Şeirin qış fəsli

 

Xudayarın timsalında

bütün şəhid oğullarımıza

həsr edirəm

 

Bir tilsim var, bilmirəm ki, nədəndi,

Qəhrəmanlıq elə bircə an olur.

Dilimdəki bu son mahnı Vətəndi,

Zümzüməmdən neçə ürək qan olur.

 

Bilirəm ki, qorxum yoxdur ölümdən,

Yerim yenə ən birinci sırada.

Mərmi kəsən ayağım var əlimdə,

Avtomatla səhv salıram arada.

 

Son döyüşdü, bitirmişəm gülləmi,

Şəhid olub üzü bəri gələnlər.

Sanarsan ki, acımışam qurd kimi,

Aclığımı basdırıram ölümlə.

 

Ölçülməzdi şəhidliyin dəyəri,

Bir qəlb sönər, alovlanar min ocaq.

Qar altında son nəfəsim göyərir,

Yazağzında Xarıbülbül olacaq.

 

***

 

Göy üzü bənzəyirdi yenə yalın qumaşa,

Hələ bilmirdik ki, necə dözə bilmişdik.

Şəhidimin al qanı səpələnən hər daşa,

hər qayaya

silinməz

tarix yaza bilmişdik,

Zəfər tarixi!

 

Ali Baş Komandanım dizin basıb torpağa,

Öpürdü Bayrağımı, ucaldırdı göylərə...

Alnıaçıq girmişdik bu şərəfli sınağa,

əkk edildi hər yerə,

Zəfər tarixi!

   

Uludan da uludur tarixi torpağımın,

O, şəhid balaların əmanətidir bizə.

Kələyini kəsdilər yenə azğın yağının,

Qanlarıyla yazıldı şərəf tariximizə,

Zəfər tarixi!

 

***

 

Hiss edirsən soyuqdu,

basdırırsan üstünü.

Bir şeirə gömürsən

bu üşümək hissini.

 

Şeir nədir ki? Sözdür!

Şeirin sözü üşüyür.

Şeirin əli üşüyür,

şeirin gözü üşüyür.

 

Üfürürsən durmadan,

təki üşümə dinsin.

Nəmli gözü qurusun,

körpə əli isinsin.

 

Əllərini üfləyib,

sürtürsən bir-birinə.

Bir şeir gömürsən

bu ağrının yerinə.

 

Basdırırsan üstünü,

bax, üşümə çəkildi.

Basdırdığın bir qalaq

xatirədi, şəkildi.

 

Hər ağrıda ürəyin

yerindən dik atıbdı.

Hər üşümə bir şeir,

baxırsan, bir kitabdı.

 

***

 

Bu da bir taledi, bu da bir yazı,

İnancım daş qəfəs, andım təsəlli.

Növbəsin gözləyir ömrün payızı,

Qəbulda qırx yaş var, qapıda əlli.

 

Göy üzün ağartmır bulud ağrılar,

Ulduzlar sürüşür öz süd yolundan.

Bir vaxtlar, deyirdim, otuzdu, var,

İndi gün sayıram qapı dalından.

 

Ağrımaq taledi, yaşamaq ömür,

Bol-bol sev, qədər ürək genişdi.

İllər səssiz gəlir, "gəlirəm", demir,

Qırxdan əlliyəcən son gözlənişdi.

 

Bir az qarışıqdı duyğular hələ,

Yerinə oturmur daşların çoxu.

Qırxı ayıq başla vermişəm yola,

Əllidi gözümdən tökülən yuxu.

 

Nədir bu yaşantı, istək, təlatüm,

Ruhumun rəngini göylərə çəkmiş?

Qırxdan qaldısa içimdən atdım,

Bu sevda əlliyə körpü deməkmiş.

 

***

 

Yumarsan gözünü, ağrılar dinər,

Açanda bir anlıq ümidlər bitər.

Yumarsan gözünü, işıqlar sönər,

Açarsan... açması yummaqdan betər...

 

Yumarsan əlini, yumarsan bir az,

Yumruğun yumulub yumaq oldumu?

Yumarsan əlini, ovcun qızınmaz,

Açarsan əlini... əl açmaq bumu?

 

Yumarsan gözünü, toz-tufan yatar,

Açarsan, kim gedib, qalan kimdi bəs?

Yumarsan əlini, əlin kir tutar,

Yuyarsan, savabın günaha əvəz.

 

Güllə yağışıdı açılan səhər,

Mina təmizləyir ovcundan biri.

Partlasa... partlamır, şükür, bu səfər,

Açıb ağartmayır xatirələri...

 

Gecəsi dad-aman yamaq əlindən,

Kaş, bu gülləbaran doğru olmaya.

Yumulan gözündə, yumaq əlində

Ağzı yumulmayan ağrı olmaya...

 

***

 

Məndə yenə heç-heçədi,

Bilmirəm, sizdə necədi?

Qara, qapqara gecədi,

Əlimi açıb durmuşam.

 

Ürəyim var özüm boyda,

Sükutum var sözüm boyda.

Oğlum boyda, qızım boyda

Dünyanı qucub durmuşam.

 

Bilirəm, bu tamam,

Hər şeyi düzəltmir zaman.

Yatmışdım, balaca komam

Başıma uçub, durmuşam.

 

Yenə Hira dağındayam,

Tanrının sorağındayam.

Bir eşqin fərağındayam,

Özümdən qaçıb durmuşam.

 

***

 

Adını çəkirəm, bax,

yerdən bir vəhy ucalır.

İki dodaq arası

adın quruyub qalır...

 

Bu necə addı, Tanrım,

necə belə ad olur?

Adın çəkmək istəsəm

dodağım çat-çat olur.

 

Adını çəkirəm, bax,

yavaşca səsləyirəm,

Dilimdə oynadıram,

ruhumda bəsləyirəm,

hələ uşaqdı adın.

Üz-gözüm işıqlanır,

Nurdu, işıqdı adın.

 

Adını çəkirəm, bax,

Özüm eşitmirəm,

Adını niyə çəkdim?

Qəlbimə bu sevdanın

odunu niyə çəkdim?

 

Özün adından ögey,

Adın özündən uzaq,

Bu necə addır, onu

çəkmək bir ayrı dərddi,

öpmək bir ayrı yasaq...

 

Adına can üfürdüm,

canımdan can ayrıldı.

Səni belə bilməzdim,

dilimdən vaxt qopdun,

məndən haçan ayrıldın?

 

***

 

Köhnə albom... keçən illər...

                                    köhnə şəkillər,

Bu günümdən göz atıram ötən illərə.

Bir şəkildən alıb sanki ətrini güllər,

Bir şəkildən damır sanki işıq hər yerə.

 

Boylanıram... axtardığım ümidlər hanı?

Albom yenə donub qalıb qollarım üstə.

Bir şəkildən gənclik adlı bahar boylanır,

Bir şəkildən sevgi keçir yollarım üstə.

 

İçi dolu şəkillərdi boş vərəqlərin,

Axı adi şəkilin yaddaş səsi var.

Bir şəkildə son zəngidir xoş diləklərin,

Bir şəkildə ilk etiraf zümzüməsi var.

 

Şəkillərdə oyaq qalır yaddaşın gücü,

Şəkil var ki, hey baxırsan, baxırsan yenə.

Şəkil var ki, əyilirsən toxunmaq üçün,

Şəkil var, öz əlini uzadır sənə.

 

Şəkil var ki, o durduqca sən can verirsən,

Həmin şəkil sağlam tutur öz ruh yerini.

Şəkil var, yoxdu amma, bir sən görürsən,

O şəkilin hər vərəqdə yeri görünür...

 

***

 

Zülmətə qərq olan neçə ocaq var,

Necə çəmənlərin gülü solubdu.

Neçə qəlb, çətin ki, toxtaqlıq tapar,

Neçə ev şəhidin yola salıbdı.

 

Danışır mənimlə sükut - dörd divar,

Reallıq adamı didib dağıdır.

Güllərlə bəzənib təzə məzarlar,

Sanki məzar deyil, bəy otağıdır.

 

Təzə ilə köçür köhnəlməyən qəm,

Təzə göz yaşları, təzə qübar var.

Elin yarasına tapılıb məlhəm,

Torpağın qüruru - şəhid oğullar.

 

Bir ana şam kimi bir məzar üstə,

Əridir ömrünün son baharını.

Bir ata hələ qulağı səsdə,

İtirib nər kimi oğul varını.

 

Bir gəlin yıxılıb üzüqoyulu,

Sərilib torpağın ər tərəfinə.

Bir övlad baxışı qəlpəylə dolu,

Səpilib dünyanın hər tərəfinə.

 

***

 

İşıq sönüb, qaranlıqdı otaqda,

Üz ağartmır pəncərədən düşən nur.

Boş-boşuna gözləyirəm bayaqdan,

Gözlərimin işığına qəm qonur.

 

Divarlarda bir ayrılıq şəkili,

İşığını soyunubdu pəncərə.

Qaranlıqlar ürəyimə çəkilir,

Ürəyimdən od saçılır hər yerə.

 

Özümə xoş gəlməyir ev halım,

Bir sükutun ağrısına batmışam.

Soba da yox, odun tapım, köz salım,

Yığışdırıb, çoxdan söküb atmışam.

 

Bu soyuqluq, bu qaranlıq yad gəlir,

Evdə sanki bir yabançı hava var.

Şəhərdəki muzeylərdə dincəlir,

Kənddən gedən mis qəfədan, samovar.

 

İşıq sönüb, zülmət çöküb tor kimi,

Bu tələyə düşən ova oxşadım.

Sirr deyirəm, gizləyirsə sirrimi,

Bu qaranlıq çox adamdan yaxşıdı.

 

***

 

Neçə dəfə qabağına çıxmışam,

Neçə dəfə qonaq olmuşam sənə.

Neçə dəfə ürəyini yaxmışam,

Neçə dəfə qınaq olmuşam sənə.

 

Neçə dəfə xəyalıma gəlmisən,

Yuxu bilib gözlərimi yummuşam.

Neçə dəfə göz yaşımı silmisən,

Uşaq kimi qucağına cummuşam.

 

Neçə dəfə doğru bilib susmuşuq,

Ayrılığı qəbullanıb ürəklər.

Neçə dəfə haqqımızı qusmuşuq,

Qəlbimizdə məhv olubdu diləklər.

 

Neçə dəfə ürəyimə pis gəlib,

Ağlamaqdan saxlamışam özümü.

Neçə dəfə qulağıma səs gəlib,

Çox dikmişəm yollarına gözümü.

 

Neçə dəfə istəmişəm böyüyüm,

O qədər ki, çatım sənlə bir olum.

Neçə dəfə bilməmişəm yeyim,

yeyim ki, yoxa çıxım, sirr olum.

 

Neçə dəfə aramıza giriblər,

Səs çıxmasın, dinməmişik hər dəfə.

Neçə dəfə əhdimizi qırıblar,

Andımızdan dönməmişik hər dəfə.

 

AY Bəniz Əliyar

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.6.