlavə
edib ki, Ş.Abasovun əsərlərinin
illüstrasiyalarından ibarət albom öz poliqrafik
xüsusiyyətlərinə görə dünya səviyyəli
ən yaxşı albomlarla rəqabət apara bilər.
Xalq rəssamı
Hüseyn Haqverdiyev uzun illər sıx dostluq telləri ilə
bağlı olduğu mərhum sənətkar Ş.Abasov
haqqında həyəcanla söz açıb: "Leninqradda
keçirdiyimiz günlər, sözün əsl mənasında,
unudulmazdır. Şamo əvvəl dizayn
fakültəsində təhsil alırdı. Lakin bir ildən sonra yenidən imtahan verərək,
"Keramika" fakültəsinə daxil oldu. Onun həm bir rəssam kimi bacarıq və
istedadı, həm də şəxsi keyfiyyətləri
insanları cəlb edirdi. Şamo yalnız
keramikaçı tələbələrin deyil, digər
fakültələrdən və kurslardan olan tələbələrin
də sevimlisi idi. Deyə bilərəm ki, Akademiyanın
əfsanəsi idi! Ömrünün son illərində
tərki-dünyalığa qapılsa da, o, bir rəssam kimi
çox dəyərli və bəhrəli ömür
yaşadı".
Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova həm təqdim olunan albom, həm də Ş.Abasovun özü və yaradıcılığı ilə tanışlığı barədə söz açaraq deyib: "Gözəl bədii albomlar və poetik toplular silsiləsinin nəşrinə görə "Xalq Əmanəti" layihəsinə sonsuz təşəkkürümü bildirmək istəyirəm. Belə albomlar rəssamlar və onların yaradıcılığı haqqında etibarlı və möhkəm məlumat mənbəyi hesab oluna bilər.
Yadımdadır ki, bir dəfə Şamo Abasov öz əsərlərini göstərərək demişdi: "Mən sağ ikən əsərlərim haqqında yazmayın. Yalnız mənim ölümümdən sonra..."
Eşitdiklərimdən heyrətə gəlmişdim! Həmin işlər heç yerdə sərgilənməmişdi. Geniş tamaçaçı kütləsinə tanış deyildi. Bu əsərlər onun anadan olduğu Qarabağa həsr edilmişdi. Şamo Abasov Qarabağda - Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdu. Və mənzərəli təbiətin qoynunda keçirdiyi xoşbəxt uşaqlıq onun yaddaşında əlçatmaz, parlaq bir məkan kimi əbədi qalmışdı. Təəssüf ki, Şamo Azərbaycan ordusunun zəfər günlərini, öz doğma Cəbrayılının azad olunmasını görmədi".
Şamo Abasovun gözəl ailəsi var. Onun həyat
yoldaşı İradə xanım və oğlu Turqut rəssamın
emalatxanasını qoruyub saxlayıblar. Emalatxanaya
daxil olanda adama elə gəlir ki, sanki rəssam bir neçə
dəqiqəliyə harasa gedib və yenidən
fırçalarla, boyalarla işləmək üçün
tezliklə qayıdacaq".
İradə
xanım Abasovanın xatirələrində bu
düşüncələr yer alıb: "Şamo hər
zaman öz sevimli işi ilə məşğul olduğu
üçün taleyinə minnətdar idi. Buna
görə də, hətta çətinliyə düşəndə
belə, şikayət etməzdi. O, rəssamlıqla
yaşayırdı, şan-şöhrətdən, tərifdən
qaçırdı. Amma məşhurluq
özü onu tapırdı".
Belə bir məqam da təəssüflə
vurğulanıb ki, Ş.Abasovun əsərləri
dünyanın bir çox ölkələrində sərgilənsə
də, Azərbaycanda və xaricdə şəxsi kolleksiyalarda
qorunsa da, rəssamın əsərlərinin öz vətənində
heç vaxt sərgilənməmişdi.
Sənətşünas Eldəniz İbrahimov rəssamın
yaradıcılıq xüsusiyyətlərini təhlil edərkən,
"Xalq Əmanəti" layihəsinin
unikallığını, aktuallığını və
geniş əhatə dairəsini vurğulayıb. O, bir il əvvəl
azad olunmuş Qarabağda doğulmuş rəssamın
albomunun təqdimatının rəmzi əhəmiyyətini xüsusilə
qeyd edib.
Rəssamın oğlu ailə adından danışaraq,
rəssamın xatirəsinə bu qiymətli ehtiram nümunəsinə
görə "Xalq Bank"a və "Xalq Əmanəti"
layihəsinə dərin təşəkkürünü
bildirib.
Xalq rəssamı,
professor Səhlab Məmmədov müasir gənclər tərəfindən
fırça ustalarının irsinin öyrənilməsində
"Xalq Əmanəti" layihəsinin əhəmiyyətli
rolunu diqqətə çatdıraraq deyib: "Bu albomlar
çoxdan sənətşünasların stolüstü
kitabına çevrilmişdir".
Tədbirin
rəsmi hissəsi başa çatdıqdan sonra rəssam
Elçin Şamilli Ş.Abasov yaradıcılığı və
ümumən bu sərgi barədə fikirlərini
bölüşüb: "Dekorativ-tətbiqi sənət
formayaratma prinsipi və obrazlılığı ilə səciyyələnir.
Bu mənada Şamo Abasov, bir növ, vəhdət
yaradıb. Daha doğrusu, sadəcə
dekorativ-tətbiqi sənət formalarını rəssamlığa
keçirməyib. Buradan irəli gələn
məntiq ona rəssamlıqda üçüncü bir forma
yaratmağa imkan verib. Keramikaçıların
sayı çoxdur. Lakin heç kim
bu sənətdə Şamonun etdiyini edə bilməyib! Əgər
məndən "Şamo Abasovun əsərlərindən ibarət
sərgiyə baxmağa dəyərmi?" deyə soruşsalar,
mən birmənalı olaraq, cavab verərdim ki, bəli, bu sərgiyə
baxmağa dəyər! Şübhəsiz ki, növbəti bədii albomun
müəllifi olan "Xalq Əmanəti"nin bu seçimi
də haqlı, düzgün və təqdirəlayiqdir".
2010-cu ildən
həyata keçirilən "Xalq Əmanəti" layihəsi
çərçivəsində üç dildə - Azərbaycan,
ingilis və rus dillərində nəşr olunmuş kitablar
ali və orta təhsil müəssisələrinə, uşaq
evlərinə və kitabxanalara, fondlara, dövlər
qurumlarına, xarici ölkələrin Azərbaycandakı
nümayəndəliklərinə, Azərbaycanın xaricdəki
səfirlik və konsulluqlarına, böyük muzeylərə
və kitabxanalara hədiyyə edilir. Nəşrlər
Azərbaycan mədəniyyətinin biliciləri arasında
pulsuz paylanır. Layihənin məqsədi
Azərbaycan xalqının milli mədəniyyətinin
qorunması, təbliği və gələcək nəsillərə
ötürülməsidir.
Ötən
illər ərzində layihə çərçivəsində
Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, Maral Rəhmanzadə,
Səttar Bəhlulzadə, Nadir Əbdürrəhmanov,
Tağı Tağıyev, Xalidə Səfərova və Mahmud
Tağıyev, Vəcihə Səmədova, Ələkbər
Rzaquliyev, Kamal Əhməd, Fazil Əliyev, Gennadi Brijatyuk, Rza Məmmədov,
Qorxmaz Sücəddinov kimi rəssamların, istedadlı heykəltəraş,
şəhid Samir Qaçayevin əsərlərindən ibarət
bədii albomlar nəşr edilib, sərgilər təşkil
olunub. O cümlədən, Məmməd
Arazın, Hüseyn Arifin, Mikayıl Müşfiqin, Xəlil Rza
Ulutürkün, Zəlimxan Yaqubun seçilmiş əsərləri,
Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində
əsərlərinin külliyatı, görkəmli Azərbaycan
alim-numizmatı Əli Rəcəblinin "Azərbaycan sikkələri"
kitabı, habelə "Aşıq ədəbiyyatı
antologiyası" üçcildliyi işıq üzü
görmüşdür.
Afət İslam
Ədəbiyyat qəzeti.- 2021.- 25
dekabr.- S.46.