Varislər
Bəy
oğlu, şah nəvəsi...
Həm də futbol azarkeşi
"Varislər"in bugünkü
qonağı unudulmaz teatr rejissoru, incəsənət xadimi,
kino aktyoru, uzun illər Azərbaycan Teatr Xadimləri
İttifaqına rəhbərlik etmiş Xalq artisti Şəmsi
Bədəlbəylinin varisi, dünya şöhrətli
pianoçu, ictimai xadim, Azərbaycan Respublikasının Xalq
artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəylidir.
Bədəlbəylilər...
1911-ci ilin 23 fevral
günü Azərbaycanın qədim mədəniyyət mərkəzi
sayılan Şuşada, tanınmış maarifçi və
ictimai xadim Bədəlbəy Bədəlbəyli ilə Rəhimə
xanım Qacarın ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıda alan Şəmsi
Bədəlbəyli Bakı Pedaqoji Texnikumuna daxil olsa da, incəsənətə,
musiqiyə həvəsi onu müxtəlif özfəaliyyət
dərnəklərinə gətirib çıxarır. Həvəskar
kollektivlərdə aktyorluq bacarığını uğurla sınaqdan
keçirən gənc Şəmsi ali təhsil
almaq üçün Dövlət Konsevatoriyasına qəbul
olunur, bir müddət xalq çalğı alətləri,
daha sonra kompozisiya nəzəriyyəsi sinfində böyük
Üzeyir Hacıbəylinin tələbəsi olub.
Onun bütün
şüurlu həyatı milli mədəniyyətimizə xidmət
etməklə keçib. Opera
və Balet Teatrının, Musiqili Komediya Teatrının səhnəsində
quruluş verdiyi tamaşalar həmişə sevgilə, maraqla
qarşılanırdı.
Bu böyük insan, unudulmaz pedaqoq, dəyərli
teatr bilicisinin varisi, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli ilə
onun iş otağında görüşdük.
- Fərhad müəllim, sizinlə
"Ədəbiyyat qəzeti"nin
"Varislər" layihəsində
görüşürük və bu gün unudulmaz teatr
rejissoru, kinoda yaratdığı maraqlı obrazlarla yadda qalan
və həmişə sevgilə xatırlanan atanız Şəmsi
Bədəlbəyli haqqında danışacağıq. Amma
ilk sualım Şuşa ilə
bağlı olacaq. Nəsliniz-kökünüz
şuşalıdır və bu suala bir şuşalı kimi
cavab vermənizi istəyirəm. 2020-ci il
noyabrın 8-də Şuşanın 28 illik işğaldan azad
olunması xəbərini necə qarşıladınız?
Həmişə
haradansa bir erməni peyda olurdu
- Həmişə
deyirdim, bütün qazandığım uğurları,
şan-şöhrəti, mükafatları, orden-medalları
verərdim, əvəzində Şuşanı qaytarsınlar.
Nəhayət, bu, baş verdi. Çünki açıq demək lazımdır,
Şuşanın işğalda olması bütün azərbaycanlılar
üçün təhqir idi. Bizim mənəviyyatımız
pozulmuşdu, hansısa komplekslər yaranmışdı bizdə.
Həmişə başıaşağı gəzirdik.
Dünyanın onlarca ölkəsində konsertlərim olub, iri
salonlarda, möhtəşəm zallarda Azərbaycan bəstəkarlarının,
dünya bəstəkarlarının musiqilərini ifa etmişəm,
həmişə haradansa bir erməni peyda olub, mənə
yaxınlaşıb, guya təbrik edib, amma əslində,
qarşımda qalib kimi dayanıb və mən bunu hiss
etmişəm. Orkestrdə erməni
musiqiçilər olurdu. Litvadan tutmuş,
İsrailə qədər hər yerdə qarşılaşmışam
onlarla. Bu millət belədir, hər yerə
yayılıb. Dünyanın müxtəlif
ölkələrində ictimai mühitdə özlərini
göstərə biliblər. Biz isə, sanki bir az çəkingənik, özümüzü
təqdim etməkdən utanırıq elə bil. Amma indi mənim başım ucadır. İndi
xaricə gedəndə mən özümü qalib kimi hiss edəcəyəm.
Çox istərdim ki, onlarla yenə
qarşılaşım və gözlərinin içinə
baxım.
Onların məşhur violonçelçalanı
vardı, Vaqram Saracyan, Hyustonda yaşayırdı. Moskvada bir yerdə
konservatoriyada oxumuşduq, doğrudan da, məşhur
musiqiçi idi. Dəfələrlə məni
Hyuston festivalına dəvət edib, mən də hər dəfə
imtina etmişəm. Təəssüf,
dünyasını dəyişdi. Yenə
dəvət etsəydi, bu dəfə təklifini məmnuniyyətlə
qəbul edərdim. Bu qələbədən,
möhtəşəm zəfərdən sonra azərbaycanlılar
hər yerə gedə bilərlər. Bu, tamam başqa
hissdir...
Əlbəttə, Şuşanın işğaldan azad
edilməsi xəbərini eşidəndə özümü
çox xoşbəxt hiss edirdim, səbirsizliklə ora gedəcəyim
günü gözləyirdim və uşaqlıq dostum Polad
Bülbüloğlu ilə getdik. Bu barədə
artıq mətbuatda məlumat var. Şuşada keçirdiyim
hisslərlə bağlı bir-neçə müsahibə
vermişəm. Özü də Polad
Bülbüloğlu ilə qərara almışdıq ki,
mütləq bir yerdə gedək.
- Səhv etmirəmsə, Şuşa işğalda olarkən siz bir dəfə
ora səfər etmişdiniz. Yəqin, o zaman keçirdiyiniz
hisslərlə, budəfəki hissləriniz arasında
böyük fərq vardı.
Bu başqa Şuşa
idi
- Əlbəttə, 2007-ci ildə Şuşada
olmuşduq. O
çox ağır səfər idi, çox. Guya
onlar bizi yaxşı qarşılayırdılar, hara istəsək
aparır, hər şeyi göstərirdilər. Bülbülün evinə də
aparmışdılar bizi. O vaxt gördüyüm mənzərədən
özümü saxlaya bilmədim, çox
sarsılmışdım. Bu dəfə
heç kəs məni müşayiət etmirdi. Mən yenə Bülbülün evinə getdim, amma
gülə-gülə getdim. Otaqları gəzdim.
Bu, tamam başqa təəssürat idi. Cıdır düzündə dayanıb
Daşaltıya baxdıq. Sərt, sıldırım qayalıq...
Biz məşhur döyüş filmlərində
görmüşük belə şeyləri, başa
düşürsən bu, filmdir, orada istənilən effektdən
istifadə edib, görüntü yaratmaq olar. Amma Şuşanın alınması
taktikasını heç bir filmdə vermək mümkün
deyil. Biz dəqiq bilirdik, Azərbaycan əsgəri
Şuşaya bu sıldırım, sərt qayalardan qalxıb,
qartal kimi şığıyıb düşmənin
üstünə. Bizim uşaqlar tarix
yazdılar. Çiyinlərində
ağır silahlar, sursatlar, yaralı əsgər
yoldaşları... belə qalxdılar qayaları. İgid əsgərlərimiz qədim tarixin
Heraklı, Axilli kimi əfsanəvi şücaət göstərdilər
və əminəm ki, onlar tarixdə belə də qalacaqlar.
Yüz illər idi Azərbaycan tarixi belə bir
möhtəşəm qələbəyə şahid
olmamışdı.
Tarix yazan uşaqlar
Yüz cür xəyanətlə, satqınlıqla, məkrlə
torpaqlarımız işğal olunub paylanmışdı, amma
biz nəhayət, qələbə tarixi də yazdıq. Cavad xan
döyüşsə də, müqavimət göstərsə
də Gəncəni saxlaya bilmədi. İbrahim xan
başa düşdü ruslarla qeyri-bərabər
döyüşə girməklə sadəcə insanları
qırğına göndərəcək, ona görə
Qarabağı müqavimətsiz verdi. 1918-ci ildə bolşevik hakimiyyəti Zəngəzuru
hiylə ilə alıb Ermənistana qatdı, İrəvan
xanlığı əldən çıxdı. Yəni Azərbaycan daima itirə-itirə gedirdi, amma
bu işğal tarixi nəhayət, başa çatdı.
Biz qalib gəldik. Bu bizim ilk
qələbəmizdir. Yüz ildən sonra
da bu qələbə qeyd olunacaq. Necə
ki, II Dünya müharibəsində faşizm üzərində
qələbə qeyd olunur, bu da təntənə ilə qeyd
olunacaq. Təbii, yüz ildən sonra Şuşa
necə olacaq, biz görməyəcəyik, amma
ruhlarımız azad olacaq, rahat olacaq və gələcək nəsillər
azad, qürurla bu torpaqlarda yaşayacaq. Nəvələrimiz,
bizdən sonrakı nəsillər yaşayacaq orada. Çox istərdim ki, Şuşanın bərpası
ümumi Qarabağ memarlığına uyğun şəkildə,
tələskənliklə yox, təmkinlə,
yavaş-yavaş, planla aparılsın.
1982-ci ildə atamla birlikdə Şuşaya getmişdim. Niyazi, Süleyman Rüstəm,
Mirzə İbrahimov, Qəmər Almaszadə, bir sözlə,
Azərbaycan mədəniyyətinin qaymaqları ora
toplaşmışdı. Öz aramızdı,
indi elə adamlar yoxdur. Bunu etiraf etmək
lazımdır. O, bir başqa epoxa idi. Stalin
repressiyasının qorxusu altında, bolveşik
ideologiyasının at oynatdığı bir dövrdə
yetişmişdi o adamlar. Bütün təzyiqlərə,
təhlükələrə baxmayaraq gözəl əsərlər
yaranırdı: musiqidə Qara Qarayev, Fikrət Əmirov,
Soltan Hacıbəyli, Süleyman Ələsgərov,..
ədəbiyyatda Mirzə İbrahimov,
Süleyman Rüstəm, Rəsul Rza,.. rəngkarlıqda
Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir
Salahov, Mikayıl Abdullayev... Bu adamların hər
biri klassikdir. Teatr sənətində, kino
sənətində intibah dövrü yaşanırdı.
Sonra xaos başladı, dəyərlər dəyişdi,
tələblər dəyişdi. Ona
görə də Şuşaya qayıdarkən çox
ehtiyatlı olmalıyıq. Mən uzun illər
Şuşanı yuxuda görürdüm. Qədim bir
qala kimi, İçərişəhər kimi bir yer... Bu dəfə
Poladla orada sovet dövründə tikilmiş
"xruşşovkaları" gördük, zövqsüz, Şuşa memarlığına yamaq kimi tikilmiş
şeylər. Məncə, o binalar söküləcək,
inanmıram onlar qalsın. Hələ sovet
vaxtında o memarlığı şüurlu şəkildə
korlamışdılar.
Şuşanı kərpic-kərpic bərpa
etməliyik
- Əlbəttə, dünya
şəhərsalma mədəniyyəti tarixində köhnə,
tarixi memarlığını qoruyub saxlayan şəhərlər
çoxdur. Məncə də
Şuşanın bərpası zamanı tarixi memarlıq mədəniyyəti
qorunacaq.
- Gedin
İtaliyada baxın, bir kərpicə, daşa da
toxunmayıblar. Ona toxunmaq
qeyri-mümkündür. Hətta sənin
şəxsi mülkiyyətin olsa belə, o
memarlığı dəyişməyə ixtiyarın yoxdur.
İtalyan dostlarım var, evlərini təmir
etdirmək istəyirlər, deyirlər, bürokratiyadır,
aylarla razılıq ala bilmirik. Bilirsiniz niyə
bürokratiyadır, çünki yerli hakimiyyət təmir
zamanı o memarlıqda nəyin dəyişəcəyini, nəyi
dəyişdirmək olar, yaxud olmaz kimi məsələləri
diqqətlə araşdırır.
- Çünki bu, tarixdir və
xalqın mənəvi pasportudur. O ruhu qoruyub saxlamaq
lazımdır.
- Bax
Şuşanın bərpası zamanı da o ruhu qoruyub saxlamaq
lazımdır. İndi öz taleyimdən
çox razıyam. Mən bunu
gördüm. Artıq 73 yaşım var,
fikirləşirdim ki, yəqin, bu günləri görməyəcəyəm.
Hətta ilk vaxtlar inana bilmirdim, yuxu kimi
görünürdü mənə, amma getdim, gözlərimlə
gördüm, o havanı uddum, o çığırlarda gəzdim
və inandım ki, bu, gerçəkdir.
- Bədəlbəy
Üzeyir bəylə xalaoğludur. Hacıbəylilər və Bədəlbəylilər...
Bu iki qohum nəsil milli mədəniyyətimizə
böyük töhfələr verib. Bu nəslin
nümayəndələri Azərbaycan incəsənətini,
musiqi tarixini kərpic-kərpic hörüblər.
Üzeyir bəy isə Azərbaycan xalqının
yetişdirdiyi ən böyük şəxsiyyətlərdən,
mədəniyyət xadimlərindən biridir. Şəmsi
müəllim nə danışırdı Üzeyir bəydən?
Hacıbəylilər və Bədəlbəylilər...
- Üzeyir bəy musiqi mədəniyyəti
tariximizdə peyğəmbərlik missiyasını yerinə
yetirib. Əlbəttə, əmim Əfrasiyab Bədəlbəyli
də, atam da o böyük şəxsiyyətin yanında
böyüyüblər, onun söhbətlərini dinləyərək
formalaşıblar. Onun məşqlərində
iştirak ediblər və bu, konservatoriya yox, akademiya təhsili
kimi bir şeydir.
Yaxşı
xatırlayıram, Əfrasiyab əmim danışırdı
ki, tara qarşı güclü kampaniya
gedirmiş ölkədə. Hətta "Oxuma
tar, istəmir səni proletar" yanaşmaları da vardı.
Bir gün yenə tarla bağlı opera
teatrında müzakirə gedirmiş. Əfrasiyab
Bədəlbəyli cavan olub o vaxt. Həmin
müzakirədə Üzeyir bəy tarın müdafiəsinə
qalxıb, deyib tar çox unikal alətdir və gələcəkdə
mütləq simfonik orkestrin tərkibinə daxil olacaq. Gülmüşdülər Üzeyir bəyə.
Tar hara, simfonik orkestr hara, deyib dodaq büzmüşdülər.
Amma Üzeyir bəy nə dediyini gözəl
bilirdi və elə də oldu. İndi
simfonik orkestri tarsız təsəvvür etmək olmur. Gənc Əfrasiyab da yerindən Üzeyir bəyi
müdafiə edib. Onu xuliqan kimi zaldan
çıxarıblar. Əmim bu hadisəni
həmişə qürurla xatırlayırdı. Üzeyir bəyin hər sözü onlar
üçün qanun olub, çünki onun doğru
düşündüyünü dəqiq biliblər.
Götürək, maestro Niyazini, Allah rəhmət eləsin,
çox böyük musiqiçi idi. Demək olar,
uşaqlığım onlarda keçib, çünki Niyazinin
övladı yox idi, məni övladı qədər sevirdi.
Biz onlardan insanlıq dərsi öyrənirdik, rəftar,
davranış öyrənirdik. Onların
hər biri məktəb idi. Bağlarımız
yanaşı idi, bir dəfə maestro Niyazi ilə çimərliyə
getdik. Çox məşhur idi axı,
hamı bizə baxırdı. O, əlimdən
tutmuşdu, mən də lovğalanırdım. On yaşım vardı. Birdən
maestro sahildə balıqçıların kart
oynadıqlarını gördü, əlimi buraxıb,
balıqçıların yanına getdi, başladı onlarla
kart oynamağa. Pərt oldum. Sonra
fürsət tapıb narazılığımı bildirdim:
"Siz məşhur adamsınız, onlarsa adi
balıqçı, niyə gedib onlarla kart
oynayırsınız?". Dedi ki,
çalış həmişə sadə adamlarla dost olasan,
onlar heç vaxt sənə xəyanət etməzlər. O qədər
olur ki, həmkarlarım, bəstəkar yoldaşlarım
tez-tez xəyanət edirlər mənə, amma bu
balıqçılar heç vaxt elə eləməzlər. Onlar həmişə mənə hörmətlə
yanaşırlar. Bu da mənə
yaxşı həyat dərsi oldu. Gələcəkdə
dostlarım arasında sürücü də oldu, mühəndis
də, adi, sadə adamlar da çox oldu və doğrudan da, mən
onlardan ancaq hörmət, diqqət gördüm.
Balıqçılarla
kart oynayan Niyazi
Xalq artisti də olmaq olar,
tanınmış adam da, amma ilk növbədə, gərək
insan olasan. İstənilən vəzifə, şöhrət müvəqqəti
ola bilər, bir gün ata bilərlər səni
o vəzifədən kənara, amma elə yaşamalısan ki,
vəzifədən gedəndən sonra da insanların sənə
münasibəti dəyişməsin. Yenə sənə əvvəlki
səmimiyyətlə salam versinlər. Bu cəhətdən özümü xoşbəxt
insan hesab edirəm. İlk növbədə,
məni yaşadan sənətim var, musiqi var. İkincisi isə
mən Niyazi kimi, Əfrasiyab kimi, Şəmsi kimi insanlardan həyat
dərsi aldım. Atam deyirdi ki, vəzifədə
səndən aşağıda olan adama daha diqqətlə
yanaş, elə rəftar elə ki, o sıxılmasın.
- Üzeyir bəy milli
konservatoriyamızı yaradıb və ömrünün sonuna
qədər ona rəhbərlik edib. Mənim üçün
maraqlıdır, rektor olduğu dövrdə Üzeyir bəy
də bu otaqda oturub?
- Yox, onun
oturduğu otaq başqadır.
- Bir qədər əvvəl də
qeyd etdik, Üzeyir bəy bu konservatoriyanı kərpic-kərpic
qurub. "Varislər" layihəsi çərçivəsində
görüşdüyüm onlarca həmsöhbət
Üzeyir bəyin onun ailəsinə necə kömək
etdiyini, bir yaxınının təhsil almasına, evlə təmin
olunmasına, digərinin müalicə olunmasına, bir
başqasının sürgündən qurtulmasına yardım
edib və həmin insanlar bu böyük şəxsiyyəti
bu gün də ehtiramla, sayqı ilə yad edirlər. Bəs
siz necə, onun etdiklərini bu gün təkrar edə
bilirsinizmi? Onun qədər olmasa da, nəsə etməyə
gücünüz çatırmı?
-
Üzeyir bəyin dövrü başqa idi, onun səlahiyyətləri
çox idi. Məsələn, o lap küçədə belə,
istedadlı birini görsə, onu konservatoriyaya qəbul edə
bilərdi, amma indi elə deyil, bu məsələlər Tələbə
Qəbulu Komissiyasının, Təhsil Nazirliyinin səlahiyyətindədir,
amma imkanım daxilində hər zaman istedadlı gənclərə
mən də dəstək durmağa çalışıram.
Dəfələrlə olur, test imtahanını
verə bilmir, amma görürəm ki, bu uşağın gələcəyi
var, istedadı var və buna görə sona qədər gedirəm,
həmin uşağa kömək edirəm. Nazirliyə müraciət edirəm, Məleykə
xanımla danışıram, onlar da sağ olsunlar, başa
düşürlər ki, mən bu işi təmənnasız,
Azərbaycan musiqisi, mədəniyyəti naminə edirəm, dəstək
olurlar.
İndi
vəziyyət başqadır
Təbii, musiqiçi də savadlı olmalıdır,
ancaq əgər biri virtuoz ifaçıdırsa, o, ingilis
dilini bilməsə, faciə deyil, bunu bəlkə də
zamanla öyrənə bilər. Belə
uşaqların əksəriyyəti kasıb ailənin
nümayəndələri olur, ya da fanatlar, musiqi ilə
yaşayanlar üz tutur bizə. İmkanlı
ailələr uşaqlarını ya xaricə göndərirlər,
ya da hüquq fakültəsinə, iqtisadiyyat sahəsinə, jurnalistikaya
yönəldirlər. Belələri musiqiyə
ciddi yanaşmır, lap uşaq istəsə də mane olurlar.
Elə uşaqlar gəlir ki, valideynləri
ümumiyyətlə musiqidən uzaqdır, amma görürəm
uşaq çox istedadlıdır, əlbəttə, elələrinə
kömək etməyi özümə borc bilirəm. Bir şeydə vicdanım təmizdir və buna
görə fəxr edirəm. Bir neçə
istedadlı gəncimizin xaricdə musiqi təhsili almasına
kömək edə bilmişəm. Bu məsələdə
Heydər Əliyev Fondunun dəstəyini həmişə hiss
etmişəm. İnandıra bildiyim istənilən
təklifimə fond kömək edib. Dirijor
Fuad İbrahimovu misal çəkə bilərəm. Bu adam yeddi yaşında Şuşadan
qaçqın düşüb. Çox
istedadlı uşaq idi, mən bunu görürdüm.
Fuad dirijor olmaq istəyirdi, fonda müraciət
etdim və Heydər Əliyev Fondu onun Almaniyada təhsil
alması üçün doqquz il maliyyə dəstəyi
göstərdi. İndi Fuad Avropanın ən məşhur
orkestrlərini idarə edir. Madriddə, Berlində, Parisdə
çıxışları olur. Bu bizim fəxrimizdir.
Özü də onları başa salıram, hər yerdə
qarabağlı olduğunuzu, Qarabağla bağlı həqiqətləri
deyin. Başqa bir misal: müğənni Zaur Rzayevin oğlu Azər
Rza. İndi İtaliyanın ən məşhur
opera teatrının səhnəsində çıxış
edir. Ona da kömək elədik, bu işdə
də fond dəstəyini əsirgəmədi.
Avropada afişalar
Avropada afişalarda bizim uşaqların adlarını
görəndə sevinirəm, onlar bizim fəxrimizdir. Əvvəl mütləq
afişalarda bir erməni adına rast gəlirdim,
indi bizimkilərin də adlarını görmək olur. Ermənilər
bu məsələdə həmişə bizi üstələyirdilər,
indi yaxşı ki, fond var və ölkənin birinci
xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyeva
milli mədəniyyətimizə hamilik edir. Məhz
Mehriban xanımın dəstəyi və fəaliyyəti sayəsində
bu gün Azərbaycan mədəniyyətinin təbliği
dünya sərhədlərini aşır. Dünya bizim musiqiçilərimizi tanıyır, rəssamlarımızı
tanıyır. Bu, təqdirəlayiq
işdir.
- Fərhad müəllim, Bədəlbəylilərdən
söhbət düşəndə Şəmsi müəllimin
böyük qardaşı Əfrasiyab Bədəlbəylini
unutmaq olmaz. Əfrasiyab müəllimin
övladlarından kimsə qalıbmı? Mümkünsə,
o böyük musiqiçi haqqında bir qədər
danışın. Yəqin,
xatırlayırsınız onu. Əminiz
yaddaşınızda necə qalıb?
- Təəssüf,
əmimin heç kəsi qalmayıb. Əlbəttə,
xatırlayıram. Əfrasiyab müəllim
ixtisasca şərqşünas idi, Bakı Dövlət
Universitetinin ən böyük şərqşünas
professorlarından dərs almışdı. V.Xuluflu,
Ə.Məmmədov, M.Əlizadə, B.Çobanzadə,
R.Sultanov, Y.Şirvani... O dövrdə BDU-ya SSRİ-nin ən məşhur
şərqşünasları dəvət olunurdu: N.Marr,
İ.Meşşaninov, Oşmarin, V.Bartold, A.Samoyloviç,
P.Juze, A.Qubaydulin. Əfrasiyab müəllim fars
dilini yüksək səviyyədə bilirdi. Nənəm
Rəhimə xanım qacarlardan idi axı, müəyyən
şeyləri elə ondan öyrənmişdi. BDU-nu bitirdikdən sonra musiqi təhsili almaq
üçün Sankt-Peterburqa gedib dirijorluq dərsləri
aldı.
Şərqşünas
musiqiçi və pantürkist
Üzeyir bəy ona çox ümid
bəsləyirdi, ona görə də əmim ilk baletini,
"Qız qalası"nı bitirəndən
sonra Üzeyir bəy onun haqqında "Pravda" qəzetində
geniş məqalə yazmışdı. O dövrdə
"Pravda" qəzeti hər adam
haqqında yazı dərc etmirdi. Bu məqalə
Əfrasiyab müəllimə böyük stimul vermişdi.
Opera və Balet Teatrında dirijorluq edirdi. Sonra "Nizami" operasını yazdı. Onun ən yaxın dostu Cəfər Cabbarlı idi.
Çox
sərt adam olsa da, incə yumoru vardı.
Bir nəfər yaxşı hərəkət etməyəndə
və bu səbəbdən pis vəziyyətə düşəndə
əmim: "Heyif, əfsus, əcəb oldu", - deyirdi. Bu onun ironiyası idi. Rəfiq Zəka ilə
dost idi. Rafael Hüseynov tez-tez gəlirdi
yanına, yazırdı, danışdırırdı onu,
xatirələrini dinləyirdi. Əfrasiyab
müəllim radio ilə musiqi mədəniyyəti, tarixi ilə
bağlı mühazirələr oxuyurdu, bu mühazirələrə
Azərbaycanın hər yerində qulaq asırdılar.
Nə yaxşı ki, o lent yazıları radionun fondunda
qalır. Çox yaxşı geyinirdi,
özünə fikir verirdi. Əsl zadəgan
idi və qeyd etməliyəm ki, bütün varlığı
ilə pantürkist idi. Adnan Menderesin məhkəməsi
radio ilə birbaşa verilirdi, əmim həmin məhkəməni
həyəcanla dinləyirdi.
Bir dəfə futbol üzrə Türkiyə ilə
SSRİ yığma komandaları Moskvada
qarşılaşırdı. Türklər
SSRİ-yə 2:1 hesabı ilə qalib gəldilər. Tez
zəng vurub soruşdum: "Əmi, kimə azarkeşlik
edirdin?". "Axmaq sualdır!"
- cavab verdi. Əslində,
cavabı onsuz da mənə məlum idi. Tale
elə gətirdi ki, çox sevdiyi Türkiyə Cümhuriyyətinə
gedib Azərbaycan musiqisi haqqında mühazirələr oxudu.
Çox savadlı adam idi. Çox
mütaliə edirdi. Klassik ədəbiyyatı
yaxşı bilirdi. Atamla sirlərini əski
əlifba ilə yazırdılar ki, heç kəs oxuya bilməsin.
Onun bütün şəxsi əşyalarını və sənədlərini
ailəsi arxivə təhvil verdi. Yaxşı bir xəbər deyim sizə. Bu yaxınlarda onun uşaqlar üçün
yazdığı "Tərlan" baletini tapdıq. Partitura da çap olunub. Allah
qoysa Xoreoqrafiya Akademiyasının tələbələri həmin
baleti hazırlayacaqlar.
- Şəmsi müəllim
dövrünün tanınmış ziyalısı Bədəlbəylə
Rəhimə xanım Qacarın ailəsində anadan olub. Mümkünsə, bir az bu ailə
haqqında danışın.
- Bədəlbəy Qori Seminariyasını bitirmişdi. Bu seminariyada
XIX əsrin sonları, XX əsrin əvvəllərində
yaşamış yüzlərlə maarifçi, ziyalı
yetişmişdi. Onların
şüarı maarifçilik idi. Bu yaxınlarda Rafael
Hüseynov mənə dedi ki, arxivdən maraqlı məlumat əldə
edib. Bədəlbəy İttihad
partiyasının üzvü olub.
İttihad
Partiyasının üzvü
Bu partiya
müəyyən qədər İslam meyilləri ilə
seçilib, amma onun sıralarında
Sultanməcid Qənizadə, Mir Yaqub Mehdiyev, Bəşirbəy
Aşurbəyov, Mahmud Quliyev, Kərimağa Sultanov, Hacı
Hüseyn Tağıyev, Qasım Cəfərov, Ağa Zeynal
Tağıyev (Hacı Zeynalabdin Tağıyevin nəvəsi)
kimi ziyalılar birləşiblər. Bədəlbəy
çox demokratik düşüncəli, azad fikirli adam kimi xatırlanıb həmişə. Görünür, onu bu partiyaya
yaxınlaşdıran nəsə olub. Köhnə
Sovet küçəsində "Bədəlbəy məktəbi"
fəaliyyət göstərib, yaxşı ki, həmin
binanı saxlayıblar, bərpa ediblər. Qorxurdum onu da sökərlər, amma indi orada səfərbərlik
şöbəsi yerləşir. Çox
tarixi binadır.
Böyük Hüseyn Cavid həmin binada Əfrasiyab Bədəlbəylinin
toyunda iştirak edib. O binada təhsil alan azərbaycanlı
balaları Şekspirin pyeslərini tamaşaya qoyublar. M.Ə.Rəsulzadənin
bir məqaləsi var, onu mənə Fərəh xanım
Əliyeva verdi. Rəhmətlik
Şirməmməd Hüseynov M.Ə.Rəsulzadə irsini
ciddi araşdıranlardan idi axı. Rəsulzadə
yazır: "Nə yaxşı ki, belə bir məktəbdə
Avropa dramaturqlarının əsərləri tamaşaya
qoyulur". Bədəlbəyi tərifləyir.
Bədəlbəyin gözəl səsi olub.
Tamaşaların birində ilk hissədən sonra Məcnuni
ifa edən aktyorun səsi tutulub, Üzeyir bəy Bədəlbəyi
zalda görən kimi ona xəbər edib ki, gəlsin tamaşanın
davamında Məcnun rolunu ifa etsin və babam bu işin öhdəsindən
məharətlə gəlib.
Rəhimə
xanım Qacar
Rəhimə xanım isə çox sərt qadın
idi. İndiki kimi xatırlayıram onu. Ziyalı,
zadəgan... Onlar Şuşada yaşayıblar, amma 1905-ci il hadisələri zamanı daşnaklar evlərini
yandırıblar, sonra bir müddət yenə Şuşada
qalıblar, 1911-ci ildə atam dünyaya gəlib, ailə
Bakıya köçüb, Bədəlbəy burada
haqqında danışdığımız məktəbi
açıb. Bakının ziyalı
qadınları, qohum qadınlar toplaşırdılar Rəhimə
xanımın başına, şeir, musiqi məclisləri
qururdular. Hafizdən, Sədidən, Nizamidən qəzəllər
deyirdilər. Belə məclislərdə həm
də son xəbərləri çatdırırdılar
bir-birlərinə. Kim ərə getdi, kim
öldü, kim qaldı və s. Bir sözlə, qadın qeybətləri.
Övladları arasında ən çox Əfrasiyab
əmimi sevirdi. Əmimlə fəxr edirdi.
Əfrasiyab əmim opera teatrında dirijorluq
edirdi, nənəm də lojada oturub qürurla oğluna
baxırdı.
- Nə xoş mənə ki, Şəmsi
müəllimi şəxsən tanıyırdım,
yaxından görmüşdüm,
çıxışlarını dinləmişdim.
Yaraşıqlı kişi idi.
Tanınmış adam idi. Böyük
dramaturqumuz C.Cabbarlının yubiley tədbiri Aktyor evində
keçirilirdi, Şəmsi müəllim rəyasət heyətində
oturmuşdu, xatirələrini danışırdı. Çox xoş aurası vardı, dinləməmək
mümkün deyildi onu. Bəs necə ata
idi?
-
Çox gözəl ata, gözəl ailə
başçısı idi. Məktəb idi mənim
üçün, ondan öyrəndiyim həyat dərsləri
yoluma işıq saldı. O kişilər öyüd
verməkdən daha çox, özləri nümunə olmaqla
həyatı ətrafdakılara izah edirdilər. Bir əhvalat
danışım: Səkkiz-doqquz yaşım olardı,
Bakı-Moskva qatarı ilə səfərə
çıxmışdıq. İkinəfərlik
kupedə yol gedirdik.
Atam məni pərt etdi
Evdən
anam toyuq, kotlet götürmüşdü yol
üçün, amma nədənsə, çörək az idi, lap bir loxma çörək
qalmışdı, tez o loxmanı götürüb yedim. Atam mənə baxıb güldü. Dedi
heç vaxt belə şey etmə. Əgər
yanında başqa adamlar da varsa, ən balaca tikəni də
onlarla bölüş. Ağladım.
Anam dedi, uşağı niyə pərt eləyirsən? Dedi,
mən onu indi pərt eləməliyəm ki, sabah
başqalarının yanında pərt olmasın! Onun bu sözləri mənə əbədi dərs
oldu. Həmişə son tikəmi
dostlarımla bölüşürəm.
- Şəmsi müəllim
filmlərə çəkilmişdi. O filmlər bu gün də maraqla izlənir.
- Nə
yaxşı ki, çəkilib. Nə
yaxşı ki, çəkiblər. Özü
heç o qədər də maraqlı deyildi, amma ilk dəfə
"O qızı tapın" filminə Həsən Seyidbəyli
dəvət etdi onu. Mən də gedirdim
onunla çəkilişlərə. Maraqlı
idi. "Axırıncı
aşırım" filmində maraqlı obrazı vardı.
Abasqulu bəy (Həsən Məmmədov): "Kərbəlayinin
aqibəti necə olacaq?" soruşur katibdən. Katib (Şəmsi
Bədəlbəyli) çətinliklə deyir:
"Toxunmarıq ona". Bu, zəmanət idi.
Yəqin, 37-ci ildə elə katibləri göndərirdilər
Sibirə. "Ömrün səhifələri"
filmində çəkilib. İndi ailədə
hər dəfə o filmlərə maraqla, həsrətlə
baxırıq. Onun yüksək səviyyəli
aktyorluq bacarığı vardı.
- Daha çox musiqili tamaşalara
quruluş verirdi. Opera teatrında, musiqili komediya
teatrında. Görünür, özü
də musiqini gözəl bilirdi. Həm də musiqi təhsili
almışdı, deyəsən.
- Musiqini
yüksək səviyyədə bilirdi. Musiqili dramaturgiyanı
çox yaxşı hiss edirdi. Bəstəkarlarla
işləyirdi. Tutaq ki, Vasif Adıgözəlovla
bir yerdə nəsə işləyirdilər, deyirdi ki, Vasif,
bu artıqdır. Çox
maraqlıdır, bəstəkarlar da razılaşırdı
onunla, çünki bilirdilər, Şəmsi nə deyirsə,
işin xeyrinə deyir. Fikrət
Əmirovla, Süleyman Ələsgərovla, Səid Rüstəmovla,
Emin Sabitoğlu ilə işləyəndə də belə
hallar olurdu, heç biri incimirdi ondan. Bilirdilər
ki, bunlar tamaşanın daha maraqlı olması
üçün idi. Elə buna görə
tamaşalar yüksək səviyyədə
alınırdı.
Musiqi parçalarını ixtisar
edirdi
- Şəmsi müəllimin ətrafında
həmişə dövrünün tanınmış mədəniyyət,
incəsənət adamları olub, bu onun sənət
dostları idi, bəs incəsənətdən kənar
adamlardan kim vardı onun dostları
arasında? Ən yaxın dostları kim
idi?
- Onun ən
yaxın dostu Bülbül idi. Süleyman Rüstəm, Niyazi,
rəssam Böyükağa Mirzəzadə. Əlbəttə,
ən yaxın dostu Lütfəli Abdullayev idi. Qonşu küçələrdə
yaşayırdıq. Bizim eyvandan baxanda
onların evi görünürdü. Lütfəli
müəllimgilə tez-tez Şəkidən kənd
sovqatı göndərirdilər, atam tez zəng vurub:
"Lütfəli, təzə nə gətiriblər?" - soruşurdu. Lütfəli müəllim də
özünəməxsus zarafatla: "Əşşi, qoy
yaşayaq da!" - deyirdi.
- Şəmsi müəllimdən
öyrəndiyiniz ən unudulmaz dərs...
- İçərişəhərdə
yaşayırdıq. Məhəllə uşaqları ilə
futbol oynayırdıq, məni döyürdülər, mən
döyürdüm. Onun mənə gözəl bir
öyüdü vardı: heç vaxt özündən zəifləri
vurma! Bu təkcə fiziki "vurma!" demək
deyildi. Bunu sonradan başa
düşdüm. Həyatım boyu heç vaxt
özümdən zəiflərlə mübarizə
aparmadım... Bir də deyirdi ki, işlərini
elə qur, gözükölgəli olma, rəhbərlərin
yanında başını dik tut. Gözükölgəli
adamlar həmişə rəhbərlərin
qarşısında əyilirlər.
- Yəqin, bu xüsusiyyətlərinə
görə Şəmsi müəllim müəyyən
problemlər də yaşayıb.
- Mərkəzi Komitədə problemləri olurdu. Sözü üzə deyən
adam idi axı. Hazırcavab
idi. Amma belə şeylər qorxuda bilməzdi
onu. O nəsil 37-ci ilin tufanından
çıxmışdı. İki
qardaşı - Davud və Sərvər Bədəlbəylilər
Sibirə sürgün olunmuşdular. Onlar
sürgündən qayıdıb gəldilər və yenə
öz əqidələrinə sadiq həyat yaşadılar.
Sərvər Bədəlbəyli Sumqayıtda
böyük bir trestin direktoru idi. Bu gün onun adına Sumqayıtda küçə var. Sərvər
əmim mühəndis idi, amma hara getsə mənə vallar gətirirdi.
Davud əmim isə energetik idi, amma gözəl
rəsmlər çəkirdi. Bacılarımın evində
onun çəkdiyi şəkillər qalır, inanmaq olmur bu adam peşəkar rəssam deyil.
Arvadını boşa, yoxsa...
Davud əmimin həyat yoldaşı Əmircanovlardan idi. Onun
qardaşı Münhendə "Azadlıq radiosu"nda
çalışırdı. Buna görə
əmimi çağırıb demişdilər ki, arvadı
boşamalısan, yoxsa səni Sibirə göndərəcəyik.
Əmim demişdi ki, ancaq şərəfi olmayan kişi arvadını belə bir səbəbdən
boşayar. Həyat yoldaşı ilə birlikdə
sürgünə göndərmişdilər.
- Ailədə neçə uşaq
idiniz və Şəmsi müəllim uşaqlar arasında
ayrı-seçkilik salırdımı? Kimi
çox istəyirdi? Bir də teatrdan, sənətdən
başqa nəyə marağı vardı?
-
Üç uşaq idik, mən və iki bacım. Evin kiçiyi mən idim, deyəsən, məni
çox istəyirdi (gülür). Bacılarım
məndən böyük idilər. Futbol
azarkeşi idi. Məni də
aparırdı stadionda oyunlara baxmağa. Elə
bu azarkeşlikdən yaranmışdı Bəşir Səfəroğlu
ilə qurduqları bir-neçə satirik süjet. "Neftçi" komandasının fanatı idi.
- Yəqin, Şəmsi müəllimlə
birlikdə səfərlərdə də olmusunuz. Ən yaddaqalan səfər hansı olub?
- 1982-ci
ilin Şuşa səfəri, Vaqifin məqbərəsinin
açılışı. Ulu öndərimiz də
orada idi. Bu yaxınlarda o kadrları yenə
göstərdilər. Heç vaxt unuda bilmərəm
o günü. Başda ümummilli liderimiz
Heydər Əliyev olmaqla Azərbaycanın ən
tanınmış mədəniyyət, incəsənət,
dövlət xadimləri ora toplaşmışdı. Hava çox soyuq idi. Şuşa
ağappaq qara bürünmüşdü.
Xankəndidə yüz qram konyak...
Qarabağ vilayət Partiya Komitəsinin birinci katibi
Kevorkov idi. Saat 4-də Xankəndidə iclas olmalıydı, saat
1-də nahar verildi. Tapşırmışdı
ki, saat 4-ə qədər heç bir kafe-restoranda spirtli
içki verilməsin. Atam üşüdü.
Qaldığımız mehmanxananın barına getdik,
artıq 35 yaşım vardı, atamla dost idik. Konyak sifariş
vermək istədik, barmen dedi ki, icazə yoxdur. Alxas Əliyev
vardı, dostum, Mərkəzi Komitədə işləyirdi,
tez özünü çatdırdı,
çığırdı barmenin üstünə: "Sən
kimə etiraz etdiyini bilirsən? Tez ol, Şəmsi müəllim
nə deyirsə, onu elə!". Atamla keçirdiyim o xoş günü həmişə
xatırlayıram.
45 gün atamla Fransanı gəzib-dolaşdıq. Fransada Azərbaycan
mədəniyyəti günləri keçirilirdi. Azad Şərifov qrupun rəhbəri, atam isə bədii
rəhbər idi. O səfər də maraqlı xatirələri
ilə yadımda qalıb.
- Şəmsi müəllim
1987-ci ildə dünyasını dəyişəndə tələbə
idim. Xəbər
bütün teatr ictimaiyyətini sarsıtmışdı.
Dəfndə iştirak etdik. İndi də Fəxri xiyabana yolum düşəndə
o böyük müəllimi ziyarət edirəm. Onun son günlərini necə
xatırlayırsınız?
Yaxın adamların xəyanəti...
- Ona
qarşı haqsızlıq oldu. Şəmsi
müəllim uzun illər Teatr Xadimləri İttifaqına rəhbərlik
etmişdi, teatr ictimaiyyəti arasında böyük hörməti
vardı. Növbəti qurultayda yenə
onun seçiləcəyini gözləyirdilər, amma kampaniya
qurulmuşdu, sən demə, ona heç nə demədən,
üzvlər seçki zamanı başqasına səs verdilər.
Əslində, məsləhətləşsəydilər,
özü də gedərdi, amma ən yaxın adamları, belə
deyək də, ona xəyanət etdilər. Bu, atama pis təsir etdi, səhhəti pisləşdi.
Bəlkə də, çox yaşayardı, amma bu hadisədən
sonra o, hər gün bir az da geri getdi...
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.2-4.