"Mən şeir yazanda göy üzünü mütləq
görməliyəm"
"Gənclər nə istəyir?"
rubrikasının budəfəki qonağı şair Ruslan
Dost Əlidir
- Ruslan, sən Qazaxıstanda, Yəsəvi
Universitetində təhsil alırdın. Başa
vurdunmu təhsili?
-
2014-2019-cu illər arası Qazaxıstanın Türküstan
şəhərində yerləşən Xoca Əhməd Yəsəvi
adına Beynəlxalq Türk-Qazax
Universitetində diplomatiya ixtisası üzrə bakalavr təhsili
almışam.
- Qazaxıstan son dönəmlərdə
kosmik sürətlə dünya dövlətinə
çevrilməkdədir. Bu, yəqin ki, onun təhsil
sistemində də əksini tapır.
- Təhsil
aldığım universitetdə Türkiyə təhsil sistemi
tətbiq olunur. "Erasmus" və "Mövlana"
proqramı çərçivəsində hər il ordan bir neçə tələbəni bir,
ya iki semestrliyə Türkiyənin və başqa xarici ölkələrin
müxtəlif ali məktəblərinə göndərirlər.
Bildiyim qədərilə, bizim bəzi
universitetlərdə də bu sistem mövcuddur. Bu sistem üzrə Türkiyənin ODTÜ, Mərmərə,
Ankara, Baxçaşəhər kimi öndə gələn
universitetlərində təhsil almış,
ixtisaslaşmış müəllimləri Azərbaycana dəvət
etmək təhsilimiz və gələcəyimiz
üçün atılmış ən lazımlı
addım olardı.
- Orda oxuduğun müddətdə
Xoca Əhməd Yəsəvinin qutsal türbəsini ziyarət
etdinmi?
- Əhməd Yəsəvi türbəsi Türküstan
şəhərində yerləşir. Bu əzəmətli
abidə Əmin Teymur tərəfindən 1389-cu ildə
tikilib. Bilirsiniz
ki, Yəsəvi baba Orta Asiya türkləri arasında
islamı yayan və Anadolunun müsəlmanlaşmasında
böyük rolu olan mütəfəkkirdir. Mən onun
türbəsinin yerləşdiyi torpaqlarda 5 il
yaşamışam. Hər dəfə onun türbəsini
ziyarətə gedəndə, ümumiyyətlə, bu şəhərdə
özümü göylərə - Tanrıya daha yaxın hiss
etmişəm...
- Yadındadırsa, bir dəfə
sənə demişdim ki, Əhməd Yəsəvi türbəsindən
mənə torpaq gətir.
- Mən
o torpağı gətirməyinə gətirdim, amma sizə
verdimmi, bunu unutmuşam. O torpağı Yəsəvinin
türbəsi tikilən ərazidən
yığmışdım...
- Ümid edirəm ki, gec olsa da,
qutsal əmanəti öz ünvanına çatdırarsan.
-
İnşallah!
- Qazaxıstandan qayıdandan sonra
özünə iş tapa bildinmi?
- Tələbəlik
elə bir dövrdür ki, bütün məhrumiyyətlərə
baxmayaraq, özünü göyün yeddinci qatında hiss
edir, sanki buludların üstündə gəzirsən. Elə bilirsən, univeristeti bitirən kimi
dünyaları sənə verəcəklər.
Yalnız sonuncu kursda yaxın gələcəyi bütün
çılpaqlığıyla hiss eləyir, əsl həyatın
hələ bundan sonra başlayacağını dərk edirsən.
Hələ ki təhsilimi davam etdirmək fikrindəyəm.
- Götürüb üstünə
adımı yazdım,
bir arxa tulladım, getdi-gəlmədi -
Mənim uşaqlığım,
ahh... uşaqlığım
kağız gəmilərdə batdı, gəlmədi...
Səhv etmirəmsə, sənindir:
- Hə,
mənim şeirimdir.
- O kağız gəmilərə ilk
şeirlərin yazılmışdımı? İlk
şeirini necə xatırlayırsan?
- Mən
şeirlərimi balaca bir dəftərə yazırdım və
əvvəllər bu dəftəri hamıdan gizlədirdim. Orta məktəbdə dərnək yaratmışdıq.
Dərnəyə İsa Sevər rəhbərlik
edirdi. Biz ilk şeirlərimizi orda
bir-birimizə oxuyur, müzakirə edirdik. İsa
müəllim amansız idi. Bəzən
oxuduğum şeirlərə gülürdü. Tənqidi sərt və birbaşaydı. Bir dəfə
Ramiz Rövşənin "Nəfəs" kitabını verdi ki, apar, oxu. O kitabdan heç nə başa
düşmədim. Geri qaytaranda dedim ki, İsa müəllim, bu nə kitabdı? Mənə
yaxşı kitab verin.
- Onda uşaq olmusan, ağlın kəsməyib.
Bəs indi?
-
Görünən dağa nə bələdçi? Ramiz Rövşən ədəbiyyatda
sözünü demiş adamdır. Onun
yazdıqları xalisdi. Kim bunu danırsa,
nadanlıq edir.
- Şeirlərində onun təsirinin
duyulması boşuna deyilmiş.
- Köhnə
şeirlərimin bəzilərində Ramiz Rövşən
havası hiss oluna bilər. Başlanğıcda
təsir qaçılmazdır. Böyük şairlərdən
təsirlənmək də balaca iş deyil...
- Müasir dövrdə şeirdə
ilham yoxa çıxmaqdadır. Söhbət, əlbəttə,
sənin yaşıdlarından gedir. Amma sənin
ilhamla dostluğun hələ davam edir. Bu səncə,
üstünlükdür, yoxsa kəsir?
- İstənilən halda şeirin ilahi bir hadisə
olduğuna inanmışam həmişə. Buna görə
də onu heç vaxt axtarmamışam, gözləmişəm.
Əlbəttə, şeiri qurmaq da olar. Amma bu, smetası əvvəldən qurulmuş,
dizaynı öncədən verilmiş evi tikməyə bənzəyir.
Şeirin hər misrası onu yazana qədər
şair üçün qeyri-müəyyən
olmalıdı. Onun səni hara
aparacağını öncədən bilməməlisən.
Sözün sehri bundadır.
- Deməli, bu məsələdə
neoplatoniksən. Platon bir söz də deyir: "Şair
artıq nə vaxtsa olanları xatırlayır". Sən nələri xatırlayırsan yazanda?
- Platon
dahidir, amma həqiqət ondan da üstündür. Mən şeir yazanda heç kimi və heç nəyi
görmürəm, xatırlamıram. Dəfələrlə
olub, yolda gedə-gedə şeir yazmışam, hara getdiyim
yadımdan çıxıb. Şeiri bitirənə,
onun havasından çıxana qədər uzun-uzadı
getmişəm. Bir də
ayılmışam ki, gəlib tamam başqa yerə
çıxmışam. Kaş şeir
yazanda özümə kənardan baxa biləydim. Amma bu vəziyyətdə başqalarının məni
görməsini istəmirəm.
- Bəlkə, proses Freyd deyən
kimi şüuraltı gedir? Şairin bunu
aydın dərk etməməsi də bununla bağldır?
- Mənə
görə, şair şeir yazanda birbaşa Allahla əlaqədə
olur. Yəni məncə, əsl şeir
şüuraltı yox, şüurüstünün məhsuludur.
Nizami, Nəsimi, Füzuli poeziyası bunun ən parlaq örnəyidir.
- Daralan ürəyin darvazasına
hələ də əl boyda qara bağlıdı...
Oxucum, bilmirəm, sən haralısan,
mənim şeirlərim Qarabağlıdı!!!
Bir şeirdə belə
deyirsən. Qarabağa
dair yazılan şeirlər səni qane edirmi? Səncə, kimlər bu sahədə daha çox
müvəffəq olur?
- İnsanın yaddaşının ağrıması dəhşətlidir. Təxminən
200 ildir bizim Qarabağ yaddaşımız
sızıldayır. Şirvanın,
Muğanın, Naxçıvanın... başına gəlməyənlər
Qarabağın başına gəlib. Qarabağdan
yazmaq elə dövlətindən, ölkəndən,
doğmandan yazmaq kimidi. Buna görə də
Qarabağ şeirlərini fərqləndirmirəm.
- Diplomatik cavablar verirsən. Deyəsən, diplomatiya fakültəsində illəri
boşuna keçirməmisən.
-
Diplomatiyanı sevirəm. Lap uşaqlıqdan bu
sahə üzrə təhsil almaq istəmişəm.
Diplom alanda dedim ki, "Diplom"u aldım, qaldı
"At"ı... Diplomatiyanın
vəzifələrindən biri də dünya səhnəsində
öz dövlətinin maraqlarını təmsil və
müdafiə etməkdən ibarətdir. Mən
isə hələlik öz maraqlarımı təmsil və
müdafiə edirəm.
- Bayaq sözün sehrindən
danışdın. Bəs həyatda qeyri-adi təzahürlərlə,
mistik olaylarla rastlaşmısanmı?
-
Çox rastlaşmışam. Baş verəcək xoşagəlməz
hadisələri öncədən hiss edə bilirəm. Düzü, bu çox ağrılıdır.
Daxilimdə qəribə bir narahatlıq olur...
- Bir dəfə "Ulduz"da
yaşıdlarınla birlikdə şeir oxuyurdunuz. Sən öz oxumaq növbəni dostuna verdin. Daha ciddi məsələlərdə də belə
qurbanlar verirsənmi?
-
Üstündən neçə il sonra bu
hadisəni xatırlamağınız heyrətamizdir. Öz növbəmi verdiyim oğlan Sumqayıtdan gəlmişdi.
Utancaq idi. Mən ona təkid eləmişdim
ki, gəl gedək "Ulduz"a. Tədbirdə xeyli adam vardı. Bilirdim ki,
hamının şeir oxumağa vaxtı olmayacaq. Ona görə öz növbəmi ona verdim.
- Ən çox uğur
qazandığın şeirin, səncə, hansıdır?
- Hər
şeirin yaranması özü artıq bir uğurdur.
- Şeirlərində
mövzu məhdudluğu hiss edirsənmi?
- Fikrimcə,
əsas mövzu deyil, onu necə yazmaqdı.
- Feysbukda tez-tez
tay-tuşlarının şeirlərini paylaşırsan. Onlar arasında ən çox kimləri bəyənirsən
və nəyə görə?
- Təbii,
favoritlərim var, eyni zamanda bəyənmədiklərim də.
Onların özləriylə bu mövzuda
polemikalarımız da olur. Amma ad çəkə
bilməyəcəm. Bu gün bəyənmədiyimiz bir
ədəbiyyat adamı sabah Nobelə layiq
bir əsər yaza bilər.
- "Şeirlərim
qarabağlıdır" deyirsən, özün də
qarabağlısan. Qarabağa cəbhəyə
gedərsənmi?
- Qırx
dörd günlük Vətən müharibəsini
bütün canımla, qanımla hiss elədim. Biz
xalq olaraq, millət olaraq bu günlərdə azı yüz dəfə
böyüdük. Heysiyyətimizi
özümüzə qaytardıq. Sevinirəm
ki, Qarabağ haqqında yazdığım şeir bu mənada
tarixə qovuşdu.
- Səncə, müasir Azərbaycan
gənc yazarının ən böyük problemi nədir?
- Ədəbiyyat adamının böyük bir probleminin
olduğunu düşünmürəm. İnternet
dövründə yaşayırıq. Günü-gündən
daha çox virtuallaşırıq, sosial şəbəkələrə
köçürük. Bu gün ədəbiyyat
həyatın sürətinə çata bilmir. Məncə, əsas problem budur.
- Niyə əvvəlki aktivliklə
görünmürsən?
- Mən
pessimist deyiləm. Amma hərdən hər
şey adamın gözündən düşür.
Özünə qapanmaq, tək qalmaq, özünlə
yaşamaq istəyirsən... Mən şeir
yazanda göy üzünü mütləq görməliyəm.
Qarşımda heç bir maneə
olmamalıdır, bütövlükdə azad və sərbəst
olmalıyam.
- AYB Gənclər Katibliyi və Gənclər
Şurasının fəaliyyətindən razısanmı?
- Rəşad Məcidin diqqəti, qayğısı həmişə
təəccübləndirib məni. Bunu özümə
qarşı da görmüşəm, başqalarına
qarşı da.
- Özünü realizə etməyə
mane olan əsas problemi nədə görürsən?
- Prinsiplərim...
- Şeirlərinin
mühüm bir qismi sevgi lirikasıdır.
Ruhum sevgi, səsim sevgi,
quruca nəfəsim - sevgi.
Kim nə deyir desin, sevgi,
imandan, dindən qəşəngdi!
Səncə, poetik hadisənin
həyatdan qaynaqlanması mütləq şərtdirmi?
- Poetik
hadisəni əvvəlcədən yaşamış da ola bilərsən, yaşamamış da. Əsas məsələ poetik hadisəni
yaratmaqdır.
- Nəhayət, son sualım - nə
istəyirsən?
- Mənim
nə istədiyimi oxucular yaxşı bilir.
Söhbətləşdi: Əsəd
CAHANGİR
Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.5.