Ədəbi-mədəni fikir həyatında
Çingiz Abdullayev
XXI əsri
kreativ intellektuallar dövrü də adlandırırlar:
tanınmış elm, mədəniyyət və ədəbiyyat
xadimlərindən tutmuş, sıravi sosial platformalarda
özünü tanıtmağa çalışan blogerlərə
qədər hər kəs tarixdə qalmaq üçün nəsə
fərqli mövqe ortaya qoymağa çalışır. Mədəniyyət
tarixi belə estetik-intellektual texnologiyalarla boldur, fəqət
milyonlarla kulturoloji hadisə, fakt arasında fərqlənərək
özündən sonra humanitar fikri irəli aparan
düşüncə sahiblərinin sayı elə də
çox deyil.
Almanların
təbirincə yazsaq, mədəniyyət şifrələrinin
ötürücüsü - kültürtragerlərimizdən
biri də Azərbaycan Yazıçılar Birliyinin katibi,
milli "PEN-klub"un prezidenti, Xalq yazıçısı,
professor, respublikamızın və xarici ölkələrin
saysız-hesabsız ordenlərinin, medallarının, ədəbi-mədəni
mükafatların laureatı, kitabları fərqli dillərdə
milyonlarla tirajla nəşr olunan Çingiz Abdullayevdir. Bu
işıqlı dünyaya gəlişinin 50 illik yubileyi idi.
Yanılmıramısa,
özüm tez-tez təkrarlamağı xoşlayıram, bir
neçə yazımda da xüsusi vurğulamışam:
dünya şöhrətli detektiv ustamız özünün
çoxsaylı kitablarıyla, fərqli - intellektual
mövqeyi, oxunaqlı əsərləri ilə dünyaya
çıxarılası, fikir tariximizdə qalası milli
kulturoloji sərvətimizdir.
Bəli,
indiki inteqrasiya dövrünün dəbdə olan ifadəsiylə
yazsam, insan kapitalının, intellektual-kulturoloji zəhmətin
payının get-gedə artdığı bir vaxtda geniş
oxucu kütləsinə ünvanlanmış dəyərli əsərlər
yaradan şəxsiyyətlərimizdən biri - qlobal kreativ
biznes sahəsində öz yerini möhkəmləndirən əsl
Azərbaycan milli art-brend sayılsa da, sonuncu uğurlu
Qarabağ savaşında ölkəmizdə, xüsusən də
xaricdə və internetdə, sosial şəbəkələrdə
sərgilədiyi qətiyyətli mövqeyi ilə həm də
növbəti dəfə (artıq neçənci səfərdir!)
sübut etdi ki, əsl tarixi-mədəni şəxsiyyətdir!
Geniş nəzər salanda, heç də sirr deyil ki,
Çingiz Abdullayev nəinki respublikamızda, - boynumuza alaq:
son illərə qədər bir neçə rusdilli
romanlarını çıxmaq şərtilə,
yazıçının əsərləri bizdə mütəmadi
işıq üzü görmürdü; amma axır vaxtlar
istedadlı qələm sahibinin 30-dan çox irihəcmli
detektiv romanı ana dilimizə çevrilib, hərəsi də
bir neçə dəfə təkrar nəşr olunub, -
ölkəmizin hüdudlarından çox-çox kənarlarda,
daha dəqiq, Rusiyada, başqa MDB dövlətlərində, Qərbdə,
Şimali Amerikada, Şərqdə, qardaş Türkiyə,
İsrail, ərəb məmləkətlərində kifayət
qədər tanınır, qələmindən çıxan ədəbi
nümunələr isə on milyon nüsxə tirajla
yayılır. Yaşı minilliklərlə
ölçülən milli ədəbiyyat tariximiz ikinci belə
kulturoloji faktla öyünə bilmir...
Klassik ədəbiyyatşünaslıqda
bədii əsərlər ədəbi növlərə, onlar
isə, öz nöbəsində, janrlara bölünürlər.
Məsələn, epik növün hekayə, povest və roman
növü. Bu, təsnifata görə detektiv hekayə də
ola bilər, detektiv roman, pyes, film də. Odur ki, suala konkret
cavab vermək üçün filoloji anlamların dəqiqləşdirilməsinə
ehtiyac duyulur. Detektiv bədii nəsrdə, eləcə də
bədii-sənədli ədəbiyyat və sənətin digər
sahələrində xüsusi növ sayılır. Daha da dəqiqləşdirsək,
dünyada detektiv əsərləri bədii-vizual qol - istiqamət,
bəzən də estetik tərz hesab edənlər də var.
Fantastik, savaş, melodramatik əsərlərdə olduğu
kimi, detektiv də əsasən çox mürəkkəb
estetik-kulturoloji struktura malik olmayan, əsasən kütləvi
və geniş oxucuya ünvanlanan əsərlər sinfinə
də aid edilir. Amma elə klassik detektiv əsərlər var
ki, artıq dünya ədəbiyyatının dəyərli
nümunələri səviyyəsinə qalxa bilib. Üstəlik,
son illərin ən maraqlı əsərlərinin
özündə də detektiv hava, cəhətlər bir ədəbi
vasitə səviyyəsində istifadə olunur. U.Ekonun
"Qızılgülün adı", O.Pamukun "Mənim
adım qırmızı" və başqa dəyərli
romanları yada salmaq kifayət edər, məncə.
İstənilən
halda detektiv ədəbiyyatın ən çox inkişaf
etmiş qollarından, istiqamətlərindən biri
sayılır. Düzdür, Azərbaycan ədəbiyyatında
ona XX əsrin ikinci yarısından bu yana müraciət olunsa
da, detektiv bir ədəbi-estetik qəlib olaraq hər zaman
oxucuların, tamaşaçıların diqqətini cəlb
edir…
Ölkə
Prezidenti İlham Əliyevin xüsusi Sərəncamıyla
Xalq yazıçımız Azərbaycanımızın ən
yüksək dövlət mükafatlarından biri ilə -
"Şöhrət" ordeniylə təltif olunanda növbəti
dəfə əmin olduq ki, istedadın sərhədləri
hüdudsuzdur, dünən də, bu gün də olmasa, sabah,
yaxud gələcəkdə fitri peşəkarlığa,
bacarığa malik şəxslər tarix
qarşısındakı xidmətlərinə görə əvvəl-axır
dəyərini, qiymətini alırlar...
Ədəbiyyat,
mədəniyyət, humanitar-estetik sahələr üzrə
aparılan bir çox mədəni-sosioloji araşdırmalar
və ədəbi-kulturoloji monitorinqlərin nəticələrinə
görə, Çingiz Abdullayev cəmiyyətimizdəki
nüfuzuna, mövqeyinə, tutduğu yerinə görə
ictimai-mədəni hadisələrə ciddi təsir
imkanlarıyla yanaşı, yaratdığı əsərlərə
görə də başqa yazıçılarımızdan,
fikir adamlarından xüsusi çəkisi olaraq fərqlənir.
Hətta 500 milyonluq qlobal rusdilli, - indi isə 300 milyonluq
türkdilli məkanda, - ədəbi-mədəni,
humanitar-intellektual, sosial-fəlsəfi, ictimai-siyasi mühitlərdə
orijinal düşüncə sahibi olaraq Ç.Abdullayevlə
hesablaşan elitar təbəqə formalaşıb.
Müxtəlif
nəsil Azərbaycan oxucusu nasir, ustad detektiv kimi bu imza sahibinin
hər yeni əsərini maraqla izləyir, kitablarında,
yazılı və elektron KİV-də, virtual resurslarda, yeni
mediada, sosial şəbəkələrdəki statuslarında
toxunduğu müxtəlif ciddi məsələlərlə
tanış olur, cəmiyyəti düşündürən
problemləri zamanında ədəbiyyata gətirdiyini
razılıqla qarşılayır, aktual saydığı hər
hansı bir mühüm sosial-siyasi prosesi, hadisəni, hərəkəti
ictimai polemikaya transfer etmək baçarığını
yüksək dəyərləndirir.
Söz
yox, Ç.Abdullayev yaradıcılığı barədə
ümumiləşdirilmiş mülahizələrsiz qısa
yazmaq qeyri-mümkündür: nəzərə almaq
lazımdır ki, ustad detektivin irihəcmli əsərlərinin,
roman və povestlərinin sayı iki yüzə
yaxınlaşmaqdadır, onlar haqqında bir balaca yazıda
geniş danışmaq mümkün deyil.
Məhsuldar
yazıçı, ictimai-mədəni aktivist, rəsmi ədəbiyyat
xadimi olaraq Çingiz Abdullayev Azərbaycan
Yazıçılar Birliyinin katibi, MDB ölkələri
Yazıçılar İttifaqları Konfederasiyasının
İdarə Heyəti üzvü və bu kimi onlarca məsul
ictimai-sosial vəzifədə
çalışdığını bilməyən çox
az adam tapılar. XX əsrin ziyalılığı ilə XXI
yüzilliyin intellektuallığını özündə cəmləyən
bir milli qürur timsalı olan sadə, lakin böyük ürəyə
sahib, unikal estetik-fəlsəfi fikrə malik bu tarixi-mədəni
şəxsiyyətin işıqlı obrazını yaratmaq
fikri elə də asan gəlməsin sizlərə: deyəsən,
qeydlərim ənənəvi "yubileynamə"
janrının tələblərindən kənara
çıxmır.
Sözün
bütün çalarında, Azərbaycan ədəbiyyatında,
bəlkə də cəmiyyətimizin indiki mürəkkəb
dövründə az adam tapmaq mümkündür ki,
Çingiz Abdullayev kimi insani saflığını, ruhi
duruluğunu saxlaya bilsin. Dostlarımızın arasında bəlkə
də, azsaylı şəxslərdəndir ki, ayaqüstü
görüşdüyümüz, qısa söhbətlər
etdiyimiz, beş ədəbi söhbətdə iştirak
etdiyimiz zaman hər dəfə ondan yeni nəsə öyrənə
bilirik.
Görkəmli
yazıçı Çingiz Abdullayevin yaratdığı ədəbiyyatın
bədii nəsr qolu, istiqaməti - detektiv, bellestrika məhsulları
kimlərinsə estetik zövqünə uyğun gəlməyə
bilər. Fəqət, nə vaxtlarsa uşaqlıq, yeniyetməlik
və gənclik çağlarımızda bu qəbildən
olan bədii nümunələri
həvəslə oxumuşuq. İndilərdə yalnız
peşəmizlə əlaqədar ədəbi tənqidçi,
daha çox isə kulturoloq kimi bu dəyərli nümunələri,
xüsusən Xalq yazıçımızın sayı
yüzlərlə ölçülən kitabları ilə
tanış olan zaman yaşadığımız bu mürəkkəb
zəmanənin çoxsaylı sirli şifrələrini sezəndə,
ədibin düşüncələrinin dərinliyinə
heyran qalırıq.
Fəqət,
zövq məsələsində mübahisələrin məntiqsizliyini
yada salıb, bir məsələni də xüsusi
vurğulamaq istəyirəm: real həyatla daha çox
yaxınlığıyla seçilən, bir sıra hallarda
müəllifdən futuroloji bilgilər, analitik təfəkkür,
intellektual hazırlıq, müxtəlif biliklərə
yüksək səviyyədə yiyələnmək, cəmiyyətdə
baş verənlərlə yaxından, davamlı
tanışlıq tələb edən ciddi detektiv ədəbiyyat,
eləcə də onun ən çox oxunan janrları
sayılan siyasi, tarixi, xəfiyyə, eləcə də polis
detektivləri yaratmağın çətinliyi göz
qabağındadır. Çingiz Abdullayev hələ gənc
yaşlarından öz çiyinlərini bu ağır ədəbi
yükün altına verdi, Qərb, eləcə də rus
yazıçıları tərəfindən artıq inhisara
alınmış bu estetik-bədii sahədə
özünün məhsuldar yaradıcılıq
cığırını aça, estetik yolunu yarada bildi.
Dünya oxucusu tərəfindən maraqla qarşılanan
çoxsaylı detektiv əsərlərini ustalıqla
yaradaraq, nəinki lokal milli ədəbiyyat meydanında
parıldadı, eyni zamanda qlobal çap-nəşriyyat biznes
sahələrinə çıxış əldə etdi.
Görkəmli söz sənətkarımızın 40-dan
artıq xarici məmləkətdə nəşr olunan əsərləri,
əksər ölkələrdə milyon nüsxələrlə
satılan kitabları və imzası dünyada Azərbaycanı,
milli-mənəvi varlığımızı piar - təbliğ
edən əsl qlobal art-brendimizə çevrildi.
Azərbaycan
- müsəlman türk yazıçısı olaraq
bütün sadalanan ağrılı problemlərə sinə
gərən bir kulturoloji fikir adamı kimi Çingiz Abdullayev
titanik zehni əməyi nəticəsində millətimiz,
dövlətimiz üçün bu qədər iş
görürsə, onu və onun kimi milli sərvətimizə
-insan kapitalımıza dəyər verməmək, gənc nəslə
nümunə göstərməmək
mümkündürmü!?
P.S.
Çingiz müəllimə bir "tənqidi" xatırlamamız:
ustad, bir neçə vaxt bundan əvvəl siz demişdiniz ki,
yaradıcılığımın yeni mərhələsində
tarixi və intellektual, bir qədər də fəlsəfi nəsr
əsərləri ilə oxucularımı təəccübləndirəcəyəm.
Zamanı yetişməyibmi?!
Aydın Xan
(Əbilov)
Ədəbiyyat qəzeti.- 2021.- 6
fevral.- S.7.